Murad
Kajlayev: Azərbaycan mənə musiqi yazmağı
öyrətdi
İyunun 20-də
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin
təşəbbüsü ilə Rəşid Behbudov adına
Mahnı Teatrında Dövlət mükafatı laureatı,
SSRİ xalq artisti, professor, tanınmış dirijor və
bəstəkar Murad Kajlayevin yaradıcılıq gecəsi
keçirilmişdir.
AzərTAc xəbər
verir ki, mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev gecəni açaraq, nazir Əbülfəs Qarayevin təbrik məktubunu oxumuşdur.
Murad Kajlayev 1931-ci il yanvarın 15-də Bakıda anadan olmuş, musiqi təhsilini Bakı Konservatoriyasında
almışdır. O, Mahaçqala
Musiqi Məktəbində
müəllim, Dağıstan
radiosu simfonik orkestrinin baş dirijoru, Dağıstan Filarmoniyasının bədii
rəhbəri işləmişdir.
1963-cü ildən Dağıstan
Bəstəkarlar İttifaqı
İdarə Heyətinin
sədridir. Dirijor M.Kajlayev maestro Niyazinin yanında təcrübə keçmişdir.
Görkəmli bəstəkar
bir çox əsərlərin, o cümlədən baletlərin,
simfoniyaların, kinofilmlərə
və teatr tamaşalarına musiqilərin
müəllifidir. Onun
caz əsərləri
məşhur Dük Elinqtonun caz orkestrinin ifasında səslənmişdir.
M.Kajlayev Bakıya növbəti gəlişindən
çox şad olduğunu bildirmişdir.
O demişdir: “Artıq
çoxdan idi ki, mənə mədəniyyət, ziyalı
insan olmağı, musiqi yazmağı öyrətmiş doğma
Azərbaycana gəlmək
istəyirdim. Burada həyat və yaradıcılıq yolumun
əvvəlində rastlaşdığım
insanlarla görüşdüm”.
Konsertdə Bülbül adına
ixtisaslaşdırılmış uşaq musiqi məktəbinin şagirdləri
— prezident təqaüdçüsü
Nərmin Nəcəfli,
Toğrul Hüseynli (fortepiano), “Bəri bax” vokal ansamblı,
xalq artisti Natəvan Şeyxova, əməkdar artist Rəşidə Behbudova, Rafiq Seyidzadə (saksofon) və başqaları iştirak etmişlər
Xalq qəzeti.2007.-21 iyun.-S.7.