Qasımov A.
Azərbaycan-Türkiyə
dostluğuna layiqli töhfələr verməyi hər kəs
özünə borc bilir
Qardaş ölkənin Bursa
şəhərində Azərbaycan-Türkiyə
qardaşlığı parkı"nın salınması
bunun əyani sübutudur
Müstəqillik qazandıqdan sonra Azərbaycana siyasi-ideoloji
və sosial-iqtisadi sahələrdə dəstək olan,
dövlət müstəqilliyimizi tanıyan ilk ölkə
Türkiyə oldu. Beynəlxalq arenada da
bu addıma təbii yanaşıldı.
Eyni kökdən, eyni soydan olan
iki qardaş ölkənin bir-birinə dayaq olması, səsinə səs verməsi labüd idi və böyük dövlətçilik tarixi
və zəngin idarəetmə təcrübəsi
olan qardaş Türkiyənin daim Azərbaycanın yanında olması hər birimizin qəlbində qanuni iftixar hissi oyadır.
Türkiyə Cümhuriyyətinə gələn, burada böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq istənilən tədbirə
qatılan, qardaş məclisində görünən,
iş quran, təhsil alan, səyahətə çıxan
soydaşlarımızın hər biri dediklərimizi
dərhal təsdiqləyər.
Mayın 30-dan iyunun 1-dək Bursa vilayətində keçirdiyimiz
görüşləri, bu
görüşlərin xoş
təəssüratını çox güman ki, səfər yoldaşlarımın hamısı
uzun müddət xatırlayacaq, ürəklərində
bu səfərdən doğan məmnunluq hissini əziz duyğular təki yaşadacaqlar. Paytaxtın Nizami bələdiyyəsi
ilə dostluq və qardaşlıq əlaqələri yaradan Bursa vilayətinin Nilufər bələdiyyəsinin
təşəbbüsü ilə Türkiyənin bu gözəl kurort şəhərində
"Azərbaycan-Türkiyə
qardaşlığı parkı"nın açılışı
münasibətilə düzənlənən
tədbirdə ölkəmizin nümayəndə heyətinin iştirakı
vilayətin siyasi elitasında, ictimaiyyət
arasında əsl bayram ovqatı yaratmışdı. Parkın
girəcəyindəki lövhələrdə
yazılmış türk
dünyasının böyük
oğlu Mustafa Kamal Paşa Atatürkün "Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və
ümummilli liderimiz Heydər Əliyevin "Biz bir millət,
iki dövlətik"
sözlərini oxuyarkən
hansı hisslər keçirdiyimi ifadə etməyə çətinlik
çəkirəm. Bu iki dahi şəxsiyyətin vaxtı ilə söylədikləri fəlsəfi
fikirlərin həyatda
özünü necə
doğrultmasını, tarixləşməsi
faktlarını əyani
olaraq müşahidə
etmək qardaş ölkə vətəndaşları
və biz Azərbaycan türkləri
üçün əsl
səadətdir. Mən
bunu Bursada salınan yeni parkın açılışı
mərasimində bir daha yəqinləşdirdim.
Nümayəndə heyətinin rəhbəri,
Prezident Aparatı ictimai-siyasi şöbəsinin
müdiri Əli Həsənovun, Bursa vilayəti rəhbərlərinin,
Nilufər bələdiyyəsi
başqanının və
digər natiqlərin çıxışlarında ölkələrimiz
arasında dostluq və qardaşlıq əlaqələrinin geniş
spektrdə inkişafı barədə əhatəli söhbət
getdi. Əli Həsənov son illərdə bu əməkdaşlığın daha da genişləndiyini,
bir sıra sahələri əhatə
etdiyini bildirdi. Onu da xüsusi
vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçilik və
siyasi fəaliyyətində
qardaş Türkiyə
ilə əlaqələrin
intensivləşdirilməsi, xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılması
mühüm yer tutur. Ulu öndər
həmişə Türkiyə
Cümhuriyyəti ilə
dostluğa xüsusi önəm verərdi və bu əzəli
prinsiplər bu gün də dövlətimiz tərəfindən
ardıcıllıqla davam
etdirilir. Türkiyənin
regionda qüdrətli,
sayılıb-seçilən
dövlətə çevrilməsi
Azərbaycanın da siyasi kursuna tam uyğundur və ölkəmizin nüfuzunu artıran amillərdəndir. Bu dostluğun əbədiliyinə,
sarsılmazlığına heç kimdə zərrə qədər də şübhə olmamalıdır. "Azərbaycan-Türkiyə qardaşlığı
parkı"nın açılışı mərasimində
söylənilən fikirlərin
leytmotivini məhz bu nüanslar təşkil edirdi.
