Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!
Dövlətimizin qüdrətlənməsi, ölkəmizin çiçəklənməsi, xalqımızın həyatının daha da gözəl olması istiqamətində gördüyünüz böyük işlər məni son dərəcə fərəhləndirir və bir azərbaycanlı olaraq bundan sonsuz qürur duyuram. Mən Azərbaycanımla və Prezidentimlə fəxr edirəm.
Sizin mədəni sərvətlərimizin qorunmasına, mədəniyyət xadimlərinin yaradıcılıq və həyat şəraitinin yaxşılaşmasına, bütövlükdə, mədəniyyətimizin inkişafına göstərdiyiniz qayğı ən yüksək təriflərə layiqdir.
Mən həyatını musiqimizin inkişafına həsr etmiş bir insanam. Bir sənət adamı kimi, mədəniyyətə göstərilən bu ali diqqət məni riqqətə gətirir, qəlbimi minnətdarlıq hissi ilə doldurur.
Siz dövlət quruculuğunun və ölkə həyatının ən müxtəlif sahələrində böyük öndərimiz Heydər Əliyevin yolunu ləyaqətlə davam və inkişaf etdirirsiniz. Mədəniyyətimizə münasibətdə isə bu bir qədər də parlaq şəkildə təzahür edir.
60 yaşımın tamam olması münasibətilə məni dövlətimizin ən yüksək təltiflərindən olan “Şöhrət” ordeninə layiq görməyiniz həyatımın ən əlamətdar hadisəsinə çevrildi.
Bu diqqət və qayğı mənə yeni ruh, yeni güc, yeni ilham verir, Azərbaycanımıza və Prezidentimə fədakarlıqla xidmət üçün məni daha artıq səfərbər edir.
Azərbaycanın tərəqqisi, Azərbaycan xalqının rifahının yaxşılaşması, mədəniyyətimizin inkişafı naminə gördüyünüz bütün dəyərli işlərə və mənə göstərdiyiniz qayğılara görə Sizə ən dərin minnətdarlığımı bildirir, ölkəmizin və xalqımızın yüksəlişi yolunda yorulmaz fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.

Hörmətlə, Sücəddinov Faiq

 Xalq qəzeti.-2007.-23 iyun.-S.4.