Məhərrəmova T.

 

Ciddi musiqinin aurası aşağı düşüb

 

Bəstəkar Musa Mirzəyev bu problemi faciə kimi qəbul etməyin yox, əksinə, onu aradan qaldırmaq üçün səylə çalışmağın tərəfdarıdır

 

Bəstəkarlar, musiqişünaslar Bəstəkarlar İttifaqının bu günlərdə keçiriləcək VIII qurultayına ümid dolu nəzərlərlə baxırlar. Möcüzənin baş verəcəyinə inanmasalar da, bazarlaşan musiqi dünyamızda yaxşılığa doğru nəyinsə dəyişəcəyinə ümid edirlər.

Tanınmış bəstəkar, Musiqi Akademiyasının professoru Musa Mirzəyev də bu gün musiqi sənətimizin bayağılaşmasından narahatdır.

Onunla söhbətimizə həmkarları ilə birlikdə düz 17 il gözlədikləri qurultaydan başladıq:

 

- Bəstəkarlar İttifaqının qurultayı müxtəlif səbəblər üzündən düz 17 il keçirilməyib. Nəhayət, başa düşdülər ki, qurultay lazımdır. Qurultayda son 10 ildə yazılan əsərlər seçilib səsləndiriləcək. Mənim "Doğma Azərbaycan" oratoriyamdan da bir neçə hissə ifa olunacaq. Bu əsər Dövlət Simfonik Orkestrinin müşayiəti ilə qurultayın açılışı günü səslənəcək.

- Sizcə, qurultay bugünkü musiqi sahəsində nəyi dəyişə biləcək? Heç olmasa, ciddi musiqinin rolunu qismən də olsa qaldıra biləcəkmi?

- Qurultayın nəyi dəyişəcəyini qabaqcadan deyə bilmərəm, ancaq bəstəkarların yaradıcılığında müəyyən bir mərhələyə yekun vuracaq. Musiqi ictimaiyyəti bu illər ərzində nələr yazıldığından xəbər tutacaq. Bu 17 ildə elə əsərlər proqrama salınıb ki, normal vaxtda bəlkə də onlar səslənməzdi. Onu da deyim ki, indi ciddi seçimdən söhbət gedə bilməz.

- Sənətdən söz düşəndə çoxları sovet dövrü incəsənətinin xiffətini çəkir. Sizcə bu xiffəti çəkməyə dəyərmi?

- Sovet dövründə incəsənətdə, xüsusən musiqidə çox ciddi təbliğat vardı. Mənim yaradıcılığımda sovet dövrünün xidməti danılmazdır. Bəstəkarın əsas yaradıcılığı oxuyub qurtarandan sonra başlayır. Mən də görkəmli bəstəkar Qara Qarayevin sinfini bitirmişəm. Elə vaxt olur ki, bəstəkarlıq sinfini qurtaran özünü doğrulda bilmir. Qara Qarayev və Cövdət Hacıyev Moskva Konservatoriyasını bitirib gəldikdən sonra onların yaradıcılığı musiqimizə önəmli təsir göstərmişdi. Mən də onların yaradıcılığına böyük diqqət göstərirdim. Oxuyanda Moskvaya gedib istedadlı bəstəkarlarla tanış olurdum. Fəxr edə bilərəm ki, dostlarımın hamısı istedadlı sənətkarlar olub. O vaxt respublikamızdan kənarda çoxlu müəllif konsertlərim keçirilərdi. Mənə tez-tez sual verirdilər ki, kim idi sizin dostlarınız? Cavab verirdim ki, Şestakoviç, Sviridov, Çaykovski, Şedrin, Eşpay və bir çox qüdrətli bəstəkarlar. Mən hələ təkcə moskvalı bəstəkarların adını çəkirəm. Digər resprublikalarda da dostlarım çox olub. Fəxr edirəm ki, o qüdrətli bəstəkarlar, ifaçılar məni öz sıralarına qəbul etmişdilər. Mənim bütün əsərlərimin premyeraları Moskvada keçirilib. Onu da deyim ki, məni birdən-birə yox, pillə-pillə tanımışdılar. Musiqiçilərdə də belədir, rəğbət qazandınsa, səninçün yollar açılır. Mən Moskvada elə bir nüfuz qazanmışdım ki, azərbaycanlı bəstəkarların əsərlərini çap eləmək üçün resenziya verirdim. Həmişə də xeyirxahlıq edirdim. Mən bu hüququ yaradıcılığımla qazanmışdım. Moskvada nəşr olunan əsərlər bütün dünyaya yayılırdı. Sovet dövründə ümumittifaq radiosu və televiziyasının bir neçə proqramı vardı. I proqramla hər əsər çalınmırdı. Buna çox ciddi tələblərlə yanaşırdılar. Mənim bütün əsərlərim I proqramla səslənirdi. Mən elə musiqi yanrlarında işləyirdim ki, tək respublikamıza yox, başqa millətlərə də aid idi. Çoxları mənim müəllif konsertlərimin belə yüksək səviyyədə keçirilməsinə təəccüblənirdilər. Hamı elə bilirdi ki, mən Moskva Konservatoriyasını bitirmişəm, özü də Moskvada yaşayan bəstəkaram. Moskvanın doğrudan da yaradıcılığımda necə böyük rol oynaması haqqında böyük bir ədəbi əsər yazmaq olar.

