O adamları yada salırlar ki, övladları vəzifədədir

 

Yaradıcılığı Milli Teatr tariximizin ayrıca bir səhifəsi kimi dəyərləndirilən

Hökümə Qurbanova isə layiq olduğu səviyyədə xatırlanmır

 

"Həqiqi sənətkar həmişə gəncdir. Çünki o, daim hərəkətdə, hər an axtarışda, hər an yoldadır. Onun xəyalları, əməlləri, elədikləri və eləmək istədikləri tükənməzdir. Onun üçün intəha, duruş, dayanacaq yoxdur. Hökümə Qurbanova belə sənətkarlardandır. Hökümə xanımın ömür-gün yolunu xatırladıqca, onun haqqındakı həqiqətin təkcə bir aktrisaya aid olmadığına inanırsan. O, milli teatrımıza aid həqiqətin ayrıca bir səhifəsidir. Ona soyuq bir rəftarla yanaşmaq, oradakı xoş hadisələrdən, gözəl misallardan həzz almamaq, sevinməmək, vəcdə gəlməmək mümkün deyil". Bu sözləri bir neçə il bundan qabaq görkəmli reyissor Mehdi Məmmədov Hökümə Qurbanovanın sənətinə heyranlığını ifadə edərək yazıb.

Belə insanlar haqqında adətən "Tanrının xoş vaxtında doğulub" deyirlər. Tale ondan heç nəyi əsirgəməmişdi. Nə ilahi gözəlliyi, nə də istedadı. Elə ömrü boyu bütün qapılar da üzünə istedadından doğan işığın gücünə açılmışdı. Bu işığın arxasınca uzun bir yolun ağına düşmüşdü.

İçərişəhərdəki evləri əsil sənət ocağı idi. Bu ocaqda ömrünü-gününü milli teatrımızın inkişafına həsr edən insanlar yaşayırdı. Xalq rəssamı Nüsrət Fətullayev, görkəmli aktrisa Hökumə Qurbanova və həyatla vaxtsız, ömrünün çiçəklənən vaxtında vidalaşan aktrisa Vəfa Fətullayeva...

Hökumə Qurbanova ilə Vəfa xanımı hamı tanısa da, təəssüf ki, ailənin başçısı Nüsrət Fətullayevin adı bu gün oxuculara heç nə demir. Teatr ictimaiyyətinin cavan nümayəndələri bəlkə də onun adını ümumiyyətlə eşitməyib. Azərbaycan teatr tarixində əvəzsiz xidmətləri olan bu rəssam haqqında nə yazan var, nə də xatırlayan...

 

Sənət yanğısı

 

"Elə insanlar var ki, bu dünyadan köç edəndə, onların itkisi illər boyu adamı yandırır. Hökümə Qurbanova da belə insanlardan idi. Onun haqqında ən gözəl sözlər yazılmalıdır. Çünki o, həm insanlığına, həm də sənətkarlığına görə ən yaxşı sözlərə layiqdir" - deyə aktrisaın həyat və faəaliyyətinə yaxından bələd olan reyissor Hafis Fətullayev danışır:

- Hökümə xanımın qəlbində sənətə dərin sevgi, səhnəyə əbədi məhəbbət ailələrində yaranmışdı. Anası Malikat xanım böyük bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Uzun müddət Füzuli (keçmiş Qubernski) küçəsində Müslüm bəyin olduğu evdə yaşayıblar. Hökümə xanımı teatra gətirən yollar da buradan başlanıb. Müslüm bəyin otağı qonaqsız, səs-küysüz olmazmış. Müslüm bəy təbiət etibarilə qonaqpərəst, xoşxasiyyət bir adam olduğundan, onu daha çox teatr həvəskarları, incəsənət maraqlıları, o vaxtın məşhur səhnə xadimləri əhatə edirdi. Hökümə xanım teatra çox sonralar gəlmişdi. Amma sənətə vurğunluq, səhnəyə sevgi ehtimal ki, onda həmin vaxtdan yaranmışdı. O gizli duyğunu, heç şübhəsiz, gözəllik duyğusu, sənət yanğısı adlandırmaq olardı.

