Məhərrəmova T.
Unudulan unudulmaz
sənətkar
"Ana Kür"lə
əbədiyaşarlıq haqqı qazanmış
Gülağa Məmmədovun
xatirəsini anmaq nədənsə
incəsənət başbilənlərinin yadına
düşmür
Bizim bir "Ana
Kür"ümüz var... Zaman-zaman
məcrasından çıxan, coşub-çağlayanda
yan-yörəsini, ətrafındakı bənd-bərəni,
ev-eşikləri, hətta insanları özü ilə
birgə çəkib aparan Kürümüz. Ona çox vaxt "Dəli Kür" də
deyirlər. Əgər bu "Dəli Kür"
olmasaydı, onda Gülağa Məmmədov da olmazdı
.
Çünki bu filmdəki
ifası ilə Gülağa Məmmədovun adı Azərbaycan
musiqi təqviminə əbədi yazıldı. O, ifasıyla sanki
coşub çağlayan Kürü məcrasına
qaytarır, həddini aşmağa qoymurdu. Həlim
səsiylə onu əzizləyir, nazənin dilbər tək
naz-qəmzəsini çəkir, şirin bir bala kimi
oxşayırdı. Elə bil bu səslə Kür
səngiyir, rahatlıq tapırdı... Bəlkə də
çayın tez-tez coşub-çağladığı bir
zamanda bu mahnının təkcə bir dəfə
səslənməsi kifayət idi. Özü də
Gülağa Məmmədovun ifasında.
Heç
şübhəsiz, Azərbaycan musiqisində mühüm yer
tutan görkəmli sənətkarın zəngin
repertuarında bu mahnının ona gətirdiyi
məşhurluğu heç nə ilə müqayisə
etmək olmaz. O, bu mahnıya zamanın poza
bilməyəcəyi möhürünü vurub. Həm də
təkcə bu mahnıya yox...
Üzeyir
bəyin kəşfi
Gülağa
Məmmədovun istedadını Üzeyir Hacıbəyov
üzə çıxarmışdı.
Özfəaliyyətdə çıxış etdiyi zaman
günlərin birində müəllimi Üzeyir bəyə
zəng edib deyir ki, "kluba bir oğlan gəlir, çox
yaxşı səsi var. Bəlkə onu
yoxlayasınız?" Üzeyir bəy də balaca
Gülağanı yanına çağırtdırır. 12
yaşlı oğlanın oxuduğu "Koroğlu"
ariyası onun çox xoşuna gəlir. Elə
həmin il - 1938-ci ildə Moskvada keçirilən
beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək
nümayəndələrin Filarmoniyada seçimi
keçirilir. Üzeyir Hacıbəyov, Bülbül, Səid
Rüstəmov kimi sənətkarlardan ibarət
münsiflər heyəti festivala Şövkət
Ələkbərova, Fatma Mehrəliyeva və
Gülağa Məmmədovu seçir. Beləliklə,
G.Məmmədov Moskva Akademik Böyük Teatrının
səhnəsində Niyazinin diriyorluğu ilə
"Koroğlu" ariyasını oxuyur və Bakıya
gümüş medalla qayıdır. Demə,
Gülağa artıq çoxdan Üzeyir bəyin sevgisini
qazanıbmış. Üzeyir bəy bu balaca oğlanın
ailəsi, yaşam tərzi haqqında bütün
məlumatı da öyrənibmiş. Bakıda kiçik,
zirzəmiyə bənzər bir evdə ailəsi ilə
birgə yaşadığını bildikdən sonra Üzeyir
bəy onun qayğısını
çəkməyə başlayır. Moskvadan
qalibiyyətlə qayıtdığını eşidəndə
isə Gülağanı anasıyla birgə yanına
çağırtdırır və tapşırır ki, ev
seçmək üçün xoşlarına gələn
ünvanı göstərsinlər. Mirzəağa Əliyev
küçəsində yerləşən iki otaqlı ev
onların xoşuna gəlir. Beləliklə, Üzeyir
bəyin köməyi ilə ailəsinə iki otaqlı
mənzil və Gülağaya 250 rubl təqaüd verilir.