Bəzi əsərlər respublikada lentə yazılıb Moskvaya göndərilir, fonotekada olduğundan vaxtlı-vaxtında 3-cü, 4-cü proqramlarda səslənirdi. Mənim əsərlərim dünya şöhrətli kollektivlər - Ümumittifaq Radiosunun Böyük Simfonik Orkestri, Estrada Simfonik Orkestri, SSRİ Dövlət Simfonik Orkestri tərəfindən çalınırdı. Bu, çox böyük xoşbəxtlikdir. Tez-tez ezamiyyətlərə getmək üçün şərait yaradılırdı. Musiqi ictimaiyyətinin bunlardan yaxşı xəbəri vardı. Mən özüm reklamla məşğul olmurdum. Onu da deyim ki, mənə heç kəs kömək etmirdi. Yüksək sənətkarların paxıllığı çox ağırdır. Mən belə paxıllıqlarla, həsədlə qarşılaşırdım. Əgər belə olmasaydı mənim əsərlərim indikindən iki dəfə çox olardı. Müxtəlif səbəblərə görə mən az yazmışam. Amma bütün yanrlarda nə yazmışamsa, hamısı nəşr olunub. Ümumiyyətlə, sovet dövrünün yaradıcılığımızdakı rolunun o qədər xırdalıqları var ki...

- Bu gün necə, yazmaq asandırmı?

- Hər şey müəllifin qabiliyyətindən, istedadından, dünya görüşündən asılıdır. Bilirsiniz ki, indi hamı şouya keçib. Hamı mahnı yazır. Sənət aləmində yüngüllük əmələ gəlib. Əvvəllər Bəstəkarlar İttifaqı ilə məsləhətləşərdilər. Qurultayda televiziya kanallarında ciddi musiqiyə yer ayrılmaması məsələsi də müzakirə olunacaq.

Bilirsinizmi, yaradıcılıqla əlaqədar biz o şəraitə uyğunlaşmışdıq. Əlbəttə, hər şey dəyişib. İndi yüksəkdə olanlar aşağı düşüb, aşağı səviyyədə olanlar yüksəlib. Bu, heç şübhəsiz, normal vəziyyət deyil və sənətə də mənfi təsiri var. Ölkədə şişirdilmiş bəstəkarlar çoxdur. Vaxt onları ələk kimi ələyir və ələyəcək də. Hər şey nə vaxtsa öz yerini tapacaq. Bu o demək də deyil ki, biz də əlimizi yana salıb gözləməliyik. Hər adam öz imkanına görə çalışır. Mənim keçmişdə olan əlaqələrim demək olar ki, tam kəsilib. Vaxtilə bir bəstəkar mənə demişdi ki, belə şəraitdə hamıdan çox ziyan sən çəkəcəksən. Belə də oldu. Amma hərdən gözlənilməyən hadisələr də baş verir. Məsələn, əvvəllər Türkiyə ilə əlaqələrimiz yox idi. Amma indi münasibətlər normaldır və onlar bizim yaradıcılığımıza hörmətlə yanaşır, əsərlərimizi ifa edirlər. Bir neçə müəllif konsertim İstanbulda, Kiprdə keçirilib, ayrı-ayrı əsərlərim səsləndirilib. Mənim sənətim əsərləri yaratmaq və ifa etməkdir. Onu konsert təşkilatlarına, kollektivlərə çatdırmaq üçün möhkəm bir aparat lazımdır. Bütün dünyada belədir. Bəstəkar öz əsərini yazır, amma onun təbliğini başqaları yerinə yetirir. Bu baxımdan Azərbaycan musiqi sənəti bərbad vəziyyətdədir. Estetik cəhətdən aşağı səviyyəli şou proqramlarına hər yerdə ehtiyac var. Amma şou necə gəlirsə, elə də gedir. Bizim sənətimiz ciddi sənətdir. Onun gərək tarazlığı qorunsun. Bu barədə bizdə hələ qayda-qanun yaradılmayıb. Ola bilər, nə vaxtsa yaradılacaq. Ölkəmiz hələ gəncdir və mən əminəm ki, hər şey qaydaya düşəcək. Biz gərək özümüz də səy göstərək.