Hökümə xanımın ata-anası da incəsənət vurğunu idilər. Ailədəki uşaqlara isə yalnız yaxşı oxumaq ixtiyarı verilmişdi. Odur ki, nəinki uşaq şıltaqlığından, nazından, hətta adi arzularından asılı olmayan yumşalmaz, dəyişməz, pozulmaz reyimdə dolanırdılar. Hökümə xanımın oxuduğu 38 saylı qız məktəbində, sonra daxil olduğu 33 saylı məktəbdə yaxşı musiqi, ədəbiyyat, dram, tikiş, idman dərnəkləri vardı. Valideynləri isə qısqanc bir maraqla, aramsız nəzarətlə uşaqlarının bu dərnəklərdə məşqlərini izləyirdilər... Onlar incəsənəti, xüsusilə musiqini çox sevirdilər.

Hökümə xanım ilk dəfə teatra Müslüm bəylə gedir. Gördüyü, dinlədiyi ilk tamaşa da "Leyli və Məcnun" olur. Evə qayıtdıqda isə tamaşada gördüyü səhra, qayalıq, mağara daim gözündə canlanır, cır-cındır paltarda ətrafı uzun-uzadı süzən pəymürdə bir adamın yanıqlı səsi hey qulaqlarında səslənir. Beləcə, həmin təsirdən qurtula bilməyən Hökümə xanım teatra ayaq açır. Onu teatra yaxınlaşdıran ilk cığır Ələsgər Ələkbərov və İşçi Teatrı ilə tanışlıq olur. Hökümə xanım Ələsgərlə nişanlı olduğu günlər hələ gənc aktyorlar sırasında sayılsa da, öz istedadı ilə seçilirdi. 1932-ci ildə İşçi Teatrı Gəncə şəhərinə köçürülür. Ələsgər Ələkbərovla toylarından sonra Gəncəyə yola düşürlər. Aktyorların əksəriyyəti teatr işçiləri üçün ayrılmış xüsusi binada olurdu. Onların mənzili Abbas Mirzə Şərifzadə ilə yanaşı düşmüşdü. Abbas Mirzə Hüseyn Cavidin "Şeyx Sənan" pyesini tamaşaya hazırlayırdı. Teatrın binası təmirdə olduğuna görə və darısqallıq ucbatından məşqlər tez-tez onun mənzilində keçirdi.

Hökümə xanım həmin günləri sonralar belə xatırlayırdı:

- Bizim mənzilləri nazik bir divar ayırdığı üçün məşqlərin gedişini, reyissorun qeydlərini, məsləhətlərini hər dəfə əvvəldən-axıradək aşkar eşidirdim. Özümün xəbərim olmadan burada keçən bütün məşqlərin iştirakçısı olurdum. Xumar rolunun ifaçısı o qədər də həssas, çevik olmadığına, ləng işlədiyinə görə, reyissor vaxtının çoxunu ona və Xumara aid parçaların təkrar məşqlərinə sərf edirdi. Mən bir müddətdən sonra ayılıb gördüm ki, Xumar rolunu əzbər bilirəm. Rolu günü sabah oynamağa hazıram. Beləliklə, sənətə gəlməmişdən çox-çox əvvəl aktrisa olmuşam, məşqlər eləmişəm. Abbas Mirzənin reyissorluğu ilə Xumar "hazırlamışam". Bu qəribə əhvalatı uzun illər bir mən bilmişəm, bir də Ələsgər Ələkbərov. Üstündən 23 il keçəndən sonra Dram Teatrda "Şeyx Sənan" tamaşası hazırlananda Xumar rolunda məşq və çıxış edəndə, tez-tez o qəribə hadisəni və o böyük sənətkarı minnətdarlıqla xatırlayırdım. Mən aktrisa olmaq arzusunu ilk dəfə həmin gizli məşqlərdən sonra duydum..."

