Həsənov H.
Qədim Bursada yeni
ünvan:Azərbaycan -Türkiyə
Qardaşlıq Parkı
Üzü keçmişə doğru
Qədim tarix kül altındakı közə
bənzəyir. Necə ki, o külü
üfürməmisən nazik bir kül pərdəsi dərin
bir uçurum kimi səni dünənindən,
keçmişindən, tarixindən ayıracaq. Elmi və
bədii təfəkkür tarixi hadisələrin real
mənzərəsini yaratmaqda, zəngin mədəni irsin
aşkarlanmasında çətinlik çəkəcək. Görünür, Aristotel poeziya
fəlsəfəyə tarixdən daha yaxındır
deməkdə haqlıymış, çünki tarixçi
çox vaxt müxtəlif mənbələrdən aldığı
və səhihliyi heç də tam bəlli olmayan
məlumatların təhlili əsasında
modelləşmə aparır, təhlil və şərh
verir. Bu prosesdə mahiyyət çox vaxt
kölgədə qalır, sxolastik təsvir, tarixçinin
düşüncə tərzi, təfəkkür üslubu
gerçəkliklə harmoniya təşkil etmir. Odur ki, tarix
boyu hadisə ilə mahiyyətin, maddi varlıqla
mənəviyyatın, insansızlaşmış dünya
(maddi dünyanın obyektiv inikası) ilə insan
dünyasının əlaqəsini öyrənməyə
permanent ehtiyac duyulmaqdadır.
Dünyanın ahəngini duymaq, dərk etmək
və əql ziyası ilə kainatda baş
verənlərə aydınlıq gətirmək istəyi
yaranışdan bəri insana rahatlıq verməsə də
kainat haqqında toplum biliklər ona bəlli ola bilməz, zira
o, dünyanın bir hissəsidir. Zərrənin tamı
dərk etməsi qeyri-mümkündür. Dünya zaman-zaman
dəyişir və dəyişən dünya məntiqinin
qavranılması prosesində yeni baxışlar sistemi formalaşır.
Bu prosesdə məkan və zaman faktorları sivilizasiya
tipləri və düşüncə tərzləri
arasında köklü fərqlərin mahiyyətində duran
başlıca kateqoriyalardır. Odur ki,
sivilizasiyaların təkamülündən, geopolitik
situasiyanı müəyyənləşdirən böyük
tarixi hadisələrdən söhbət açarkən
Şərq və Qərb anlayışlarına həm
coğrafi (məkan) , həm də zaman bölgüsü kimi
baxmaq lazımdır. Renessans dövrünə
qədər Şərq sivilizasiyanın mərkəzi idi.
Üçüncü minillikdən tarixi keçmişə
nəzər saldıqda qədim tariximizin konturları qürur
doğurur. Xalqın milli-siyasi mənliyini
ifadə edən və dövlətçilik şüurunu
özündə ehtiva edən taleyüklü
vəzifələrin reallaşdırılması yolunda
ata-babalarımız yenilməz iradə, cəsarət və
heyrətamiz qəhrəmanlıq nümunələri
göstərmişlər. Türklər
çinlilər, hindlilər, bizanslılar, ərəblər
və digər xalqlarla yanaşı ümumbəşəri
dəyərlərin formalaşmasında böyük rol
oynamışlar. Lakin zaman-zaman tariximizi yazıya
almamağımız düşmənə fürsət
vermiş, bəziləri bizi ədalətsizliklə
“köçəri” kimi qələmə vermişlər. Halbuki, dünyada heç bir xalqa 120-yə yaxın
dövlət, o cümlədən 16 imperatorluq yaratmaq
müyəssər olmamışdır. Şimalda Sayan
dağlarından, Sibir meşələrindən cənubda
Tibetə, şərqdə Sakit okeandan qərbdə Avropaya
qədər uzanan böyük bir arealda türklər qılınc
və qalxanla, ox və nizə ilə şanlı bir tarix yazmışlar.
