Teatrlar: pərdələr salınsınmı
Teatrlar problemləri
başdan aşa-aşa bu mövsümü də yola
salmağa, kollektivləri isə istirahətə yollanmağa
hazırlaşır. İstirahət deyəndə, Antalyada,
Bodrumda və ya başqa füsunkar istirahət
guşələrində dincələn 5-10 aktrisanı çıxmaq
şərtilə, qalanları elə bizim kimi Bakının
istisində yanacaq. Ancaq bu istirahətin də illərlə rol
üzünə həsrət qalıb səhnəyə
çıxa bilməyən və nəticədə daimi
istirahət edən aktyorlara qətiyyən aidiyyəti yoxdur.
Çünki onlar onsuz da mövsüm ərzində istirahətdədirlər.
Bəzilərinin fəxri ad, bəzilərinin prezident
təqaüdü və ya mükafatı, bəzilərinin
isə adicə rol həsrəti ilə bağlı intizarları
da öz yerində.
Söhbətimizin mövzusu heç də
sənətçilərin rol alıb-almaması və ya harda
istirahət etmələri ilə bağlı deyil.
Televiziyaların "maqazin" verilişləri,
qəzetlərin şou yazarları buna geninə-boluna yer
ayıracaqlar. Bizim söhbətimiz bəzi teatr
kollektivlərinin nisgilli ürəklə yollandıqları
istirahətdən qayıtdıqdan sonra doğma
teatrlarının taleyinin necə olacağı və hansı
işin-gücün qulpundan yapışacaqları ilə
bağlıdır.
Heç şübhəsiz, hər bir
dövrdə tarixin siyasi gərdişi, cəmiyyətin
ictimai-sosial dəyişiklikləri teatrın yaradılması
prosesinə, iqliminə və eyni zamanda, onun quruluşuna
təsir edib. Bu proses bu gün də özünü
göstərməkdədir.
Mövsümün bağlanması
ərəfəsində teatrların hazırkı durumuna
və repertuarlarına güzgü tutub öyrəndiyimiz
gerçəkliklərdən sizi də hali edəcəyik.
İlk növbədə ölkənin 1 saylı teatrı
sayılan Akademik Milli Dram Teatrın timsalında.
Demək olar ki, Milli teatrımız
səhnəsində ən çox tamaşa hazırlanan
teatrdır. Fərqi yoxdur, bu tamaşalar
dövlət sifarişi ilə, sponsor hesabına və ya
teatrın öz gücünə hazırlanır. Əsas odur
ki, kollektiv 134-cü mövsümündə Bəxtiyar
Vahabzadənin "İkinci səs", Mirmehdi Seyidzadənin
"Füzuli və Əsmər", Henrix İbsenin
"Oyuncaq ev", Tofiq Kazımovun "İmzanın hökmü",
Viktor Hüqonun "Kvazimoda", Tufan Minullinin "Alın
yazısı", Stefan Sveyqin "Sonuncu məktub" və
s. tamaşaların premyerasını keçirib. Mövsümün
bağlandığı günədək, yəni iyunun
15-dək teatr sonuncu premyerasını - Artur Millerin
"Körpüdən mənzərə"
tamaşasını təqdim edəcək.
Teatrın təmir işlərinə
gəlincə, kollektivin bəzi "şıltaq"
üzvləri Şəhriyar adına Mədəniyyət
Mərkəzində onlara müvəqqəti verilən
yerə getmək istəmədiyindən bu mövsümü
elə birtəhər köhnə divarlar arasında başa
vurublar. Ancaq onu da qeyd edək
ki, onların bəyənmədikləri bu
Mədəniyyət Mərkəzinin divarları arasında
hazırda iki kollektiv - Bakı Kamera Teatrı və Bakı
Bələdiyyə Teatrı fəaliyyət göstərir.
Və bu kollektivlərdə Xalq və Əməkdar
artistləri, istedadlı aktyorlar istənilən
qədərdir. Oynadıqları tamaşalar heç də
"Azdrama"nın təqdim etdiklərindən quruluşca
zəif deyil. Bir də lap "Azdrama"nın aktyor və
aktrisalarının "şıltaqlığ"ına
dözüb bir neçə ay Şəhriyar adına
Mədəniyyət Mərkəzinə
köçmədilər, bəs sabah necə olacaq? Hər
halda yeni və modern üsulla başdan-ayağadək qurulacaq
teatr binasının hazır olması nəinki 3-5 ayın,
heç iki ilin də söhbəti deyil. Qaldı ki, bu
müddətdə "Azdrama" kollektivinin necə tamaşalar
hazırlayacağına, yenə də bu Mədəniyyət
Mərkəzinin köhnə divarları arasında
canfəşanlıq göstərən Kamera Teatrının
nümunəsi yada düşür.
