Qocayeva A.
İsmayıl
Hacıyev: Musiqimiz dünya arenasında tanınmalıdır
Müsahibimiz Toronto
şəhər Opera Teatrının dirijoru və pianist,
həmyerlimiz, bəstəkar İsmayıl Hacıyevdir
İ. Hacıyev 1949-cu ildə Azərbaycan simfonizminin banisi
Cövdət Hacıyev və “rəqs şahzadəsi”
Əminə Dilbazinin ailəsində dünyaya göz
açıb. 1973-cü ildə Azərbaycan Dövlət
Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını)
Q. Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. 1975-ci
ildən SSRİ Bəstəkarlar İttifaqının
üzvüdür. 1973-1975-ci illərdə MEA-nın
İncəsənət İnstitutunun milli musiqi
şöbəsində çalışıb. 1975-ci ildə
Peterburq Konservatoriyasının simfonik orkestr və opera
dirijorluğu fakültəsinə qəbul olunub və 1981-ci
ildə bitirib. 1981-1986-cı illər arasında Peterburq
Filarmoniyasında dirijorluq edib. 1986-1999-cu illərdə
Azərbaycan Radio və Televiziyasının Niyazi adına
simfonik orkestrinin dirijoru və bədii rəhbəri olub.
1993-cü ildə “İlham” kamera orkestrini yaradıb. 1999-cu
ildən Kanadanın Toronto şəhər Opera
Teatrının dirijoru və pianist kimi fəaliyyət
göstərir. Pirqoleze, Puççini, Verdi kimi dünya
şöhrətli bəstəkarların
əsərlərinə dirijorluq edib. Eyni zamanda, pianist kimi
istedadlı tələbələr yetişdirir.
- İsmayıl müəllim, vətənə
gəlişiniz nə ilə bağlıdır?
- Vətənə gəlişim atam Cövdət Hacıyevin
90 illik yubileyi ərəfəsində onun xatirəsinə
ithaf etdiyim və iyunun 24-də Azərbaycan Dövlət
Filarmoniyasında keçiriləcək konsertimlə
bağlıdır. Konsertdə əsasən C. Hacıyevin
3-cü və 4-cü Simfoniyalarından parçalar, eyni
zamanda digər əsərləri səslənəcək.
- Azərbaycan musiqisi Amerika və Kanadada necə
tanınır?
- Xalqımız çox zəngin və qədim musiqi
mədəniyyətinə malik olmasına baxmayaraq, bu
mədəniyyəti indiyə kimi lazımi
səviyyədə tanıda bilməmişik.
Lakin 2006-cı ildə Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin sponsorluğu ilə hər il Dünya Musiqi
Festivalının keçirildiyi məşhur Niaqarada dünya
şöhrətli bəstəkar Motsartın 250 illik
yubileyinə həsr olunmuş qala konsert ölkəmizi və
onun böyük musiqisini dünyaya tanıtdı. Qala konsert
Kanadanın məşhur simfonik orkestrinin ifasında Ü.
Hacıbəyovun Motsartın musiqi motivləri əsasında
yazdığı “Fantaziya”sı ilə başladı. Xarici
tamaşaçılar ilk dəfə olaraq Üzeyir bəyin
ecazkar musiqisinin sehrinə düşdülər. Həmin
konsertdə mənim də iki əsərim anşlaqla
qarşılandı. Konsertdən sonrakı ziyafətdə
məşhur musiqiçilər Üzeyir bəyin musiqisinin
timsalında yeni, insan ruhuna daha yaxın ecazkar bir musiqi
dinlədiklərini xüsusi vurğuladılar. Bu böyük
təəssüratdan sonra onlar hər il Niaqarada Şərq
musiqilərinin səsləndirilməsini qərara aldılar.
Qərarla bağlı Kanadada dünyada ilk dəfə olaraq
“İpək yolu” layihəsi üzrə möhtəşəm
konsert proqramı hazırlanıb və bu proqram bu ilin avqust
ayından həyata keçirilməyə başlanacaq.
Sevindirici haldır ki, ilk konsert Azərbaycan musiqisinə
həsr olunub və burada dahi bəstəkarlarımız
Ü. Hacıbəyovun, Q. Qarayevin, F. Əmirovun, C.
Hacıyevin, Niyazinin. T. Quliyevin əsərlərindən
parçalar səslənəcək.
-Kanadada milli mədəniyyətimizi təbliğ
edərək tanıtmaq üçün nə kimi
şərait mövcuddur?
- Kanada dünyada yeganə ölkədir ki, hər bir
xalqın öz mədəniyyətini nümayiş
etdirməsinə şərait var. O cümlədən də
Azərbaycan mədəniyyətini bu ölkə
vasitəsilə tanıda və sevdirə bilərik. Mən bu
şəraitdən daim yararlanmağa
çalışıram.
- İsmayıl müəllim, bir azərbaycanlı
bəstəkar kimi milli musiqimizin xaricdə təbliği
sahəsində nə kimi işlər
görmüsünüz?
