Vəzirov C.

 

Naxçıvan teatrı

 

125 illiyə açılan pəncərə

 

Əməkdar incəsənət xadimi Baxşı Qələndərlinin Naxçıvan teatrındakı 20 illik fəaliyyəti teatrın həyatında mühüm mərhələdir desəm səhv etmərəm. Sankt-Peterburqda ali rejissorluq təhsili alan, uzun illər İrəvanda Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru kimi bir çox tamaşalar hazırlayan Baxşı Qələndərli 1964-cü ildən 1985-ci ilə qədər Naxçıvan teatrında fəaliyyət    göstərmişdir.

K.Ağayevanın "Məhsəti", B.Lavryonovun "Hücum", A.Şirvanzadənin "Nakam qız", V.İvanovun "Zirehli qatar-14-19", S.Vurğunun "Vaqif", C.Cabbarlının "Solğun çiçəklər", H.Cavidin "Şeyx Sənan", "Şeyda", H.Razinin "Arxalı dağlar", "Haray səsi", Ə.Yusiflinin "Səadət naminə", "Siz xoşbəxt yaşayın", M.Tarverdiyevin "Qəmküsar", H.Fətullayevin "Alınmaz qala", H.Dumbadzenin "Darıxma, ana", N.Nehrəmlinin "Qəmli günlər", S.S.Axundovun "Laçın yuvası", Ə.Yusifovun "Məhəbbət abidəsi", K.Holdoninin "Məzəli hadisə" əsərləri Baxşı Qələndərlinin zəngin rejissor yozumu ilə böyük diqqət çəkirdi.

Qədim sənət məbədinin tarixini araşdırarkən burada fəaliyyət göstərən böyük rəssamlar nəslinə rast gəlirsən. XX əsrin 10-cu illərində Naxçıvan teatrında tamaşaya hazırlanan əsərlərin əksəriyyətinin quruluşçu rəssamı böyük Azərbaycan boyakarı Bəhruz bəy Kəngərli olmuşdur. Bu tamaşalar sırasına "Ölülər", "Pəri Cadu", "Dağılan tifaq", "Bəxtsiz cavan", "Hacı Qara", "Müsibəti Fəxrəddin" kimi klassik əsərlər daxildir.

Sonrakı illərdə Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Məmməd Qasımov, Yuran Məmmədov, Mircəlil Seyidov, Sabir Qədimov, Məmmədli İsmayılov, Hüseynqulu Əliyev, Əbülfəz Axundov, Səyyad Bayramov, Əli Səfərli Naxçıvan teatrında ayrı-ayrı vaxtlarda quruluşçu rəssam işləmişlər. Yeri gəlmişkən yada salmaq istərdim ki, Naxçıvan MR Əməkdar incəsənət xadimi Məmməd Qasımov 30 ildən artıq  fasiləsiz olaraq Naxçıvan teatrının baş rəssamı işləmişdir. 105 tamaşanın quruluşçu rəssamı olan M.Qasımov özünün yüksək peşəkarlığı ilə fərqlənirdi.

Bir faktdan yan keçmək olmaz ki, Naxçıvan teatrının fəaliyyətində bəstəkarların da ayrıca yeri olmuşdur, xüsusən də Naxçıvanda fəaliyyət göstərən bəstəkarların. Onlar daim teatrla sıx əlaqə saxlamışlar. Ənvər Hüseynov, Adil Kəngərli, Səfər Rəcəbli, Məmməd Cavadov, Məmməd Ələkbərov, Rəşid Məmmədov, Ramiz Mirişli, Nəriman Məmmədov, Yusif Əsgərov, Şəmsəddin Qasımov, Əkrəm Məmmədov və başqaları Naxçıvan teatrında tamaşaya qoyulan əsərlərə maraqlı musiqilər yazmışlar.

Naxçıvan teatrında yerli müəlliflərin pyeslərinə həmişə böyük diqqət verilmişdir. Hələ 1929-cu ildə naxçıvanlı şair Müzəffər Nəsirlinin "Azadlıq günəşi" pyesinin tamaşaya qoyulması gələcək dramaturqların yetişməsinə, necə deyərlər,  xüsusi zəmin yaratmışdır.

