Sevil,
Rüxsarə
Səsin
gəlsin, qara zurna, gur gəlsin...
Mahir ifaçı Əlicavad
Cavadov olanlardan, keçənlərdən,
gələcəkdən danışır
Bu sualla Aşıqlar Birliyinə
müraciət etdik. Birliyin sədri Zümrüd
Məmmədova bu barədə bizə mahir qara zurna
ifaçısı Əlicavad Cavadovla söhbət etməyi
məsləhət bildi.
“Ailəmi
itirəndən sonra yalnız zurnayla təsəlli tapdım”
Əlicavad
kişiylə Milli Parkda görüşdük. Dedi ki, boş
vaxtı olanda öz kiçik ansamblı ilə bulvara
gəlir. Onlar sahilə gələn bəylə gəlini 5-10
dəqiqəlik əyləndirirlər. Əlicavad kişi
təkcə mahir ifaçı deyil, həm də 50 növ
nəfəs aləti düzəldir. Dəfələrlə
müxtəlif müsabiqələrin laureatı olub,
qızıl, gümüş medallara layiq görülüb.
Sənətkar bir ara qara zurnaya əməlli-başlı
ögey münasibət yarandığından
təəssüfləndiyini bildirdi. Amma son
dövrlərdə yavaş-yavaş bu alətə
marağın artması ilə təskinlik
tapdığını dedi. Əlicavad kişi qara zurnanın
unudulmasında öz həmkarlarını da qınadı:
- Klarnet, gitara, qarmon
kimi alətlərin qara zurnanı
üstələməsində bizim də günahımız
var. Qara zurna ifaçıları gərək elə
yaxşı çalsınlar ki, dinləyənlər bunun
necə alət olduğunu duysunlar. Qara zurnanı o
səviyyəyə qaldırmaq lazımdır ki,
yabançı alətlər onu üstələməsin.
- Qara zurnayla nə vaxtdan “dostluq
edirsiz”?
- Mən 1944-cü
ildə İsmayıllı rayonunun Müdrisə
kəndində doğulmuşam. 12 yaşıma qədər
orada yaşamışam, sonra Bakıya
köçmüşəm. Uşaqlıqdan nəfəsli
çalğı alətlərinə böyük
marağım olub. Qonşu kənddə Vəli kişi
deyilən zurnaçının ifasını çox
xoşlayırdım, amma öyrənə bilmirdim. Sonra
rəhmətlik kürdəmirli Həsrət Hüseynov
məni öyrətdi. Həsrət əmini
və şamaxılı Əli Kərimovu öz mənəvi
ustam hesab edirəm. Əli kişini görməsəm də,
onun bəstələdiyi “Heyvagülü”, “Dağ çiçəyi”,
“Bənövşə”, “Çəmənlik” kimi 20-dək
mahnısını radioda çox dinləmişəm və
hazırda bu mahnıların unudulmaması
üçün mütəmadi ifa edirəm.
Bu sənətə tam bağlılığım 1975-ci
ildə yarandı. Həmin ildə “Çermet”də evimiz
yandı, üç övladım, yoldaşım orada
məhv oldu, mən də ağır vəziyyətdə
xəstəxanaya aparıldım. O vaxta qədər zurna
çalsam da, öz ifam məni qane etmirdi. Bu hadisədən
sonra yalnız zurnayla təsəlli tapırdım. Get-gedə
hiss etdim ki, artıq ifam alınır və beləcə
peşəkarlaşdım. Hazırda “Qızıl fond”da 52
havam var, onlardan 14-nü özüm qoşmuşam.
Zurna - zor ney, balaban -
bala səs
- Bu
alətin hansı xüsusiyyətləri var?
- Bütün nəfəs alətlərinin
başlanğıcı neylə olub. Tütək,
sümsü, zurna, balaban, klarnet və sairə bundan
şaxələnib. Ukrayna, alman, moldovan
xalqlarının da belə aləti var. Amma nədənsə
hamısından çox zurnaya maraq böyükdür.
Bu alətə “zor ney” də deyilib,
yəni zor güclü ney səsi. Balaban isə
“bala səs” deməkdir.
Qara zurnanı qoz və başqa ağaclardan da
düzəltmək olar. Amma adətən
bu alət ərik ağacından hazırlanar. Ərik həm möhkəm ağacdı, həm
də bundan hazırlananda zurnanın səsi şirin
çıxır. Özü də buna ona
görə qara zurna deyirlər ki, bu, öz-özünə
qaralır. Səsi də zil və
oynaqdır. Qara zurna ilə hansı hava
desən çalmaq olar, amma mən buna yol vermərəm.
“Qara zurnaya
diqqəti cəlb etmək üçün aeroportda
çalırdım”
- Niyə?
