Məhərrəmova
T.
Yaradıcılığa
heç kəs qadağa qoya bilməz
Faiq
Sucəddinov, Xalq artisti: "İnsan nə qədər
istedadlı
və işgüzar olursa, onu o qədər də
sıxırlar"
İndi
də vaxtının çox hissəsini musiqiyə həsr
edir və bunu uzun illərin peşə vərdişi kimi yox,
azalmaq bilməyən sənət istəyi kimi
dəyərləndirir. Köhnə
məktəbinə, peşəkarlıq
vərdişlərinə hörməti qoruyub saxlamağa
çalışır. Bu gün
axtarışlarının ünvanı dəyişən
bəstəkarların axınına qatılmaqdan da
özünü gözləyir.
Tanınmış
bəstəkar, Xalq artisti Faiq Sucəddinov 60 yaşının
dönəmində özünə hesabat verərkən
"nəsə eləmişəm" - deyir.
Qalın divarlar
- 60 yaşınızı qeyd
etməyə hazırlaşırsınız. İllər
tezmi gəlib keçdi?
- Bu vaxta qədər bircə adamdan
belə eşitmədim ki, 60 yaş gec gəlib keçdi.
Vaxtın bu qədər tez keçməsinə adam inana bilmir. Mənə elə
gəlir ki, bu barədə söhbət düşəndə
bütün insanlar eyni sözləri deyir. Hər adam öz yolu ilə gedir - kimi az, kimi çox
yazır. Ancaq hamısı çətin,
daşlı-kəsəkli, kələ-kötür yollardan
keçir. Bu yollarda hərdən bir yaşıl
işıq görünür. İnsan
çətinliklə bu yaşa gəlib çatır və
geri boylanıb baxır ki, neyləmişəm. Amma 60 yaş faktdır. İstər-istəməz
bu yaşın azlığı və ya çoxluğu
barədə fikirləşirsən. Çox
şeylər olub ki, mənim yadımda deyil. Ancaq adamlar var ki, həyatlarının hər
günü onların yadındadır. Təkcə onu
bilirəm ki, çox, ya az - nəsə
eləmişəm. 60 yaşın nöqsan
tərəfləri də var. Bəzən səhhətlə
bağlı problemlər yaranır. Ancaq
həyat davam edir və onunla ayaqlaşmaq lazımdır.
Əsas odur ki, özünü
itirməyəsən. 60 yaş
həmçinin böyük məsuliyyətdir. Bu yaşda insan daha müdrik olmalıdır. Yaradıcı insanı tez qırmaq olar. Ancaq o
bir az güclü olmalıdır.
- Siz güclü insansınız?
- Mən idmanla məşğul
oluram. Fiziki sağlamlığı insanın
iradəsini də möhkəmləndirir. Həyat
mübarizədir. Mübarizə aparmaq
lazımdır.
- Bir az
əvvəl dediniz ki, olub-keçən çox şeylər
yadınızda deyil. Bununla belə,
yaddaşınızdan silinməyən anlar
həyatınızın kədərli, yoxsa daha çox
şirin çağları ilə bağlıdır?
- Məsələ kədər və
şirinlikdə deyil. Hərdənbir
uşaqlıq anları, tələbəlik illəri
insanın gözləri qarşısından işıq kimi
gəlib keçir. Uşaqlıq
illərimdə çoxlu çətinliklərim olub.
Asəf Zeynallı adına Musiqi
Məktəbini, daha sonra Xarici Dillər İnstitutunu və
Konservatoriyanın bəstəkarlıq sinfini bitirmişəm.
Düzdür əvvəlcə mən
pionoçu kimi çalışırdım və
bəstəkarlıq etmək fikrim yox idi. Bir
mahnı yazdıqdan sonra bəstəkarlıq
fakültəsinə daxil oldum və bu işlə çox
ciddi məşğul olmağa başladım. İlk mahnımın ifaçısı da
Gülağa Məmmədov oldu. İnsan
cavan olanda çox şeyi başa düşmür. İnsan bəzən o ilk işin mahiyyətini
dərk eləmir. Başa
düşəndə də gec olur. O vaxt həmin
mahnını nota yazmalı, oxuyan müğənniyə
imzalatmalı və özümçün saxlamalıydım.