Bu tarixi heç bir qüvvə poza bilməz. Arxeoloji
araşdırmalar göstərir ki, bu arealda
türklərdən əvvəl hər hansı bir etnosun
yaratdığı maddi-mədəniyyət
nümunələrinə təsadüf olunmur.
1970-cı ildə Alma-Ata şəhərinin 50
kilometrliyində yerləşən Esik
qəsəbəsində qaraj tikintisi üçün yer
hazırlanarkən bir kurqan aşkar edildi. Arxeoloqlar
kurqanı açarkən heyrətə gəldilər. Burada
dəfn olunmuş adamın bütün geyimi qızıldan
idi. Geyim 4800 qızıl parçasından ibarət idi.
Kurqandakı gümüş tabağın
üzərindəki 26 hərfdən ibarət iki sətirlik
yazı əski çağları dilə gətirdi. Bu,
misilsiz dəyərə malik bir tapıntı idi, türk
tarixinin miladdan öncəki dövrlərinə
aydınlıq gətirildi. Türk yazısının tarixi
2500 il əvvələ doğru irəlilədi. Orxon-Yenisey
abidələrindəki əlifba ilə yazılmış
mətn tezliklə oxundu: “Xanın oğlu 23 yaşında
öldü. Esik xalqının başı sağ olsun”. Bu
zəngin mədəniyyətin sahibləri bir məkanda
qapanıb qala bilməzdilər. Türklər təbiət
aşiqi idilər. Sıx meşələr, yalçın
dağlar onlar üçün aşılmaz əngəl
deyil, zövq almağa, həyata rövnəq verməyə
layiq müqəddəs gözəlliklərdi. Yaşadıqları
torpaqları, yurdları sonsuz bir məhəbbətlə
sevsələr də, tanrı onları macəra və
qəhrəmanlıq üçün yaratmışdı.
Hündür, uzun boyunlu, nazik biləkli atlara süvar olunca bir
göz qırpımında uzaq-uzaq mənzillərə varar,
üfüqləri, dağları aşardı türk.
Yeni-yeni torpaqlar fəth edər, onları qorumaq
üçün canından keçərdi türk.
Oğuz xaqan da xalqına bu sözlərlə xitab edir:
“Qarğıları dəmirdən bir ormanı andıran
böyük ordumuzla zəfərdən — zəfərə qoşacağıq.
Başqa dənizlərə, başqa nəhrlərə
gedəcəyik. Yurdumuz öylə böyüyəcək ki,
onun üzərində quracağımız otaq ancaq göy qübbəsi,
otağın təpəsinə dirəyəcəyimiz bayraq
isə ancaq günəş olacaqdır!”Bu iddiada yalnız
türk buluna bilərdi. Başqa heç kim.
Əhalinin artması, doğma torpaqların
sürülərə darlıq etməsi, quraqlıq
illərdə üz verən fəlakətlər,
qəhrəmanlıq eşqi igid türkləri Sayan-Altay bölgəsindən,
Yenisey ətrafından, Sibirdən qərbə Orta Asiyaya,
Urala, Volqaboyuna, Xəzər sahillərinə, Anadoluya,
Avropaya doğru yürüşlərə sövq edirdi. Türklər oturaq həyatla yaşadıqları
şəhərlərdə, kəndlərdə daş
evlər, saraylar, abidələr ucaldır, fəth etdikləri
torpaqlara zəngin mədəniyyət gətirirdilər.
374-cü ildə Böyük Asiya Hun İmperatorluğunun
vəliəhdi Balamir Volqa Hun dövlətinin
başçısı oldu. O, Metenin 15-ci
nəsildən nəvəsi idi. 395-ci ildə Roma imperatoru
Teodosios öldükdə hunlar Balkanlardan və Qafqazdan
keçərək iki istiqamətdə Anadoluya daxil oldular
(ikinci dəfə Anadoluya hücum 700 il sonra Səlcuq
türkləri tərəfindən
gerçəkləşdirildi).
