Məmmədli E.

 

Muğamı yaşadan insan

M.Maqomayev adına Dövlət Filarmoniyasında verdiyi solo-konsertlə Sevinc Sarıyeva muğam imtahanından alnıaçıq, üzüağ çıxdı


Son vaxtlar bayağı musiqilərdən tez-tez söhbət salırıq.
Buna bir növ haqqımız da var. çünki Azərbaycan musiqisini bərbad günə qoyanlardan nə qədər yazsan yeri var. çox təəssüf hissi ilə qeyd etmək yerinə düşər ki, öz istedadsız musiqiləri və səsləri ilə qulağımızı yağır edənlərə həvəslə sponsorluq edirlər, reklamlarını da çox yüksək səviyyədə qururlar. Musiqimizin şahı olan muğamlara isə nə yazıq ki, belə səxavətlə sponsorluq edənlər tapılmır. Əgər tapılsaydı, mayın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gözəl muğam ifaçısı Sevinc Sarıyevanın solo konserti anşlaqla keçərdi. çox təəssüf...


Buna baxmayaraq, həmin günü bu musiqi ocağına kifayət qədər muğamat sevərlər, Sevinc xanımın ifasına təşnə olanlar gəlmişdi. Həmin gün sanki qeyri-adi bir gün idi. İlahi, Sevinc xanımın səsində olan ecazkarlıq, muğamın zili və bəmində etdiyi gəzişmələr insanı bu aləmdən ayırıb tamam başqa bir aləmə aparırdı. Bu aləmdə hay-küy, alıb-aldatma, yersiz söhbətlər, cılız musiqilər, dərd, qəm,məişət qayğıları, bir sözlə real həyatda bizi narahat edən heç bir problem yox idi. Bir İlahi səs var idi, bir də bu səsə təşnə olan insan. Adam heç cürə o aləmdən yenidən real aləmə qayıtmaq istəmirdi. Hərdən həmin səsə verilən yüksək qiymət kimi gurultulu alqışlar qopanda göylər aləmindən ayrılmağına peşiman olursan.
Muğam sənəti tarixən Azərbaycan xalqının milli folklorudur. Son vaxtlar bu sənətə olan ögey münasibət, bayağı musiqilərin efirə və mətbuata yol tapmasına səbəb olmuşdur. Böyük təşəkkür hissi ilə qeyd etmək lazımdır ki, ötən il millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə "Space" televiziyasında muğam müsabiqəsi keçirildi. Bu müsabiqə Azərbaycan musiqi sənətinə yeni muğam ifaçıları bəxş etdi. İnanmaq istərdik ki, muğama olan belə qayğı digər səlahiyyət sahibləri tərəfindən də davam etdirilcək.
Hələ gənc olmasına baxmayaraq, muğam sənətində öz sözünü demiş və hələ bundan sonra da neçə illər deyəcək Sevinc Sarıyeva kimi ifaçılara belə qayğı mütləq lazımdır. Sevindirici haldır ki, dövlət filarmoniyasında baş tutan muğam gecəsi də Rusiyada yaşayan, muğam sənətinə bağlı iş adamı, qeyrətli soydaşımız Vaqif müəllimin sayəsində mümkün olmuşdur. Sevinc Sarıyeva bu konsertdə ona çəkilən əməyin hədər olmadığını əyani şəkildə sübut etdi.Oxuduğu həm muğam,həm də mahnılar Sevinc xanımın yüksək sənətkarlıq məharətindən xəbər verirdi. Bunu həmin günü konsertə gələnlərin həm üzlərindəki heyrət, həm də konsert haqqında xoş sözləri təsdiq edirdi.Qafqazın konservatoriyası sayılan, gözəl Qarabağ torpağının yetirməsi olan Sevinc xanımın muğam sənətinin sirlərinə yiyələnməsində Respublikanın Xalq artisti, professor Arif Babayevin xidmətləri danılmazdır. Elə ona görə də konsert başa çatandan sonra Arif müəllimdən tələbəsi haqqında fikirlərini soruşduq:
- Sevinc xanımın ifasını özünüz gördünüz, maşallah olsun, gördünüzmü nə fəqan eylədi? Xanəndəyə lazım olan bütün müsbət cəhətlərin hamısı onda var. Səsinin diapozonu, ortası, mayesi, zili çox ustalıqla hərəkət edirdi. Gördünüzmü tamaşaçılar onu necə gurultulu alqışlarla qarşıladı. Mənim də bu gün sevincli günlərimdən biridir. Tələbəmin solo-konserti, daha doğrusu imtahan gecəsi idi. Bu imtahandan Sevinc xanım alnı açıq, üzüağ çıxdı. Ona qiyməti bu gün tək mən yox, həm də bu salona yığışan çoxsaylı tamaşaçılar verdi. Tələbəmə gələcək sənət yollarında böyük uğurlar arzulayıram.
Arif müəllimlə bərabər S.Sarıyevanı dinləməyə gələnlər arasında muğamlarımızın mahir ifaçılarından olan, Respublikanın Xalq artisti Canəli Əkbərov da var idi. Onun da Sevinc xanımın ifası haqqında fikirləri bizim üçün maraqlı idi:
