Mehdixanlı T.
İlk dəfə səsləndiyi
çağlardan tar dil açıb danışıb, eşidənləri
valeh edib. Bu musiqi alətini yaşadanların, məlahətli
ifaları ilə tanıdanların - Sadıqcanın,
Mirzə Mansurun, Qurban Pirimovun, Əhməd Bakıxanovun,
Bəhram Mansurovun, Əhsən Dadaşovun və başqalarının
adları, xidmətləri
daim ehtiramla xatırlanır. 55 ildir onu sevənlərdən, sevdirənlərdən biri
də xalq artisti, hazırda
"Xatirə" xalq
çalğı alətləri
ansamblın bədii rəhbəri, tarzən Adil Bağırovdur. Ömrünün 70 illik yubileyini qeyd edən məşhur ifaçı deyir:
- 1937-ci ildə dünyaya
göz açmışam.
Uşaqlığımda bir
dəfə də olsun ürəkdən gülməmişəm. Atam
bir tikə çörək qazanmaq üçün sübh tezdən evdən çıxar, axşam qaranlığında qayıdardı.
Günlərin birində
daha qayıtmadı. Onu hara apardılar,
bilmədik. O zamanlar qohum-qonşuların eyni açılmazdı. Qaşları düyünlü
olardı. Baxışlarından
qəzəb, çarəsizlik
oxunardı. Küçəyə
çıxmaq belə
qorxuluydu. Adamlar səksəkə içində
yaşayırdılar. Hər
saat bəd xəbər eşidilirdi: kimisə öldürüblər,
sürgün ediblər...
Anaları, bacıları
ağlar, qamətli kişilərin, cavanların
bellərini əyilmiş
görmüşəm. Dəhşətli
repressiya bizləri yaman günə qoymuşdu.
Dost-tanışlarım,
həmkarlarım mənə
irad tuturlar ki, səhnədə, kamera önündə gülümsəmirsən, qaraqabaq
olursan. Təbəssüm,
sevinc mənə uşaqlığımdan yaddır.
Qonşumuzda yaşayan
adaxlı oğlanı
müharibəyə apardılar.
Az keçmiş ondan "qara kağız" gəldi.
65 il əvvəl gördüyüm mənzərə
hələ də gözlərim önündən
çəkilmir. Həmin
oğlanın anası
bəd xəbərə
dözməyib həyatını
dəyişdi.
Müharibə qələbə
ilə başa çatan ili 13 saylı məktəbə
getdim. Oranı bitirib A.Zeynallı adına Musiqi Texnikumunun tar sinfinə qəbul oldum. Bu sənət
ocağı demək olar mənə ikinci ömür verdi. İlk dəfə Seyid Şuşinskini, Xan əmini, Əhsən Dadaşovu, Nəriman Əliyevi, Əlibaba Məmmədovu, İslam Rzayevi orada gördüm.
Tara məndə qədərsiz həvəs
yarandı. Məşqlərə
getməyi, çalmağı
hər şeydən üstün tutardım. Ürəyimdən keçənləri
mizraba, simlərə danışardım. Barmaqlarım
pərdələr üstündə
gəzdikcə - bəmdən
zilə qalxanda könlüm açılardı.
Tar mənim "ilk məhəbbətim"
olub. Onun sayəsində tanınmışam,
fəxri adlar, mükafatlar almışam,
dünyanın çox
ölkəsini gəzmişəm.
Azərbaycan Dövlət
Konservatoriyasında, sonra
İncəsənət İnstitutunda
oxudum. Tələbəlik
illərində Filarmoniyada
əmək fəaliyyətinə
başladım. Unudulmaz
bəstəkar Tofiq Quliyev hər dəfə məni görəndə zarafatla deyərdi: "Budur, Məcnun Leylisi ilə gəldi". Rəhmətliyin bənzətməsi canıma yağ kimi yayılardı.
1964-cü ildə Filarmoniyada
özünəməxsus səs
tembri, ifa qabiliyyəti olan Ağabala Abdullayevin solo konserti planlaşdırılmışdı.
O, "Rast" muğamını
oxuyacaqdı. Müğənnini
tarda müşayiət
etməyi mənə tapşırdılar. Əvvəl
tərəddüd
etdim. Ancaq Əhməd Bakıxanov məni ürəkləndirdi:
"Oğul, unutma, tarzən müğənninin
bələdçisidir. Onu
çaşdıra da
bilər, yaxud da əksinə. Sən imtahan qarşısındasan. Həyəcanlanma,
diqqətli ol".