Sonuncu ölən ümidlər
1991-ci ildə yaranan Kamera Teatrı
adının estetik prinsipinə uyğun məzmunlu və
düşündürücü repertuar quraraq cəsarətli
eksperimentlər aparır. İki il bundan qabaq 15 illik
tarixlərini qeyd edən teatrın yubileyi demək olar ki,
səssiz ötüşüb.
Deyilənə görə, Şəhriyar
adına Mədəniyyət Mərkəzində
yerləşən kollektivə teatrların təmirə
dayandığı ərəfədə "Araz"
kinoteatrında işləməyi təklif ediblər. Ancaq
teatrın bədii rəhbəri Cənnət Səlimovaya
həmin məkanı bəyəndirmək mümkün
olmayıb. Ona görə yox ki, indiki yerləri əla
vəziyyətdədir. Ona görə ki, heç olmasa bu
şəraitsizliyə alışıblar. "Kinoteatrın
bir tərəfində kino göstərilir, bir
tərəfində çayxana işləyir.
Özünüz təsəvvür edin, bir də bizə o
qədər pulu kim verəcək ki, təmir işləri
görüb özümüzə normal şərait quraq?
Bizə pul ayırdılar, burda bəzi təmir işləri
gördük. Ancaq vəsait çatışmadığı
üçün təmir işləri yarıda qaldı.
Deyilənə görə, icra hakimiyyəti söz verib ki,
Şəhriyar adına Mədəniyyət Mərkəzini
təmir etdirəcək. Biz də ümidimizi ona
bağlamışıq".
Hələ ki, verilən sözdən iki
ildən çox vaxt keçir... Ancaq kollektiv ümiddən
düşmür. Öz repertuarına hörmətlə
yanaşan kollektiv klassiklərin əsərlərini
səhnələşdirməkdə davam edir. Truppa müdiri
Gülər Nəbiyevanın bildirdiyinə görə, kollektiv
mövsüm ərzində iki premyera - Hüseyn Cavidin
"Şeyx Sənan" və Sofoklun "Şah Edip"
əsərləri əsasında hazırlanan tamaşalarını
təqdim edib. Cənnət Səlimovanın quruluşunda
hazırlanan C.Cabbarlının "Aydın" əsəri
isə yeni mövsümdə təqdim olunacaq.
125 yaşlı sənət ocağı
İrəvan Dövlət Azərbaycan Dram
Teatrının direktoru İftixar Piriyevin bildirdiyinə
görə, bu mövsümdə hətta plandakından da
artıq tamaşa təhvil veriblər. İyunun 5 və
21-də Musiqili Klomediya Teatrında, 15-də isə Mahnı
Teatrında kollektivin bu mövsüm üçün
nəzərdə tutulan sonuncu premyerası keçiriləcək. Həmin gün
tamaşaçılara Ramiz Abdullayevin "Biznesmen"
tamaşası təqdim olunacaq. İ.Piriyevin
deməsincə, kollektiv bu mövsümdə Tamara
Vəliyevanın "Analar neyləsin" ("Mənim
ağ göyərçinim"), İlyas Əfəndiyevin
"Sən həmişə mənimləsən" pyesi
əsasında hazırlanan "Boy çiçəyi"
və Elçin Hüseynbəylinin "Hamının
günahı" tamaşalarını təqdim edib.
Teatrın direktoru həmçinin
dövlət sifarişi ilə hazırlanan Anarın
"Təhminə və Zaur" tamaşasının bina
problemi üzündən təmtəraqlı keçmədiyini
də bildirdi.
Onu da qeyd edək ki, 125 illik tarixi olan
teatrın ən ağrılı problemi - bina
məsələsi hələ də həll olunmayıb.
Teatrın tarixinə nəzər salıb demək olar ki, milli
səhnə sənətimizin salnaməsində xüsusi yeri
olan İrəvan Teatrının bəxtinə
"qaçqın teatrı" taleyi yaşamağa
başladığı vaxtdan gün doğmayıb.
