Məhərrəmova T.

 

Daha heç yerə gedə bilmirik

 

Adil Bağırov, Xalq artisti: "İndi bəstəkarların gecə yazdıqları mahnılar səhər oxunur"

 

Vaxtilə televiziya ekranlarından, radio dalğalarından onların ifası əskik olmazdı. Bu tanınmış ansamblın müşayiəti ilə ən görkəmli sənətkarlar oxuyar, ötən illərin əvəzolunmaz mahnıları, muğamları səslənərdi. Əlimiz yetməyəcək qədər uzaqda qalan, uzaq olduğu qədər də yaxın olan o səslərə bu gün hamımız təşnəyik. Nə yaxşı ki, o ilahi səslər, təkrarsız ifalar lent yazılarının yaddaşında əbədiləşib. "Xatirə" xalq çalğı alətləri ansamblı isə öz ənənəsinə sadiq qalaraq bu gün də fəaliyyət göstərir. Musiqimizin saflığını, təmizliyini qoruyur, qədim köklərini yaşadır.

30 ildən artıqdır ki, ansambla rəhbərlik edən Əməkdar artist Adil Bağırov söhbətinə musiqiyə gəlişinin maraqlı tarixi ilə başladı:

- Uşaqlıq dostum Tofiq Məmmədovla tez-tez Filarmoniyada keçirilən konsertlərə gedir, böyük musiqiçilərin söhbətlərinə həvəslə qulaq asırdıq. Bir gün Asəf Zeynallı adına musiqi məktəbinin yanından keçəndə maraq üçün içəri daxil olduq. Bəstəkar Adil Gəray da bu məktəbdə xalq çalğı alətləri şöbəsinin müdiri idi. Biz ona yaxınlaşıb tar çalmağı bacardığımızı bildirdik. Mən o vaxta qədər Əbilov adına mədəniyyət evinə gedib-gəlmiş və oradakı ansambla rəhbərlik etmişdim. Adil Gəray bizi yoxladı və ifamız xoşuna gəldi. Dedi ki, imtahanlara az qalıb, əlaqə saxlayıb proqramı öyrənin. O bizə bir-iki muğam və xalq mahnısı hazırlamağı da tapşırdı. Adil müəllimin çalğımızdan xoşu gəldiyindən bizə kömək edəcəyini də vəd etdi. Sənədlərimizi verdik. Sənət imtahanlarını Adil müəllim özü götürürdü. O, ikimizi də öz sinfinə qəbul etdi. Beləliklə, Adil müəllimin sinfində oxumağa başladıq. Muğam dərsini bizə Mirzə Mansur müəllim keçirdi. Əhməd Bakıxanov kimi bir çox sənətkarlar da onun tələbəsi olub. Mirzə Mansur müəllimdən muğamları, Adil müəllimdən isə not dərsini öyrənirdik. Çox keçmədi ki, Səid Rüstəmov bizim məktəbə dərs deməyə gəldi. O, ilk baxışdan çox vahiməli adama oxşayırdı. Adil müəllim məni onun sinfinə keçirmək istəyəndə razılaşmırdım. Amma o məni məcburi Səid müəllimin sinfinə keçirdi. Dərslərə qorxa-qorxa gəlirdim. Bununla bərabər, bir neçə il Səid müəllimin tələbəsi oldum. Həmin dövrdə Filarmoniyanın Mahnı və Rəqs Ansamblına qəbul olub işləməyə başladım. Arzum Televiziya və Radionun xalq çalğı alətləri orkestrində işləmək olsa da, bunu Səid müəllimə deməyə cəsarət eləmirdim. Bir gün Moskvada olarkən Səid müəllimə yaxınlaşıb, bu arzumu ona söylədim. Dedi ki, Bakıya qayıdan kimi, yanıma gələrsən. Orkestr o vaxt radionun səsyazma studiyasında məşq edirdi. Səid müəllimin də bir xasiyyəti vardı ki, orkestrə qəbul edəcəyi adamı ümumi orkestrin qabağında yoxlayırdı. Məni də yoxladıqdan sonra "keç, 4-cü pultda otur, sənin maaşın da 690 rubl olacaq" dedi. Bu məbləğ o vaxt çox yüksək sayılır və hər adama da verilmirdi. O vaxtdan bu günədək həmin orkestrdə solist işləyirəm. Səid müəllimdən sonra orkestrə çox diriyorlar gəlib. Hazırda orkestrin diriyoru Nəriman Əzimovdur.

- Uzun illərdir ki, Əhsən Dadaşovun adını daşıyan "Xatirə" xalq çalğı alətləri ansamblına rəhbərlik edirsiniz. Ansambl əvvəlki şövqünü qoruyub saxlaya bilibmi?