400-cü ildə Balamirin vəfatından sonra onun yerinə
oğlu Ulduz xan keçdi. Ulduz xanı Bizansa hücumdan
yayındırmağa çalışan Trakya valisi ona
barış təklifi ilə müraciət etdi. Ulduz xan
elçilərə “Günəşin batdığı
yerə kimi hər ölkəni zəbt edə bilərəm”
cavabını verdi. Ulduz xan sonralar bütün Avropanı diz
çökdürən Attilanın atası Munçuq
xanın babası idi.
Osmanlı imperatorluğu
Dünya tarixinin ən möhtəşəm
imperatorluqlarından biri Osmanlı imperatorluğudur. Orta Asiyaya monqol hücumlarından sonra Anadoluya üz
tutan türk boylarından biri də Qayı qəbiləsi idi.
400 çadırlıq bu qəbiləyə Gündüz Alp
və Ərtoğrul Qazi rəhbərlik edirdi. Ərtoğrul
Qazinin ölümündən (1281-ci il) sonra bəylik
başçısı olan Osman bəy yeni torpaqların
fəthinə başladı. Səlcuq sultanı onun
uğurlarını görüb Osman bəyə istiqlal
rəmzi olan bayraq, qızıl qılınc, gümüş
yəhərli at, pul və çoxlu silah göndərdi. Az
sonra Anadoluda monqollara qarşı üsyan qalxdı. Monqollar
səlcuq sultanı III Əlaəddini əsir alaraq İrana
apardılar. Səlcuq taxtı boş qaldı. Səlcuq və
türkmən bəylərinin bir qismi Qayı bəyliyinə
gələrək o vaxta qədər böyük
şöhrət qazanmış Osman bəyin xan olması
arzuların bildirdilər. Osman bəy təklifi
qəbul etdikdən sonra törən keçirildi və o, xan
(sultan) elan olundu. 45 illik hakimiyyəti dövründə Osman
Qazi bəyliyin torpaqlarını 4 dəfə
genişləndirdi, İnəgölü, Qaracahisarı,
Göynükü, Tarakçı Yenicəsini tutdu. Osman bəy onu öldürmək üçün
tor quran təkfurları ağır məğlubiyyətə
uğratdı. Yarhisarda çoxlu qənimət ələ
keçirən Osman bəy təkfurun gözəlliyi ilə
ad çıxarmış qızı Holofiranı da əsir
aldı. Holofira müsəlmanlığı qəbul
edərək Nilufər adlandırıldı. Osman Qazi
onu öz oğlu Orxan Qazi ilə evləndirdi. Bu
nikahdan Orxan Qazidən sonra hakimiyyətə gələn Murad
və Rumeli fatehi Süleyman Paşa dünyaya gəldi.
1302-1315-ci illərdə Qoyunhisar, Qəstel, Köçhisar,
Ağhisar, Geyvə, Təkfurpınar, Lüblicə,
Hisarcıq, Yeniqala, Qaragöz, Yanıqçahisar qalaları
zəbt olunsa da Osman bəyin əsas hədəfi Bursa
idi. Bursa 1314-1315-ci illərdə tam mühasirəyə
alındı, lakin qala yaxşı müdafiə imkanlarına
malik olduğu üçün mühasirə 12 ilə
yaxın davam etdi. Osman Qazi podaqra xəstəliyinə
mübtəla olduğundan 1320-ci ildən sonra orduya
komandanlığı oğlu Orxan Qaziyə
tapşırmışdı. Hiss edirdi ki, Bursanın
alındığı günü görməyəcək.
Odur ki, Orxan Qazini yanına çağırıb Bursadakı
monastrı göstərib vəsiyyət edir: “Məni o
gümüşlü qübbənin altında dəfn edin... Sənə
itaət edənlərlə yaxşı davran.
Əsgərlərindən hədiyyə və mükafat
əskik etməyəsən. Zalım olma. Dünyanı
ədalətlə şənləndir və cihaddan əl
çəkməyərək məni sevindir...”
