Azərbaycan mətbəxi əcnəbilər tərəfindən rəğbətlə qarşılanmışdır

 

İyunun 13-də Bakı Turizm Mərkəzində Ukraynada Azərbaycan kulinariya mədəniyyət (AKM) festivalına və Ukrayna dilində işıq üzü görən "Kulina" jurnalının "Azərbaycan kulinariya mədəniyyəti" adlı xüsusi buraxılışına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov bildirmişdir ki, son vaxtlar Azərbaycan mətbəxinin dünyada tanınması və sevilməsi istiqamətində böyük işlər görülmüşdür. Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə mayın 28-dən iyunun 7-dək Kiyevdə yüksək səviyyədə "AKM" festivalının keçirildiyini diqqətə çatdıran T.Əmiraslanov "Kulina" jurnalının xüsusi buraxılışının çap edilməsinin əhəmiyyətindən danışmışdır.

Festival çərçivəsində Ukrayna dilinə tərcümə edilmiş bu jurnalın Dnepropetrovsk, Xarkov, Donetsk və Kiyevdə paylanıldığını söyləyən natiq xüsusi buraxılışda Azərbaycan mətbəxi, onun tarixi, xörəklərin bişirilmə qaydaları, qədim mətbəx mədəniyyətimizi əks etdirən 51 miniatür və onlarca rəsmin əks edildiyini diqqətə çatdırmışdır.

Jurnalda "Azərbaycan mətbəxinə erməni ekspansiyası" sərlövhəli məqalənin dərc edildiyini vurğulayan Tahir Əmiraslanov söyləmişdir ki, əvvəllər nəşrin xüsusi buraxılışları yapon dilində və iki dəfə rus dilində çap edilmişdir.

Tədbirdə çıxiş edənlər bildirmişlər ki, "AKM" festivalının açılışında Ukraynada fəaliyyət göstərən 50-dən çox səfirliyin nümayəndələri, 35 səfir, diasporumuzun üzrləri ilə yanaşı, ictimai xadimlər, alimlər və Ukrayna Kulinariya Assosiasiyasının (UKA) üzvləri, onun vilayət bölmələri yaxından iştirak etmişlər.

Festivalın təşkilatçıları və milli kulinarlarımız UKA tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılmışdır.

 

Respublika.- 2007.- 14 iyun.- S. 8.