Cazın şahzadəsi

 

Əzizə Mustafazadə: "Azərbaycanlı qızı olduğumu heç vaxt yaddan çıxarmıram"

 

Onu "Cazın şahzadəsi" adlandırırlar. Elə bu adla da Əzizə Mustafazadə dünya turnesinə çıxır. O, yaş fərqindən, milliyətindən və irqindən asılı olmayaraq milyonlarla insanların qəlbinə yol tapıb. Unikal sintez və virtuoz improvizasiyaları tələbkar Avropa musiqisevərlərini heyrətə salıb. Əzizə onlara indiyə qədər duymadıqları bir zövq verib; Qərb musiqisi ilə Şərq musiqisinin harmonik çulğaşmasından yaranmış gözəllik bəxş edib.

Ancaq deyirlər ki, Əzizə Mustafazadə asılı və idarə edilən adamdır. Atasını itirəndə onun 9 yaşı vardı. Deyilənə görə, o, hətta bu mənəvi zərbədən uzun müddət müalicə olunub. Özünə gəldikdən sonra isə gün ərzində 18 saat musiqi ilə məşğul olmağa başlayıb, hesab edib ki, məhz bununla atasının ömrünü uzada bilər. Anası Elza xanım isə inzibati vəzifəni öz boynuna götürüb.

Atasının ilk nigahından doğulan Lalə adlı bacısı ilə Əzizənin karyerası demək olar ki, eyni vaxtda başlamışdı. Lalə xanım Fransada Qran-pri qazanandan sonra Paris Konservatoriyasının fortepiano sinfində dərs deməyə dəvət olunub. Onları qohumluq əlaqələri birləşdirsə də, deyilənə görə, bacıların bir-birləri ilə ünsiyyətləri yox idi. Sonra Əzizənin anası Bakıdakı mənzillərini satıb, buradakı qohum-əqraba ilə də bütün münasibətləri qırmağı təkid edib. "Dünya cazının şahzadəsi"nin başı karyerasına qarışıb.

Deyilənə görə, Əzizə 1999-cu ildə ingilis Pol Tomasla ailə qurub. Onlar təsadüfən - Əzizənin konsertində tanış olublar. Pol əvvəlcə onun musiqisini sevib. Sonra bu sevgi onu şəxsən caz ilahəsi ilə tanış olmağa sövq edib. Hətta evləndikdən sonra Pol təkcə Bakıya gələrək onun ailəsi haqqında daha çox məlumat əldə etmək istəyib. Pol Tomas Vaqif Mustafazadə ilə maraqlanıb, onun İçərişəhərdəki ev-muzeyində olub, məzarını ziyarət edib.

Ancaq Əzizə bir neçə ildir ki, hətta atasının qəbrini ziyarət etməyə də gəlmir. Deyəsən, nəhayət, tilsimlər qırılıb, "caz ilahəsi" bu dəfə Bakıda keçiriləcək növbəti caz festivalında iştirak etməkdən imtina etməyib.

 

Haqqımda hələ də şayiələr gəzir?

 

- Sonuncu dəfə Bakıya 90-cı illərin axırlarında gəlmisiniz. Deyəsən, br şirkəti atanızın xatirəsinə həsr olunan gecədə iştirak etməyə sizi razı sala bilmişdi. Şayiələr gəzir ki, onda bu çıxışınıza görə görünməmiş qonarar tələb edərək, şərtiniz qəbul olunmayacağı təqdirdə pulsuz konsert verəcəyinizi bildirmisiniz.

- Bir neçə il bundan qabaq Bakıda keçirilən "Kaspi cazı və blyüz" festivalına dəvət olunmuşdum. Onda festivalın sədri Con Ferqyusson yurnalistlərə bildirmişdi ki, mən həmin festivalda iştirak etməkdən imtina etmişəm. "Əzizəni festivala dəvət etmək istəsək də, səylərimiz boşa çıxdı. Agentləri ilə əlaqə saxlamaq heç cür alınmadı. Agentlərindən biri isə açıq dedi ki, Əzizə Bakıya qayıtmaq və bu şəhərdə konsert vermək arzusunda deyil" -deyə bildirmişdilər. Mənim isə onda doğrudan da qabaqcadan planlaşdırılan konsertim vardı. Ona görə gələ bilmədim.

- Demək olar ki, siz bütün dünyada Azərbaycana və onun mədəniyyətinə qarşı maraq oyatmısınız. Deyirlər ki, gurultulu soyadınız sizə hələ böyük dividentlər də gətirir. Hətta danışırlar ki, uğurlarınız təgcə soyadınız və öz istedadınızla bağlı deyil, atanızın tamamlanmamış əsərləri ilə də əlaqədardır. Yəni siz həmin əsərləri işləyərək öz adınıza çıxırsınız.