Hökümə xanım səhnəyə qədəm qoyanda rəsmən kiminsə şagirdi olmamışdı, amma gördüyü görkəmli sənətkarlar və həyatın özü onun institutu olub. O, səhnəmizə gələndə Sona Hacıyeva, Mərziyyə Davudova, Fatma Qədri və başqa görkəmli aktrisalar öz sözlərini demişdilər. Səhnədə yeni ifaya ehtiyac vardı. Abbas Mirzə, Ülvi Rəcəb, Sidqi Ruhulla, Ələsgər Ələkbərov, Rza Əfqanlı və başqa sənətkarlarımız tamaşaçıları elə ovsunlamışdılar ki, onları bu heyrətdən ayıltmaq böyük hünər və fitri istedad tələb edirdi. Hökümə xanım gecəli-gündüzlü çalışdı, yoldaşlarından öyrənməyə can atdı, səhv, doğru fikirləri dinlədi. Əziyyətli günləri də çox oldu. Bəzən xətrinə dəydilər, fikirləri ilə hesablaşmadılar. Bəzən ən yaxşı məsləhətlərini qulaqardına vurdular, hardasa onun sənətinə inanmadılar. Təntidi, ağladı. Ancaq ürəyində yaman günün az olacağına ümidi, ən başlıcası isə öz istedadına inamı onu geri çəkilməyə qoymadı.

 

Dərin xarakterlər ustası

 

Səhnəyə onun simasında yeni aktrisa gəldi. O, fitri istedada malik, təbiət vergisilə zəngin, daxili və zahiri keyfiyyətlərinə görə cazibədar bir aktrisa kimi hamını heyran etdi. Çoxları onun əsirinə çevrilmişdi. Xüsusi bir istedadla yaratdığı rolları onun sənətini gözü götürməyənlərə ən yaxşı cavab oldu. Hökümə xanımın "Almaz"dakı Yaxşısını Cəfər Cabbarlı bəyəndi. "Fərhad və Şirin"dəki Məryəmini, Şirinini, "Vaqif"dəki Tamarasını hamı sevdi. O, Vilyam Şekspirin "Qış nağılı"ndakı Hermona ilə tamaşaçıları elə heyrətə gətirdi ki, o vaxt heç bir qəzet onun sənəti haqqında susa bilmədi. SSRİ xalq artisti, tanınmış reyissor N.Oxlapkov onun "Mariya Tüdoru"nu görəndən sonra Azərbaycan Dövlət Dram Teatrının Şekspiri açıq duyumla başa düşdüyünü alqışladı. 1956-cı ildə London səfəri zamanı "Oldviq" teatrının reyissoru onu Kleopatra rolunda gördükdən sonra sovet nümayəndəsindən xahiş etdi ki, bu aktrisanın iştirakı ilə daha bir tamaşa versinlər. Özü də Antoni rolunda Lourens Olivde oynayacaqdı. Təəssüf ki, ondan asılı olmayan səbəblər üzündən bu tamaşalar göstərilmədi. Şekspir qəhrəmanlarının ən yaxşı ifaçısı olan Hökümə xanım yüzdən çox ədəbi qəhrəmana səhnə həyatı verib. Aktrisanın həyatının ən maraqlı məqamlarından biri "Azərbaycanfilm" kinostudiyasında C.Cabbarlının ssenarisi və reyissorluğu ilə "Almaz" filminə çəkilməsi olub. Böyük dramaturq təsadüfən fotoqraf vitrinində Hökümə xanımın şəklini görüb, Yaxşı rolunu oynamaq üçün soraqlayıb. Sınaq uğurlu olub. Hökümə xanımın çəkildiyi bu film böyük müvəffəqiyyət qazanıb.

Hökümə xanımın rolları da böyük xarakterlər, dərin dramatizm, yüksək faciə ehtişamı ilə cilalanmış obrazlar idi. Bu obrazlar ayrı-ayrılıqda insan taleləri idi. Hökümə xanım bu obrazları həyatda olduğu kimi yaratsa da deyirdi: "Mən oynadığım qəhrəmanların heç birinə bənzəmirəm. Axı onların hərəsi bir fərddir. Doğrudur, hadisələr, dramatik vəziyyətlər arasında bənzərlik, oxşar zahiri əlamətlər tapmaq mümkündür. Lakin bütün bunların müqabilində onlar hardasa bir-birindən fərqlənir və ya digər keyfiyyətləri ilə seçilirlər. Bir-birinə zahirən oxşayan insanlar da düşüncə tərzinə görə, daxilən, mənəviyyatca eyni ola bilməzlər".