- Yaşayıb fəaliyyət göstərdiyim Toronto
şəhərində və ətraf yerlərdə
konsertlər verərək milli musiqimizi təbliğ
etməyə, onun rəngarəngliyini nümayiş
etdirməyə çalışmışam. 2005-ci ildə
isə mədəni dəyərlərin beynəlxalq
Mərkəzi Cəmiyyətini yaradaraq bu sahədəki
fəaliyyətimi daha da genişləndirmişəm. Bu
cəmiyyət Şərq musiqisini Qərbə sintez edir.Bu
sintezin əsasını dahi Üzeyir bəy hələ
1932-ci ildə Motsartın musiqi motivləri əsasında
yazdığı “Fantaziya”sı ilə qoyub. Avropalılar bunu
yaxşı bildiklərindən onların Azərbaycan
mədəniyyətinə maraqları böyükdür. Xalq
rəssamı Tahir Salahov, görkəmli
bəstəkarımız Firəngiz Əlizadə və
digərləri bu cəmiyyətin üzvləridir.
Cəmiyyətimizin xətti ilə 2008-ci ildə Q. Qarayevin 90
illik yubileyini Vaşinqtonda keçirməyi qərara
almışıq.
Mən eyni zamanda pianodan dərs verdiyim
tələbələrimə Azərbaycan musiqisinin
incəliklərini açmağa çalışıram.
-Azərbaycan musiqisini dünya arenasına necə
çıxarmaq olar?
- Bir sıra sənətçilərimiz xarici
ölkələrə qastrol səfərlərinə
getsələr də, bunlar ardıcıl və sistemli formada
olmadığından milli mədəniyətimizi
lazımınca tanıda və sevdirə bilməmişik.
Digər tərəfdən, hər bir xalqın mədəniyyətinin
dünya arenasında qəbul edilməsi üçün onlar
“Korneş-Holl”, “Mərkəzi Linkoln” (ABŞ), “Albert-Holl”
(London), La- Skala (İtaliya), Qrand-Opera (Fransa), Berlin
Filarmoniyası, Peterburq Filarmoniyası kimi dünyanın
ən məşhur 10 konsert salonunda səslənməlidir.
Xalqımızın yetişdirdiyi dahi bəstəkarlar
çoxdur, lakin onların musiqilərini həmin konsert
salonlarında səsləndirərək tanıda
bilməmişik. Bu məsələ dövlət
səviyyəsində həll edilməlidir. Yəni həmin
salonların menecer və prodüsserləri Azərbaycan Prezidentinin
dəvətilə ölkəmizə gələr və
mədəniyyətimizlə bağlı müqavilələr
bağlana bilər. Dövlət özü bu
məsələyə musiqimiz tanınaraq qəbul
edilənə kimi sponsorluq etməlidir. Vaxtilə
Çaykovski, Bethoven, Motsart, Qayden, Şubert, Vaqner kimi
dünya şöhrətli bəstəkarlara da sponsor lazım
olub.
Bəstəkar A. Məlikovun “Məhəbbət
əfsanəsi” baleti tanınıb qəbul ediləndən
sonra hazırda sponsor lazım olmadan dünyanın 65-dən
artıq ölkəsini dolaşır.
Hər il Bayreyt şəhərində Vaqnerin
əsərlərinin festivalı keçirilir və dünyanın
ən məşhur musiqiçiləri onun
əsərlərini ifa edirlər. Yəni bu bəstəkarlar
artıq beynəlxalq səviyyədə qəbul olunublar.
- Dünyanın on möhtəşəm konsert salonunda
indiyə kimi Azərbaycan musiqisi səslənib?
- Yalnız ikisində- Peterburq və Berlin Filarmoniyalarında
səslənib. 1983-1986-cı illərdə qardaşım,
Bakı Musiqi Akademiyasının müəllimi Mikayıl
Hacıyevlə birlikdə Peterburq Filarmoniyasında
dünyanın ən nüfuzlu simfonik orkestri ilə
birlikdə Ü. Hacıbəyovun, Q. Qarayevin yubileyləri
münasibətilə konsertlər verdik. Həmin
konsertlərdə dünya şöhrətli
müğənnimiz Lütfiyar İmanov, xalq artisti Xuraman
Qasımova, məşhur pianoçumuz, xalq artisti Fərhad
Bədəlbəyli solist kimi çıxış
edərək milli musiqimizi yüksək səviyyədə
təmsil etdilər. Mikayıl müəllimlə birlikdə
yaratdığımız “İlham” kamera orkestri ilə
1993-cü ildə Berlin Filarmoniyasında çıxış
edərək Azərbaycan musiqisini avropalılara sevdirə
bildik. Yalnız Bax, Motsart, Puççini, Şubert və bu
kimi bəstəkarların musiqilərini təkrar-təkrar
dinləyən avropalılar yeni, zəngin bir musiqidən
böyük zövq aldılar.
- Azərbaycan musiqisini dünya arenasına çıxarmaq
üçün konkret bir layihəniz varmı?
La- Skalada Üzeyir bəyin “Koroğlu”sunu italyan
artistlərinin ifasında tamaşaya qoymaq istəyirik.
“Arşın mal alan” keçən il ingilis dilinə
tərcümə olunaraq Vyana teatrında tamaşaya qoyuldu. Biz
də bu əsərə müraciət etmək istəyirik.
Layihəmiz həyata keçərsə, bir
tərəfdən milli mədəniyyətimiz dünya
arenasında tanınacaq və ermənilər onları öz
adlarına çıxa bilməyəcəklər.
Xalqımızın çox qədim və zəngin
mədəniyyətinin bütün dünyada tanınması
üçün biz sənətkarların öhdəsinə
böyük vəzifələr düşür və biz
bu vəzifələrin öhdəsindən
layiqincə gəlməyə çalışacağıq.
İki sahil.-2007.-12
iyun.-S.8.