Mədəniyyət və Turizm nazirliyində Litva nümayəndə heyəti ilə görüş keçirilmışdir

 

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev iyunun 9-da Litvanın mədəniyyət naziri Yonas Yuçasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ə.Qarayev qonaqlara ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən islahatlardan danışdı. Nazir bildirdi ki, bu, Litvanın mədəniyyət nazirinin ölkəmizə ilk səfəridir. Azərbaycan Baltikyanı ölkələrlə, o cümlədən Litva ilə əlaqələrə böyük maraq göstərir. Biz danışıqlar aparmışıq və ikitərəfli əməkdaşlıq planlarının müzakirəsinə yaxınlaşmışıq.

Litva naziri Yonas Yuças səfər zamanı keçirdiyi görüşlər barədə qısa məlumat verdi, Heydər Əliyev Fondunda, xalça muzeyində olduğunu bildirdi. Bakı caz festivalının konsertlərində iştirak edən Litva naziri vaxtilə Kaunas caz festivalının təşkilatçısı kimi, Azərbaycanın caz ustalarının məharətini yüksək qiymətləndirdi.

İkitərəfli münasibətlərə toxunan qonaq vurğuladı ki, Litva YUNESKO-da, digər beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir.

Yonas Yuças bildirdi ki, 2009-cu ildə Vilnüs Avropanın mədəniyyət mərkəzi olacaqdır. O, Azərbaycanı iki iri layihədə - Litvanın 1000 illiyi münasibətilə bayram tədbirlərində və Mahnı festivalında iştiraka dəvət etdi.

Tərəflər mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığı genişləndirmək, qarşılıqlı mədəniyyət günləri keçirmək, incəsənət xadimləri mübadiləsi aparmaq qərarına gəldilər.

Sonda Yonas Yuças jurnalistlərin suallarına cavab verdi.

Görüşdə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas iştirak edirdi.

 

Respublika.- 2007.- 10 iyun.- S. 3.