1326-cı ildə Osman Qazi dünyasını
dəyişdikdən sonra türklər cənazəni
götürüb qaladan uzaqlaşırlar. Qalanın
müdafiəçiləri təkfura xəbər aparırlar
ki, türkün bəyi öldü. Təkfur türklərin
başının qarışdığını görüb
dərhal hücuma keçərək türkləri
qırmağa qərar verir. Orxan Qazi isə qaladan bir
qədər uzaqlaşdıqdan sonra cənazəni irəli
aparmaq üçün kiçik bir dəstə
ayırır, döyüşçülərə isə
pusquda durmağı əmr edir. Türklərin arxasınca
hücuma gedən təkfurlar pusquya düşərək
məğlub oldular. Osman Qazi geriyə dönərək
qalanı hücumla aldı və atasının
cənazəsini gümüşlü qübbənin
altında dəfn etdi. Türklərin qalaya girişi çox
nizamlı oldu. Heç kimə zərər vermədilər,
xalqın malına toxunmadılar. Təkfurun sərvəti
isə döyüşçülərə paylandı.
Osman Qazidən sonra taxta çıxan Orxan Qazi Bursanın
fəthi ilə böyük şöhrət qazandı. 1335-ci
ildə Bursa dövlətin yeni paytaxtı elan olundu. Bolu,
Kandıra, Aydos zəbt olundu, türklər Mərmərə
sahillərinə çatdılar. Hədəf İstanbul idi.
İmperator III Andronikos türkləri dayandırmaq
üçün hərəkətə gəldi.
Maltəpədə imperatorun ordusu tamamilə
dağıdıldı, iki bizans şahzadəsi
öldürüldü, imperator yaralı vəziyyətdə
qaçaraq canını güclə qurtardı. Orxan Qazi
mühasirədə olan İzmirə dönərək
şəhəri aldı, Rumeli fəth olundu. Orxan Qazinin
zamanında Bursada qızıl, gümüş və mis pullar
kəsilirdi. O, 1362-ci ildə vəfat etdi və atasının
türbəsindən 10-15 metr aralıda türbədə
dəfn olundu. Təəssüflər olsun ki, 1801-ci ildə
yanğın, 1855-ci ildə baş verən zəlzələ
zamanı türbələr tamamilə dağıldı.
1863-cü ildə Sultan Əbdüləzizin əmrinə
əsasən yeni türbələr tikildi.
Türkiyənin dördüncü böyük
şəhəri olan Bursa Mərmərə dənizinin
cənub - şərqində, Uludağ silsiləsinin
şimal-qərb ətəklərində yerləşir.
Şəhər Miladdan öncə 2-ci əsrdə Pithinia
kralı Prusias tərəfindən salınmış və
onun şərəfinə Prusa
adlandırılmışdır. Antik
mənbələrə görə pithinlər
gəlməzdən əvvəl burada misialılar
yaşamışlar. Misia bölgəsi o zamanlar bütün
Balıkəsiri, Kütahyanın qərbini, Manisanın
şimalını, İzmirin şimal-qəbrini,
Çanakkalanın şərqini və Bursanın cənub
tərəflərini əhatə edirdi. Buna görə də
Bursanın qədimdə indiki Taxtalı məhəlləsinin
və Çalı beldesinin yerində olduğunu
söyləyənlər də var. Bursanın ən qədim
hissəsinin isə bugünkü Nilufər ilçəsi
ərazisində yerləşdiyi bildirilir. Miladdan əvvəl,
74-cü ildə Roma imperatorluğunun hakimiyyəti altına
düşən Bursa şərqə doğru
genişlənir. Orxan Qazi tərəfindən tutulduqdan sonra
şəhər dövrünün müasir elm,
mədəniyyət mərkəzinə, dövlətin
paytaxtına çevrilir. Osmanlı imperatorluğunun ilk 6
sultanı burada dəfin olunmuşlar.XIX əsrdə ipək
fabriklərinin, məktəblərin, teatrların
açılması ilə şəhər daha da böyümüşdür.
I Dünya müharibəsində
Türkiyənin məğlubiyyətindən sonra Bursa
İngiltərə, Fransa və İtaliyanın nüfuz dairəsinə
keçir. 1920-ci il iyulun 8-də yunanlar şəhəri
işğal edirlər. 1922-ci il sentyabrın 11-də Bursa
yenidən türklər tərəfindən azad olunur.