Ancaq bunu etmədim.
- İlk mahnınızdan
sonra bəstəkar kimi irəliləmək çətin olmadı
ki?
- Təbii ki, çətinliklər
çox olub. Həyatda qəribə
şeylər var. İnsan nə qədər istedadlı və
işgüzar olursa, onu o qədər sıxırlar. Adam var ki, "baş üstə, sizin
üçün nə gətirim, nə edim?" - deyə-deyə yaşayır, adam da var ki, dik
başla yaşayır və bunların heç birini
dilinə gətirmir. Mən ikinci kateqoriyaya
aidəm. Amma həmişə
istəmişəm ki, nəsə edim, özümü
qabağa çəkim. "Mən bu
sənəti bilirəm" - deyə özümü
təsdiq eləmişəm. Əlbəttə,
bu mərhələ çox çətin olub. Elə indi də çətindir, problemlər var. Bu
gün də elə səddlər var ki, onları dəf
etmək mümkünsüzdür.
- Deyə bilərsinizmi,
kimdənsə asılı olmamaq sizi nədən mərhum
edib?
- Bəxtim onda gətirib ki, cavan
yaşlarımda orkestrdə pionaçu kimi fəaliyyət
göstərmişəm. Mən öz işimi
tələb olunduğundan da yüksək səviyyədə
yerinə yetirirdim. Yaxşı piano
çalırdım. Təbii ki, onlar
məndən bərk yapışmışdılar, mən
onlardan yox. İş yeri hər yerdə
var idi, dəvətlər də öz yerində. Mən
müdiriyyəti hiss eləmirdim. Sonra elə oldu ki,
özüm Rəşid Behbudov adına
Mahnı Teatrının müdiri və bədii rəhbəri
işlədim. Sonra orkestrin bədii
rəhbəri kimi çalışdım. Yenə də
başımın üstündə müdiriyyəti hiss
eləmədim. Altı il gedib xaricdə
yaşadım, orda da hiss eləmədim. Camaat
saat səkkizə qədər kompyuterin qabağında
otururdu, mənsə saat birdə evdə idim. Sənətimə, ziyalılığıma
görə mənə heç kəs bir söz demirdi.
- İndi iş yeriniz haradır?
- Hələlik öz
sənətimlə məşğulam. Müstəqil
bəstəkar kimi çalışıram. İş yerim yoxdur.
- Bu gün bəstəkar kimi
yaradıcılığınıza qadağa qoyan varmı?
- Ümumiyyətlə,
yaradıcılığa heç kəs qadağa qoya
bilməz. Yaradıcılıq insana
məxsusdur. Sadəcə, sifariş olanda
bəstəkar məsuliyyətlə çalışır.
Ünvansız işləmək düzgün
də deyil. Məsələn, mən bu
gün kino musiqisi yazıram. İstər-istəməz
otururam, fikirləşirəm, çalışıram. Onun bəhrəsi olaraq təbii ki, yeni musiqilər
əmələ gəlir. Bilirsiniz ki, Tofiq
Quliyevin bütün musiqiləri, Emin Sabitoğlunun
əksər musiqiləri kinodan çıxıb. Ünvansız çalışmaq çətindir.
Hazırda Musiqili Komediya Teatrında tamaşa
üçün musiqi yazıram. Rusiyanın
NTV kanalı, Azərbaycan televiziyası üçün musiqi
yazmışam. Təbii ki, mahnılar da
yazıram. 2006-cı ilin yanvarında
Filarmoniyada simfonik orkestrlə birlikdə müəllif konsertim
keçirildi. Özüm royal arxasında
oturdum. 60 illiyimdə isə Heydər Əliyev adına Sarayda konsert vermək istəyirəm.