Yeni mədəniyyət
və istirahət parkının salınması
ideyası birdən-birə yaranmayıb. Nizami bələdiyyəsi ilə
Nilufər bələdiyyəsi
hələ 2004-cü ildən
dostluq əlaqələrinin
yaradılmasına səy
göstəriblər. Ölkəmizdə
fəaliyyət göstərən
iş adamı, Eski Emniyyət müdiri Osman Gezeker ilk dəfə
bu təşəbbüslə
müraciət etmişdir.
O vaxtlar Dövlət Gömrük Komitəsinin
sədri işləyən,
hazırda fövqəladə
hallar naziri Kəmaləddin Heydərovun
bu istəyin reallaşmasında müstəsna
xidmətlərini qeyd
etmək istərdim. Kəmaləddin müəllim
bu xeyirxah təşəbbüsün hər
iki tərəfə böyük faydalar verəcəyini vurğulamışdı
və zaman bu proqnozun doğruluğunu
sübut etdi. Nilufər bələdiyyəsinin nümayəndələri
2005 və 2006-cı illərdə də Bakıda oldular, əməkdaşlığın perspektivləri müəyyənləşdirildi.
Əlbəttə, səfərlərin
başlıca məqsədi
hər iki tərəfin qazandığı
təcrübənin öyrənilməsi,
tətbiqi, qarşılıqlı yardım prosedurlarının həyata
keçirilməsi idi.
Bu il mayın 10-dan 17-dək Türkiyə nümayəndə heyətinin
Bakıda olması, mayın axırlarında isə bizim Bursaya getməyimiz dostluq və qardaşlıq ənənələrinin
möhkəmlənməsi yolunda
mühüm addımlar
kimi dəyərləndirilməlidir.
Bursa şəhərinin axarlı-baxarlı guşəsində
salınan "Azərbaycan-Türkiyə qardaşlığı
parkı" Türkiyənin
tanınmış memarı
Çingiz Yıldızın
layihəsi əsasında
araya-ərsəyə
gəlib. Şəhər
gözəlliyinə, təbii
şəraitinə, coğrafi
mühitinə görə
bu ölkədə barmaqla göstərilir.
Məşhur Uludağ
qış turizm kompleksi də Bursadadır. Burada bizə 600 yaşı olan, eynilə Gəncə çinarlarını
xatırladan xan çinarları göstərdilər.
Meşələri, yaşıl
yamacları ilə öyünən Bursa böyük bir ərazini tutan "Azərbaycan-Türkiyə
qardaşlığı parkı"
ilə bir az da gözəlləşib.
Bu mədəniyyət və
istirahət guşəsində
uşaqların, gənclərin,
yaşlı insanların
əylənməsi, istirahəti
üçün hər
cür şərait yaradılıb. İdman meydançaları , kafelər,
çayxanalar və digər əyləncə
və ictimai-iaşə obyektləri bura gələnlərin, qonaqların ixtiyarındadır.
Onu da deyim
ki, park bütünlüklə Nilufər
bələdiyyəsinin vəsaiti
ilə salınıb.
