Özümü bütün türk dünyasının təmsilçisi sayıram”

 

Müsahibimiz Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, müasir dünya musiqisinin ən parlaq simalarından biri kimi bütün dünyada böyük şöhrət qazanmış, məhz bu sənət nailiyyətlərinə görə də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu yaxınlarda ölkəmizin yüksək mükafatına -  “Şöhrət” ordeninə layiq görülmüş respublikanın xalq artisti, professor Firəngiz xanım Əlizadədir.
“Müasir musiqi” “gözəl
olmayan” musiqidir"
-  Firəngiz xanım, sizi dünyada “müasir musiqi”nin ən görkəmli nümayəndələrindən biri kimi tanıyırlar.
Maraqlıdır, siz özünüz “müasir musiqi” anlayışını necə xarakterizə edərdiniz? Sizcə, onu digər musiqilərdən hansı amillər fərqləndirir?
-  Təbii ki, müasir, yaxud avanqard musiqi anlayışını yalnız zamanla bağlamaq olmaz, yəni “müasir musiqi”, sadəcə olaraq, müasir dövrdə yaranan musiqi demək deyil. İncəsənətin digər sahələrində olduğu kimi, musiqidə də “müasir” anlayışı bu mənada İkinci dünya müharibəsindən sonra işlədilməyə başlanmışdır. Bu müharibə bəşəriyyətə, humanizm ideyalarına o qədər böyük zərbə vurmuşdu ki, mədəniyyət-mənəviyyat məsələlərində bu ideyaları bərpa etmək üçün sanki hər şeyi yenidən başlamağa ehtiyac duyulurdu.
Bu zaman o vaxta qədər mövcud olmuş romantik musiqi ilə müəyyən mənada ziddiyyət təşkil edən yeni musiqi cərəyanları meydana çıxdı. Xalqlar və insanlar incəsənətdə o vaxta qədər hökmran olmuş romantik ideyaların bəşəriyyəti fəlakətdən xilas edə bilmədiyinin, daha doğrusu, xilas etməyə qadir olmadığının sahidi oldular. İncəsənətin humanist qüdrətinə inamı bərpa etmək üçün bütün sənət sahələrində, o cümlədən də musiqidə yeni başlanğıca ehtiyac duyulurdu.
Romantik musiqidən fərqli olaraq, müasir musiqi zahirən “gözəl olmayan” musiqidir. Dünya miqyasında götürsək, müasir musiqi yekcins bir hadisə deyil, burada çoxlu sayda bir-birindən fərqlənən, hətta bəzən bir-biri ilə ziddiyyət təşkil edən üslubi cərəyanlar vardır. Müasir musiqi yalnız həmin dövrdə sənətə gələn gənc bəstəkarların yox, həm də o vaxta qədərki əsərləri ilə dünya şöhrəti qazanmış İ.Stravinski kimi böyük sənətkarların yaradıcılığında təzahür edirdi. Müasir musiqi ənənəvi musiqidən yaradıcılıq və ifaçılıq texnikası baxımından da kəskin fərqlənir. Bir prinsipial fərq də odur ki, daha çox yaradıcının təbii duyğularına əsaslanan romantik musiqidən fərqli olaraq, müasir musiqi əsasən ideyaların ifadəsinə xidmət edir. Həm də digər postmodernist sənət cərəyanları kimi, burada da həmin ideyalar çox zaman əvvəlcədən deklorativ manifest şəklində bəyan edilir. Bütün bu amilləri nəzərə alaraq deyə bilərəm ki, müasir musiqiyə onu birmənalı şəkildə xarakterizə edən təklif vermək çətin, bəlkə də, qeyri-mümkündür.
-  Elə isə, bu musiqidə intellektuallıqla emosionallığın, ideya ilə hissiyyatın nisbəti, harmoniyası necə müəyyən olunur? Axı necə olsa da, sənət yaradıcılığı ilk növbədə insanın mənəvi duyğularının ifadəsi deməkdir?
-  Müasir musiqinin elə tanınmış nümayəndələri var ki, hissiyyat haqqında heç düşünmək belə istəmirlər. Onlar hələ Platondan gələn belə bir fikrə istinad edirlər ki, musiqi riyazi düsturlara əsaslanmalıdır. Belə bəstəkarların fikrinə görə, bəstəkar musiqinin fiziki-akustik qanunlarına uyğun olaraq yeni səs konstruksiyaları “kəşf etməlidir”. Onların anlamında bəstəkarlıq (hərfi mənada – “kompozisiya quran”) təxminən mühəndisliyə, konstruktorluğa bənzər bir məşğuliyyətdir.