İndi də
gedə bilərəm
- Bəzi müğənnilər var
ki, onların məşhurlaşmasında bəstəkarın
rolu danılmazdır. Bəzi
bəstəkarların isə məşhurlaşmasında
müğənnilərin rolu var. Siz necə
fikirləşirsiniz, bu populyarlıqda
müğənni-bəstəkar tandemi əsasdır?
- Təbii ki, tandem əsasdır. Bircə şey bilirəm ki, bu gün oxuyanların
tərcümeyi-halında peşəkar bəstəkarların
adları əksini tamamlayır. Məsələn,
Şövkət Ələkbərovanın, Rəşid
Behbudovun tərcümeyi-halında həmişə
yazılacaq ki, Tofiq Quliyevin musiqisini ifa ediblər. Mənə elə gəlir ki, bəstəkarın
musiqisi o qədər yaxşı olmalıdır ki, oxuyan onu
bəzəməməlidir. Təbii ki,
oxuyan onu bəzəyir. Ancaq
müğənni bəstəkarla yaradıcılıq
məsələsinə girişirsə, məncə bu,
düzgün deyil. Bəstəkarın
yazdığı musiqi gözəl olmalıdır ki,
müğənninin ona müdaxiləsinə ehtiyac
qalmasın. Mən yazdığım
musiqini bir neçə dəfə öz süzgəcimdən
keçirirəm. Necə ola bilər
ki, pis mahnını verəsən müğənniyə ki,
o, onu gözəlləşdirsin? Müğənni
onu nə qədər gözəl işləsə də, o
mahnı itəcək. Söhbət
mahnıdan yox, musiqidən gedir. Musiqi
birinci variantda gözəl olmalıdır. Hərdənbir oranyeman edirlər. Hərə öz fikrini daxil edir. Ancaq bu, düzgün deyil. Bəstəkarsansa,
mütləq öz sənətini yüksək saxlamalısan.
Elə etməlisən ki, yazdığın
musiqi insanlara yaxın olsun.
- Türkiyədə
çalışdığınız illəri
yaradıcılıq baxımından uğurlu saymaq
olardımı?
- Orada şəraitim gözəl idi.
Özümlə sintizator aparmışdım.
Mən həmin alət tərəfə
gedəndə, elə bil ayrı bir aləmə gedirdim.
Çünki orada mənim sənətim vardı və
Vətənə bir az yaxın idim. Bu, məni yaşadırdı. Demək
olar ki, hər gün işləyirdim. İlk
azərbaycanlıyam ki, mən Türkiyədə kitab, iki disk
buraxdım. Həmin disklərdə
600-ə yaxın mahnım var.Bu gün həmin musiqilər
Türkiyədə çalınır. Orada
qanunlar çox sərtdir. Hətta bu
yaxınlarda "mahnınıza klip çəkdirməyə
icazə verirsinizmi?" - deyə
mənə telefon açdılar. Dörd ildir
ki, Türkiyədən qayıtmışam. amma yenə də musiqimi orada ifa edirlər. Son 35 ildə ilk dəfə onların tarixində
belə bir hadisə baş verib. Nikosiyadakı
Saray Otelində kitabın və disklərin
təqdimatını keçirəndə mənim
adımı iki dəfə çəkdilər. Öz şairlərinin adını isə daha
çox hallandırdılar. Sadəcə,
təsdiq olundu ki, bəstəkar azərbaycanlıdır.
Mənim orada böyük rütbəli
dostlarım var. Onlar hamısı musiqini çox sevirlər.
Türkiyədə vətənpərvər
adamların çox olduğunu gördüm. Onlar daha çox özlərinkindən yazırlar.
Hərçənd ki, müəllif mən idim,
ancaq daha çox öz şairlərinin adını
hallandırırdılar. Bizdə isə
hər hansı əcnəbi adamın adını
qaldırıb göyə qoyurlar.
- Bir halda ki, işləriniz
Türkiyədə pis getmirdi, niyə qayıtdınız?
