Məhərrəmova T.

 

Üzeyir bəyin davamçısı

 

Bu missiyasını ləyaqətlə həyata keçirən Cahangir Cahangirovun

xatirəsinə və irsinə lazımi diqqət yetirilmir

 

Könlümüzə məlhəm olan, ruhumuza dinclik gətirən mahnıların bir çoxunu o yazıb: görkəmli bəstəkar Cahangir Cahangirov. Mahnıları həmişə ruhumuzun qidasına çevrilib. Bu həzin nəğmələri dinlədikcə hisslərimiz kimi mənəvi dünyamız da saflaşıb. Elə təkcə "Gözümün nuru, canım Ana" harayını eşitmək yetərlidir ki, bu bəstəkarın kimliyinə yaxından bələd olasan. Görkəmli bəstəkar Cahangir Cahangirov bu gözəl mahnını erkən itirdiyi anasının xatirəsinə ithaf edib. Bəstəkarın köksünə sığmayan ANA məhəbbəti həzin bir nəğməyə çevrilərək qəlbləri fəth edib, könüllərin sirdaşına çevrilib.

Bakının Balaxanı qəsəbəsində dünyaya gələn Cahangir ana itkisinin ağrısını çox erkən yaşayıb. Atası Şirgəşt kişi həyat yoldaşını çox sevdiyindən uzun müddət evlənməyib. Sonra uşaqlarının körpə olduğunu nəzərə alaraq ikinci dəfə evlənməyə məcbur olub. Analığı uşaqlara ögeylik etməyib. Lakin dərd bu ailənin yaxasını yaxşı tanıdığından yenidən onların qapısını döyüb. Bu dəfə evin başçısı nahaq şərin qurbanı olaraq həbs olunub. Uşaqlar atalarının qayıdacağı günü intizarla gözləyə-gözləyə böyüyüblər. Ancaq doğru deyiblər ki, dərd gələndə batmanla gəlir. Elə bu zaman ellikcə hamının qapısını müharibənin başlaması xəbəri döyüb. Şirgəşt kişi də cərimə batalyonunun tərkibində müharibəyə göndərilib. Ailəsi uzun müddət onun taleyindən heç bir xəbər tuta bilməyib. Cahangirin analığı uşaqların qayğısına qalıb, onları çətinliklə böyüdüb.

Cahangirin bacısı Roza xanım həmin ağrılı günlərdən kədərlə söhbət açır:

- Atam müharibəyə gedib qayıtmadı. 4 uşaq əziyyətlə böyüdük. Cahangir uşaqlıqdan çox istedadlı, diribaş, bir az da nadinc idi. Anam onun musiqiyə olan həvəsini görürdü. Gah ağacı götürüb tar, gah da pianino çalırdı. Bir gün anam onun üçün balalayka alıb çarpayısına qoydu. Cahangir balalaykanı çaldı. Sonra onun üçün tar aldılar. Hələ Balaxanıda olanda qohum-əqrəbanın uşaqlarını yığıb teatr tamaşaları düzəldirdi. "Almaz"ı, "Sevil"i səhnələşdirirdi. Cahangirin qəşəng səsi vardı. O, məktəbdə özfəaliyyət dərnəklərinin fəal iştirakçısı idi.

Yeddiillik məktəbi qurtaran gənc Bakı Teatr Texnikumunda oxumağa başlayıb. Lakin musiqiyə olan həvəsi üstün gəldiyindən texnikumu bitirməyə bir il qalmış musiqi məktəbinə daxil olub. Üzeyir bəyə onun haqqında məlumat verirlər ki, bir gənc tələbə var, yaxşı musiqilər yazır. Dahi bəstəkar da onunla tanış olmaq, musiqilərini dinləmək istəyib. Cahangir böyük həyəcan içərisində onunla tanış olmaq üçün yanına gedəndə, Üzeyir bəyin yüksək insanpərvərliyinə heyran olub. Üzeyir bəy onu musiqi məktəbində oxumağa dəvət edib və bir çoxları kimi sənət yolunda Cahangirin də əlindən tutub. Cahangirin zövqü və gələcək yaradıcılıq arzuları nəhayət, musiqi məktəbində gerçəkləşib. O, tələbəlik illərində Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Çaykovskinin, Borodinin yaradıcılığını böyük həvəslə öyrənib. Gənc bəstəkar musiqinin dilini taparaq onunla ömürlük yoldaş olub.

Konservatoriyanın xalq musiqisi şöbəsinin tələbəsi olarkən gənc bəstəkara xalq musiqisinin əsaslarından Üzeyir bəy dərs deyib. Bəstəkarlıq dərsini Boris Zeydmandan alsa da, Cahangir sənətdə Üzeyir bəyin yolunu tutub. Dahi bəstəkar da onu özünün davamçısı adlandırıb. Gələcək bəstəkar Üzeyir bəydən təkcə sənətinin incəliklərini deyil, həqiqi insanpərvərliyi də öyrənib.