- Sevinc xanımın bugünkü konserti, onun ən böyük uğurlarından biri idi. Onun səsinin axar-baxarlılığı, naxışları, saflığı, məsuliyyəti, istedadı bugünkü uğurun əsas amili idi. Mən ona daha böyük uğurlar arzu edirəm. İnanıram ki, onun səsi hələ bir az da cilalanacaq,özü isə ustadlarından bir az da öyrənəcək. Onun ifası ənənəyə çox bağlıdır. O ənənə ki, biz də onu bu günə kimi qorumuşuq, bizdən sonrakı nəsil, o cümlədən, Sevinc Sarıyeva kimi gözəl sənətkarlar da onu qoruyacaqlar. Mən inanıram ki, Sevinc xanım məhz bu ənənəyə söykənib özünün daha böyük uğurlarını qazanacaq.
Sevinc xanımın ifasının işığına yığışan insanların tərkibi də müxtəlif idi. Tamaşçılar arasında "Azəriqaz" QSC-nin Bakı şəhəri üzrə İdarəsinin rəisi Nüsrət Qasımovu görüb ona yaxınlaşdıq. Həmişə efirdən qaz sayğacları və digər qazla bağlı problemlər haqqında danışan Nüsrət müəllim sən demə, həm incə qəlbli insan,həm də lirik duyğulara malik bir şair imiş. İnanmazdıq ki, S.Sarıyevanın muğamlararası ifa etdiyi "Qarabağ" mahnısının sözləri məhz Nüsrət Qasımova məxsusdur.Qısa söhbətimiz zamanı Sevinc xanıma həsr etdiyi şeiri bizə təqdim edən Nüsrət müəllimin konsert haqqında fikirləri də diqqət çəkən idi:
- Mən böyük fərəh hissi duydum ki, muğamat ölməyib, hələ yaşayır. Həm də sevindirici idi ki, Sevinc xanım mənim sözlərimə yazılmış " Qarabağ" mahnısını da ifa elədi. Sevinirəm ki, belə ustad xanəndələrimiz var. Allah Sevinc xanıma uzun ömür, can sağlığı bəxş etsin. Arif Babayevə də təşəkkür edirəm ki, muğamatı yaşada bilən belə bir sənətkar yetişdirib. Muğamat bizim milli dəyərimiz, sərvətimizdir. Muğamat bizim baş ucalığımızdır. Onu yaşatmaq hər birimizin borcudur. Muğamı yaşadan Sevinc xanım kimi insanlara mən çox minnətdaram.
Tamaşaçılar arasında ziyalı Həsrət Qasımovu da dinləməyi özümüzə borc bildik:
- çox gözəl oxudu, çox gözəl səsi var. Biz hələ Sevinc xanımdan çox belə uğurlar gözləyirik.
Kosertə öz ailə üzvləri ilə birlikdə gələn nurani bir kişi diqqətimizi lap əvvəldən cəlb etmişdi. Konsertin sonunda yaxınlaşıb onun da fikrini bilmək istədik. Orta məktəblərin birində tarix müəllimi olan Yusif Məmmədov Sevinc xanımın ifası haqqında orijinal fikir söylədi:
- Sevinc xanımın ifası haqqında belə deyə bilərəm. O, yayda oxuyanda ürəyimizə sərinlik, qışda oxuyanda isə bir hərarət gəlir. Adətən belə fikir söyləyirlər ki, saz çalınanda, kövrəlməyimdən bilirəm ki, türkəm. İndi bu fikrə əlavə olaraq bildirmək istəyirəm ki, Sevinc xanım muğam oxuyarkən kövrəlməyimdən bildim ki, mən iki qat türkəm. Bizə yaşatdığı bu xoş anlara, gözəl duyğulara görə, Sevinc xanıma özümün və ailəmin adından dərin təşəkkür edirəm. Qoy onun səsi uzun illər səhnəmizin bəzəyi olsun.
Tamaşaçı Səadət Novruzova:
- Sevinc xanımın ifasından böyük zövq aldıq. çox gözəl bir Qarabağ xanımıdır.ürəyəyatımlı,məlahətli və əla səsi var. Ona təşəkkür edirik.
Tamaşaçı İmamət Cəfəroğlu:
- Sevinc xanımla bir ağdamlı kimi hamımız fəxr edirik. Onun özünə və sənətinə böyük hörmətimiz var.Musiqi beşiyi olan Qarabağ sənətkarlarının davamçısı kimi Sevinc xanıma daha böyük uğurlar arzulayırıq.
Bütün bunlardan sonra bizi öz ifası ilə bir neçə saatlıq tamam başqa bir aləmə aparan, bizə muğam sənətini bir daha ürəkdən sevdirən Sevinc Sarıyevanın özünü də dinləmək istədik. Onu təbrik edənlərin əhatəsindən bir təhər ayırıb qısa sorğu-suala tutduq:
- Sevinc xanım, bugünkü konsertdə müəlliminiz, muğam ustası Arif Babayevin qarşısında imtahan verməyiniz çətin deyildi ki?
- Müəllim qarşısında imtahan vermək həmişə çətindir. özü də Arif müəllim kimi bir sənətkarın qarşısında çıxış etmək, imtahan vermək, iki qat çətinlik törədir.
- öz ifanıza kənardan, tamaşaçı kimi baxıb qiymət verə bilirsinizmi?