Sonrakı illərdə inkişaf edən şəhər
1991-ci ildə 1200 şəhər və qəsəbə
arasında “Avropa şəhəri Mükafatı”na layiq görülmüşdür.
Osmanlı tarixinin ilk yüz ilində inşa
edilən memarlıq nümunələrinin
əksəriyyəti Bursadadır. Əsas memarlıq
əsərləri bunlardır. 1339-cu ildə inşa olunmuş
ikiqübbəli Orxan bəy camesi Osmanlı came
memarlığının ilk örnəklərindən biridir.
Camenin tikintisi ilə bağlı maraqlı bir rəvayət
var. Bursanı fəth edən Orxan bəy öz adına bir
came ucaldılmasını əmr edir. Camenin tikintisində
Qaragöz və Hacivat adında iki dost da
çalışır. Lakin təbiətən çox
şən və hazırcavab olan Qaragözlə Hacivatın
duzlu-məzəli söhbətləri, lətifələri
tikintidə çalışanların da diqqətini cəlb
edir, işi ləngidirdi. Vəziyyəti belə görən
Orxan Qazi qəzəblənir və bu iki dostu edam etdirir.
Çox keçmir ki, Orxan Qazi tutduğu işdən bərk
peşman olur, qəm dəryasına batır. Onun
bu üzüntüsünü görən Şeyx
Küşteri Qaragöz və Hacivatın ölmədiyini
deyir. Şeyx dəri və parçadan Qaragözün və
Hacivatın fiqurlarını düzəldir, tül pərdə
arxasında qoyaraq onların danışığını
təqlid etməyə başlayır. Dostların
baməzə lətifələri Osman bəyin çox
xoşuna gəlir və o, bu oyunun davam etdirilməsini əmr
edir. Günümüzədək gəlib çatan Qaragöz
tamaşaları bax, belə yaranıb.
Yaşıl came (1379) təkqübbəlidir. Qübbənin
hünqdürlüyü 20 metrdir. Eni 56, uzunluğu 68 metr olan
Ulu camenin 20 qübbəsi var. Camenin
içində 12 sütun inşa olunmuşdur.
İldırım Bəyazid dövründə Bursada
böyük mədrəsə və xəstəxana
tikilmişdir. Ümumiyyətlə, Uludağın
ətrafında çoxlu məscidlər, məktəblər,
təkkələr, türbələr tikilmişdir. Elm
adamları, ədiblər, sufi şeyxləri sənətkarlar
Osmanlı imperatorluğunun himayəsində məhsuldar
fəaliyyət göstərirdilər.
Bursanın təbiəti ilahi bir gözəlliyə malikdir.
Yaşıl ormanların sardığı qədim Uludağ
Qərbi Anadolunun ən yüksək dağıdır.
Sinəsində 11 şəlalə çağlayır.
Hər birinin 38-40 metr hündürlüyü var. Flora və
faunasının zənginliyinə görə 1961-ci ildə
Uludağ Milli Park elan olunmuşdur. Qış idman və turizm
mərkəzi kimi çox məşhurdur. Bursanın
sərhədləri daxilindəki Uluabat gölü bu
yerlərə xüsusi gözəllik verir. Yaz aylarında
sellər, sular oynayanda gölün səviyyəsi qalxır
və ətrafdakı ağacların gövdəsinin bir
hissəsi su altında qalır. Kənardan
yaşıl gəmilərə bənzəyən
ağacların çətirləri arasında
əmin-arxayın üzən yaşılbaş sonalar
incə, zərif boyulnarını məğrur-məğrur
qaldırıb dağın, gölün, meşənin
simfoniyasına həzin bir melodiya qatırlar.
Təbiət qənirsiz gözəlliyi ilə
könüllərə xoş duyğular bəxş edir.
Bütün bu mənzərəni başımız
üzərindəki mavi səma, bir də
yaxınlıqdakı Apollon məbədi tamamlayır.