- Gərək
özümüz-özümüzə hörmət
qoymağı bacaraq. Əvvəla, özüm də
müxtəlif cür nəfəs alətləri
düzəldirəm. Bizim Tarix və Musiqi muzeylərində,
Moskvanın Qlinka adına muzeyində, Naxçıvanda,
Yaltada əl işlərim saxlanır. Hələ sovet
dövründə Moskvada çalğı alətləri sərgisində
mənim düzəltdiyim alətlər nümayiş olunub.
Həmin tədbirdə Rusiya mədəniyyət nazirinin
müavini dedi ki, bir şey çal. Mən də “Segah”
çaldım, çox xoşuna gəldi.
Şikayətləndi ki, sizin zurnaçılar gəlib burada
“Kalinka” çalır, amma nə qədər
çalışsalar da, rusdan yaxşı ifa edə
bilməzlər, odur ki, öz musiqinizi
qiymətləndirməyi bacarın. Düz sözə nə
deyəsən?! Zurna ilə “Vağzalı”, “Gəlin
atlandı” çalınar.
Mən 1993-cü ilədək həm də
hüquq-mühafizə sistemində işləmişəm. O
vaxt təqaüdə çıxdım, getdim 4 il
İsmayıllıda müəllim işlədim. 1997-ci
ildə qayıtdım Bakıya. O vaxtlar şadlıq
evlərində qara zurnanı ifa etməyə qoymurdular.
Dəmkeşimlə, nağaraçalan Adıgözəllə
birgə getdim aeroporta. Çaldıqca polislər gəlib bizi
qovurdu, kobudluq edirdi. Bir gün də belə
çalırdıq ki, polislər gülə-gülə
gəldi ki, məni böyükləri
çağırır. Getdim onun qəbuluna. Məni çox
mehriban qarşıladı, polislərə tapşırdı
ki, bir də bu kişiylə işiniz olmasın, hər
gün gəl çal.
Beləcə, qara zurnaya yenidən maraq yaranırdı.
Məni toylara çağırmağa başladılar.
İndi, demək olar, bütün şadlıq
evlərində olmuşam, amma son vaxtlar çox az hallarda
gedirəm.
“Sərxoşlar
aşığa dedilər ki, otur aşağı biz oynamaq
istəyirik”
- Nə səbəbə?
- Şadlıq
evlərində səsgücləndirici qurğuları elə
quraşdırırlar ki, səs-küy adama pis təsir edir.
Çox mahnılarımızı bərbad hala salıblar.
Vaxtilə qoşa zurna, qoşa balaban, nağara, qoşa
nağara, aşıq, xanəndə ilə üç gün
Şirvan toylarında olmuşam. Şirvan zonasında
muğamları bilməyən aşıq aşıqlıq
eləməz. Aşığın dastanı bir gecəylə
bitməzdi. Aşıq arada imkan verərdi ki, xanəndə,
məsələn, “Qarabağ şikəstəsi” oxusun.
Rəhmətlik Hüseyn Saraclı dastanı elə
danışardı ki, elə bil meydana Koroğlu girib. Amma
ötən il bir toyda aşığı qoymadılar
mahnısını bitirsin, sərxoşlar çıxıb
dedi ki, otur aşağı, biz oynamaq istəyirik. İndi ifrat
içki məclisləri yaxşı toy adətlərimizi
unutdurub.
- Son illərdə üç gün toy
edənlər olub?
- 5-6 il öncə
bizim kənddə iki gün dalbadal toy oldu. Amma uşaq
vaxtı 7 gün toy edənləri də
görmüşəm. Zurnaçalan muğam dəstgahı,
oyun havaları çala bilmədi, demək, bu usta deyil.
Təzəlikcə qara zurnaya maraq artıb. Bu yaxınlarda
bir-iki jurnaldan gəlib bu alətlə maraqlanırdılar.
İndi maraq artıdığından bacaran da, bacarmayan da bu
alətə girişib. Bu isə məni çox narahat edir.
Belə alayarımçıq ifaçılar aləti
gözdən sala bilər.
Zurnaya not yarada
bilmirlər
- Bu alət musiqi
məktəblərində tədris edilmir?
- Yox. Çünki zurnaya not yarada
bilmirlər. Bir dəfə konservatoriyada
zurna ilə notu yoxlamaq istədilər, mən çalanda
pianino bu ritmi tuta bilmədi. Bu
alətdə barmaq və nəfəsin uyarlığı var.
Qara zurna elə bir alətdir ki, bunun səsi də
özündədir, tənzimləyicisi də. Bəzən dəmkeş olmayanda ansambla
qarmonçalan da qoşulur, amma bu dəmkeşlə olduğu
effekti vermir. Toyxanalarda sintizatorla, qarmonla
müşayiət olunduğum vaxt onlar aləti
nizamlayanadək mən çalıb qurtarıram.
Dəmkeş zurnaçalanı müşayiət edir
-
Niyə adətən zurna qoşa çalınır?
- Bunlardan birinə dəmkeş deyirlər. Bir nəfər zurna çalır, digəri dəm
tutur. Bu zaman ifa şirin səslənir.
