Üç əsrin müxtəlif dövrlərində yaranmış,
yaşamış və
yaşayan milli teatrımızın inkişafına,
tanınmasına can yandıranlar
çox olub. Onlar
hər əzaba, əziyyətə, hətta
təqiblərə belə
məruz qalıblar. Lakin amallarından, məqsədlərindən dönməyiblər.
Sevib-seçdikləri
sənətin fədailəri
olduqlarından bu gün də ehtiramla xatırlanırlar.
Belələrindən biri
uzun illər Gənc Tamaşaçılar
Teatrında fəaliyyət
göstərmiş, yüzdən
artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovdur. Tanınan rejissor, xalq artisti, Teatr Xadimləri İttifaqı
İdarə Heyətinin
sədri Azər Paşa Nemət də onun ailəsində
dünyaya göz açıb.
Uşaq çağlarında
Azər Paşanın
musiqiyə güclü
duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya
şöhrətli bəstəkar
Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik
illərində mahnılar
da bəstələyib,
amma gözlənilmədən
qənaətini dəyişib.
Sənədlərini Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun rejissorluq
fakültəsinə verib.
Məşhur rejissor Mehdi Məmmədovun kursunda oxuyub. Sevimli müəllimindən
sənətin sirlərini
öyrənib. Gənclərə,
xüsusən tələbələrinə
daim qayğı göstərən professor
Mehdi Məmmədovun təşəbbüsü ilə
onu institutda assistent-müəllim saxlayıblar. Diplom işi - "Qardaşım
klarnet çalır"
əsəri Gənc Tamaşaçılar Teatrının
rus bölməsində
göstərilib. M.Məmmədov
həmin gün iftixar hissi ilə
demişdi: "Oğul,
istedadının bir daha şahidi oldum. Sənətə sevgi səni bütün sınaqlardan üzüağ çıxaracaq".
1972-ci ildə orijinal mizanlarını, quruluşlarını
nəzərə alıb
Azər Paşanı Gənc Tamaşaçılar
Teatrına rejissor dəvət etdilər. Onun iki arzusu
vardı: atasının
keçdiyi yola sadiq olmaq, bir
də dərin hörmət bəslədiyi
müəlliminin etimadını
doğrultmaq. Bu məqsəd uğrunda apardığı yaradıcılıq
axtarışları hədər
getmədi. Tezliklə onu Leninqrad şəhərindəki Gənc
Tamaşaçılar Teatrına
dəvət etdilər.
Üç il orada çalışdı.
M.İbrahimbəyovun "Bütün
yaxşılıqlar üçün
ölüm", B.Brexin
"Üçüncü imperiyanın iflası",
Arxangelsk Dövlət
Teatrında R.İbrahimbəyovun
"Qum üzərində
ev", Tallin GTT-də Anarın "Şəhərin yay
günləri", K.Aslanovun
"Yuxulama" və
başqa tamaşalara quruluş verdi. Onların hər biri haqqında mətbuatda xoş fikirlər, resenziyalar yazılmış, rejissorun
xidməti yaradıcılıq
baxımından təhlil
edilmiş, yüksək
qiymət verilmişdi.
Azər Paşa Bakıya qayıtdıqdan
sonra yenidən Gənc Tamaşaçılar
Teatrında rejissor və baş rejissor vəzifələrində
çalışdı. Təxminən
on il ərzində
20-dən artıq səhnə əsərinə
quruluş verdi. V.Tendryakovun "Buraxılış
gecəsinin sonrakı
gecəsi", Ş.Tomun
"Necəsən, cavan
oğlan?", A.Tolstoyun "Buratinonun səfehlər ölkəsində macəraları",
Ç.Aytmatovun "Fudzi
dağında qonaqlıq",
M.Cəlilin "Danabaş
kəndinin məktəbi",
Anarın "Keçən
ilin son gecəsi" pyesləri əsasında hazırladığı
tamaşalar rəğbətlə
qarşılanmışdı.
Azər Paşa seçdiyi peşəyə
ürəkdən bağlı adamdı. Verdiyi mizanı dəfələrlə təkrar
edir. Əsərin mənəvi, psixoloji, mənfi-müsbət emosiyası, vurğuları
ilə yaşayır.