Paklıq və xeyirxahlıq rəmzi olan Apollon məbədi.
Çağdaş Nilufər
1987-ci ildə böyük şəhər statusu alan Bursada
üç mərkəzi ilçə yaradılır.
Osmanqazi, İldırım və Nilufər. Bu
gün ilçələrin sayı 17-yə
çatmışdır. Şəhərin qərbində
yerləşən Nilufər ilçəsi öz adını
ərazisindən keçən Nilufər çayından,
çay isə öz adını Orhan Qazinin arvadı Nilufərdən
(Holofira) almışdır. İlçənin əhalisinin
sayı artıq 200 min nəfəri keçmişdir. 24
məhəllədən ibarət Nilufər Bursanın
ilçələri arasında öncül yer tutur. Burada
güclü toxuculuq, avtomatika, maşınqayırma, qida
sənayesi müəssisələri vardır. Bursa
şəhərinin əhalisinin sayı isə artıq 2,5
milyon nəfərə çatır.
Bursada irili-xırdalı 8 min toxuculuq
müəssisəsi var. Ölkədə istehsal edilən
təbii və sintetik ipliklərin 75 faizi bu
müəssisələrin payına düşür. Şəhərin
iqtisadi, sosial və mədəni həyatı
mükəmməl plan əsasında inkişaf etdirilir.
Qadın, gənclik, uşaq və idman, el sənətləri,
təqaüdçülər,
tarix-mədəniyyət-fəlsəfə, maarif,
səhiyyə, Uludağ və digər işçi qrupları
müvafiq sahələrlə bağlı xüsusi
layihələr üzərində çalışırlar.
Nilufər bələdiyyəsi müasir bələdiyyə
xidməti baxımından əsl örnək ola bilər.
Vətəndaşlar bələdiyyənin veb saytı
vasitəsi ilə onun fəaliyyəti ilə tanış
olmaq, vergiləri ödəmək, müəyyən
məsələlri aydınlaşdırmaq imkanına
malikdirlər. Onlar bələdiyyə sədrinin
otağındakı kameranın köməyi ilə gün
ərzində görülən işləri internet
vasitəsi ilə izləyə bilərlər.
Vətəndaş sorğularına 48 saat ərzində cavab
verilir.
Uzunluğu 103 km olan Nilufər çayı öz
mənbəyini Uludağın güney yamacında 850 metr
yüksəklikdə yerləşən iki mağaradan
alır. Başlanğıcda Aras suyu adlanan çaya axarı
boyunca xeyli kiçik qollar birləşir və sonra,
Nilufər adını alır. Doğancı kəndi
yaxınlığında Nilufər çayının qarşısı
kəsilərək su anbarı yaradılmışdır.
Bursaya içməli su əsasən buradan verilir. Antik
dövrdə Odris adıyla tanınan Nilufər Bursa və
ətraf ərazini su ilə təmin etdikdən sonra Nilufər
Çayırköy və Heyvalı dərədən
keçərək Uluabat gölünə tökülür.
Qardaşlıq Parkı
2005-ci ildə Bakı şəhər Nizami rayon
bələdiyyəsi ilə Bursa şəhər Nilufər
ilçəsi arasında imzalanmış qardaşlaşma protokolundan
sonra tərəflər razılığa gəlmişlər
ki, yeni park layihəsini həyata keçirsinlər.
Parkın yaradılması üçün Nilufər
bələdiyyəsinin qərarı ilə Çamlıca
məhəlləsində 14 hektarlıq bir ərazi
ayrılır və İstanbul Texniki Universitetinin professoru
doktor Əhməd Çingiz Yıldızçı layihə
hazırlayır. Park üçün ayrılmış
sahənin 9 hektarı yaşıllıqlardır. Parkda
seyrəngahlar, əsas meydan, uşaq oyunları və basketbol
meydançaları, pilləkənli şəlalə, kafe,
müxtəlif istirahət guşələri böyük
zövq və peşəkarlıqla yaradılmışdır.
