Məhərrəmova T.

 

Ədalətli tənqid yaradıcılıq axtarışlarına stimul verir

Cəlal Abbasov, bəstəkar Hətta doktorluq iddiasında olanlar elementar şeyləri bilmirlər

 

Bu da ömrün 50-ci ili... Bu illər onu musiqi sənəti ilə bağlı bir çox arzularına qovuşdurub. Yaradıcılıq bioqrafiyasına nəzər salanda bir çox məşhur əsərlərin müəllifi kimi tanınmasına uzun illərin vərdişi kimi yox, bitib-tükənməyən gərgin əməyi və istedadı kimi baxmaq olar. Cəlal Abbasov həmçinin bir çox beynəlxalq festivalların iştirakçısıdır. "Postsovet" məkanında yeganə bəstəkardır ki, əsəri Asiya Bəstəkarlar Liqasının XXII "Musiqi və üçüncü minillik" festivalında səslənib. 4-cü simfoniyasına görə BMT-nin mükafatına layiq görülən bəstəkar həmçinin müxtəlif respublika müsabiqələrinin laureatıdır.

Cəlal Abbasovla söhbətimizə Bəstəkarlar İttifaqının bu günlərdə başa çatan VIII qurultayından başladıq:

 

- Sonuncu qurultaydan 17 il vaxt keçirdi. Deyərdim ki, bu müddət heç də bizə şöhrət gətirən fasilə deyil. Nizamnaməyə görə, dörd ildən, ən uzağı beş ildən bir qurultay keçirilməlidir. Keçmiş sədr Vasif Adıgözəlov qurultay keçirməkdən boyun qaçırır və buna mane olurdu. O, bəstəkarların əsərlərinin səslənməsinə icazə vermirdi. Mədəniyyət Nazirliyindəki dəyişiklikdən və Vasif müəllim dünyasını dəyişəndən sonra sədr əvəzi Ramiz Zöhrabov bir neçə ay müddətində qurultaya hazırlıq gördü və nəhayət, qurultay baş tutdu. Qurultayın gedişində ilk növbədə yeni əsərlərə qulaq asdıq. Gənc bəstəkarların əsərlərini eşitdik. Firəngiz Əlizadə İttifaqa yeni sədr seçildi. Məncə bu, indiki vəziyətdə ən yaxşı seçimdir. Çünki Firəngiz xanım böyük yaradıcı nailiyyətlərə çatıb. Bütün dünyada tanınır, professionaldır. Çox əhatəli beynəlxalq əlaqələri var. Elə hesab edirəm ki, o, özünü yeni işdə də lazımi qədər göstərə biləcək.

- Sizcə bu qurultayın keçirilməsi musiqi aləmində nəyi dəyişəcək?

- Bilirsiniz, indiki vəziyyətdə Bəstəkarlar İttifaqı heç lazım da deyil. Çünki bu qurum bütün funksiyalarını itirib. Sovet dövründə yaradıcı şəxslər üçün işləməyə geniş imkanlar yaradılırdı. SSRİ səviyyəsində bəstəkarların yaradıcılıq evləri fəaliyyət göstərirdi. Zağulbada da belə bir yaradıcılıq evi var idi, ancaq 2-3 il işlədikdən sonra onun fəaliyyəti nədənsə dayandırıldı. Bəstəkarlar İttifaqının nəzdində həmçinin musiqi sənəti adında təşkilat var idi. Onlar bəstəkarların yaratdıqları notların, orkestr parçalarının köçürülməsi, ezamiyyət və sair məsələlərlə məşğul olurdular. Tez-tez başqa ölkələrin bəstəkarları ilə yaradıcı görüşlər keçirilirdi. İndi bunların heç biri yoxdur. Yəqin ki, bütün bunlar ilk növbədə maddi məsələlərlə bağlıdır. Bundan əlavə təşkilatçılıq bacarığı lazımdır. Bütün yaradıcı insanlara - bəstəkarlara, musiqiçilərə eyni səviyyədə ədalətli baxış olmalıdır. Bu, indiyə qədər yox idi. Xüsusilə son yeddi ili bu mənada biabırçı vəziyyət adlandırardım. Ancaq güman edirəm ki, nəsə dəyişə bilər. Hər halda ümidimiz var.