- Mənim haqqımda hələ də şayiələr gəzir? Hətta kar adam belə, mənimlə atamın yaradıcılığı arasındakı fərqi ayırd edə bilər. Düzdür, bəzən atama bənzəməyə çalışıram, amma bu məndə hər dəfə alınmır. Yox, əgər, məni dinləyənlər fikirləşirlər ki, Vaqif Mustafazadənin kompozisiyalarını özümünküləşdirmişəm, onda məni yalnız təbrik etmək olar. Yenə də təkrar edirəm, haqqımda deyilənlər şayiələrdən başqa bir şey deyil. Düzdür, Vətəndən uzaqlarda məni tanıyır, Vaqif Mustafazadənin qızı kimi alqışlayır, "Şərqin divi", "cazın şahzadəsi" adlandırırlar. Onu da danmırlar ki, mən Avropa musiqi bilicilərinə cazın sintezində əsil Şərq notlarını tanıda bilmişəm.

 

Gələcəyin musiqisi

 

- Səhnəyə ilk dəfə çıxdığınız gün yadınızdadırmı?

- O gün həyatımın ən unudulmaz və əziz anıdır. 1978-ci ildə atamla Ümumittifaq caz festivalının keçirildiyi Tbilisi şəhərinə gəldik. Həmin konsertdə ən yaxşı müğənni kimi çıxış elədim. İlk uğur sonradan həyatımda əhəmiyyətli rol oynadı. 1978-ci ildə atam Monakoda keçirilən Dünya caz festivalında birinci mükafat qazandı. Məşhur qaradərili trubaçalan Dizi Qelepsi həmişə deyirdi: "Vaqifin musiqisi ayrı planetdən eşidilir. Bu musiqi gələcəyindir!" Anam Elza xanımın da qeyri-adi istedadı vardı. O, yeni caz-muğam tərzində oxuyan ilk ifaçı idi. Belə bir ailədə doğulmaq böyük xoşbəxtlik idi. İlk dəfə musiqiyə həssaslığımın necə yaranmasını anam indi də təkrarlamaqdan yorulmur. Onda 8 aylıq olmuşam. Atam pianoda "Şur" muğamını improvizasiya edirmiş. Atamın ifası zamanı mən ağlamağa başlamışam. Hamı maraqlanıb ki, nə baş verib, mən nə üçün ağlayıram? Sonra anam musiqi ilə mənim hisslərim arasında əlaqəni hiss eddib və atamdan xahiş edib ki, qammanı dəyişib "Rast" çalsın.

Bu musiqini eşidən kimi mənim ağlamağım kəsilib. Ona görə də valideynlərim mənim uğurumu gözlənilməz hesab etmirdilər. Hər gün evimizdə Azərbaycan xalq mahnıları, muğam və caz eşidilirdi. Atamın rəhbərlik etdiyi "Sevil" kvartetinin bütün repertuarını əzbərdən bilirdim. Artıq o vaxt məndə improvizasiya qabiliyyəti, musiqi alətlərini və hamını heyran edən səs formalaşmışdı.

Sonra Bülbül adına məktəbdəki təhsil illəri öz bəhrəsini verdi. Səylərim, zəhmətsevərliyim, musiqi intuisiyam müəllimləri heyran edirdi. Onlar qeyri-adi yaddaşa malik olmağımdan danışırdılar. Hamı deyirdi ki, bu qızın böyük gələcəyi var. Sözün doğrusu, istedadım olsa da, gənclikdə bəstəkar və ya pianoçu olacağımı fikirləşmirdim. Rəsm, fiqurlu konkisürmə, balet məni əsir eləmişdi. Pianoda çalmağa laqeyd yanaşırdım. Musiqi məktəbində oxuyanda müəllimim "sənə təcrübə keçmək lazımdır" - deyə dönə-dönə deyirdi. Mənsə inadla "Mən təcrübə keçməyəcəyəm, nə vaxt istəsəm, onda da çalacağam" deyirdim. Kiminsə mənə diktə etməsini, "bunu mütləq etməlisən" deməsini heç xoşlamıram. Mən azadlığı sevirəm.

- Bəs bu inadkarlıqla ilk uğurunuzu nə vaxt qazandınız?