Bununla da Gülağa ailəsinə xeyli yardım etmiş
olur. Bəlkə elə taleyin qəribə və xoş
qismətiymiş ki, Gülağa ünvanlar içindən
məhz o ünvanı seçir və orada öz
qismətiylə qarşılaşır. Həmin
həyətdə sevəcəyi, həyatını onunla
bağlayacağı Aliyə adlı qəşəng bir
qız yaşayırdı. Hələ də gənclik
gözəlliyini itirməyən Aliyə Məmmədova
üçün indi həmin günlər xoş
xatirəyə çevrilib:
- Gülağa
ilə uşaqlıqdan bir yerdə
böyümüşük. Dostluq edəndə heç
ağlımıza da gəlməzdi ki,
münasibətlərimiz nə vaxtsa sevgiyə
çevriləcək. Uşaqlığımız
müharibə dövrünə düşdü.
Müharibə başlayanda 15 yaşımız vardı.
Gülağagil ailədə 7 uşaq idilər. Həyət
uşaqları onu çox istəyirdi. Yadımdadır,
güllü-çiçəkli həyətimiz vardı.
Axşamlar iri üzüm talvarının altına
yığışardıq. O, bizimçün oxuyardı.
Qonşu həyətlərdə yaşayan adamlar da
yığışıb gələrdi. Müharibə
illəri olmasına baxmayaraq, uşaqlığımız yaxşı
keçib.
Gülağa
15 yaşında Səid Rüstəmovun ansamblına daxil oldu.
Sonra Konservatoriyada oxudu. O, 20 yaşından
Musiqili Komediya Teatrında çalışmağa
başladı. "Arşın mal alan",
"Beşmanatlıq gəlin" və digər
tamaşalarda baş rolları oynayırdı. Lakin bir
neçə ildən sonra işlərinin çoxluğu
ilə əlaqədar teatrdan ayrıldı. Konservatoriyada
oxuduğu illərdə Gülağa vokal dərsini Bülbüldən,
muğamın sirlərini isə Sarabskidən
öyrənmişdi. Oxuduğu mahnıların
çoxu isə Səid Rüstəmova məxsus olurdu.
Çünki Səid Rüstəmov mahnılarının
əksəriyyətini xüsusi olaraq Gülağa üçün
yazırdı. Tofiq Quliyevin də, Cahangir Cahangirovun da
əsərlərini ilk səsləndirən məhz
Gülağa Məmmədov olub. O, Səid
Rüstəmovun ölümündən sonra da son
illərə qədər televiziyanın solisti kimi
çalışdı. O vaxt müğənnilər az idi.
Şövkət, Gülağa, Fatma Mehrəliyeva və 3-4
nəfər başqa yaxşı müğənnilər
vardı. Ona görə Gülağa çox tez ad qazandı.
Üzeyir bəy tez-tez onu və Fatmanı evinə
çağırardı. Müharibə vaxtı
Şövkətlə cəbhə bölgələrində
konsert verər, atışma gedə-gedə oxuyardılar.
"Dəli
Kür" mahnısı onu çox tez
məşhurlaşdırdı. Filmin ilk təqdimatı
bulvardakı yay zalında keçirildi. Mahnı çox gözəl
yazılmışdı. Ona görə də
məşhurlaşdı.
Gülağanın
həmçinin yaxşı muğamat oxumağı vardı.
Ancaq efirdə oxumurdu. Bu barədə ona sual verəndə
"oxuyacağam" - deyə cavab verirdi. Tez-tez qastrollara
gedirdi. Ümumiyyətlə, çox ölkələrə
səfər etmişdi. Nədənsə Gürcüstan
və İrəvanda daha çox sevilirdi. Hətta
İrəvanda konsert verən zaman qalmaqal da əskik olmurdu.
Belə ki, bütün biletlər satıldığından
onun səsini eşitmək istəyən camaat biletsiz
içəri daxil olur, ya da konsert salonunun qabağına
toplaşırdı. Milislər onları
uzaqlaşdırmağa çalışanda isə
böyük səs-küy qopurdu.
Gülağanın
bir xasiyyəti də varıydı ki, haqsızlığa,
ədalətsizliyə dözmürdü. Hansısa işi
irəli getsin deyə, kiməsə yalvarmaq, minnətçi
düşmək istəmirdi. Düzgünlüyü sevirdi.
1942-ci ildən radionun Bədii Şurasının üzvü
idi. Şit, bayağı mahnı olanda öz fikrini qəti
şəkildə bildirirdi: "Efirə buraxmaq olmaz!"
Şuranın digər üzvləri də "baş
üstə" deyib onun fikrilə
razılaşırdılar. Lakin bir az keçəndən
sonra həmin mahnını eşidirdi. Bu cür hallar tez-tez
təkrarlandığından o, bu vəzifədən imtina
etdi.