Fikirləşirəm ki, Firəngiz Əlizadənin sədr seçilməsi müasir Azərbaycan musiqisinin inkişafına müəyyən mənada stimul verə bilər. Məsələn, Firəngiz xanımın əlaqələri musiqiçilərimizin xaricə getməsində, festivallarda, müsabiqələrdə iştirak etməsində, o cümlədən musiqimizin xaricdə təbliğində mühüm rol oynaya bilər.

Ona görə də qurultayın nəticələrindən çox şey gözləyirik. Təkcə festivallarda, qurultayalarda, penumlarda yox, növbəti konsertlərdə də müasir Azərbaycan bəstkarlarının əsərlərinin ifa olunacağına, eyni zamanda, Opera və Balet Teatrında yeni tamaşaların səhnəyə çıxacağına ümid edirik.

- Bəstəkarlar İttifaqının fəaliyyətsizliyi sizin kimi bəstəkarların müstəqil fəaliyyət göstərməsinə səbəb olub. Bu, reallıq hansı çətinliklər yaradırdı?

- Sözsüz ki, çətinliklər olub. Əvvəllər Mədəniyyət Nazirliyinin bəstəkarlarla müqavilə bağlayan və onlara qonorarlar ödəyən şöbəsi vardı. Həmçinin bəstəkarların əsərlərinin satılmasına kömək edirdilər. Bəstəkarlar İttifaqı da bu səpkidə iş görməli idi. 1990-cı ildə ölkədə baş verən müəyyən dəyişikliklər istər-istəməz bu sahədə də özünü göstərdi. Bu gün bütün dünyada, o cümlədən postsovet məkanında çətinliklər çoxdur. Müstəqil işləməyimizə gəlincə, bu gün Avropada, Amerikada müxtəlif müsabiqələr, festivallar keçirilir. Xəbərimiz olanda bəzən bu tədbirlərdə iştirak edirik. Bəzi ansambllar var ki, onlar musiqi sifariş verirlər. Düzdür, çox vaxt maddi tərəfi ödəmir, yalnız ifasını həyata keçirirlər. Ancaq o da bizim üçün bir sevincdir. Çünki bu gün Bakıda hər hansı bir əsərin təqdimatını təşkil eləmək çox çətindir. Son 5-6 ildə mənim əsərlərim bir çox ölkələrdə səslənib. Xaricdə menecer institutları fəaliyyət göstərir. Həmin menecerlər bir və ya bir neçə bəstəkarla müqavilə bağlayaraq dünyanın bir çox ölkələri ilə əlaqələr yaradırlar. Bəstəkar isə yalnız yaradıcılıqla məşğul olur. Çünki əsər yazandan sonra küçələrə çıxıb ifaçı axtarmaq bəstəkarın işi deyil. Menecerlər yaradıcı festivalları, çıxışları, disklərin çıxmasını təşkil edir və qazancdan faiz götürür. Bizdə isə hələ ki, belə şey yoxdur. Bu gün rep, pop, rok, estrada musiqiləri ilə bağlı menecerlər fəaliyyət göstərsə də, simfonik, kamera və xor musiqisi sahəsində çətinliklər var.

- Bu gün telekanallarda ciddi musiqinin təbliği sizi qane edirmi?