- Onlarla müqavilə bağlasam da,
nə qədər istəsəydim, qala bilərdim. Bilirsinizmi,
hər adam öz həyatını
yaşayır. Türkiyədə
yaşadığım müddətdə oğlum orada
universitet qurtardı. Ancaq indi elə hesab edirəm ki,
həmin altı il mənim
tərcümeyi-halımdan silinir. Çünki
mən vətəndən uzaq olmuşam. Mən
vətənpərvər adamam. İnanın
mənə, indi də gedə bilərəm. Mən piano çala bilərəm. Hara getsəm, orada oturub çalacağam. Not da
yazıram, oranyeman da edə bilirəm. Hətta
bura qayıdandan sonra da təkliflər alırdım. Ancaq öz fikrimdən dönmədim.
- Hər halda altı il
az müddət deyil. Qayıdıb
gələndən sonra musiqi aləmimizdə hansı
dəyişiklikləri gördünüz? Yoxsa, hər şey qoyub getdiyiniz kimi idi?
- Bir az
musiqimizdə peşəkarlıq itib. Hamı
musiqi ilə məşğul olmaq istəyir. Özü
də oxumamaq şərti ilə... Onda gəlin,
Konservatoriyanı bağlayaq. İstedad
yaxşı şeydir, ancaq elm də olmalıdır. Bu gün musiqimiz bir qədər
özfəaliyyət şəklindədir, ciddilik yoxdur. Çox istərdim ki, musiqiçilərimiz,
müğənnilərimiz xaricdə çoxlu konsertlər
versinlər, hər yerdən onların səsi gəlsin.
Əfsuslar olsun ki, onlar elə hamısı
Bakıda çıxış edirlər. Səviyyələri
toy çərçivəsindən kənara
çıxmır.
- Bu gün hər şeyi bazar
qanunları idarə edir. Bəs
incəsənətin bu qanunlara tabe olması, alqı-satqı
predmetinə çevrilməsi nə qədər doğrudur?
- Bu, doğru deyil. Bütün
dünyada musiqini dövlət maliyyələşdirir. Dövlət mütləq bəstəkardan
əsər almalıdır. Mənim
yaxşı mahnılarım var. Oxuyana necə zəng vurub
deyim ki, toya gedib pul qazanmısan, gəl, mahnılarımı
al. Bunu özümə rəva bilmirəm. Axı mən dövlətin adamıyam. Bu xalqın bəstəkarıyam. Mən İngiltərədən
gəlməmişəm. Bir
bəstəkar, Xalq artisti kimi yaşamalıyam. Sifarişlər olmalıdır. Demirəm
ki, yazdıqlarımla "xaltura" edəcəyəm.
Dəvət edin, mən yazım və
yazdığım əsərin pulunu ödəyin. Bütün ölkələrdə belədir. Sovet dövləti ilə müqayisə
edəndə, Rusiyada bəstəkarların vəziyyəti pis
deyil. Bu gün xaricə
çıxışımız yoxdur ki, bir əsər
yazıb onu ifa eləsinlər. Təbii ki,
maliyyə problemləri üzündən. Bu
gün ürəyimdən çox şeylər keçir.
Məsələn, orkestrimizin olmasını
istəyirəm. Həmin orkestr
üçün oranyirovka etmək, musiqilər yazmaq
istəyirəm. Əfsuslar olsun ki, bu gun
bu, Azərbaycanda mümkün deyil. Bir
simfonik orkestrimiz var, o da öz proqramı ilə
çıxış edir. Estrada da
demək olar ki, yox şəklindədir. Bütün
bu çətinliklərə baxmayaraq, mən öz
yaradıcılığımı davam etdirirəm.
- Əksər
sənətçilərin "zamanın axarına
uyğunlaşmalıyıq" fikrinə münasibətiniz
necədir?
- Sovet birliyi dönəmində
Mədəniyyət Nazirliyi və Teleradio Komitəsi hər il bir-iki dəfə əsər alırdı. Bu gün əsər almaq məsələsi
çətinləşib. Təbii ki, bu
gün çox şeyi mübarizə ilə əldə
edirsən. Bəstəkarlar
İttifaqında 100-dən artıq bəstəkar var.