"Ayrılığın
möcüzəsi"
-
Valideynlərim onunla ailə qurmağıma razı
deyildilər. Axır ki, Gülağanın dediyi oldu - deyə
Aliyə xanım danışır. - Onun musiqiyə,
mənimsə rəssamlığa həvəsim vardı.
Elə bu sənətin dalınca getdim. 1947-ci ildə Əzim
Əzimzadə adına Rəssamlıq Məktəbinə
daxil oldum. Gülağa da sənətimi çox sevirdi. 1948-ci
ildə evləndik.
Gülağa
həm yaxşı ailə başçısı, həm
də gözəl ata idi. Qoymazdı ki, biz nəyəsə
ehtiyac hiss edək. Ailə qurduqdan 10 il sonra qızımız
Gülnarə doğuldu. Övladımız olanda çox
sevinirdi. Hələ uşaq dünyaya gəlməmişdən,
qastrolda olduğu şəhərlərdən uşaq
üçün çoxlu "importnı" pal-paltar
alıb gətirirdi. Gülağanın çox yumşaq,
həlim, şən xasiyyəti vardı. Evimizə qonaq
gələn kimi o, dərhal piano arxasına keçərdi.
Evdə olan zaman daha çox Səid Rüstəmovun "Bənövşəm"
mahnısını, "Sənsiz", "Sevgili canan"
romanslarını zümzümə edərdi. Yeganə
övladı Gülarəyə isə həmişə Tofiq
Quliyevin "Mənim qızım" mahnısını
oxuyurdu.
Hansı
məclisdə olurdusa, oranı zarafatları,
duzlu-məzəli söhbətləri ilə daha da
şənləndirərdi. Gülağanın olduğu
bütün qonaqlıqlar, məclislər yaddaqalan
keçirdi. Onun sözləri, danışıqları xeyli
müddət dillərdən düşməzdi.
Xasiyyətindən irəli gələn bir xüsusiyyət
də ondan ibarət idi ki, Gülağa hamıya
yaxşılıq edirdi. Kömək üçün ona
müraciət edən dostlarından, qohumlarından
yardımını əsirgəmirdi. Çünki
bütün qapılar üzünə açıq olurdu.
Kimdən nə xahiş edirdisə, yerinə yetirirdilər.
Gülağanın konsertlərinin repertuarını mən
tərtib edirdim. Özü də mahnıların
siyahısı yaxşı alınırdı. Ancaq onunla
qastrol səfərlərinə getmirdim. Evdə oturub
qayıtmağını gözləyirdim. İkilikdə
isə çox ölkələri gəzmişik.
Bir dəfə
xalam qızının dəvəti ilə Almaniyaya
getmişdik. Yaqub Zurufçu gəlməyimizi eşidib
yanımıza gəldi. Bir gün də xalam
qızının evində qaldı. Yaqub Gülağadan xahiş
etdi ki, Bakıya qayıdanda onun üçün
dəvətnamə göndərsin. Biz onun kasetini gətirdik.
O vaxta qədər Zurufçunu heç kim
tanımırdı. O vaxt televiziyada "Ayrılıq"
verilişi gedirdi. Gülağa da kaseti apardı ki, mahnı
verilişdə səslənsin. Mahnı lap yerinə
düşdü. Bu mahnıdan sonra çox adamlar bizə
zəng vurub onunla maraqlanırdı. Gülağa Yaquba verdiyi
sözü yerinə yetirib ona dəvətnamə
göndərdi. Yaqub Zurufçu ailəsi ilə Bakıya
gəlib bir ay burda qaldı. Bu müddətdə Gülağa
ona xeyli köməklik göstərdi, öz mahnılarını
öyrətdi. Şövkət, Gülağa və Yaqub
Zurufçu birlikdə sarayda konsert verdilər. Ona görə
də Yaqub Zurufçu hər yerdə deyir ki, məni
Azərbaycana tanıdan Gülağa olub.
Haqsızlıq
-
Sənətinə layiqli qiymət vermədilər. Bu laqeydlik
ona çox toxundu- deyə Aliyə xanım sözünə
davam edir. - Ən böyük ədalətsizliklərdən
biri 60 illik yubileyi ərəfəsində oldu. Yubileyinin qeyd olunması
üçün xüsusi komissiya yaradılmışdı.
