Qaliboğlu E.

 

Yuğ teatrında  İlan dərisi

 

Bu günlərdə "Yuğ" teatrında Slaboden Şnayderin eyni adlı pyesinin motivləri əsasında "İlan dərisi" tamaşasının nümayişi oldu. Tamaşanın quruluşçu rejissoru David Sakvarelidzedir. Musiqisi Vato Kaxidzeyə məxsus olan tamaşada teatrın 8 aktyoru iştirak edirdi. David Sakvarelidze 1970-ci ildə Tiflis şəhərində doğulub. Tiflis Teatr İnstitutunda rejissor M.İ.Tumanişvilinin kursunu bitirib. Ş.Rustaveli, K.Marcanaşvili Kinoaktyor Teatrlarında işləyib. K.Qoldoni, K.Qotsi, müasir gürcü dünya dramaturgiyasının pyeslərini səhnələşdirib. "Pikkolo Teatro" (Milan, İtaliya), "Teatr Vork Şop" (Nyu-York, ABŞ), "Milli Teatr Studiya" (London, İngiltərə, bədii rəhbəri Piter Bruk) teatrlarında çalışıb. David Sakvarelidze "Qafqaz Teatr Laboratoriyası" Fondunun təsisçisidir. Hazırda Z.Paliaşvili adına Gürcüstan Dövlət Opera Balet Teatrının baş direktorudur.

Bir saata yaxın çəkən tamaşa rəmziliklərlə doludur. "Yuğ" sayağı tamaşada müxtəlif mürəkkəb məqamlar, hadisələr aktyorların hərəkətlərindən anlaşılır. Həm müəyyən məqamlar tamaşaçı üçün qaranlıq qalır. Morqda (ölüxanada) müvəqqəti məskunlaşmış Marta (Yaqut Paşazadə) Həsən (Qasım Nağı) faciəvi hadisəyə müxtəlif cür reaksiya verirlər. Sarsılmış Marta əsgərlər tərəfindən zorakılığa məruz qalmış qızın acı-ağrılarını duya onu mümkün qədər müdafiə edə bilir. Ümumən anlaşılan budur ki, ən bədbin, ruhsuz, ümidsiz məqamda belə insanın yaşamaq eşqi, başqalarını yaşatmaq keyfiyyəti əksər hallarda ölmür. İnsanı insanilik duyğusu, keyfiyyəti yaşamağa, yaxşı işlər görməyə daim sövq edir. Öldüyü zənn edilən, amma bir təsadüfdən sağ qalan Ezra (Mətanət Abbaslı) tamaşaçıya öz rolu ilə müəyyən mənada insanın ölüm-olum təzadını, aqibətini çatdıra bilir. Yeddi ay qaranlıq zirzəmidə - morqda Marta Həsənlə birgə qalmağa məcbur olan Ezranın - gələcək ananın sarsıntıları tamaşa boyunca onun sifətindən əskik olmur.

Tamaşada üç obrazın (Baltazar - Fərhad İsrafilov, Melxior - Saim Qəhrəmanoğlu, Kaspar - Yusif Novruzov) hərəkətlərində daim dəyişən, özünə, insanilik imkanlarına çatmamış adam xislətinin xeyir şər yönlərini müşahidə etmək olur. Qəfil səhnəyə daxil olan, əndrəbadi geyimli, dərvişə oxşar libaslı şəxslər müxtəlif yumorlu hərəkətlər edirlər.

Tamaşada "Doğulmamış uşaq - İlan" (Mikayıl Mikayılov) obrazı Martanın zorakılığa məruz qalmasının təcəssümü kimi anlaşılır. Əzranın uşaq yox, "ilan doğmasını" yəqin etməsi, qış gecələrində saatlarla ilanla "söhbət", hətta onunla "rəqs" belə etməsi surətin daxili aləminin tamaşaçı beynində müxtəlif assosiasiyalarını yaradır. İlanın qanlı köynəyinin tonqala atılması, sonda ənənəvi üçlüyün səhnəyə gəlişi ilə tamaşa başa çatır. Buradakı ilan obrazı mahiyyətcə insanın daxili şərinin ifadəsi kimi anlaşıla bilər. İnsanın daxilində tülkülük, canavarlıq, ilanlıq kimi mənfi keyfiyyətlər var. Lakin insan təkcə bunlardan ibarət deyil. İnsanın xeyir imkanı daha çox dərinlərdədir. Görünür, dramaturq müharibə fəlakətinin adamın xislətindən doğmasının ifadəsi nəticəsi kimi ilan obrazını təqdim etməyi qərara alıb. Lakin "dərisi yandırılmış ilanın" adam cildində yaşama, beləliklə cəmiyyətdə daim aldadıcı libasda cövlan etmək imkanı yenə qalır. qədər ki, adam daxilində ilanlıq ölməyib, onun hər an baş qaldırmaq, sancmaq təhlükəsi gerçəkliyə çevrilə bilər, necə ki, çevrilir.

Tamaşanın əvəzedici rejissoru Mikayıl Mikayılov deyir: "Bu tamaşanı gürcü rejissoru David Sakvarelidze qurmuşdu. O zaman mən bu teatra aktyor kimi dəvət olunmuşdum. Tamaşa 2 ildir ki, oynanılmırdı. Qərara gəldik ki, tamaşanı yenidən repertuara daxil edək. Tamaşada xüsusi bir dəyişiklik olmayıb. Tamaşa yazıçı Sloboden Şnayderin əsəri əsasında hazırlanıb, Yuqoslaviyada müharibə başlayan zaman hadisələrin gərginliyindən bəhs edir. Müharibə zamanı bir qadını yeddi əsgər zorlayır. Qadın həmin müdhiş hadisədən sonra hamilə qalır. Tamaşa qadının "uşaq doğsun, ya doğmasın" motivi üzərində qurulub. Ümumiyyətlə, əsər müharibəyə kəskin etiraz notları üzərindədir. Hadisələr morqda baş verir. Həsən müsəlman, Marta isə xristiandır. Onlar morqda yaşayırlar. Bu adamlar müharibə gedən şəraitdə canlarını qurtarmaq üçün gizlənirlər. Onu da deyim ki, pyes çox böyükdür. David əsəri xeyli qısaltdı. 8 günə belə bir əsərin qurulması asan deyildi. Amma əsas məzmunu saxlamışıq. Qeyd edim ki, David "Yuğ"un dəst-xəttindən o qədər xəbərdar deyildi. Bu tamaşanı Gürcüstanda oynamışıq, orada çox bəyənilib".

 

Xalq cəbhəsi.- 2007.- 2 iyun.- S. 15.