Xəlilzadə
F.
Sona Hacıyeva – 100
Mədəniyyət tariximizin unudulmaz simalarından biri
olan xalq artisti Sona Hacıyeva milli səhnəmizin ən parlaq
ulduzlarından biri olmuşdur. O, elə bir zamanda
səhnə fəaliyyətinə başlamışdı ki,
bu ağır sənətə nəinki qadınların,
hətta kişilərin də belə gəlməsi xoş olmayan
münasibətlə qarşılanır, ağır
hadisələrlə nəticələnirdi. Görkəmli
səhnə ustalarından Əbülhəsən
Anaplının, Əbülfət Vəlinin, Hüseyn
Ərəblinskinin qətlə yetirilməsi çoxunun
gözünü qorxutsa da, millətinin sabahını
düşünən işıqlı insanları öz
əqidəsindən döndərə bilməmişdi. Belə bir qorxulu və çətin
şəraitdə teatra üz tutanlar, sənəti
ürəkdən sevənlər, xalqın savadlanması,
maariflənməsi üçün həyatlarını
çəkinmədən qurban verirdilər.
Azərbaycan səhnəsinin inkişafında
orijinal yaradıcılıq yolu ilə seçilən
aktyorlarla bərabər, aktrisalarımız da olmuşdur.
Teatr aləminə ilk dəfə qədəm
qoyanlardan biri Əzizə Məmmədova idi. Haqqında söhbət açdığımız
Sona Hacıyeva isə Əzizə xanımın
qızıdır. Bu ana-balanın teatr
aləminə qoşa gəlməyi mədəniyyət
tariximizin işıqlı səhifələrindən biridir.
Çünki onlar elə bir zamanda bu
cəsarətli addımı atdılar ki, məhz onların
gəlişi ilə Azərbaycan səhnəsində
Azərbaycan qadınının nəfəsi duyuldu.
Sona Hacıyeva 1907-ci ildə Şəkidə
anadan olmuşdur. Bir yaşında ikən
atası vəfat etdiyindən onu və qardaşını
babası Əbdülbağı Zülalov saxlamalı olub.
Vaxtilə Tiflisin məşhur
xanəndələrindən sayılan
Əbdülbağının da həyat yolu müxtəlif
şəhərlərdən keçib. Gah
Tiflisdə yaşayıb, gah Aşqabada köçüb, son
anda Bakıya gəlib. Beləliklə,
1919-cu ildən Bakıda yaşayan Sona xanımın anası
Əzizə Məmmədova elə o vaxtdan taleyini teatra
bağlayıb. Maraqlıdır ki, ana-bala
ikisi də Bakıda səhnəyə eyni ildə gəlib.
Bu barədə Sona Hacıyeva öz xatirələrində
yazırdı: "Bir gün anam mənə dedi ki, bu
axşam tamaşamız var. Gəl səni ora aparım, oturub tamaşa edərsən. Mən
çox sevindim. Yadımdadır ki, klubda bir kişi mənə yaxınlaşıb dedi:
"Qızım, sən bizə lazımsan. Bu
gün Çimnaz olacaqsan". Onun sözlərindən
təəccüblənib dedim ki, mənim adım Çimnaz
deyil, Sonadır. Özüm də Əzizə
xanımın qızıyam. Balaca Sona bir
də onda görüb ki, ona paltar geyindirirlər. Sonra da tapşırırlar ki, çıxarsan
səhnəyə, suflyorlar nə desələr, təkrar
edərsən. Balaca qız bu
sözləri təəccüblə qarşılasa da,
anasının səhnədə bülbül kimi
ötməsi onu ürəkləndirib. Səhnəyə
daxil olanda ayaqları əsib, dili tutulub, nə edəcəyini
bilməyib. Birtəhər
dolaşa-dolaşa suflyordan eşitdiklərini təkrar edib.
Bu, onun səhnədə ilk rolu idi. S.M.Qənizadənin "Axşam səbri xeyir
olar" tamaşasındakı Çimnaz surəti 13
yaşlı Sonanın teatr aləmində debütü oldu.