- 1986-cü ildə yenidən Tbilisidə keçirilən caz festivalında qızıl medala layiq görüldüm. Bu mükafat yaradıcılığımın layiqli başlanğıcına çevrildi. Əsas müəllimim olan atam həmişəlik idealıma çevrildi. Ancaq mən hamıya musiqi aləmində öz qabiliyyətimi, caz dünyasında hədər yerə olmadığımı və öz sözümü deməyə qadir olduğumu sübut etməyə çalışırdım. Buna nail ola bildiyimə görə xoşbəxtəm.

Konservatoriyanın tələbəsi olana qədər artıq bir neçə mötəbər festivalın və müsabiqənin laureatı idim. Artıq müstəqil olaraq öz bəstəkarlıq qabiliyyətimi, klassik musiqi və cazın ifaçısı kimi oriyinal yolumu müəyyənləşdirə bilmişdim. Başa düşürdüm ki, müasir musiqini müxtəlif yanrlarda inkişaf etdirmək üçün dərin bilik və klassik musiqinin istifadəsi lazımdır.

- Deyə bilərsinizmi, bu gün Vaqif Mustafazadənin qızı olmaqla hansı məsuliyyəti daşıyırsınız?

- Vaqif Mustafazadə virtuoz sənətkar idi. O, məharətini, istedadını beynəlxalq səviyyədə təsdiqləmişdi.

Atam öz caz-muğam improvizasiyaları ilə əsl əfsanəyə çevrilmişdi. Bu gün həyatda qazandıqlarıma görə atama borcluyam. Atamın ölümündən bir neçə il keçməsinə baxmayaraq, həmişə elə bilirəm ki, onun ruhu mənim yanımdadır. Digər tərəfdən, onun fiziki yoxluğunu heç cür ağlıma sığışdıra bilmirəm. Mənə elə gəlir ki, atam mənə göylərdən kömək edir. Onun adına layiq olmaq üçün gecə-gündüz çalışıram. Hərdən qüvvəm tükənir, işləyə bilmirəm. Belə anlarda atamın anama söylədiyi sözlər yadıma düşür: "Elza, mən tezliklə bu dünyadan köçəcəyəm. Çox az vaxtım qalıb. Ancaq bizim Əzizəmiz var, bacarmadıqlarımı o həyata keçirəcək". Onda mənim 6 yaşım vardı. Böyüdükcə, ata-anamın ümidlərini doğrultmağa bütün qüvvəmlə səy göstərirdim.

- Atanızı - idealınızı çox erkən itirdiniz. Karyeraya doğru çətin yolu adlayana qədər sizə çətin olmadı ki?

- Mənə elə gəlir ki, ölüm sadəcə bioloyi aktdır. Atamın ölümündən çox vaxt keçir, ancaq onun ruhu həmişə mənimlədir. Harada olmağımdan asılı olmayaraq, o mənim yanımdadır. O, dünyasını dəyişəndə mən balaca idim, hələ bu itkinin ağırlığını o qədər də dərk eləmirdim. Yalnız böyüyəndən sonra bu faciənin nə qədər böyük olduğunu hiss elədim. Başa düşdüm ki, biz dahi itirmişik!

Həyat çox ədalətsizdir. Atamın ölümündən sonra anam öz karyerasını dayandırdı, bütün diqqət və eneryisini mənə yönəltdi. Buna görə ona minnətdaram. Təsəvvür edə bilməzsiniz ki, o mənim üçün nələr edib. Mən onun musiqi qabiliyyətinə etibar etmişəm. Onun qeyri-adi ritm duyumu var. Bu mənə kompozisiyalarımda çox kömək edir. Atam da həmişə caz kompozisiya əsərlərini bəstələyəndə "Elza, sən ən yaxşı tənqidçisən, qulas as, necə fikirləşirsən, bu versiya yaxşıdır, yoxsa o biri?" - deyə onunla məsləhətləşərdi. Hər bir musiqiçinin şəxsi həyatını və yaradıcılığını etibar etdiyi insan olmalıdır. Şükür Allaha, mənimçün belə insan anamdır. Demək olar ki, bütün yarıdıcılıq yolumda köməkçim odur. O, həmçinin prodüser vəzifəsini yerinə yetirir. Uğurlarıma hamıdan çox sevinən də odur.

- Öz improvizasiyalarınızla nə demək istəyirsiniz? Bunlar yalnız atanızın tutduğu yolun davamıdırmı?

- Düzdür, mən caz ifa edəndə çox improvizə edirəm. Mənim kompozisiyalarım klassik cazdan fərqlənir. İstəyirəm ki, mənim musiqim insanlara müharibəsiz, nifrətsiz, sakit bir həyat yaşamaq hissi aşılasın. Bütün bunlar bəşəriyyətin təcrübəsinin dəhşətli aspektləridir. Həyat çox qısadır, onu daha da gözəlləşdirmək olar. Biz onu nə üçün primitiv hərəkətlərlə dağıdırıq, bunu başa düşə bilmirəm. Atam həmişə deyərdi ki, dünyanı musiqi xilas edəcək. Caz kompozisiyalarını ifa edəndə öz-özümə fikirləşirəm ki, doğrudan da insanları mahnı ilə sakitləşdirmək mümkündür.