Kirayələr, diqqətsizlik, inişil qeyd olunmalı olan 125
illik yubileyin keçirilməməsi...
Ötən il avqustun 31-də prezident İlham
Əliyev İrəvan Dövlət Azərbaycan Dram
Teatrının 125 illik yubileyinin keçirilməsi haqqında
sərəncam verəndən sonra kollektiv rahat nəfəs
almağa başlayıb. Ancaq o vaxtdan bəri bu
sərəncamın onlar üçün hansı qapılar
açacağı hamı üçün sirr olaraq qalmaqdadır...
Onu da qeyd edək ki, kollektivi
müvəqqəti olaraq "Nəriman Nərimanov"
kinoteatrında yer verilib. Ancaq orada kollektivin
çalışması üçün şərait
olmadığından köçə bilməyiblər.
Kollektiv birmənalı şəkildə ümidini
itirməyib ki, yubileyləri qeyd olanacağı təqdirdə
onlar da bina ilə təmin olunacaqlar. Necə inanmasınlar?
Axı deyirlər, ümid sonuncu ölür...
Şuşa Teatrının
"Savalan"ı
Təbii ki, dəyişikliklər Şuşa
Dövlət Musiqili Dram Teatrından da yan keçməyib.
Bakıda məskunlaşdıqdan sonra bu teatr
cəmiyyətdə baş verən hadisələrə
tamaşaları ilə müdaxilə etməyə
başlayıb. Bu gün teatrın tərcümeyi-halı
tamaşaları olsa da, onları oynamağa yer tapmır.
Hazırda kollektiv "Savalan" kinoteatrının
binasında yerləşir. Təsəvvür edin, teatr
ötən mövsümdə hazırladığı
Anarın "Təhminə və Zaur"
tamaşasının cəmi bircə dəfə
premyerasını keçirib. Növbəti tamaşaları
oynamağa isə səhnə tapmayıb. Çünki
kirayə səhnə tapmaq kollektiv üçün
həmişəki kimi problemdir. "Tamaşaları oynamaq
üçün səhnə axtarırıq. Tapanda tamaşanı
təqdim edəcəyik" - deyə kollektiv üzvləri
bildirdilər. Hətta aktrisalardan biri bir qədər uzağa
gedib: "Hərdən mənə elə gəlir ki,
teatrların axırı yaxınlaşıb" -
deməkdən də çəkinmədi.
Onu da qeyd edək ki, teatrın hazırda
məskunlaşdığı bina çox yararsız
vəziyyətdədir. Necə deyərlər, nə
qışlağı var, nə yaylağı. İstilik
sistemi həll olunmadığından aktyorlar soyuqdan
əsə-əsə zalda məşq edirlər. Havalar bir az
qızdımı, adına teatr dediyimiz bu məkanın
dörd divarı arasında qərar tutmaq olmur. İstidən
adamın bağrı çatlayır. Binaya
tamaşaçı cəlb olunmasından və teatrın
özünü bir sənət ocağı olaraq təqdim
etməsindən ötrü nə qədər vaxtın
lazım olduğunu söyləmək isə çətindir.
Yəqin ki, o vaxta qədər də Şuşa teatrı
olan-qalan tamaşaçısını da itirəcək.
Ah, bu binasızlıq...
Bakı Bələdiyyə Teatrının
bədii rəhbəri və direktoru Amaliya Pənahova
mövsümün onlar üçün uğurlu
keçdiyini - yeni premyeralarla və qastrol səfərləri
ilə yadda qaldığını bildirdi. Amaliya
xanım eyni zamanda, teatrın həll olunmamış bina
problemindən və sonuncu prezident sərəncamında
rəhbərlik etdiyi kollektivin heç bir üzvünün
fəxri ad və təqaüdçülər
siyahısına düşməməsindən doğan gileyini
də dilə gətirdi: "Vaxt olar, biz də yada
düşərik!"