- Qətiyyən. Televiziyanın peşəkar musiqiyə diqqətinin artırılması üçün müəyyən işlər görülməlidir. Telekanalların bəzisində ümumiyyətlə klassik musiqiyə yer ayrılmır. Bizdə ciddi musiqiyə nədənsə barmaqarası baxırlar. Mən bəzən bu baxımdan Türkiyə kanallarını özümüzə nümunə göstərirəm. Düzdür, bu təbliğat onlarda da lazımi səviyyədə deyil. Ancaq bəzən TRT və ya STV kanallarına baxanda orda simfonik orkestrlərin konsertinin yayımlandığını görürsən. Düzdür, türk simfonik, klassik musiqisinin səviyyəsi bizim 1970-80-ci illər musiqisinin səviyyədən çox-çox aşağıdır. Ancaq buna baxmayaraq, orada konsertlər keçirilir. Bizim bir çox gözəl ifaçıların Türkiyəyə getməsi və orada orkestrlərdə çalışması elə bunun göstəricisidir. Türkiyədəki orkestr ifaçılarından bəlkə də bir və ya bir neçə orkestr düzəltmək olar. Bizimsə iki orkestrimiz var. Opera orkestrinin ifaçıları demək olar ki, əsas orkestrlə birdir. Radio orkestri komplektləşməyib. Bir çox alətlər çatışmır. Dövlət Simfonik Orkestri yeganə orkestrdir ki, həm klassik musiqini, həm dünya musiqisini, eləcə də müasir musiqini ifa edir. Bir orkestrin boynuna düşən bu vəzifə bəlkə də çoxdur.

- İndicə dediniz ki, bir çox ifaçılarımız Türkiyədə çalışır. Siz nə əcəb getmirsiniz?

- Bəzən tələbələrim də mənə bu sualı verirlər. Məsələ təkcə Türkiyə və ya Avropaya getməkdə deyil, ümumiyyətlə, mən sənətdən getmək, ya da dözüb qalmaq dilemması ilə üz-üzə idim. Müəyyən maddi çətinliklər var idi. Yaşamaq çox çətin idi. Mənə xarici firmalarda iş təklif olunmuşdu. Düzdür, bu işlər humanitar olsa da, sənətdən kənar idi. Bir çox həmkarlarım bu cür işlərlə məşğul olurdu. Bir neçə dəfə dəvət alsam da, hansısa bir hiss məni getməyə qoymadı. Türkiyəyə getməyə gəlincə, qoy mütəxəssislər məndən inciməsin, ora gedən musiqiçilərin qayıdandan sonra səviyyəsi tamam başqa olur. Çoxu isə gedəndən sonra daha geri qayıtmır. Nə bəstəkar, nə də ifaçı kimi sorağı eşidilmir. Ona görə də mən vətənimi qoyub harasa getməyi təsəvvür edə bilmirəm.

 

Bəstəkar, yoxsa musiqiçi?

 

- Siz görkəmli bəstəkar və pedaqoq Əşrəf Abbasovun ailəsində doğulmusunuz. İstedadlı bir musiqiçinin istedadlı övladının olması genetik cəhətdən sübut olunmuş fakt olsa belə, bu yol sizin öz seçiminiz idi, yoxsa atanızın təkidi?