Sonrakı illərdə Qurban Qurbanovun "Ayrım", "Xosrov Şirin", Əbülfəz Abbasquliyevin "Günəş doğur", İslam Səfərlinin "Göz həkimi", "Ana ürəyi", Hüseyn İbrahimovun "Torpaq təslim olur", "İtirilən sağlıq", Əliyar Yusiflinin "Vicdan əzabı", "Səadət naminə", "Gözüm yollarda qaldı", "Siz xoşbəxt yaşayın", Hüseyn Razinin "Günəş", "Odlu diyar", "Arxalı dağlar", "Haray səsi", Kəmalə Ağayevanın "Məhsəti", "İsmət", "Apardı sellər Saranı", Süleyman Rəşidinin "İki ananın bir oğlu", "Mən onu axtarıram", "Canlı heykəl", Həsən Elsevərin "Vüqarlı gözəl", "Alınmaz qala", Məmməd Tarverdiyevin "Kölgəli dağ", "Qəmküsar", Ramiz Muxtarm "Üfüqlər qızaranda", "Əgər sevirsə", "Şəhərli kürəkən", Novruz Nehrəmlinin "Qəmli günlər", Həmid Arzulunun "İnam", "Əlincə qalası", "İtilənən xəncərlər", "Ərsizlər arsızlar", Adil Qasımovun "Aylı gecənin qaranlığında", Elman Həbibin "Sahilsiz çaylar", Əliheydər Qəmbərovun "İlan yuvasında fırtına" səhnə əsərləri müxtəlif illərdə ayrı ayrı rejissorlar tərəfindən tamaşaya qoyulmuşdur.

Bu sənət ocağı repertuar tərtibində, aktyor və rejissor yaradıcılığında, tamaşaçıların estetik zövqlərinin formalaşmasında yüksək sənət meyarını daim əsas götürmüşdür. Elə bu prinsiplə də qədim Naxçıvan teatrı irəliyə doğru addımlayır.

Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan teatrının sənət mənzərəsində yeni axtarışlar, yeni qastrol səfərləri diqqəti cəlb edir. Teatr son illərdə repertuar tərkibinə xüsusi diqqət yetirir. Son ildə Naxçıvan teatrı səkkiz dəfə Türkiyə Respublikasına, onun ayrı-ayrı bölgələrinə qastrol səfərlərinə çıxmışdır. İstanbulda, Ankarada, Bursada, Ərzurumda, Qarsda, İqdırda qastrolda olan Naxçıvan teatrı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarını uğurla türk tamaşaçılarına göstərmişlər.

Naxçıvan teatrında musiqili əsərlərə geniş meydan verilmişdir. 1910-cu ildən ta bu günə kimi Azərbaycan bəstəkarlarının  Üzeyir Hacıbəyovun "Leyli Məcnun", "Əsli Kərəm", "Ər arvad", "O olmasın, bu olsun", "Arşın mal alan", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", "Evliykən subay", Fikrət Əmirovun "Gözün aydın", Səid Rüstəmovun "Beş manatlıq gəlin", "Durna", Ağası Məşədibəyovun 'Toy kimindir?", Süleyman Ələsgərovun "Ulduz", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", Vasif Adıgözəlovun "Boşanaq - evlənərik", Emin Sabitoğlunun "Hicran" başqalarının ayrı-ayrı opera operettaları Naxçıvan teatrında böyük uğurla tamaşaya qoyulmuşdur.

Xalq artisti Kamran Quliyevin, Əməkdar artistlər Yasəmən xanım Ramazanovanın, Rövşən Hüseynovun uğurlu rejissor işləri, Əbülfəz Axundovun, Hüseynqulu Əliyevin, Səyyad Bayramovun quruluşçu rəssam kimi fəaliyyəti tamaşaların əhatəli alınmasına, baxımlı olmasına təkan vermişdir.

Artıq yaranışınm 125-ci ilin yaşayan bu sənət ocağı müstəqillik yollarında inamlı addımlarını atır. Bu addımlarda qətiyyət, sağlam mövqe prinsipial xətt vardır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı özünün şanlı yubileyini layiqli yaradıcılıq işlərilə qarşılayır.

 

Mədəniyyət.- 2007.- 15 iyun.- S. 5.