Gənc qızın səhnə qabiliyyətini,
istedadını hiss edən o dövrün görkəmli
aktyorlarından Mirzağa Əliyev və Hacıağa Abbasov
Sona Hacıyevanı əvvəlcə Bakı
İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər,
Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedər,
kənd zəhmətkeşləri qarşısında
çıxış edərdi.
1923-cü ildə Sona Hacıyeva Azərbaycan
Dövlət Dram Teatrının səhnəsində ilk rolunu
ifa edib. Ə.Haqverdiyevin
"Pəri-cadu" əsərində yaratdığı
Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox
xoşuna gəlib. Sonralar Sona Hacıyeva
uzun illər bu teatrda çalışaraq müasir və
klassik dramaturqların əsərlərinin tamaşalarında
diqqət cəlb edən obrazlar yaratdı. Bu elə bir dövr idi ki, Sona Hacıyeva Opera və
Balet Teatrında da çıxış etmək
məcburiyyətində qalmışdı. Çünki aktrisa tapılmırdı. Hüseynqulu Sarabski Sona Hacıyevanın aktrisalıq
məharətini və səsini o qədər
bəyənmişdi ki, daim onun istedadından istifadə
etmək istəyirdi. Sona Hacıyevanın
yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm
maraqla qarşılanırdı. Məşqlər
ağır və uzun çəkdiyindən Sona Hacıyeva
yazırdı: "Müslüm Maqomayev məni o qədər
oxutdu ki, bir müddət səsim tamam tutuldu".
Sona Hacıyevaya qədər operada qadın
rollarını ancaq kişilər oynayırdılar. Bu səbəbdən də Üzeyir Hacıbəyov,
Müslüm Maqomayev çalışırdılar ki,
geniş yaradıcılıq imkanlarına malik Sona Hacıyeva
daim opera səhnəsində çıxış etsin. Amma o dövrdə elə bir vəziyyət
yaranmışdı ki, Azərbaycan teatr tarixinin
bütövlükdə inkişafı Sona xanımın
həm opera, həm də dram teatrı səhnələrində
müntəzəm çıxışını
zərurətə çevirmişdi. Sona
Hacıyeva əgər bir tərəfdə muğam oxuyurdusa,
digər səhnədə dramatik obraz yaradırdı və
yaxud komik surətə çevrilirdi. Bütün
bunların öhdəsindən isə o, məharətlə
gəlirdi. Bir-birinin ardınca
müxtəlif səpkili, müxtəlif xarakterli obrazlar yaradan
Sona Hacıyeva sənət boyalarından o qədər
ustalıqla istifadə edirdi ki, bütün
çıxışları təbii və təsirli
alınırdı.
Sona Hacıyeva Azərbaycan səhnəsinə
adi bir aktrisa kimi gəlməmişdi. O, həm də
müxtəlif qadağalara, maneələrə,
təzyiqlərə, təqiblərə məruz qalmış
Azərbaycan qadınının bağrından
püskürən bir üsyana dönmüşdü. Cəhalət və nadanlıqla dolu aləmin iflasla
nəticələnəcəyini öz
yaradıcılığı, oynadığı rolların
monoloqları ilə dilə gətirirdi. Onun
yaratdığı obrazlar Azərbaycan qadınının
ağır taleyini, düşdüyü əzabları
güclü və emosional bir şəkildə
tamaşaçılara çatdırırdı.
Sona Hacıyeva 1920-ci ildən ömrünün
sonuna (1979) kimi Dövlət Dram Teatrının
səhnəsində Azərbaycanın klassik dramaturqlarından
tutmuş müasirlərinə kimi, eləcə də
dünya dramaturqlarının əsərlərində
müxtəlif obrazlar yaratmışdır. Mirzə
Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev,
Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Süleyman Sani
Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə
İbrahimov, Mehdi Hüseyn, Zeynal Xəlil, Sabit Rəhman,
İslam Səfərli kimi dramaturqların
əsərlərində müxtəlif obrazlara səhnə
həyatı vermiş Sona Hacıyeva dövrünün
görkəmli teatr xadimləri ilə tərəfmüqabil olmuşdu.
Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb,
Mərziyə Davudova, İsmayıl Osmanlı, Möhsün
Sənani, Mustafa Mərdanov, Ağasadıq GəraybəyliE
kimi korifeylərlə nəinki bir səhnədə, həm
də eyni tamaşada məharətli oyun nümayiş
etdirmək çətinliyi qədər də şərəfli
idi. Rejissor Adil İsgəndərov Sona
Hacıyeva ilə işləməyi çox sevirdi. O,
tamaşalarda Sona xanıma ayıracağı rolu dəqiq
və düzgün seçirdi. Bu
səbəbdən də gənc aktrisanın
yaratdığı obrazlar inandırıcı təsir
bağışlayırdı.
Sona xanımı səhnədə
görənlər yazırlar ki, o, öz obrazlarını o
qədər ürəkdən sevər, onlara qəlbən
bağlanarmış ki, səhnədə həyəcanını,
rəğbətini gizlədə bilmirmiş. Bu səbəbdən də ifaçılıq
üçün böyük ustalıq sayılan psixoloji,
gərgin anlar Sona xanımın keçirdiyi
həyəcanlarla qovuşaraq yeni bir çalar yaradırmış.
İkinci Dünya müharibəsi zamanı
həmkarları ilə birlikdə cəbhədə
azərbaycanlı əsgərlərin yanında olan Sona xanım
məlahətli səsi və xoş avazı ilə
döyüşçüləri qələbəyə
ruhlandırardı. Tamaşadan-tamaşaya
Sona Hacıyevanın yeni yaradıcılıq imkanları
üzə çıxardı. Mürəkkəb
bir zamanda səhnəyə gələn, 200-dən artıq
müxtəlif rollar yaradan, həm lirik, həm də komik
obrazların mahir ifaçısı Sona Hacıyeva
Azərbaycan kino sənətinin də inkişafında öz
töhfəsini vermişdi. "Bəxtiyar",
"Sevimli mahnı", "Qızmar günəş
altında", "O olmasın, bu olsun",
"Səhər" filmlərinə çəkilən Sona
Hacıyeva milli kinomuzun tarixində də böyük
xidmətlərin sahibidir. Onun bu əməyi
hələ o dövrdə "Şərəf
nişanı" ordeni və başqa medallarla təltif
edilmişdir.
Böyük dramaturqumuz Cəfər Cabbarlı Sona
Hacıyevanın teatr aləmindəki xidmətlərini
yüksək qiymətləndirərək yazırdı:
"Azərbaycanlı aktrisalar içərisində nəzəri
cəlb edən qüvvətli simalardan biri də Sona
xanımdır. Səhnədə keçən
günlər bu incə, zərif qızı böyüdüb
yaradıcı bir sənətkara çevirmişdi".
Həqiqətən də Azərbaycan teatr
sənəti öz inkişafının müxtəlif
dövrlərində bir sıra görkəmli
sənətkarlar yetişdirmiş və onların da
sayəsində tərəqqiyə çatmışdır.
Öz dövrünün reallıqlarını
müxtəlif tamaşalarda rolları ilə əks
etdirən, dolğun surətlər yaradan Sona Hacıyeva
Azərbaycan teatr sənətinin üfüqlərində
əbədi parlayan bir ulduz idi. Nə
illərin uzaqlığı, nə də aktyor və
aktrisaların bolluğu bu cür parlaq ulduzları
görünməz edə bildi. Çünki
alimlər təsdiqləyiblər ki, Günəşdən
də parlaq, odlu, hərarətli ulduzlar var. Sona Hacıyeva da o
nəhəng ulduzlar kimi bizdən uzaq olsa da, əbədi
parlaqdır.
Azərbaycan.-2007.-26 iyun.-S.7.