C.Cahangirov ikinci kursda oxuyanda bir dəstə azəri musiqiçiləri və incəsənət xadimləri ilə birlikdə Cənubi Azərbaycana göndərilib. Bu səfərdə məqsəd Cənubi Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına yaradıcı kömək göstərmək idi. C.Cahangirov burada Ümumittifaq Mədəni Əlaqələr Cəmiyyətinin mədəniyyət evində işləyərək xor, instrumental ansambllar və xalq çalğı alətləri orkestri təşkil edir. Eyni zamanda, çoxlu əsərlər yazır. Əlbəttə, onu əsasən Cənubi Azərbaycanın xalq mahnıları maraqlandırır.

C.Cahangirov 1946-cı ildə Bakıya qayıdaraq Konservatoriyada təhsilini davam etdirməyə başlayır. Həmin illərdə bəstəkarın ilk iri həcmli əsərinin, "Arazın o tayında" vokal-simfonik poemasının payına düşən böyük müvəffəqiyyət Azərbaycan musiqisində böyük hadisəyə çevrilir. Bu poema musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. C.Cahangirov hələ Konservatoriyanın üçüncü kursunda oxuyarkən SSRİ Dövlət mükafatına layiq görülür. Poema Sovet İttifaqının bir çox şəhərlərində də müvəffəqiyyətlə ifa olunaraq müəllifinə böyük şöhrət qazandırır. Cənubi Azərbaycan mövzusu bəstəkarın yaradıcılığında mühüm yer tutmağa başlayır.

C.Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyir. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə C.Cahangirovun mahnı və rəqs ansamblının çıxışı, simfonik orkestr üçün yazdığı "Məhsul" rəqs süitası Böyük Teatra yığışan tamaşaçıları heyran edir.

Bəstəkarın müxtəlif yanrlarda yazdığı əsərləri ona böyük şöhrət gətirməklə bərabər yaradıcılıq bioqrafiyasını zənginləşdirir. Bəstəkarın bir sıra əsərləri, o cümlədən "Füzuli" operası ölümündən sonra yarımçıq qalır.

C.Cahangirovdan qabaq Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev və digər görkəmli bəstəkarlarımız kantata yanrına müraciət ediblər. Ancaq C.Cahangirovun kantatası bu yanrda yazılan digər əsərləri kölgədə qoyub. 500 ildir ki, poeziyada davam edən, sirrinə-sehrinə vaqif olmağı bacarmadığımız Füzuli möcüzəsi C.Cahangirov yaradıcılığında gözəl musiqi yozumunu tapıb. Bəstəkar bu əsərində dahi Füzulinin "Söz haqqında", "Şəbi-hicran" və "Məni candan usandırdı" qəzəllərini musiqinin dili ilə ustalıqla canlandıra bilib. Bəstəkarın böyüklüyü onda idi ki, dahi Füzulinin əsrlər öncə sözə çevirdiyi hisslərini musiqinin dililə səsləndirməyi, XVI əsrin böyük şairinin hiss və fikirlər aləminə ustalıqla daxil olmağı bacarıb. "Füzuli" kantatası bəstəkarın yaradıcılığında şah əsərə çevrilib. Kantata ilk dəfə efirdə və radioda səsləndikdən sonra insanlar bu yanrı sevməyə başlayıblar.

- "Füzuli" kantatasını yazdığı günlər yadımdadır" - deyə Roza xanım danışır: "Səhərə qədər yatmaz, işləyərdi. Özünün çox gözəl səsi vardı. Şövkətlə evdə məşq edərdi. O, Füzulini əzbərdən bilirdi. Əruzu onun qədər gözəl bilən ikinci adam tapmaq çətindir. Yorulmadan Füzulinin qəzəllərindən danışardı. Kantata yazılandan sonra çox böyük maraqla qarşılandı. Cahangir bu münasibətlə bağda təşkil etdiyi qonaqlığa bütün bəstəkarları, dost-tanışları dəvət etmişdi".

Böyük bəstəkarda qəribə bir təvazökarlıq da varmış. O, təvazökarlıqla mahnı yaradıcılığının üstündən sükutla keçib. Mahnıları ona misilsiz şöhrət gətirsə də, o özünü heç vaxt mahnı bəstəkarı hesab etməyib. Mübaliğəsiz demək olar ki, bəstəkarın hərtərəfli istedadını üzə çıxaran bu yanr ona daha çox müvəffəqiyyət gətirib. Onun bəzi mahnıları - "Yenilməz batalyon" filmində "Teymurun mahnısı", "Koroğlu" filmində "Xanəndə qızın mahnısı", "Dəli Kür"də "Ana Kür" və "Bayatılar" mahnıları məhz teatr tamaşalarından, ekrandan ayrılaraq xalq arasında yayılıb.

Bəstəkarın "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Alagöz" və s. mahnılarını dilimiz kimi həmişə qəlblər də oxuyur. Bu nəğmələr onun adını heç zaman unudulmayacaq sevgi ünvanına çevirib. C.Cahangirov bu nəğmələrlə xalqının, Vətəninin unudulmaz bəstəkarı səviyyəsinə yüksəlib.