- Ansambl 1960-cı ildə yaranıb. Mənsə bu ansambla dörd il sonra gəlmişəm. O vaxt Radio və Televiziya Komitəsinin Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı fəaliyyət göstərirdi. Bu ansamblın ifasında yalnız muğam dəstgahları, xalq mahnıları, oyun havaları çalınırdı. Rəhmətlik Ənvər Əlibəyli Əhsən müəllimi yanına çağıraraq həmin ansambldan fərqli olaraq Radio və Televiziya Komitəsi üçün ikinci ansambl təşkil etməyi tapşırdı. Əhsən müəllim də bu ansamblı təşkil etdi. Ansamblın fərqi ondan ibarət oldu ki, Əhsən müəllim özünün ud alətini, eləcə də bas tarı və kanon alətlərini bura əlavə etdi. Əhsən müəllim özü ansambla rəhbərlik etməyə başladı. Həmin dövrdə ilk dəfə olaraq bəstəkarlarımızın mahnıları bu ansamblın ifasında səsləndi. Cahangir Cahangirov, Səid Rüstəmov, Fikrət Əmirovun mahnılarıyla bərabər, Ramiz Mirişli, Emin Sabitoğlu və bir çox gənc bəstəkarın mahnıları ansamblda ifa olunurdu. Əsas oxuyanımız da rəhmətlik Şövkət Ələkbərova idi. Əhsən müəllimin ansambla dəvət etdiyi bəstəkarlar mahnıları bizə öyrədir və biz də çalırdıq. O dövrdə bununla əlaqədar olaraq bir çox gənc bəstəkarlar meydana gəldi.

- Əhsən Dadaşovla tanışlığınız necə yarandı?

- Mən Səid müəllimin orkestrinə gələndə Əhsən Dadaşovu qiyabi tanıyırdım. İnanın ki, orkestrin üzvləri ilə salamlaşmaqdan ötrü bilərəkdən onların məşq etdyi küçədən gəlib keçirdim. Orkestrdə işləməyə başlayandan sonra isə istər-istəməz ansamblın üzvlərləri, eləcə də Əhsən müəllimlə yaxınlaşdım. Filarmoniyada 64-cü ilə qədər işlədim. Cahangir Cahangirov bədii rəhbərimiz idi. Orada işlədiyim dövrdə xarici ölkələrə qastrollara çox gedirdik. Düzü, Azərbaycandan çıxmaq məni yorurdu. Daima Bakıda qalmaq üçün orkestrdə işləmək mənə əl verirdi. Ümumiyyətlə, həvəsim orkestrdə işləmək idi. Əhsən müəllimin ansamblında Şəfiqə Eyvazova, Dilarə Əyyubova, Vəciyə Səfərova, Anzor Quliyev, Vəli Məmmədov və başqa musiqiçilər işləyirdi. Əhsən müəllim ansambla hər adamı qəbul etmirdi. Hamı da ansambla qəbul olunmaq üçün onun yanına xahişə gəlirdi. Onda çalıb-oxuyan da çox idi. Əhsən müəllim də yüz nəfərdən birini qəbul edirdi. Məni qəbul edənə qədər də çox gözləmişdim. Əhsən müəllim çalğısından başqa hər adamın davranışını, oturuşunu-duruşunu, savadını yoxlayırdı. Başa düşdüm ki, Əhsən müəllim məni də bu vaxta qədər yoxlayırmış. Əhsən müəllim 1975-ci ildə rəhmətə gedənə qədər ansamblda onun yanında oturmuşam. O, şənliklərdə və başqa yerlərdə olanda ansamblı mən idarə edirdim. Əhsən müəllimin ölümündən sonra çox adamlar ansamblı ələ keçirməyə çalışırdı. Bizi başqa ansambla da dəvət etdilər. Amma ansamblın üzvləri yığışaraq Əhsən müəllimin ruhunu yaşatmaq üçün ansamblı saxlamağı qərara aldı. Televiziya və Radio Komitəsinin rəhbərinə ərizə verərək ansamblın adının "Xatirə" xalq çalğı alətləri ansamblı qoyulması haqqında razılıq aldıq. Əhsən müəllimin ailəsi onun adının yaxşı qeyd olunmaması üçün bir qədər narazı qalmışdı. Mən çox çalışdıqdan sonra ansamblı Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı adlandırmağa nail oldum. O vaxt Baba Salahovun "Araz" ansamblı vardı. Həmin ansambl da Baba Salahovun adını daşımağa başladı. "Xatirə" ansamblı mənim rəhbərliyimlə bir çox xarici ölkələrdə oldu. Respublikanın bütün rayonlarında əməkçilər qarşısında, müharibə bölgəsində konsertlər vermişik. Şövkət Ələkbərova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Gülağa Məmmədov, Nəzakət Məmmədova, eləcə də İslam Rzayev, Novruz Feyzullayev, Yalçın Rzazadə, Elmira Rəhimova, Yaqut Abdullayeva və başqa gözəl sənətkarlar bu ansamblın müşayiəti ilə oxuyublar. Demək olar ki, o vaxtdan bu günəcən xalqımıza layiqincə xidmət etmiş, musiqi ənənələrimizi qoruyub saxlamağa çalışmışıq.

