Əzizə
Mustafazadə: Çox xoşbəxtəm ki, Bakıya
gəlmişəm
İyunun 10-da Bakı
Caz Mərkəzində caz ustası Əzizə
Mustafazadənin mətbuat konfransı keçirilmişdir.
Jurnalistlərin suallarına cavab verən Əzizə, ilk növədə, uzun illər Vətənə gələ bilməməsi məsələsinə aydınlıq gətirmiş, guya Bakıya gəlmək istəməməsi barədə şayiələri təkzib etmişdir. Ə.Mustafazadə demişdir ki, konsertin necə keçməsini və mənim əhval-ruhiyyəmi nəzərə alsaq, buraya gəlmək istəmədiyimi demək olmaz. Belə şayiələr cəfəngiyyatdır. Səbəblər var və onların hamısı üzürlüdür. Bakı mənim doğma şəhərimdir və çox xoşbəxtəm ki, buraya gəlmişəm. Çünki çoxdankı arzum həyata keçmişdir. Azərbaycanda gələcək konsertlərinə gəidikdə isə, Əzizə bu məsələyə böyük məsuliyyətlə yanaşır, çünki Vaqif Mustafazadənin qızı olmaq buna vadar edir.
Vaqif Mustafazadə kimi parlaq şəxsiyyətin yerini heç kəsin, o cümlədən də özünün tuta bilməyəcəyini vurğulayan Əzizə demişdir ki, ona yalnız layiq olmaq mümkündür, lakin bu uğurun özü də nisbi olacaqdır. Bir sistemdə iki Günəş ola bilməz. Caz ustası vurğulamışdır ki, həm Azərbaycan cazı, həm də caz ifaçılarımızın caz komposiziyalarının böyük əksəriyyətinin əsasını təşkil edən muğam xaricdə böyük heyranlıqla qarşılanır, Muğam musiqidən də ucadır, öz dərinliyi ilə Qərb tamaşaçısını həqiqətən məftun edir.
Ə.Mustafazadə Bakıda keçirilən
Beynəlxalq caz festivalının səviyyəsindən
çox razı qaldığnı söyləmişdir.
Respublika.- 2007.- 12 iyun.- S. 7.