Mükərrəmoğlu M.
Dünən xalq artisti Məlik
Dadaşovun xatirə günü idi
Təbiətən narahat
adam idi. Bu xarakteri ona
bir çox obrazları yaratmaqda köməkçi olmuşdu.
Məlik Dadaşov Azərbaycan teatr və kino sənətinin
istedadlı, böyük
aktyorlarından idi. Onun yaratdığı qəhrəmanları birləşdirən
bir ümumi cəhət var idi. O da obrazın
daxilini açmağı
bacarmaq ustalığı
idi. Bu aktyorun ifa etdiyi obrazlarla ilkin tanışlıq həmişə tamaşaçını
əsərə bağlayırdı.
İstər-istəməz
onun gələcək
taleyini izləməyə
məhkum olurdun.
50 ilə yaxın bir dövr ərzində
Məlik Dadaşov milli teatr və
kinomuzun inkişafı
yolunda çalışıb.
Əsasən dramatik rolların mahir ifaçısı olan bu istedadlı sənətkar hər dəfə səhnəyə
çıxanda tamaşaçı
alqışlarının ardı-arası kəsilməzdi. O, sənətini bütün
varlığı ilə
sevirdi, bəzən eyni obrazın taleyini illərlə içində yaşadırdı,
onu özününkü
etməyincə səhnəyə,
yaxud ekrana çıxmazdı. Dəfələrlə
onun tamaşaçılarla
görüşünün, səhnəyə qalxanda keçirdiyi hisslərin şahidi olmuşam. Qürur hissi keçirərdi, deyərdi
ki, bu alqışlar
aktyor ömrünü
artıran amildir. Bütün aktyorların buna ehtiyacı var.
Mənə belə gəlir ki, aktyorlar dünyanın ən çətin ömür yaşayan insanlarıdır. Çünki
bəzən öz ömrümüzü yaşamaq
bizə asan başa gəlmir. Bəs onlarca insanların taleyini yaşayan aktyorlar rahat ola bilərlərmi?
Məlik müəllimin
qismətinə düşən
rollar isə çox narahat insanlardır. Onların ömür yolunu yaşamaq üçün
insana elə əslində bir ömür lazımdır.
Hansının adını
çəkim – Məşədi
Əzizbəyov, Nəriman
Nərimanov kimi tarixi şəxsiyyətləri
tamaşada və yaxud ekranda canlandırmaq
kimi çətin və məsuliyyətli vəzifə məhz Məlik Dadaşova həvalə edilmişdi.
O da sevə-sevə yaratmışdı
bu insanların obrazlarını. “İyirmialtılar”
filmindəki Məşədi
Əzizbəyov obrazını
xatırladım. Qürurlu,
öz əqidəsi yolunda ölümə getməkdən belə çəkinməyən bu
insanın obrazını
Məlik Dadaşov necə də təbii yaratmışdır.
Mənə belə gəlir ki, aktyorun öz içində bu obraza bir oxşarlıq
var. Yoxsa onu bu qədər
dürüst, aydın
və təbii formada tamaşaçıya
təqdim etmək olmazdı.
Əlbəttə, bütün
bu yaradıcılıq
nailiyyətlərində onun
keçdiyi məktəbin
də xüsusi rolu olub. Məlik
Dadaşov əvvəllər
musiqiçi olmaq istəyib. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirmişdi. Teatr İnstitutunda isə Adil İsgəndərov məktəbini keçmişdi.
Və öz müəllimi ilə “Axırıncı aşırım”
filmində tərəf-müqabil olanda sənətin məsuliyyətini
daha aydın hiss etmişdi. “Axırıncı aşırım”ı təsadüfən xatırlamadım. Bu filmdə o Qəmlonu
oynayırdı. Adil İsgəndərovun qəhrəmanı
Kərbalayının inandığı,
özünə yaxın
sandığı Qəmlo
əslində çox
mürəkkəb, təzadlı
bir roldur. O, filmin əksər münaqişələrinin mərkəzində
dayanır və filmə bütöv bir dinamik əhval-ruhiyyə gətirir. Qəmlo əzazildir, ancaq məqsədə doğru gedəndə ölümdən də çəkinən deyil. Mütəxəssislərin fikrincə,
filmin belə təsirli alınmasında
Qəmlo rolunun ifaçısının xüsusi
rolu olmuşdur. Ancaq əfsus ki, ümumittifaq kinofestivalının “kişi
rolunun ən yaxşı ifaçısı”
mükafatı alanlar sırasında onun adı yox idi.
Məlik Dadaşov məhsuldar işləməyi
xoşlayan aktyorlardan idi. Demək olar ki, elə
bir il olmayıb
ki, o həm
səhnədə, həm
də ekranda obrazlar yaratmamış olsun.
Nədənsə, Məlik
Dadaşovu hər dəfə xatırlayanda
“Atayevlər ailəsi”
televiziya tamaşası
yada düşür. Bu tamaşada ailə başçısı
Atayevin obrazını
yaradan aktyor elə bil özünü
oynayır. Bütün
daxili imkanlarını
səfərbər edən
aktyor tamaşada əsas hadisələrin fövqündə dayanır.
O, vəzifə adamıdır,
ancaq təmiz adı hər şeydən yüksək
tutur. Ancaq ailəsində baş verənlər onun karyerasına çox güclü təsir edir və günlərin
birində hər şey məhv olur.
İstər Milli Akademik Dram Teatrında,
istərsə də
S. Vurğun adına Azərbaycan
Dövlət Rus Dram Teatrında çalışdığı illərdə teatr sənətimizin inkişafı
üçün əlindən
gələni əsirgəməyib.
Şuriyyəni, Şapuru
“Fərhad və Şirin”də yaradıb, Kürd Musanı, Qacarı “Vaqif”də oynayıb,
Mazar bəyi, Nərimanı “Közərən
ocaqlar”da ifa edib. Şeksprin
“On ikinci gecə”, “Maqbet”, “Fırtına” əsərlərində
müxtəlif qəhrəmanların
obrazlarını canlandırıb.
Bu siyahı o qədər böyükdür ki, onu sadalamaqla qurtaran deyil. Amma əsas olan budur ki,
Məlik Dadaşov Azərbaycan aktyor sənətində öz yolunu seçə bilib. Klassik və müasir aktyor oyun tərzlərinin
sintezindən bəhrələnib.
Əlbəttə, onun
yaratdığı din
adamlarının obrazları
barədə də danışmamaq olmaz. “Dəli Kür” filmində oynadığı
Molla Sadıq çox nadir kino qəhrəmanlarındandır.
Onun ifasında qəhrəmanın xarakterinin
bütün çalarları
tamaşaçıya təqdim
olunur. Elə “O dünyadan salam” filmindəki Şeyx Nəsrullah da bu tip ekran
qəhrəmanlarındandır. Bu mürəkkəb, ziddiyyətli qəhrəmanın
xarakterik cizgilərini
Məlik Dadaşov xüsusi istedadla bizə çatdırır.
Məlik Dadaşov xalqın sevimli sənətkarı idi. Onun xidmətləri yüksək qiymətləndirilmiş,
müxtəlif orden və medallarla təltif edilmişdi. Ən əsası bu idi ki,
Məlik Dadaşov “xalq artisti” kimi
yüksək fəxri
ada layiq görülmüşdü. Dövlət
mükafatı laureatı
idi. Onun parlaq xatirəsi xalqın yaddaşında əbədi yaşayacaqdır.,
Xalq qəzeti.-2007.-28
iyun.-S.7.