- Mən uşaq olanda ailədə Bülbül məktəbindən başqa bir söz eşitmirdim. Bülbül məktəbini qurtardım. Ancaq məni daha çox müasir bəstəkarların əsərləri, yeni informasiya, yeni əsərlər maraqlandırırdı. 9-cu sinifdə oxuyanda Bülbül adına məktəbdə ixtisaslaşma getdi. Mən bəstəkarlığı yox, musiqişünaslığı seçdim. İmtahanları verib məktəbə musiqişünas kimi daxil oldum. Hərdənbir də özüm üçün musiqi bəstələyirdim. Həftədə iki dəfə "Təranə" musiqi mağazasına düşüb yeni əsərlər alırdım. Müasir bəstəkarların əsərləri ilə tanış idim. Təxminən 10-cu sinifdən musiqi yazmağa başlamışam. Atamın bundan heç xəbəri yox idi. O evdə olanda heç vaxt musiqi yazmırdım. Bilmirəm, bəlkə utanırdım, ya da ehtiyat edirdim. Qonşularımızın hamısı bəstəkar idi. Yuxarı mərtəbədə yaşayan Xəyyam Mirzəzadə isə bəstəkarlıq kafedrasının müdiri idi. Xəyyam müəllim bir gün atamı görəndə "Evinizdən qəribə musiqi səsləri gəlir, nə sizin musiqidir, nə də klassika" - deyib. Atam evə gələndə maraqlandı. Musiqi yazdığımı bilincə məsləhətlərini verib dedi ki, bu səpkidə yaz, sonra da Xəyyam müəllimə göstər, o maraqlanır. Xəyyam müəllim yazdığım pyeslərə baxandan sonra "mütləq bəstəkarlıq fakültəsinə keçməlisən" - deyə bildirdi. Atam bəstəkar olmağımı istəmirdi. Onun arzusu məni musiqişünas və ya diriyor görmək idi. Həmişə deyirdi ki, bizdə yaxşı diriyor və musiqişünas çox azdır. Pis bəstəkardansa, yaxşı musiqişünas olmaq məsləhətdir. O heç vaxt demirdi ki, mənim sənətimi davam etdir, mütləq bəstəkar ol. Mənim bəstəkar olmağım onun istəyinə zidd idi. O bilirdi ki, bəstəkar özünə qarşı çox tələbkar olmalıdır. O, bu fikri təkrar etməkdən yorulmurdu.

- Bununla belə siz bəstəkar olmağa üstünlük verdiniz.

- İkinci kursu əsas sənət kimi Qara Qarayevin kursunda işlədim. Kvintet üçün 4 pyes, fortepiano sonatinosu, romanslar yazdım. İmtahan zamanı komissiyadan yenə də bəstəkarlığa keçmək lazım olduğunu bildirdilər. 3-cü kursdan Qara Qarayevin kursunda təhsil almağa başladım.

- Bəs atanızın dediyi kimi, özünə qarşı "tələbkar bəstəkar" oldunuzmu?

- Onu deyə bilmərəm... Ancaq nəsə bacarmışam. Səhhətimlə bağlı bəzi problemlər olduğundan bir qədər geriləmişəm. Təxminən 2000-ci ilə qədər nəsə yazmışam və yazdıqlarım hardasa səslənib. Kiminsə xoşuna gəlib, kimsə göz yumub. Ancaq mən özümdən razı deyiləm. Hesab edirəm ki, 50 yaş az deyil. Ancaq əsasən 30-50 yaş arası məhsuldar işləmişəm. Düzdür, 70-80 yaşa qədər də işləmək olar. Verdi sonuncu operalarını 80 yaşına yaxın yazıb. Ancaq mən nəzərdə tutduğum və yazmaq istədiyim bir çox əsəri hələ yaza bilməmişəm. Məsələn, səhnə əsəri yazmaq istəyirəm. Düzdür, bunu Bakıda həyata keçirmək çox çətindir. Ancaq arzularımı həyata keçirməyə çalışacağam.

- Nədənsə adınız mahnı bəstəkarı kimi tanınmır.

- Ötən əsrin 80-ci illərinin axırlarında Eldar Mansurovla yaxınlıq edirdim. O bir gün məndən nə üçün mahnı yazmadığımı soruşdu. Eldar məndən bir-iki il qabaq Cövdət Hacıyevin kursunu bitirib. Sonra o yaradılacağını bütünlüklə mahnı yanrına həsr etdi. Dedi ki, bu camamata daha tez çatır və tez populyar olursan. Mən də 3-4 mahnı yazdım. Elxan Əhədzadə ifa elədi. Sonra mahnı yanrı nədənsə məni o qədər də cəlb eləmədi.

- Bayaq dediniz ki, əsərlərin ifasını təşkil eləmək də çox çətindir. Bu çətinlik sizi yaradıcılıq axtarışları həvəsindən salmırmı?