Bu gün artıq səhnə mənimçün doğmadır. Mən özümü səhnədə evimdəki kimi hiss edirəm. Geniş tamaşaçı kütləsi qarşısında özümü rahat və sakit hiss edirəm. Caz kompozisiyalarımın ilham mənbəyi muğamdır. Muğam sevimli musiqidir. Mən ondan tipik ənənəvi formada istifadə eləmirəm. Mən onu klassika və avanqard musiqi ilə uzlaşdırıram.

 

Haqsızlıqdan susan ürək

 

- Bakı növbəti caz festivalına hazırlaşır. Belə bir festivalı təşkil etmək, vaxtilə, Vaqif Mustafazadənin ən böyük arzusu idi. Sizin orada iştirakınız yəqin ki, onun ruhunu da şad edər.

- Bakıda caz festivalının keçirilməsi atamın ən böyük arzusu olmuşdu. Ancaq bu işdə ona həmişə mane olmuşdular. İllərcə arzusunda olduğu bu festival onun ölümündən sonra keçirildi. Əsərləri çalındı, xatirəsinə həsr olunmuş caz kompozisiyaları səsləndi, adı dönə-dönə xatırlandı. Ölümündən sonra haqqında radio, televiziya verilişləri hazırlandı. Qəzet-yurnal məqalələri çap olundu. Haqqında film çəkmək, kitab yazmaq arzusu da yarandı. Ancaq butun bunlar ona sağlığında gərək idi. Onda, mənə elə gəlir ki, ömrü uzana bilərdi. Yadigar qoyub getdiyi əsərlər də daha çox olardı. Atama qarşı haqsızlıqlar çox oldu. Elə bu haqsızlıqlar da onun ömrünə son qoydu. Atam infarktdan dünyasını dəyişəndə 39 yaşı vardı. Vaqif Mustafazadə bəstəkarlıq fakültəsini bitirməmişdi. Ancaq iki konsert, simfonik əsərlər, sonatalar, çoxlu fortepiano prelüdləri, fuqalar, skertsolar, balladalar bəstələmişdi. 1300-dən çox caz kompozisiyasının müəllifi idi. "Əzizəni gözləyərkən" kompozisiyasına görə planetin ən yaxşı bəstəkarı sayılmışdı. Ancaq bəstəkarlığı haqqında diplomu yox idi. Odur ki, rəsmi olaraq "həvəskar bəstəkar" hesab olunurdu. Anam danışır ki, belə yanaşma atama ağır təsir edirmiş. O, nə qədər mahnılara həyat bağışlamışdı. Lent yazılarının çoxunun qonorarından imtina edirdi. Təki fonotekaya düşsün, hərdən radioda səslənsin. "Bayatı şiraz" kompozisiyası üçün çox çalışmış, bəyəndirə bilməmişdi. Nə yaxşı ki, lent yazısı evimizdə qalıbmış. Çox sonra məlum oldu ki, bu kompozisiya mükəmməl bir sənət nümunəsidir. Televiziyada solo-konsert vermək istəyirdi, ancaq buna imkan vermirdilər. İndi onun iştirak etdiyi televiziya verilişlərinin heç birinin videoyazısı saxlanmayıb. Nə video, nə də kinolentdə bir solo-konserti qalıb. Azərbaycan televiziyası onun haqqında veriliş hazırlamaq istəyəndə, videokadrlar üçün Gürcüstan televiziyasına ağız açmalı olurdu. Onun yaratdığı "Sevil" kvartetini gözü götürməyənlər çox idi. Deyirdilər ki, axı, bu ansambl nəyə lazımdır. O nədir oxuyurlar, "Dayan zaman, dayan". Deyirdilər ki, Mustafazadə bizi inkişafdan əl çəkməyə çağırır. Onun mahnılarını mənasız adlandırırdılar. Bu mahnıları fonotekada dustaq eləmişdilər. Bir yığın mahnıları efir üzünə həsrət qalmışdı. Muğam-caz vəhdətini ifasında, yaradıcılığında təsdiqləmək atamın həyat məktəbi idi. Amma onun bu cəhdlərini az qala milli musiqimizə xəyanət kimi qiymətləndirirdilər. Atam həmişə deyirmiş: "Muğamla caz bir-birinə elə yaxındır ki, sanki muğam caz üçün yaranıb. Caz da, muğam da inprovizə musiqisidir. Cazın əsasını amerikalılar qoysalar da, onlar öz cazlarını ifa etmişdilər. Bizim muğam lad baxımından o qədər zəngindir ki, bu sahədə lazımi səviyyədə işləsən, dünya cazında çox maraqlı məktəb yaratmaq olar". Bununla bağlı onun çoxlu planları var idi. Kompozisiyalarının hamısını da caz-muğam vəhdəti üzərində qurmuşdu. Atam həmişə deyirmiş ki, caza sadəcə qulaq asmaqla onu qavramaq, dərk etmək çətindir. Burada da öyrənmək, eşitdiyini təhlil etmək, lazım gələrsə, müəyyən şeyləri professionallardan soruşmaq lazımdır. Caza, onun tarixini, ənənələrini və təbiətini bilmədən sadəcə qulaq asıb fikir demək olmaz. Caz ürək musiqisidir. Bu musiqi hər şeydən əvvəl ürəkdən gəlir.