- "Ana" mahnısını Rəşidlə necə məşq etdiyi də yadımdadır"-deyə Roza xanım xatirələroi çözələyir: "Mahnını oxuya-oxuya Rəşidin ağlamağı kinolenti kimi gözümün qarşısındadır. Cahangirin özünün də gözəl səsi vardı".

Bəstəkarın mahnı yaradıcılığında mühüm yer tutan və Rəşid Behbudovun xüsusi bir şövqlə oxuduğu "Alagöz" mahnısının isə xoş bir tarixi var: bəstəkar 1942-ci ildə "Sazçı qızlar" ansamblına rəhbərlik edəndə ansamblın Tahirə xanım adlı solistlərindən birinə vurulub. Bu alagöz gözəl də gənc bəstəkara biganə olmayıb. Onlar bir-birini sevərək ailə qurublar. Ailə qurduqdan sonra Cahangir həyat yoldaşının işləməyinə razı olmayıb. Tahirə xanım da onun sözündən çıxmayıb, ömrünü ailəsinə, övladlarına həsr edib. Sonralar C.Cahangirov sevimli həyat yoldaşına bir çox mahnılar həsr edib. Belə mahnılardan biri - "Alagöz" mahnısı isə dillər əzbərinə çevrilib. Tahirə xanım 1987-ci ildə dünyasını dəyişəndə Cahangir bu yoxluğa heç cür alışa bilməyib. Həmin vaxtlar bəstəkar özü də sağalmaz xəstəliklə çarpışa-çarpışa yaşayıb. Onun amansız xəstəliklə mübarizəsi 5 il davam edib...

- "Cahangir gözəl bəstəkar olmaqla bərabər gözəl insan idi"-deyə Roza xanım söhbətinə davam edir: "O, həqiqəti sevirdi. Niyazi ilə, Səid Rüstəmovla dostluq edirdi. "Artislər evi"ndə mənzili vardı. Mən də onunla yaşayırdım. Bizim blokda Cövdət Hacıyevlə Əminə Dilbazi, Süleyman Ələsgərov, Barat Şəkinskaya, Rəşid Behbudov, Fikrət Əmirov yaşayırdı. Hamısı ilə yaxşı münasibəti vardı. Cahangir boş vaxtlarında Mərdəkandakı bağında işləməyi çox sevirdi. Bir qədər əsəbi idi. Ancaq uşaq kimi kövrək ürəyi vardı. O, sənəti kimi ailəsinə də bağlı insan idi. Uşaqlarını, ailəsini çox sevirdi. Övladları onun sənət yolunu davam etdirmədilər. Böyük qızı piano sinfini bitirdi, hazırda Moskvada yaşayır. Kiçik qızı da Tibb və Teatr institutlarında oxudu. Yeganə oğlu Pərviz isə atasının ölümündən 15 dəqiqə sonra dünyasını dəyişdi..."

Cahangir Cahangirov 1992-ci ilin martında - 69 yaşında dünya ilə vidalaşıb. Ölümündən sonra onun adının layiqincə əbədiləşdirilməməsi musiqimizə başucalığı gətirən bəstəkarın xatirəsinə böyük diqqətsizlikdir. Bu gün Bakıda onun adını daşıyan heç bir küçə və musiqi məktəbi yoxdur. Yaşadığı evə xatirə lövhəsi də vurulmayıb. Bu diqqətsizliyi eşidincə Roza xanımın "Görünür, insan belədir, tez unudulur. Ancaq axı Cahangir Cahangirov unudulmamalıdır. O, musiqimizin inkişafı üçün nələr etməyib?" sözlərinə haqq qazandırmamaq olmur. "Cahangir xəstəlikdən dünyasını dəyişdi. Şəkər xəstəliyi vardı. Qarabağ hadisələri də ona çox ağır təsir elədi. O, hər il Şuşaya istirahətə gedərdi. Son vaxtlar Ü.Hacıbəyov küçəsində yaşayırdı. Tez-tez evi dəyişdirirdi. Heydər Əliyev ona ev verdi. Ancaq belə bir bəstəkarın adına nə küçə, nə muzey var. Televiziyada əsərini çalıb oxuyurlar, ancaq adını yazmırlar. Bunlar mənə çox pis təsir edir. Onun haqqında fundamental bir əsər də yazılmayıb. Cahangir Cahangirovun yaradıcılığının geniş tədqiqata ehtiyacı var".

İyunun 20-si Cahangir Cahangirovun doğum günüdür. Bu tarix yubiley olmamasına baxmayaraq, geniş ictimaiyyət və əlaqədar təşkilatlar tərəfindən qeyd olunmalıdır. Bəlkə belə olacağı təqdirdə böyük bəstəkarın ruhu dinclik tapar...

 

 

Kaspi.-2007.-20 iyun.-S.16.