- Bir vaxtlar bəstəkar Elnarə Dadaşova deyirdi ki, "birinci simfoniyamın ifa olunmasını gözləyirəm. İfa olunmasa ikincisini yaza bilmərəm". Ancaq məndə elə deyil. Dörd simfoniya yazmışam, ikincisi ifa olunmayıb. Bundan əlavə, bir neçə ifa olunmayan əsərlərim də var. O da ola bilər ki, elə ifa olunur ki, mən onun daha da yaxşı ifa olunmasını istəyirəm. Ancaq deməzdim ki, əsərlərimin ifa olunmaması məni həvəsdən salır. Sadəcə əhval-ruhiyyəm və səhhətim yerində olmasa, bu, mənim qarşımı ala bilər.

 

Xaos

 

- Deyə bilərsinizmi, bizdə musiqi tənqidi hansı səviyyədədir?

- Deyim ki, musiqi tənqidi bərbad haldadır... Ümumiyyətlə, bizdə musiqi tənqidi yoxdur. Axır vaxtlar tənqid olunmalı əsərlər də səslənmir axı... Tənqidin olmaması bununla da bağlı ola bilər. Digər tərəfdən, bir çox musiqişünaslar dünyasını dəyişib. Kimsə xaricə işləməyə gedib. Bəlkə də buna görə tənqid də yoxdur. Tənqid stimul yaradacaq amildir. Bəstəkar əsərinin ədalətli tənqidini eşidəndə bu ona yönəldici bir stimul verir. O nə iləsə razılaşır, nə iləsə razılaşmır. Tənqid irəliyə getmək üçün lazımdır. Sovet dövründə sifariş var idi. Yəni müəyyən bir şeyi mütləq tərifləmək lazım idi. Ancaq elə bil sanki bu əsər olmayıb. Onun haqqıda bircə kəlmə söz deməmək, bəstəkar üçün ən dəhşətli şey budur.

- Tənqid yoxdursa və yazılan əsərlər haqqında pis ya yaxşı bir söz deyilmirsə, onda hansı inkişafdan danışmaq olar? Açığını desək, belə olan halda musiqi aləmimizi xaosa bənzətmək düzgün deyilmi?

- Təxminən ona yaxındır. Ona görə də mübarizə lazımdır. Mən Bəstəkarlar İttifaqını mübariz orqan kimi görürəm. Bir çox qəzetlərdə yazılan səviyyəsiz materiallar, telekanallarda baş verən biabırçılıqlar, bir çox səviyyəsiz kitabların nəşri, bu qədər namizədliklər... Hətta doktorluq iddiasından olanlardan elementar bir şey soruşanda bilmirlər. Çoxları bəlkə də muğamları tanımır. Konservatoriyanın rektoru da bu cəhətdən aktiv işləməlidir. Bəstəkarlar İttifaqının orqanı olan "Musiqi dünyası" yurnalı əvvəllər ayda 4 dəfə, indi isə 2 dəfə çıxır. İndi həmin yurnal namizədlik müdafiəsinə hazırlaşanların nəşrinə dönüb. Bu, maddi məsələlərlə də bağlıdır. Ona görə bu qurultaya qığılcım qədər də olsa ümidim var. Bəlkə nə isə dəyişə bildi.

- Tələbələrinizin səviyyəsi necə, sizi razı salırmı? Yoxsa yenə də "bərbaddır" deyəcəksiniz?