Mənim dəmkeşim çox vaxt
qardaşım Yusif olur. Dəmkeş
həm də zurnaçalan yorulduqda onu əvəz də edir.
Mahir zurna ifaçıları
birnəfəsə uzunmüddətli çala bilirlər.
İndi təəssüf ki, bu cür
ifaçılar azdır. Bir dəfə
mən mübahisə edib 45 dəqiqə dayanmadan
çalmışam.
- Siz Aşıqlar Birliyinin üzvüsüz?
- Hə, mərhum Hüseyn Arif bizim birliyin sədri idi. Sənətin inkişafı üçün
əlindən gələni əsirgəmirdi. Hüseyn Arif dünyasını
dəyişəndən sonra ikitirəlik yarandı.
İndiki sədr Zümrüd Məmmədova
çalışır bir iş görsün, amma
möhürü, ştampı ona vermək istəmirlər. 600-dən çox üzv var, amma birliyin yeri yoxdur, bu
da aşıqları pərən-pərən salır.
- Məşhur zurna ifaçıları
kimlərdir?
- Həsrət
Hüseynov, Əli Kərimov. Əli kişi vaxtilə
Üzeyir bəylə işləyib. Onun nəvələri
Ağasəf, Fikrət babalarının yolunu davam
etdiriblər. Dünyasını vaxtsız dəyişən
Ələfsər Şəkili zurnada elə ifa edirdi ki,
elə bil muğamları oxuyurdu. İzzətalı, Vəli,
Səməndər kişilər də məşhur
zurnaçalan olublar. Hazırda şamaxılı Rasim,
Şirzad da mahir ifaçıdır. Xanəndələrin
çoxu Qarabağda yetişdiyi kimi, zurna
ifaçılarının da çoxu Şirvan zonasında
olur.
Vaxtilə bizim kənddə belə bir hadisə olub.
Zurnaçalan Muradalı “Vağzalı” ilə gəlini
gətirib təhvil verir. Axşam da Aşıq Səfər
dastan danışacaqmış. Onda Muradalı təklif edir
ki, aşıq, qoy mən də sənə qoşulum.
Nağara, dəmkeş, zurnaçalanlarla birgə bunların
çox şirin ifası alınır, camaat da çox
bəyənir. O vaxtdan belə ansambl bir ənənə
şəklini alır.
- Elə ansambl varmı ki, orada qara zurna
aparıcı olsun?
- Bu,
Mədəniyyət Nazirliyinin nəzdində Salyanda
fəaliyyət göstərən “Cəngi” ansamblı olub.
İndi belə ansambl yoxdur. Amma ümidverici gənclər var.
Mənim tələbələrimdən olan Ceyhun yaxşı
ifaçıdır, Alim Qasımovun qardaşı oğlu
hazırda “İrs” ansamblında çalır.
“Bulvarda
unudulmaqda olan havaları çalıram”
- Qara zurnayla ailənizi dolandıra
bilirsiz?
- Bizi dolandıran
xalqdır. Mənə çox var-dövlət lazım deyil.
5 oğlum, 2 qızım var. Oğlanlarım sənət
sahibidir, qızlarım hələ kiçikdir. Böyük
oğlum bütün alətlərdə ifa edir, amma
həkimliyi seçdi, bu yolla gedir. İki nəvəm var.
Onlar hələ kiçikdir, bilmirəm, bəlkə də
böyüyəndə davamçım oldular.
Deyirlər, İranda məni buradakılardan çox dinləyici
tanıyır. Orada adət belədir ki, toy sahibi
ifaçını bəyənməyəndə geri
qaytarıb başqasını çağırır. Odur ki,
orada güclü ifaçılar daha çox yetişir.
Belə olsa, sənət inkişaf edər,
sənətkarın da qiyməti olar. İndi daha qara
zurnanı utanıb-eləmədən axşamçağılar
gəlib bulvarda çalıram. Burada unudulub
getməkdə olan havaları - “İnnabı”, “Ceyranı”,
“Şirvan bulağı”, “Çəmənlik”,
“Alçagülü”, “Heyvagülü”,
“Tərəkəmə”, “Koroğlu” çalırıq.
Əlicavad kişi çantasından sarı gildən
hazırlanmış kiçik bir alət çıxardı.
Dedi ki, bu alətin 3 min illik tarixi var, Qəbələdən
tapılıb, adı da bunqardır: “Bunu mənə
bağışlayıblar. Görürsüz, necə
balacadır. Amma güclü səs çıxarır”.
Ə.Cavadov həmin alətdə çaldıqdan sonra qara
zurnada “Gilənar” mahnısını da ifa etdi. Mahnının
oynaq sədaları Xəzər sahili boyunca yayıldı.
Hətta oradakı yeniyetmələrdən bir neçəsi
qol götürüb oynadı. Düşündük, bu
cür alətə laqeydlik göstərmək günahdır.
Qara zurna gec-tez toy şənliklərimizdə öz nüfuzlu
yerini bərpa etməlidir.
Müsavat.-2007.-23 iyun.-S.14.