Amma müasir musiqinin elə təmsilçiləri də var ki, dəqiq elmlərdən fərqli olaraq, musiqinin bir sənət növü kimi həmişə insanların hisslərinə, duyğularına təsir etməli olduğu fikrini birmənalı şəkildə qəbul edirlər. Onların fikrincə, musiqi sədaları insan qəlbinin ən incə tellərinə toxunmalıdır. Buna görə də müasir musiqidə Şərq motivlərinə bu cür önəm verilir.
Mənim ideyam odur ki, insan həyatda nə qədər qəddarlıqla, faciələrlə üzləşsə də, musiqi insana gözəllik duyğusu aşılamalı, ona gözəl anlar yaşatmalıdır. İncəsənətlə təmasda olmaq insana əlavə stress yox, ilk növbədə mənəvi, ruhi zövq və rahatlıq verməlidir, o, həyatdan küsməməli, ona daha da bağlanmalıdır.
“Muğam bizim musiqidə
ana dilimizdir”
-  Firəngiz xanım, siz Azərbaycan musiqisində “müasir musiqi” anlayışına doğru ilk addımları atmış böyük bəstəkarımız Qara Qarayevin yetirməsisiniz. Sizin bir bəstəkar kimi formalaşmağınızda Azərbaycan bəstəkarlarından daha kimlərin təsiri olmuşdur?
-  Bu suala cavab verərkən, təbii ki, ilk olaraq Üzeyir bəyin adını çəkmək lazımdır. Musiqisinin xarakterinə görə onu ancaq Motsartla müqayisə etmək olar. Bu musiqiyə yüzlərlə, minlərlə dəfə qulaq assanız da yenə sizə maraqlı gəlir, yenə orada nə isə yeni bir şey tapa bilirsiniz. Onun musiqisinin nikbin ovqatı, intonasiyası yeni doğan Günəşin parlaqlığını xatırladır. Bu musiqi bizim ürəyimizin döyüntüsü ilə həmahəng olan musiqidir. Üzeyir bəyin dahiliyi ondadır ki, janrından asılı olmayaraq, onun zəif əsəri yoxdur. Baxmayaraq ki, o janrların, demək olar ki, hamısını ilk dəfə olaraq yaradırdı. Heyrətli cəhət odur ki, Üzeyir bəy mükəmməl musiqi təhsili almasa da, Allahdan gələn vergi ilə bütün bu işləri görə bilirdi. Bizim mədəniyyət tariximizdə Üzeyir bəy kimi bir insanın olması Azərbaycan xalqının xoşbəxtliyidir.
Qara Qarayev mənim üçün təkcə sənət müəllimi yox, həm də mənəvi ata olub. Başqa nə deyə bilərəm?!
Ondan başqa mənim çox sevdiyim və çox yüksək qiymətləndirdiyim bəstəkar Fikrət Əmirovdur. Fikrət Əmirovun istedadı o qədər yüksək bir istedad idi ki, o, daha böyük sənət zirvələrinə ucala bilərdi. Bəzən mənə elə gəlir ki, onun bütün yaratdıqları sanki nə isə daha böyük bir sənət hadisəsinin yalnız başlanğıcı idi. Təəssüf ki, vaxtsız və qəfil ölümü bu yüksəlişi yarımçıq qoydu.
-  Sizin yaradıcılığınızda muğam musiqisinin təsiri çox güclüdür. Sizcə, sizin musiqinizi -  “Habilsayağı”, “Muğamsayağı”, “Şüştər”, “Dərviş”, “Çarpazlaşma” kimi əsərlərinizi Üzeyir bəyin muğam operalarından, “Arazbarı”sından, F.Əmirovun, Niyazinin simfonik muğamlarından, Q.Qarayevin “Yeddi gözəl”indən, A.Məlikovun “Məhəbbət əfsanəsi”ndən, F.Əmirovun “Min bir gecə”sindən, V.Mustafazadənin caz-muğam kompozisiyalarından sonra peşəkar musiqimizdə muğamatdan bəhrələnmənin növbəti mərhələsi kimi dəyərləndirmək olarmı?