Dövlət Gənclər Teatrı da eyni
taleni yaşayır. Teatrın direktoru Həsən
Həsənov bu il bir neçə tamaşanın
premyerasını keçirdiklərini söylədi. Kollektiv
"Dostluq" kinoteatrında həmişəlik
məskən salsa da, hələlik kinoteatrın
təmirindən soraq yoxdur: "Səhnə tapanda
tamaşalarımızı oynayırıq. Tapmayanda elə bu
kinoteatrın səhnəsində təqdim edirik. Bu
səhnəni birtəhər düzəltmişik". Onu da qeyd edək ki, rəhmətlik Hüseynağa
Atakişiyevin yaratdığı bu teatrın başı
elə əzəldən bəlalı olub. 17 ilə TXİ-nin
binasında dava-dalaşla, üzlərinin gücünə
yerləşən kollektiv onlara ayrıca bina veriləndə
nəhayət, talelərinə günəş
doğduğunu sanıblar. Ancaq hələ ki, bu
günəşin qarşısını buludlar kəsib...
Heç olmamaqdansa...
Təmirə dayanan teatr binaları arasında
təkcə Opera və Balet Teatrının və Musiqili
Komediya Teatrının adına rast gəlinmir. Üstəlik,
bu sənət ocaqları bir neçə kollektivin
məşqləri və tamaşaları üçün
öz səhnəsində müvəqqəti yer ayırıb. "Muskomediya"nın truppa müdiri Novruz
Qartal bizimlə söhbətində bu mövsümün
kollektiv üçün uğurlu keçdiyini söylədi.
Kollektiv Ramiz Mirişli və Marat Haqverdiyevin
"Qısqanc ürəklər", gənc reyissor
Mikayıl Mikayılovun dövlət sifarişi ilə
hazırladığı "Milyonçunun dilənçi
oğlu", Əhəd Hacıyevin
"Kələkbazlar" ("Subaylarınızdan
görəsiniz") tamaşalarını təqdim edib.
Bu günlərdə isə kollektiv Əli Əmirlinin "7
məhbusə" tamaşasının premyerası ilə
mövsümün sonuncu tamaşasını təqdim
etməyə hazırlaşır.
Teatrın təmir işlərinə
ehtiyacı olmasa da, yubileyinin keçirilməsinə
ehtiyacı var. Musiqili Komediya Teatrının 95 illik yubileyinin
keçirilməsi iki ildir ki, düyünə
düşüb. Rəsmi dairələrdə yubileydən
ara-sıra söz düşsə də, hələlik
teatrın rəhbərliyi də yubileyin nə vaxt
keçiriləcəyi haqqında səhih məlumata malik
deyil. Teatrın truppa müdiri N.Qartal da yubileyin hələ
də qeyri-müəyyən olduğunu bildirdi:
"Muskomediya"nın yubileyi hələ ki qalıb.
Əbülfəs Qarayev yubileyi keçiriləcək 2-3
teatrın adını çəkdi. Onlardan biri də bizim
teatr idi. Ancaq yubileyin nə vaxt olacağını
bilmirəm".
Yubileyi qeyd olunacaq digər sənət
ocağı Səməd Vurğun adına Rus Dram
Teatrıdır. 85 illik yaradıcılıq yolu keçən
Rus Dram Teatrı da digər sənət ocaqları kimi
təmirə dayanıb. Bu mövsümdə məşqlərini
Xətai Mədəniyyət Sarayında keçirən
kollektiv tamaşalarını Dənizçilərin
Mədəniyyət Evində təqdim edib. Həmçinin
kollektiv tamaşaçılarını itirmək problemi
ilə üzləşib. Ümidləri var ki, təmir
işləri başa çatandan və teatr öz
tamaşaçısını yenidən qaytarandan sonra
yubileyləri də yada düşəcək!
Mədəniyyət və Turizm Nazirliyinin
yubileylərlə bağlı cavabı birmənalıdır:
"Nazirlikdə baş verən dəyişikliklərlə
əlaqədar bu tədbirlər ləngiyib. Yeni nazirlik
formalaşıb, texniki məsələlər vaxt aparan
işlərdir. Yubiley tədbirləri nəzərdə tutulan
siyahıdadır. Ancaq nə vaxt olacağını deyə
bilmərik. Həm də teatrların təmiri ilə
əlaqədar yubileylərin keçirilməsi
ləngiyir".
Bu da məbəd və ya
həyatımızın güzgüsü sayılan
teatrlarımızın gerçək mənzərəsi...
Görünən yola bələdçi lazım deyil ki?
Kaspi.-2007.-6 iyun.-S. 16.