Təbii ki, onlar hamısı mahnı yaza bilməz. Ancaq bu gün hər şey ayrı bir
səviyyədədir, dediyiniz bazar iqtisadiyyatına
yaxınlaşıb. Əsərlərin
səslənməsi çətindir. Alıcı
da yoxdur.
Çətin
iş
- Tanınmış bəstəkar
Aqşin Əlizadə müsahibələrinin birində
"Bizi dövr yetişdirmişdi" deyib. Sizin bu deyimə
münasibətinizh necədir?
- Mən belə qlobal
səviyyəyə qalxmaq istəmirəm. Hər
dövrdə yetişmə var. Məsələ ondadır ki,
bu gün Azərbaycanda musiqiyə tələbat bir
qədər dəyişib. Tələbat
şou tərəfə yönəlib. Ciddi
musiqiyə tələbat isə azdır. Əvvəllər
qastrollara, konsertlərə gedirdilər. İndi
bunlar da yoxdur. Bu vəziyyət
təkcə Azərbaycanda deyil, elə Rusiyada, Ukraynada da
belədir. Televiziyanı açan kimi
bütün verilişlərin hamısı mahnı, şou,
oynaq musiqi, əyləncədən ibarətdir. Bu gün düşündürücü bir şey
yoxdur. O dövrdə də, bu dövrdə də
istedadlı insanlar doğulur. Sadəcə,
tələbat ayrı cürdür.
- Bir dəfə tanınmış
bəstəkarlardan biri də dedi ki, bu meydanı şou
sahiblərinə verməkdə bizim də günahımız
var. Siz bu qınaqdan özünüzə pay götürürsünüz?
- İnsan nə istəyir,
ona da qulaq asır. Nə yazırsansa, onu kütlə
üçün yazırsan. Yazırsan ki,
musiqinin dinləyicisi olsun. Bəyəm biz
boşluq zamanı yazmırdıq? Mən
Konservatoriyanın 3-cü kurs tələbəsi olanda
əsərimi Bədii Şuraya göstərməyə
icazə verdilər. Qoymurdular ki, kənardan kimsə
gəlib ora nəsə versin. Bu gün isə bu
qadağalar yoxdur. İndi
müğənni disklə gələrək "mahnı
yazdırmışam, oxuyum" deyir. Bu,
düzgün deyil. Bu gün
küçələrdə disklər satırlar. Nə musiqisi bəllidir, nə sözləri.
Buna görə indi bizim musiqi öz istiqamətini itirib -
Azərbaycandan bir az uzaq düşüb. Bu, ayrı bir musiqidir. Mağazalarda
satılan həmin mahnı disklərinin yığılıb
yandırılması fikri ilə mən də razıyam.
Çünki onlar mədəniyyətimizə,
incəsənətimizə heç bir xeyir gətirmir. Bir də görürsən ki, biri ud və ya saz
çalır, deyir ki, mən də bəstəkaram. Amma bu alətlərin də öz
bəstəkarı var.
- Bəzən deyirlər ki,
yaxşı musiqi şimşək çaxması kimi ani
yaranır. Belə bir fikir də var ki,
yaxşı musiqi ilhamın məhsuludur.
- Bu sənətə gəlmək
üçün sənin mütləq istedadın
olmalıdır.
İlham da əsasdır. Amma bu,
sənətdir. Vasif Adıgözəlov
bir dəfə demişdi ki, oturub gözləyim, ilham quşu
nə vaxt qonacaq, mən də onda yazacağam? Bu, düzgün deyil. İşimi
bitirənə qədər piano arxasında oturub
işləməliyəm. Mən
böyük məsuliyyət altındayam. Bir
çoxlarına yüngül görünsə də bu,
çox çətin işdir.
Yubiley
- Sizcə, yaxşı musiqini ancaq
yaxşı adam yaza bilər?