- Radio verilişlərin birində "Əvvəllər Asəf Zeynallı adına musiqi məktəbinə təsadüfi adamlar daxil olmurdu" demisiniz. Həmin fikrinizi bəstəkarlığın bugününə də aid etmək olarmı?

- Ümumiyyətlə, ciddi musiqinin aurası aşağı düşüb. O vaxt musiqini çox sevirdilər. Musiqiyə əvvəlki məhəbbəti indi az-az görürəm. Ümumiyyətlə, heç müqayisəyə gəlməz.

- Siz Qara Qarayev kimi görkəmli bəstəkarın tələbəsi olmusunuz. Üzeyir bəydən üzü bəri görkəmli bəstəkarların sizə əmanət etdiyi musiqi ənənəsinin layiqincə qorunmamasında hardasa özünüzü də günahkar hesab edirsinizmi?

- Bu sualınızı diqqətlə cavablandıraram: sənətə yaxın olmayan adamlar üçün şərait yaranmasında bizdə təqsir olub. Ona görə professionallar kənarda qalıb. İndi iqtisadi vəziyyət elədir ki, hər şeyi alıb-satırlar. Bu kimi hallar musiqimizə çox böyük ziyan gətirir. Səviyyəsiz sənətkarları silmək lazımdır. Gecə-gündüz televiziyada, radioda onların reklamları gedir. Mən sizə sual verirəm: saysız-hesabsız şou proqramlarda oxuyanların hər hansı bir mahnısı yayılıb camaat tərəfindən sevilibmi? Heç vaxt ola bilməz. İstedadsız adamlar sənətə ayaq açıb. Niyazinin, Qara Qarayevin vaxtında belə şeylər ola bilməzdi. Orta, aşağı səviyyəli əsərlərlə cəmiyyəti tərbiyələndirmək olmaz. Musiqiyə zövqlə yanaşmaq lazımdır. Çünki musiqi tərbiyələndirir. İnsan dünyaya gələndən dünyanı tərk edənəcən musiqi ilə müşayiət olunur.

- Gözəl müəllimlərdən dərs almısınız və bu gün də özünüz dərs deyirsiniz. Necə deyərdiniz, yaxşı müəllimsinizmi?

- Bu suala siz deyən kimi cavab verməyəcəyəm. Böyük müəllimim Qara Qarayevin yaradıcılığımda mənə çox böyük təsiri olub. Amma təkcə onun mənə dərsi ilə kifayətlənməmişəm. Nə üçün əsərlərimi hər yerdə çalırdılar? Çünki sənəti dünya standartları səviyyəsinə qaldırmışdım. Həmişə böyük klassiklərdən öyrənmişəm. Bu gün də öyrənirəm. Vaxtilə bəzi böyük sənətkarların "diqqətindən" Konservatoriyanın qapıları mənim üçün bağlı idi. Fərhad Bədəlbəyli öz təşəbbüsü ilə məni bura dəvət etdi. Öz müəllimlərimdən öyrəndiklərimi tələbələrimə həvəslə öyrədirəm. Bəlkə də özüm görmədiyim qayğını gənclərə göstərirəm. Tələbələrim arasında istedadsızları yoxdur, əsasən ortabablardır. Onlar da lazımdır. Onu da deyim ki, heç kəs biliyini elə-belə vermir. Qərbdə haqla çalışırlar. Mənsə nə lazımdırsa haqsız, öz təşəbbüsümlə edirəm. Bəzi tələbələrim bunu başa düşür. O biriləri də böyüyüb dərk edərlər. Əsas odur ki, musiqimizin qorunmasında yaxşı çalışaq, onu gələcək nəslə çatdıra bilək, istedadlı musiqiçilər yetişdirək. Ona görə də təmənna güdmək lazım deyil. Harada lazımdırsa, mən təmənnasız çıxış edirəm. Xarici ölkələrdə isə belə şey yoxdur. Mən bir neçə beynəlmiləl festivallarda iştirak eləmişəm. Həmin festivalların qaydasına görə, hər yerdə böyük qonorarlar qazana bilərsən, amma o festivallar pulsuzdur. Ən məşhur bəstəkarlar, ifaçılar orada iştirak edirlər, çünki başqa yerlərdən qazancları var. Mənim elə bir imkanım yoxdur, buna baxmayaraq, mən də məmnuniyyətlə iştirak edirəm.

Həmçinin Opera Teatrının bədii şurasının üzvüyəm. Bu teatrda qoyulan bir çox əsərlərə məsləhət verirəm. "Qız qalası" baletini orkestr üçün təzədən işləmişəm. Həmin əsər Antaliyada keçirilən Beynəlmiləl Festivalda iştirak edib. Qısa müddətdə simfonik orkestr üçün yeni partitura yazmışam.

Yaradıcılığıma əvvəlki qaydada davam edirəm. Əlim işdən soyumayıb.

 

Kaspi.-2007.-5 iyun.-S.16.