Heyf ki, atama bu düşüncələrini istədiyi kimi həyata keçirməyə imkan vermədilər. Onun ürəyi haqsızlıqlara dözmədi.

 

Əzizənin altıncı hissi

 

- Bilmirəm, bunu da şaiyə hesab edəcəksiniz, yoxsa yox: sizdə öncəgörmələr olduğu haqqında da məlumatlar yayılıb.

- Yox, məndə altıncı hissin olduğunu gizlətmirəm. Baş verən təhlükəni qabaqcadan bilirəm və adamları xəbərdar etməyə çalışıram. Bir neçə dəfə insanları ölümdən qurtarmışam. Tanışlarım artıq "cümə axşamı, saat 18.30-da rul arxasında oturmayın və ya sabah şəhərə getmək lazım deyil" kimi sözlərimə adət edib. Xəbərdarlıqlarım özünü doğruldub. Bir neçə dəfə insanları real ölümdən xilas eləmişəm. Mən hətta Nyu-Yorkda baş verən 11 sentyabr hadisələrini də qabaqcadan hiss edirdim. Həmin faciəyə bir neçə saat qalmış qəribə bir yuxu görmüşdüm: hündür bina, yarısı aydın, yarısı qaranlıq göy qübbəsi... Faciəvi hadisələri intuitiv hiss edirəm. Bu vergi mənə valideynlərimdən keçib.

- "Dünya cazının şahzadəsi"nə gələcək planları barədə ənənəvi sual vermək yersiz səslənməz ki?

- Hazırda nəhəng layihələrdə işləyirəm, solo konsertlərlə çıxış edirəm, albomlar yazdırıram. Con Patituççi, Deyv Veykl, Omar Hakim, Tuts Tillemans, Bil Evans kimi dünya miqyaslı musiqiçilərlə əməkdaşlıq edirəm. Xaricdə yaradıcılıq fəaliyyəti ilə çox ciddi məşğul oluram. 6 albomumun işıq üzü görməsi buna sübutdur. Məndə olan məlumata görə, həmin kaset və disklərin pirat nüsxələri də Bakıda yaxşı satılır. Müxtəlif festival və müsabiqələrdə iştirak edərkən heç vaxt öz xalqımın qızı olduğumu yaddan çıxarmıram. Özümü azərbaycanlı ifaçı kimi təqdim edirəm. Onu da deyim ki, istənilən layihəmi atamın xatirəsinə həsr edirəm. Bu gün həyatda nə qazanmışamsa, ona görə atama bocluyam.

- "Caz ilahəsi"nin musiqidən kənar məşğuliyyəti varmı?

- Boş vaxtlarım olanda yağlı karandaşla şəkil çəkməyi xoşlayıram. Bu, vaxtımın keçməsinə kömək edən ən sevimli məşğuliyyətimdir. Çəkdiklərim də musiqi səslərinə oxşayır. Onları təsvir eləmək çox çətindir. Onlar caz, muğam, klassika və avanqardın qarışığının improvizasiyasıdır. Və yaxud o, daha çox mənim ifama, piano ilə səsin sintezinə bənzəyir.

- Caz həvəskarlarını bir sual düşündürür: elə isə Əzizənin 6-cı hissi onun vətənə qastrola gəlməyini nə zaman xəbər verəcək?

- İnşallah, bu günlərdə caz festivalında iştirak etmək üçün gələcəyəm. Bakı üçün, uşaqlığımın keçdiyi İçərişəhər üçün yaman darıxmışam.

 

Kaspi.- 2007.- 24 iyun.- S. 22.