-  Qərbdə də məndən tez-tez soruşurlar ki, sizin üçün və ümumən Şərq üçün muğam nədir? Məncə, Qərb musiqisindəki sonata janrı kimi muğam da insan həyatının hekayətidir. Həyatın doğuluşu, inkişafı, ölümlə üzləşməsi və mübarizəsi, sonda yenidən həyatın başlanğıcına qayıtması muğam dəsgahlarının aparıcı mövzusudur. Fəlsəfi mənada bu, insan həyatının modelidir. Muğam sənətinin ölməzliyini təmin edən də bu dərin məzmun və fəlsəfi mənadır. Onun haqqında əsrlərdən bəri nə qədər danışılsa, nə qədər yazılsa da, muğam hələ sona qədər kəşf olunmayıb.
Öz musiqimdə muğamdan bəhrələnməyin xarakterinə gəlincə, qiymətləndirmə mənasında mən bu barədə bir söz dey
ə bilmərəm, bunu dinləyici deməlidir.
Muğam bizim musiqidə ana dilimizdir. Musiqidə biz onun dili ilə danışırıq. Onu sevmək, ona bağlanmaq övladın anasına bağlılığı kimi təbii, doğma bir hissdir.
“Şərq-Qərb münasibətlərinə qarşıdurma yox, əməkdaşlıq mövqeyindən yanaşmaq lazımdır”
-  Öz əsərlərinizi “ifası çətin olan əsərlər” adlandırarkən nəyi nəzərdə tutursunuz
? Sizin əsərlərinizi yaxşı ifa etmək üçün musiqiçidən hansı keyfiyyətlər tələb olunur?
-  Bu fikir ilk növbədə, əsərlərin öz xarakterindən törəyir. Mənim musiqim nə sırf Şərq, nə də Qərb musiqisidir. Belə demək mümkünsə, həm məzmunca, həm də formaca onların hər ikisinin müəyyən elementlərini özündə əks etdirən sintez nümunəsidir. Buna görə də bu musiqinin ifaçısı həm Qərb musiqisi üçün səciyyəvi olan yüksək texniki peşəkarlıq vərdişlərinə, həm də Şərq musiqisinə xas olan incəlik və xırdalıqları ifadə etmək bacarığına malik olmalıdır.
Bu günlərdə keçirilən müəllif konsertimdə bizim musiqiçilərlə iş prosesindəki ünsiyyətim məni inandırdı ki, onlar yüksək istedada və peşəkar ustalığına malikdirlər. Ümid edirəm ki, onlarla yaradıcılıq əməkdaşlığımı bundan sonra da davam etdirmək mümkün olacaqdır.
-  Müasir dünyanın müasir musiqisinə Azərbaycan motivləri nə verir? Niyə məhz Azərbaycan musiqisi bu nüfuzu və mövqeyi qazana bilib? Qərb adamının (dinləyicisinin) rasional təfəkkürü sizin -  Şərq xanımının irrasional mənəvi dünyasını necə qavrayır, necə qəbul edir?
-  Qərbin özünün çox zəngin mədəniyyəti, o cümlədən mükəmməl musiqi sənəti var. Onları məftun etmək çox çətin, aldatmaq isə qeyri-mümkündür. Yüksək peşəkarlıq səviyyəsi olmasa, onlar sadəcə ekzotika xatirinə heç nəyi qəbul etməzlər. Onların repertuarına, konsert fəaliyyətinə daxil ola bilmək üçün, bu şərtlərin hər biri ödənməlidir: həm səviyyə, həm qeyri-adilik, həm özlərində olmayan gözəllik, həm də təbii ki, Qərb dünyagörüşünə uyğun olaraq, maddi cəhətdən sərfəlilik. Başqa cür böyük konsert salonlarını doldurmaq mümkün deyil.
-  Qərb-Şərq qarşıdurması barədə söz-söhbətlər müxtəlif sahələrə aid diskussiyaların mövzusuna çevrilmişdir. Sizcə, mədəni-mənəvi sahədə də belə bir qütbləşmə varmı, varsa siz bu maneəni necə dəf edirsiniz?
-  Mənə elə gəlir ki, bu məsələyə, eləcə də ümumən qloballaşma probleminə qarşıdurma mövqeyindən yox, sivilizasiyaların dialoqu və inteqrasiya mövqeyindən yanaşmaq və bu cür qiymətləndirmək daha doğru olardı. Ölkəmizin geosiyasi mövqeyi bizi buna bir daha sövq edir.
Müasir dünyada xalqımızın və Vətənimizin durumu elədir ki, biz düşmənlərimizin sayını artırmaqdan qaçmalı, dost qazanmağa çalışmalıyıq.
“Atamın ən əziz müraciət forması ”əfəndim" sözü idi"
-  Firəngiz xanım, siz neçə illərdir xaricdə – doğma dil mühitindən uzaqda yaşayırsınız. Əslində elə sizin mənsub olduğunuz Bakının elitar musiqi mühiti üçün də ana dilimiz o qədər doğma deyildi.