Türkiyə və Azərbaycan dostluğunun,
qardaşlığının daha bir rəmzinə
çevrilmiş parkın açılışı mayın
30-da keçirildi. Parkın mərkəzi meydanı
hündür bir təpənin başında
yerləşdiyindən, həm parkın ərazisi, həm
də şəhər bütövlükdə ovuc içi
kimi görünür. Uludağın
yaşıllıqlara bürünmüş şimal-qərb
yamacı, başı buludlara söykənən zirvəsi,
şəhərin abad, səliqə-sahmanlı məhəllələri,
qoşa minarəli məscidlər, tər-təmiz mavi səma
adamı bir anlığa da olsa, bu dünyanın
dərd-sərindən, problemlərindən ayırıb
özgə bir aləmə aparır. Daxilən
yüngülləşib, paklaşıb
düşüncələri sarmış kədərli
ovqatdan silkinib geriyə dönürsən. İnsanın
yaratdıqları insanı heyran edir. Düşünürsən
ki, cəmi məxluqat yaratdıqlarından yetərincə
zövq alsaydı, onun dəyərini olduğu kimi anlasaydı
dünyamız nə qədər gözəl olardı.
Parkın açılış mərasimi sayğı
duruşu və iki ölkənin dövlət himninin
səsləndirilməsi ilə başladı.
Professor Əhməd Çingiz
Yıldızçı layihə üzərində
çalışmaqdan qürur duyduğunu bildirərək
qeyd etdi ki, iş prosesində ərazidə relyefinin
imkanlarından bəhrələnməklə bərabər,
müasir park tikintisi təcrübəsini də
yaradıcılıqla tətbiq etməyə
çalışmışdır.
Tanınmış iş adamı Osman Gəzəkər
parkın salınmasını qardaş Türkiyənin
Azərbaycana, türk xalqının ulu öndər Heydər
Əliyevə böyük məhəbbətinin simvolu kimi
dəyərləndirdi. Bu parka gələnlərin hər
birinin qəlbində Türkiyə və Azərbaycan sevgisinin
daim nəhayətsiz bir ümmana dönəcəyini
vurğuladı.
Nilufər bələdiyyəsinin başqanı Mustafa
Bozbəy Cümhuriyyət Xalq Partiyasının
təmsilçisidir. Mərasimdə çıxış
edən Mustafa bəy Azərbaycandan gəlmiş nüfuzlu
nümayəndə heyətini salamladı. Bildirdi ki, bu park iki
bələdiyyənin əməkdaşlığının
uğurlu bəhrəsidir. Zaman-zaman qardaş
xalqlarımızı bir-birinə bağlayan yeni
layihələr reallaşdırılacaq. Türkiyə və
Azərbaycan dünya birliyində layiq olduqları
yüksək mövqe tutacaqlar.
Bakı şəhər Nizami rayon bələdiyyəsinin
sədri Arif Qasımov çox uğurlu dizayn verilmiş
yaraşıqlı parkın inşasında əməyi olan
bütün insanlara təşəkkürünü bildirdi. Parkda böyük qranit parçaları
üzərində ulu öndər Heydər Əliyevin və
Mustafa Kamal Paşa Atatürkün müdrik
kəlamlarının xüsusi məna
daşıdığını diqqətə çatdırdı.
Millət vəkili Fəttah Heydərov mərasim
iştirakçılarını parkın
açılışı münasibətilə
təbrik etdi, Türkiyə- Azərbaycan dostluğuna
əbədiyyət arzuladı. Natiq ümummilli liderimiz
Heydər Əliyevin Naxçıvanda yaşadığı
zaman Türkiyə ilə münasibətlərin
yaradılması yolunda necə fədakarlıqla
çalışmasından, hər iki xalqı böyük
həsrətdən sonra qovuşduran Ümid körpüsünün
açılışından qürur hissi ilə bəhs
etdi. Azərbaycanın türk
dünyasının ən parlaq ulduzlarından biri olduğunu
vurğuladı, uğurlu daxili və xarici siyasət yeritdiyini
diqqətə çatdırdı.