 

Təəssüf...

 

Aktrisanın şəxsi həyatındakı uğursuzluq obrazların dolğun olmasını sanki tamamlayırdı. Ələsgər Ələkbərovla ayrıldıqdan sonra həyatındakı natamamlıq ona əzab verirdi. Çoxları da onun taleyindəki yarımçıqlığa təəssüflənirdi... Hökümə xanım həyatında kiminləsə ünsiyyətə ehtiyac duyurdu. Tale onu teatrın baş rəssamı Nüsrət Fətullayevə yaxınlaşdırır. Onlar 25 ilə yaxın bir yerdə ömür sürürlər. Sevimli qızı Vəfa öz şıltaqlığı, mehribanlığı və səmimiyyəti ilə bu ailənin bağlarını daha da möhkəmləndirir. Hökümə xanım istəməsə də, qızının onun sənət yolunu davam etdirməsinə xeyir-dua verir. Qəlbində isə özü çəkdiyi əzabların, ağrı-acıları qızının da çəkməsini istəmirdi.

Vəfa dünyasını erkən dəyişəndə ömür boyu çəkdiyi ağrı-acılara dözmək üçün Hökümə xanım Allahdan möhlət istədi. Tanrı isə bu ağrını azaltmaq üçün ona yalnız bir illik möhlət verdi...

"Vəfanın ölümündən 2 ay sonra əmim vəfat etdi. Vəfanın ölümü onun üçün böyük faciə idi" - deyə Hafis müəllim danışır:

- Sevimli qızının ölümündən sonra Hökumə xanım da xəstələndi. Vəfanın ölümündan 10 gün keçəndən sonra onun haqqında "Ömür vəfa etsəydi" verilişini hazırlamağa başladım. Verilişdə Vəfanın yaşadığı ev, ata-anası, teatra gəlməsi, yaradıcılığa başlaması - hamısı əhatə olunmuşdu. Veriliş çox gözəl alındı. Hökümə xanım həmin verilişə "Leçkomissiya"da baxdı. Yadımdadır, bütün həkimləri palataya yığmışdı. Mən də, o da verilişin necə olacağı barədə həyəcan keçirirdik. Verilişdən sonra məni qucaqlayıb öpdü. Veriliş çox xoşuna gəlmişdi. "Ürəyimdən tikan çıxardın" - deyə doluxsundu.

Bir ildən sonra Hökümə xanım da dünyasını dəyişdi. Elə bil heç belə bir ailə yox imiş. O ocaqdan heç kəs qalmadı...

Çox təəssüf ki, teatr sənəti tarixində böyük xidmətləri olan bu insanlara qarşı son dərəcə ədalətsizlik edilib. Nüsrət Fətullayevin xatirəsi bu günə qədər əbədiləşdirilməyib. Onun haqqında indiyə qədər nə bir məqalə, nə bir monoqrafiya yazılıb, nə də bir veriliş çəkilib. Heç bir teatrşünas onun həyat və yaradıcılığını araşdırmayıb. Nüsrət Fətullayevi uzun illər can qoyduğu və adına başucalığı gətirdiyi teatrda da yada salan yoxdur. O adamları yada salırlar ki, onların övladları müəyyən vəzifədədir. Bizdə etinasızlıq, insanı qiymətləndirməmək halları var.

Hələ bu azmış kimi ömür-gün yoldaşı, yaradıcılığı teatr tarixində ayrıca bir səhifəyə çevrilən Hökümə Qurbanovanın xatirəsinə də ögeylik göstərilib. Hökümə Qurbanova teatrın ən gözəl aktrisası olub. Bəlkə yüz il sonra da belə bir aktrisa dünyaya gəlməyəcək. Eləcə də Nüsrət əmim kimi ikinci bir rəssam doğulmayacaq...

 

Kaspi.- 2007.- 12 iyun.- S. 16.