Ancaq siz onlardan və bir-iki dəfə xaricə gedib-gələndən sonra dilini yanılanlardan fərqli olaraq, nitqinizin təmizliyini və səlisliyini qoruya bilmisiniz...
-  Verdiyiniz qiymətə görə çox sağ olun. Düzü, mən həmişə əksinə düşünmüşəm ki, ana dilimi kifayət qədər yaxşı bilmirəm. Təmsil etdiyim mühitin qaydalarına baxmayaraq ana dilimizə qəlbən bağlı olmağım ailəmizdən gələn bir xüsusiyyətdir. Mükəmməl musiqi təhsili almaq xatirinə məktəbdə rusca oxusam da, ailəmizdə həmişə ana dilimizdə danışırdıq. Mənim rəhmətlik atam çox vətənpərvər və millətpərvər bir adam idi. Belə adamlara o zaman nəinki millətçi, hətta pantürkist deyirdilər. Atamın ən əziz müraciət forması “əfəndim” sözü idi. Bütün ömrü boyu Türkiyəni görmək arzusu ilə yaşadı və bu istəklə də dünyadan köçdü.
Atam bütün klassik poeziyamızı əzbər bilirdi. Övladlarında da ədəbiyyata və kitablara sevgi oyatmağa çalışırdı. Dünya ədəbiyyatı ilə yanaşı, mən öz ədəbiyyatımızı da
kifayət qədər mütaliə eləmişəm. Vokal janrlarında bəstələdiyim əsərlərdə Xaqaninin, Nizaminin, Nəsiminin, Xətainin, Füzulinin, Vazehin, Nigar Rəfibəylinin, Nəbi Xəzrinin poeziyasından dönə-dönə istifadə etmişəm.
-  Eşitdiyimizə görə, hərdən özünüz də şeir yazırsınız...
-  Ancaq özüm üçün... Dil məsələsində mən oğlumu nümunə bilirəm. Xaricdə təhsil alıb, ixtisasca politoloqdur. Ana dilimizlə yanaşı, daha dörd dili -  ingilis, alman, rus, türk dillərini mükəmməl bilir, bu dillərdə yazıb-oxuyur. Ancaq stolunun üstündən azərbaycanca kitablar heç zaman əskik olmur. Harda otursa, əvvəlcə masasının üstünə Azərbaycanın bayrağını sancır.
-  Xaricdə Azərbaycanı təkcə sənətçi kimi yox, həm də vətəndaş kimi təmsil etmək missiyası sizin üçün nə deməkdir?
-  Bu sahədə ailəmlə birlikdə gördüyümüz işlərdən, milli varlığımızın təsdiqi, təbliği üçün çalışmalarımızdan, bədxah qonşularımızın nə kimi təxribatları ilə üzləşməyimizdən açıq və geniş danışmaq istəmirəm.
Bircə onu demək istəyirəm ki, xaricdə mən özümü tək Azərabycanın yox, bütün türk dünyasının təmsilçisi kimi dərk edirəm.
-  Firəngiz xanım, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında sizin “İntizar” adlı yeni operanız tamaşaya hazırlanır. Xahiş edirik bu haqda və ümumiyyətlə, yaradıcılıq planlarınız barədə məlumat verəsiniz.
-  Bilirsiniz, planlar çoxdur, ancaq mən görülməmiş işlərdən yox, görülmüş işlərdən danışmağı xoşlayıram. Opera üzərində artıq məşqlər gedir, buna görə də müəyyən məlumat vermək olar. Maestro M.Rastropoviçin təklifi ilə yazdığım bu əsər üzərində xeyli vaxtdır ki, işləyirəm. Professor Nərgiz xanım Paşayevanın librettosu əsasında yazılmış bu böyük həcmli opera Vətənimizin müasir tarixindən bəhs edir. Bu iş bütün yaradıcı kollektivdən böyük enerji və fədakarlıq tələb edir. Çalışırıq ki, hər şey yaxşı olsun.
P.S. Firəngiz xanımla söhbətimiz əsnasında o, böyük sənət uğurlarının təsdiqi olan daha iki ərməğan aldı. Sinqapurdan ona beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi xüsusi priz, Almaniyadan isə həyat və yaradıcılığına həsr olunmuş, yenicə çapdan çıxmış iri həcmli kitab göndərmişdilər.

Xalq qəzeti.-2007.-10 iyun.-S.6.