Parkın açılışında
bu fakt xüsusi
vurğulandı və
əməkdaşlıq etdiyimiz
qurumun nəcib təşəbbüsünə yüksək qiymət verildi. Mərasimə toplaşanlar Milli Məclisin deputatları - Fəttah Heydərovu, Nizami Cəfərovu, Bəxtiyar Sadıqovu, Tahir Rzayevi, Mirkazım Kazımovu, ölkəmizin İstanbuldakı
baş konsulu Səyyad Aranı, digər qonaqları səmimiyyətlə qarşıladılar.
Millət vəkillərindən
ibarət nümayəndə
heyətinin Bursaya səfərinin yaxşı
nəticələr verəcəyinə
inam ifadə olundu. Azərbaycan incəsənət ustalarının,
xüsusən folklor qruplarının və rəqqasların çıxışları
toplaşanların alqışına
səbəb oldu.
Nilufər bələdiyyəsi Türkiyədə öz təşəbbüskarlığı, faydalı, səmərəli
işləri ilə tanınır, qiymətləndirilir.
34 nəfər bələdiyyə
üzvünün hər
biri insanlarla təmasda, əhalinin arzu və istəklərinin
reallaşdırılmasında ad qazanıb. Bu bələdiyyə cəmiyyətə inteqrasiya
sahəsində bir növ təcrübə məktəbi kimi də tanınır. Maddi imkanları genişdir, arzuların, planların həyata keçirilməsinə
bu amil mühüm
şərait yaradır.
Əlbəttə, hələ
təcrübəsi az
olan, inkişaf yolunu seçən Nizami bələdiyyəsinin
Nilufər bələdiyyəsindən
öyrənəsi çox
işlər var və səfərimiz
vaxtı bu məsələləri də
önə çəkdik.
Mən də öz növbəmdə gördüyümüz
işlərdən, gələcəkdə
həyata keçirəcəyimiz
tədbirlərdən danışdım,
Nizami bələdiyyəsinin
əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması,
məhəllələrin, küçələrin
abadlaşdırılması, digər sosialyönümlü işlərin
görülməsi ilə
bağlı ideyalarını
dostlarımıza çatdırdım.
Bildirdim ki, son illər bələdiyyələrin inkişafı
baxımından ölkə
qanunvericiliyi xeyli təkmilləşdirilmiş, inkişaf
etdirilmişdir. Yerli iqtisadi,
sosial, ekoloji məsələlərin həlli
birbaşa bələdiyyələrə
həvalə olunub.
2007-ci ildə də ötən ilki nailiyyətləri təkrarlamağı
qarşısına məqsəd
qoyan Nizami bələdiyyəsi hər
bir müraciətə
vaxtında cavab verməyi, ayrılan büdcəsinin insanların
rifah halının yaxşılaşdırılmasına, ərazinin abadlaşdırılmasına,
kütləvi tədbirlərin
daha məzmunlu keçirilməsinə yönəldilməsini
qərara alıb. Onu da çatdırdım
ki, nailiyyətlər yalnız düzgün və vaxtında qəbul edilmiş rasional qərarlar nəticəsində qazanılır.
Dediklərimi bursalı
həmkarlarım, xüsusilə
Nilufər bələdiyyəsinin
başqanı Mustafa Bozbəy razılıqla qarşıladılar və
onlar birmənalı olaraq bildirdilər ki, Nizami bələdiyyəsindən
də öyrəniləsi
işlər çoxdur.
Nümayəndə heyətimizin
Türkiyəyə səfəri,
Bursada keçirdiyimiz
tədbirlər, dostlarımızla
görüşlərimiz bir
daha təsdiqlədi ki, Türkiyə-Azərbaycan dostluğu əbədidir, sarsılmazdır.
Bu birliyi qorumaq, yaşatmaq isə yalnız dövlət rəhbərlərinin,
iqtidar yetkililərinin
deyil, hər bir Türkiyə və Azərbaycan vətəndaşının müqəddəs
borcudur.
Azərbaycan.-2007.-7
iyun.-S.8.