- Bu suala cavab vermək bir az çətindir, onu tamaşaçılar daha yaxşı deyə bilər. Mən isə hər konsertimdə böyük həyəcan keçirirəm. çünki bu konsertlərin hər biri mənim üçün müəllimim və xalq qarşısında bir imtahandır.
Bəli, həmin gün öz gözəl ifa tərzi ilə, muğam sənətinə dərindən bağlılığı ilə hamını heyrətləndirən Sevinc Sarıyeva imtahandan alnıaçıq,üzüağ çıxdı. İfası zamanı tez-tez gurultulu alqışlarla müşahidə olunan tamaşaçı məhəbbəti deməyə əsas verirdi ki, həm müəllimindən, həm də xalqından S.Sarıyeva ən yüksək qiymətini alıb.
Sevinc xanımı dinlədikcə bir fikir qəlbimə hakim kəsildi: Efirdən qulağımızı yağır edən, sponsorların hesabına gur-gur guruldayan müğənnilərin nə özləri, nə də oxuduqları xalqın yaddaşında qalmayacaq. çünki xalqın adət-ənənəsindən,xalq musiqisindən uzaq olanlar elə həmişə xalqdan da, musiqidən də uzaq olacaqlar. Ancaq Sevinc Sarıyevanı oxuması bir daha sübut etdi ki, xalqın tarixindən, keçmişindən, milli adət-ənənəsindən süzülüb gələn musiqi ölməzdir, həmişə yaşardır.

Təzadlar.- 2007.- 5- 12 iyun.- S. 15.