Obrazların xarakterlərini,
necə deyərlər,
ələkdən keçirir.
Tarixə, cəmiyyətə,
təmiz amallara biganələrin ümumiləşmiş
prototipini yaratmağa çalışır. Yurdsevərləri,
halal əməyə güvənənləri, əqidəsi,
düşüncəsi sağlam
olanları yaddaqalımlı
nüanslarla təqdim
edir. Hazırlayacağı
tamaşanın məşqlərinə
başlamazdan öncə
aktyor ansamblı yaradır. Onlarla geniş müzakirə, təhlil aparır. Dinləyir və istiqamət, məsləhət
verir. Bu səbəblərdən onun
tamaşaları əsl
sənət nümunəsi
kimi qarşılanır,
həvəslə baxılır
və sevilir. Əməkdar incəsənət
xadimi professor İlham Rəhimlinin qənaəti də belədir: "Azər Paşanın tamaşalarında
rejissorun fəlsəfi
fikri söz, hərəkət, musiqi və səhnə tərtibatının bədii
həlli arasında ahəngdar tərzdə paylanır. Onun hazırladığı, janrından
asılı olaraq hər səhnə əsərinin özünün
məxsusi ritm ahəngi var. Quruluşları geniş nəfəslidir, tamaşaçıları
darıxdırmır, səhnə
cazibəsi baxımından
təravətlidir, psixoloji
ovqatı müasir ruhludur. O, aktyorlara axtarış sərbəstliyi
verən rejissordur. Ancaq şöhrətli aktyorun belə oyununda professionallığa
xidmət etməyən
ifadə vasitələrinə,
yersiz nüanslara səhnədə yol vermir".
Teatrsevərlərin böyük
hörmətini qazanmış,
rejissorluqla yanaşı
ictimai-siyasi fəaliyyəti
ilə tanınmış
Azər Paşa Nemətov mənalı ömür yaşayaraq yaşının 60-cı
zirvəsinə çatıb.
O, bu müddət ərzində müxtəlif
teatrlarda 150-dən artıq tamaşaya quruluş verib. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
rejissorluq sənətindən
dərs deyir. Neçə-neçə
gələcək həmkarının
seçdiyi sənəti
mükəmməl öyrənməsinə
çalışır. Quruluş
verdiyi tamaşalar İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə yüksək
mükafatlara layiq görülüb. Andrey Popov
adına müsabiqənin
laureatı olub. 1987-ci
ildə əməkdar
incəsənət xadimi,
respublikamız müstəqillik
qazanandan sonra isə ulu öndər
Heydər Əliyevin sərəncamı ilə
xalq artisti fəxri adına layiq görülüb. Əlamətdar yubileyi ərəfəsində görüşdük.
O dedi:
- Qürur hissi ilə deyə bilərəm ki, bu gün teatr
sənətinə çox
böyük diqqət
yetirilir. Ümummilli liderin sözə, sənətkara qiymət verməsi kursunu möhtərəm Prezident
cənab İlham Əliyev uğurla davam etdirir. Son vaxtlar yüz
nəfərdən artıq
teatr işçisinə
fəxri adlar, Prezident mükafatları, təqaüdləri verilib.
Əlbəttə, bu qayğı bizləri daha da ruhlandırır.
Məcburi köçkün
həyatı yaşayan
rayon teatrlarına qayğı göstərilmiş,
münasib binalarla təmin olunmuşlar. Respublikamızın rayonlarında,
Bakı şəhərində
teatr binalarında əsaslı təmir işləri aparılır.
Cənab Prezidentin təşəbbüsü ilə
əsaslı bərpa
olunmuş Yaşıl
Teatrın açılışı
ictimaiyyət tərəifndən
alqışlarla qarşılanıb.
Bir sözlə, zəruri ehtiyaclarımız
vaxtında ödənilir.
Bunun üçün
inamla demək mümkündür ki, milli teatr sənətimiz
yaşayıb, yaşayır,
hələ çox əsrlər də yaşayacaq...
Azərbaycan.-2007.-21 iyun.-S.7.