Afişalar asılmış, dəvətnamələr
paylanmışdı. Oktyabrın 24-də Filarmoniyada
keçiriləcək yubiley tədbirinə digər
respublikalardan da qonaqlar gələcəkdi. Lakin son anda
Mərkəzi Komitədən xəbər gəldi ki,
tədbir keçirilməsin. O zaman bunun səbəbini
Gülağa Məmmədovun Filarmoniyanın işçisi
olmaması ilə əlaqələndirmişdilər. Sonra
qərara gəldilər ki, tədbiri Aktyorlar evində
keçirsinlər. Oranın da pərdələri
cırıq, oturacaqları sınıq idi. Gülağa buna
razı olmadı. Dedi, əgər məni Filarmoniyaya layiq
bilmirlərsə, qoy, ümumiyyətlə, tədbir
keçirilməsin. "Məgər mən
ölmüşəm? Ölənlri Aktyorlar evindən
götürürlər" - dedi. Bu haqsızlıq ona
çox pis təsir elədi. Dedi ki, mən Filarmoniyada o
qədər zəhmət çəkmişəm. Bircə
gün mənə vaxt sərf oluna bilməz? Gülağa da
əsəbiləşib gecə ilə bütün
afişaları çıxardı. O biri respublikalara da teleqram
vurdu ki, qonaqlar gəlməsin.
Sağlığında
bircə dəfə də yubileyi keçirilmədi.
Öləndən sonra isə bir dəfə Muğam
Teatrında xatirə gecəsini təşkil ediblər. Gülağanın üç il bundan qabaq
keçirilməli olan 80 illik yubileyi nə
Mədəniyyət Nazirliyinin, nə uzun illər
səhnəsində can qoyduğu Filarmoniyanın, nə də
aktyor kimi çalışdığı Musiqili Komediya
Teatrının keçmiş rəhbərliyinin yadına
düşmədi. Yaddan çıxarmasaydılar,
yubileyini dar çərçivədə də olsa qeyd
edərdilər.
Gördüyü
diqqətsizlik Gülağa üçün ağır
zərbə oldu. O, bu haqsızlıqlara dözə
bilməyib şəkər xəstəliyinə tutuldu.
Xəstəliyinə baxmayaraq, son günə qədər yeni
mahnılar üzərində çalışırdı.
Rəhmətə gedən günə qədər orkestrlə
mahnı yazdırmağa gedirdi.
Bir gün
isə - iyunun 7-də səhər yeməyini yedikdən sonra
halı pisləşdi. Ancaq təkidimə baxmayaraq,
işə getdi. Çünki orkestrin 60 nəfərlik
kollektivi onu gözləyirdi. Yeni mahnıların
məşqini etməliydilər. Həyətə təzə
düşmüşdü ki, evə zəng gəldi...
Gülağanı təcili xəstəxanaya
aparmışdılar. İnfarkt olmuşdu. 5
dəqiqədən sonra isə onun dünyadan
köçməsi haqqında xəbər yayıldı.
Gülağanın ürəyi haqsızlıqlara,
laqeydliklərə tab gətirmədi...
Səssiz
ötüşən yubiley
Sağlığında
gördüyü haqsızlıqlar ölümündən
sonra da davam edir. Aliyə xanım bu günə qədər
G.Məmmədovun adının əbədiləşdirilməməsindən
şikayətçidir. Deyir ki, yaşadığı binaya
adicə bir xatirə lövhəsi də vurulmayıb. Nə
adına bir musiqi məktəbi, nə də başqa ünvanlar
var:
- Mən bununla
bağlı heç kimə müraciət etmirəm.
Çünki Gülağa sağlığında belə
şeyləri sevmirdi. O, sağlığında heç
kəsin qarşısında əyilməzdi. Düzdür,
qabaqkı yubileylərin birində müraciət etmişdim.
Ancaq məhəl qoymadılar. Ona görə də 80 illik yubileyinin
keçirilməsi ilə bağlı heç kəsə
müraciət etmədim. Heç maraqlanan da olmadı. Elə
bir sənətkarı yada salmaq üçün ailəsi
müraciət etməməlidir. Onu səlahiyyətli
təşkilatlar özləri xatırlamalı, xatirəsinin
əbədiləşdirilməsinin qayğısına
qalmalıdırlar. Görünür, lazım deyilmiş...
Kaspi.-2007.-14 iyun.-S.16.