Quliyeva Z.
Dünya şöhrətli
bəstəkara həsr
olunmuş gecə
Azərbaycan
bəstəkarlıq məktəbinin görkəmli
nümayəndəsi, xalq artisti Firəngiz Əlizadə
1976-cı ildən dünyanın ən möhtəşəm
konsert salonlarında özünün fortepiano sonatasını
ifa edərək müəllif və ifaçı kimi uğur
qazanmışdı.
Sonrakı illərdə
də Stokholmda, Varşavada, Londonda, Mexikoda, Daysburqda keçirilən musiqi festivallarında F.Əlizadənin
əsərləri ifa
olunur və müəllif dünya musiqiçilərinin parlaq
simalarından biri kimi şöhrət qazanır.
Bu günlərdə
"Üns" teatrında
tanınmış bəstəkarın
yaradıcılıq gecəsi
və müəllif konserti keçirilmişdir.
Gecədə Firəngiz Əlizadənin
musiqi mədəniyyəti
qarşısındakı xidmətlərindən
danışıldı. 2002-2006-cı illər ərzində Nyu-York, Milan, Turin, London,
Tokio, Sinqapur, Vyana, Berlində və s. ölkələrdə
müəllif konserti ilə Azərbaycanı dünyada tanıtmasından
söhbət açıldı.
O da vurğulandı ki, bu ilin
payızında Azərbaycan
Dövlət Akademik Opera və Balet
Teatrı F.Əlizadənin
Nərgiz Paşayevanın
librettosu əsasında
yazılmış "İntizar"
operası tamaşaçılara
təqdim ediləcəkdir.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev onun Azərbaycan musiqisi qarşısındakı xidmətlərinə
görə "Şöhrət"
ordeni ilə təltif edilməsi barədə ölkə Prezidenti İlham Əliyevin sərəncamını
oxudu və yüksək mükafatı
Firəngiz xanıma təqdim etdi.
Yaradıcılıq gecəsində
bəstəkarın "Atəş",
"Dərviş" və
"Çarpazlaşma" kompozisiyaları ifa olundu. Müəllif konserti tamaşaçıların
alqışları ilə
qarşılandı.
Azərbaycan.-2007.-9 iyun.-S.7.