- Ümumiyyətlə, insan
yaxşı olmalıdır. Əlindən bir iş
gəlməyən, səriştəsiz, sənətini
bilməyən adam başqa yollara əl
atır ki, pislik edib nəsə qazansın. Mənə elə
gəlir ki, peşəkar, işini bilən adam
pis ola bilməz. Onun kiməsə pislik
etməyə heç vaxtı da yoxdur. Bu barədə
heç fikirləşmir də... Arada
gəzən adamlar həmişə pislik edir. Onu da deyim
ki, mən hazırda inzibati yerdə
işləmədiyimdən o pis adamları az
görürəm.
- Ürəyinizdə
yazmadığınız mahnıların intizarı
çoxdurmu?
- Həyatdır da... Təbii
ki, yaradıcılıq davam edir. İnsanın
qəlbində sevgi olmalıdır ki, onu yaşatsın,
musiqilər yazsın. İnsanın
içərisində Tanrıya, Vətənə,
doğmalarına, ümumən insanlara sevgi olanda o,
işləyir. İnsan iki dəfə
ölür - bir içindəki sevgi, ilham öləndə,
bir də ki, bioloyi yolla. Yaradıcı
insan həmişə axtarışda olmalı, öz
işindən sevinc duymalıdır. İçərisi
boş olana isə yazmaq çətindir.
- Bəs öz auditoriyasını,
dinləyicisini tapmayan çoxmu mahnılarınız var?
- 80-nə nədər mahnım var
ki, onları saxlamışam. Yenə deyirəm,
sifariş lazımdır. Onları
elə-belə verə bilmərəm. Mən
peşəkaram. Mahnını verib,
mütləq əvəzini almalıyam. Bu
mənim sənətimdir. Sovet İttifaqı təzə
dağılan vaxtlarda rütbəli adamlardan biri məni
çağırıb: "Eşitdim ki, mahnı
satırsan" - deyə soruşdu. Dedim ki, bəli, satıram,
bu, mənim sənətimdir. Dülgər öz
taxtasını, əməyinin məhsulunu satan
kimi mən də öz əsərimi satıram. Mən elə-belə versəm, o biriləri kimi
qeyri-peşəkar səviyyəyə enərəm. Bu
gün də kim sifariş edir, onunla
işləyirəm. Həmin müğənnini
də öz səviyyəmə qaldırmağa,
zövqümə uyğun oxutmağa
çalışıram.
- İndiki zamanda irəli
getmək üçün özünü stimullaşdırmağa
nə lazımdır?
- Maliyyə... Bu gün
maliyyə çox şeyi həll edir. Maliyyə olsa bu
gün çox adam gedib öz
əsərlərini xaricdə göstərə, onlardan
bəhrələnə bilər. Sovet
dönəmində Rusiyada, Qazaxıstan, Ukrayna
bəstəkarları ilə görüşürdük.
Bu yaradıcılıq görüşləri
tərəflərin hər birinə böyük informasiya
verirdi. Bu gün isə hamımız
öz qazanımızda bişirik. Heç
bir informasiya yoxdur. Həmçinin
festivallarda iştirak edirdik. İndi o
festivalları da maliyyələşdirən yoxdur.
- Demək olarmı ki, bu gün
yaradıcılıq aləmi bir növ donub?
- Yox, donmayıb. Sadəcə,
yaradıcılıq görüşləri, plenumlar, seminarlar
yığışdırılıb. Bəstəkarlar
İttifaqının fəaliyyəti də istənilən
səviyyədə deyil.
- Elə isə, bugünkü musiqi
aləmimizə necə ad verərdiniz?
- Hər kəs özü
üçün...
- Yeri gəlmişkən, bu
yaxınlarda demisiniz ki, Bəstəkarlar İtifaqı
yubileyinizin keçirilməsinə laqeydliklə
yanaşır.
- Yubileyimi
keçirib-keçirməmələri mənə maraqlı
deyil. Hamısını özüm
edəcəyəm. Həmişə
özüm-özümə dayaq olmuşam. Əsas odur ki, məni yaxınlarım təbrik
etsin. Bu mənim üçün hər
şeydən vacibdir.
Kaspi.-2007.-9-11 iyun.-S.22-23.