Bursa valisi Nihat Canpolat böyük Atatürkün
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim
kədərimizdir” sözlərini xatırladaraq Türkiyənin
bundan sonra da daim Azərbaycanın yanında
olacağını, türk dünyasının sivil,
dünyəvi cəmiyyət kimi yüksələcəyini
bəyan etdi.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov
çıxış edərək dedi:
- Əziz dostlar, hörmətli mərasim
iştirakçıları! Mən gözəl Bursa
şəhərində, Nilufər bələdiyyəsinin
ərazisində insanı heyran qoyan bu yaraşıqlı
parkın açılışı münasibətilə
sizləri salamlamaqdan şərəf duyuram.
Azərbaycan-Türkiyə dostluğu bizim ulu
öndərlərimizdən, ata-babalarımızdan bizə
miras qalmış, əmanət edilmiş misilsiz
dəyərlərimizdəndir. Tarix boyu bizim
xalqlarımızı ayrı salmağa, onları
təklikdə məhv etməyə çalışan
düşmən qüvvələr olmuşdur. Amma bizim
qardaşlıq əlaqələrimiz, möhkəm
dostluğumuz düşmənlərimizin arzusunu
gözündə qoymuş, ölkələrimiz
günbəgün inkişaf edərək dünya
birliyində layiqli yer tutmuşlar. Türkiyə
və Azərbaycan şərəfli bir tarix
yaşamışlar. Əsrin əvvəllərində
dünyanın nəhəng dövlətlərinin
təcavüzünü qəhrəmanlıqla dəf edən
Türkiyə öz yaşam qüdrətini bütün
dünyaya sübut edərək Mustafa Kamal Paşa
Atatürkün rəhbərliyi altında sivil, demokratik,
dünyəvi Cümhuriyyət qurdu. 1918-ci ildə
yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti
Şərqdə ilk demokratik respublika idi. Təəssüf ki,
onun ömru cəmi iki il oldu. Ötən əsrin sonunda
yenidən müstəqillik qazanmış Azərbaycan
böyük öndər Heydər Əliyevin misilsiz
dühası sayəsində istiqlalını qoruyub
saxladı, əbədiləşdirdi. Heydər
Əliyev yeniləşən, qloballaşan dünyada
sarsılmaz siyasi iradə nümayiş etdirərək
“Əsrin müqaviləsi”nin imzalanmasına,
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, “Üç dəniz”
əfsanəsinin reallaşdırılmasına nail olmaqla
Türkiyəni neft-qaz ölkəsi olmasa da, dünyaya neft-qaz
nəql edən bir ölkəyə çevirdi.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars
dəmir yolu ölkələrimizin beynəlxalq
əhəmiyyətini, regionda liderlik mövqeyini daha da
yüksəltmişdir.Ulu öndər Heydər Əliyev
Türkiyəni iki doğma vətənindən biri hesab edirdi.
Ona görə də çox təqdirəlayiqdir ki, hər
zaman bu parka gələn insanlar burada türk
dünyasının iki böyük oğlunun müdrik
kəlamlarını oxuyacaqlar. Bizim ulu öndərimiz
Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və
Qazi Mustafa Kamal Paşa Atatürkün “Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”
sözlərini. Bu dərin mənalı kəlamlar bizim
gələcək nəsillərimizə
çağırışdır. Dostluq və qardaşlıq
çağırışı.
Professor Əli Həsənov parkın yaradılmasında
əməyi olan bütün insanlara Azərbaycan
hökuməti və xalqımız adından təşəkkür
etdi.
Daha sonra Azərbaycandan gəlmiş sənət adamları
böyük konsert proqramı ilə çıxış
etdilər. Xalq artisti Ağadadaş Ağayevin, Gülüstan
Əliyevanın oxuduqları mahnılar, xalq çalğı
alətləri və mahnı və rəqs ansamblının
çıxışları alqışlarla
qarşılandı. Mərasimin sonunda tədbir
iştirakçıları parkda gəzdilər, xatirə
şəkilləri çəkdirdilər.
,Xalq qəzeti.-2007.-7 iyun.-S.7.