- Bu, məni daim narahat edən sualdır. Ürək ağrısı ilə deməliyəm ki, gələcək bəstəkarların səviyyəsi qaneedici deyil. Xəyyam Mirzəzadə kafedra müdirliyindən çıxandan sonra yavaş-yavaş geriləməyə başlayıb. Kafedranın indiki rəhbərləri ora yalnız öz tanışlarını, tələbələrini, əsərləri və müəllimlik qabiliyyəti olmayan insanları yığıb. Həmin müəllimlər öz tələbəlik əsərlərini indiki tələbələrə nümunə kimi göstərirlər. Bu, biabırçılıqdır. Qara Qarayev heç vaxt öz əsərini bizə göstərmirdi. O, bizə dünya mədəniyyətindən danışardı. Biz həmin əsərlərlə kitabxanalarda, fonotekalarda tanış olurduq. Biz o vaxt tələbə yoldaşlarımızla tələbə bəstəkarlar klubu yaratmışdıq. Tapılmayan lent yazılarını, notları axtarıb tapır, müasir bəstəkarları dəvət edib onlarla söhbət aparırdıq. Bu diskusiyalar çox maraqlı keçirdi. İndi bəzi tələbələr özləri nəsə etməyə çalışsalar da, yuxarı kurslarda bu kafedra onların istəyinə də mane olur. Milli Konservatoriyaya gəlincə, bəstəkarlıq fakültəsinə hər il cəmi bir tələbə qəbul oluna bilər. Mənim orada yalnız bir tələbəm var. Ona görə də burda bir irəliləyiş hiss etmirəm. Bunu dəfələrlə demişəm, kafedranın səviyyəsini qaldırmaq üçün Fərəc Qarayev, Xəyyam Mirzəzadə, Cavanşir Quliyev, Rəhilə Həsənova kimi müəllimləri qaytarmaq lazımdır.

 

Yubiley hesabatı

 

- Sizi yubiley sualı qorxutmur ki?

- Yox... mən 50 yaşımı o qədər də hiss eləmirəm. Bəzən səhhətimdə bir balaca problemlər yaranır. Əgər onlar da olmasaydı, yəqin ki, qətiyyən hiss eləməzdim. Əsas bəstəkarın yubileyi necə dəyərləndirməsidir. Mənim zənnimcə, bəstəkar üçün yubiley hesabatdır, indiyə qədər yazdıqlarını göstərə bilməsidir. Düzdür, Bəstəkarlar İttifaqı buna söz verir. Simfonik orkestrin ifasında əsərlərimin çalınmasından ötrü məktubla müraciət etmişəm. Bir tərəfdən də qurultayın keçirilməsi gündəmə çıxdı. Dedilər ki, qoy payıza qalsın. Ancaq payızda yerinə yetirilib-yetirilməyəcəyini deyə bilmərəm. Nə bir konfrans, nə bir kamera konserti keçirildi. Mən Bakı Musiqi Akademiyasında 1993-cü ildən, Milli Konservatoriyada isə 2002-ci ildən çalışıram. Bu təhsil ocaqlarının heç birində yubileyim yada düşmədi. Heç adicə xoş bir söz deyən də olmadı. Yeganə olaraq Bəstəkarlar İttifaqından təbrik teleqramı aldım.

- Çətinliklərə baxmayaraq ürəklə bağlandığın işdən əl çəkmək mümkünsüzdür. Bu mənada nə yazırsınız?

- Planlarım çoxdur. Məndə nə isə bir qığılcım yaranır, alovlanır və ideya məni harasa aparır. Vaxt keçdikcə bir də görürsən ki, başım qarışım, başqa bir ideya həmin ideyanı üstələyir. Belə məqamlar çox olur və nəticədə bir çox ideyalar öz həllini tapmır. Hər halda 2-3 əsər üzərində fikirləşirəm, ancaq hələlik konkret nəticə yoxdur. Səhhətimlə bağlı bəzi problemlər var. Tanrı imkan versə, nəsə yaradarıq.

- İstərdim ki, sualım primitiv səslənməsin: musiqi sahəsindəki çətinlikləri görə-görə seçim qarşısında qalsaydınız, yenə də bəstəkar olardınız?

- Əvvəldən bilsəydim, yəqin ki... Mən həmişə deyirəm ki, bu xəstəlik kimi bir şeydir. Tutuldunmu, xilas ola bilmirsən. Orta məktəbdə oxuyanda riyaziyyat müəllimim atama deyirdi ki, Cəlaldan gözəl riyaziyyatçı çıxacaq. Özüm də riyaziyyatı sevirdim. Ancaq heç zaman qarşımda elə bir sual durmayıb ki, məndən musiqiçi olacaq, yoxsa yox?

 

Kaspi.- 2007.- 23-25 iyun.- S. 22-23.