Vaxt necə ötüb keçdi, bilmədim. Ağabala Abdullayevin şirin avazı, şaqraq zəngulələri də
məni xəyaldan ayırmırdı. Muğamın
son akkordları eşidiləndə alqışlardan
qürur hissi duydum.
Rəhmətlik Əhsən
Dadaşovdan gördüyüm
yaxşılığı, xeyirxahlığı ömrümün
sonuna qədər unutmaram. On iki
il onunla birgə, rəhbəri olduğu xalq çalğı alətləri
ansamblında işlədim.
O, kollektivin hər birinin xatirini istəyirdi. Ötən əsrin 70-ci illəri xalqımız üçün
əsl intibah dövrü olmuşdur. Ulu öndər Heydər Əliyev mütəmadi olaraq respublikamızın müxtəlif bölgələrinə
səfər edər, sakinlərin gün-güzaranı ilə maraqlanar, kənd təsərrüfatının inkişafına
çalışardı. Həmin
tədbirlərin əksəriyyətində
rəsmi görüşlər,
söhbətlər
başa çatandan sonra ansamblımız rəngarəng konsert proqramları ilə tamaşaçıları sevindirərdi:
1975-ci ilin payız fəslində Heydər Əliyev Sabirabad rayonuna səfər etmişdi. Yığıncaqdan
sonra konsert oldu. Sonda respublika
rəhbəri Əhsən
müəllimə demişdi:
"Çox sağ olun. Təşəkkürümü
kollektivin hər bir üzvünə çatdır".
Əhsən müəllimin
rəhbəri olduğu
ansamblın sənətə
yeni gələn müğənnilərin tanınmasında
xidmətləri çox
olub. Qədir Rüstəmovun ifa etdiyi "Sona bülbüllər" mahnısı
1971-ci ildə ilk dəfə bizim ansamblın müşayiəti
ilə lentə alınıb. Həmin mahnının ilk
dəfə televiziya ekranında səslənməsi
hadisə kimi qarşılandı. Kollektivimizin
müşayiəti ilə
Arif Babayevin, İslam Rzayevin, Süleyman Abdullayevin, Şövkət Ələkbərovanın,
Rübabə Muradovanın,
Elmira Rəhimovanın,
Nəzakət Məmmədovanın,
Əbülfət Əliyevin,
Qulu Əsgərovun və başqalarının ifaları
hazırda Azərbaycan
radiosunun fonotekasında
saxlanılır.
1976-cı ildə əməkdar artist Əhsən Dadaşov dünyasını dəyişdi.
Kollektivimizin birgə razılığı ilə
ansambla "Xatirə"
adı verdik. 31 ildir ki, Əhsən
Dadaşovun tövsiyələrinə
əməl edirik. Yaqut Abdullayeva, Səkinə İsmayılova,
Süleyman Abdullayev, Canəli Ələkbərov
və başqa müğənnilərlə işləyirik.
Müxtəlif bəstəkarlarla
yaradıcılıq əlaqəsi
saxlayırıq. Tədbirlərdə
maraqlı proqramla iştirak edirik. Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətində son vaxtlar musiqiyə münasibət müsbət
mənada dəyişib.
Sənətə, sənətkara
qiymət verilir. Yeni yaranan ansamblların
sayı çox olsa da, biz
ənənəni layiqincə
yaşadırıq. Gənc
ifaçılara daim qayğı göstəririk.
Adil Bağırovun müşayiəti ilə
92 müğənninin ifa
etdiyi təsniflər,
muğamlar Azərbaycan
radiosunun qızıl fondunda saxlanılır. O,
45 ildən çoxdur
ki, Televiziya və Radio verilişləri
qurumunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin solistidir. Dəfələrlə xarici ölkələrə
qastrol səfərlərinə
gedib. Çəkdiyi zəhmət, yaradıcılıq
əziyyətləri də
vaxtaşırı qiymətləndirilib.
Əməkdar artist, xalq artisti fəxri
adları alıb, bir çox respublika və beynəlxalq mükafatlara,
təltiflərə layiq
görülüb. Hazırda
ömrünün ixtiyar
çağını-70-ci ilini yaşayır. Ona uzun ömür,
yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan.-2007.-6 iyun.-S.8.