- Vaxtilə müşayiət etdiyiniz korifey sənətkarlar, görkəmli bəstəkarlar artıq həyatda yoxdurlar. Bu gün kimlərlə işləyirsiniz?

- Cahangir Cahangirov televiziyada bədii rəhbər işləyən vaxt orada çıxış etmək üçün axın vardı. Onda müğənnilərə toylara getməyə də icazə vermirdilər. Cahangir müəllim bir gün qapını açaraq: "Kim oxumaq istəyir içəri gəlsin, pul-zad da lazım deyil. Mənimçün oxuyandan sonra gedib televizorda oxuyarsınız".

İnanın, Cahangir müəllimin tələbkarlığından ehtiyat edərək və özlərinin də aşağı səviyyədə oxumaqlarına görə içəri bir nəfər də gəlmədi. Amma Şövkət xanım, Gülağa Məmmədov, Yaqub Məmmədov, Əbülfət Əliyev kimi oxuyanlar gəlib oxumağa başladılar. Bizim ansamblda, eləcə də Əhməd Bakıxanov adına və Ağasəlim Abdullayevin rəhbərlik etdiyi ansamblda ciddi tələbkarlıq olduğu üçün təzə oxuyanlar bu ansambllara gəlməyə cürət eləmirlər. Heç cürət eləsələr də, mən qəbul eləmərəm. Düzdür, onların arasında da yaxşıları var. Müğənnilərdən Aygün Hümmətova, Aygün Bayramova, Ruhəngiz Allahverdiyeva çox yaxşı oxuyanlardır. Arzu edərdim ki, bu müğənnilər Fikrət Əmirovun, Cahangir Cahangirovun, Səid Rüstəmovun mahnılarından istifadə etsinlər. Əgər müğənnilər bu bəstəkarların mahnılarını bilirlərsə, demək, sənətkardırlar. Mən işlədiyim müğənnilərə onların bir notunu da dəyişdirməyə icazə vermirəm. İndi bəstəkarların gecə yazdıqları mahnılar səhər oxunur. Belə mahnılardan nə gözləmək olar? Səid Rüstəmov mahnını 1-2 ilə yazır, sonra orkestrin ifasında qulaq asırdı. Bizim əhval-ruhiyyəmizə baxaraq mahnının yaxşı olub-olmaması haqda qənaətə gəlirdi.

- Siz bu gün də xeyirxah iş görürsünüz. Ansamblınızın müşayiəti ilə musiqi tariximiz üçün mahnılar yazırsınız. Hazırda kimlərlə işləyirsiniz?

- Şövkət Ələkbərovanın sağlığında onunla görüşüb mahnılarını yazdırmaq haqqında icazə aldım. Onun razılığı ilə 10 xalq və bəstəkar mahnısı seçib yazdırdıq. Şövkət xanım "Kəsmə şikəstə"ni də oxudu. O vaxt deyirdilər ki, heç kəs "Kəsmə şikəstə"ni Fatma Mehrəliyeva kimi oxuya bilməz. Şövkət xanım "Kəsmə şikəstə"ni özünəməxsus tərzdə elə ifa elədi ki, bütün musiqiçiləri, bəstəkarları heyran qoydu. Həmin mahnı Qızıl fondda saxlanılır. Sonralar Gülağa Məmədov, Yaqub Məmmədov, Nəzakət Məmmədova və başqa oxuyanların ifasında muğam və mahnılar yazdırmışıq. İndi də bu ənənəni davam etdiririk.

- Ansambla rəhbərlik etdiyiniz dövrdə sizinçün dəyişən nədir?

- Artıq 30 ildən çoxdur ki, ansambla rəhbərlik edirəm. Onu da deyim ki, ansambl çətinliklə dolanır. Ayda bir dəfə televiziyadan qonorar verirlər. Bizi televiziya kanallarına da dəvət edən yoxdur. Qabaqlar normal şəraiti olan yerlərdə məşq edirdik. Məşq etdiyimiz yerlərin rəhbərləri də musiqiyə hörmət edir, pul almayaraq məşqlərə icazə verirdilər. İndi isə hər yerdə "pul ver, məşqə gəl" deyirlər. Yaxşı ki, səsyazma studiyasında bizə hörmət edirlər. Ancaq məşq otağımız çox havasız, qaranlıq bir yerdir. Qışda soyuqdan, yayda da istidən içəridə oturmaq olmur. Əvvəllər bir mahnını məşq etmək üçün 2 saat vaxt sərf edirdiksə, indi isə cəmi 15-20 dəqiqə məşq edirik. Həm şəraitin pisliyi üzündən, həm də hamı dolanışığından ötrü pul qazanmaq üçün harasa qaçmaq istəyir. Belə bir çətin vəziyyətdə işləyirik. 14 il bundan qabaq güc-bəla ilə vəsait tapıb ansamblı Almaniyaya apardım. Bu işdə Almaniyadakı menecerim bizə köməklik göstərdi. Daha heç yerə gedə bilmirik.

 

Kaspi.-2007.-7 iyun.-S. 16.