Səhnə
bataqlıq kimidir
Diqqətsizlik
səhnəmizin cəfakeş aktyorlarının çoxundan
yan keçməyib. Onlar
ömürlərinin ən yaxşı vaxtlarını
səhnəyə həsr ediblər. Sevinclərini orada
tapıblar, kədərlərini orada unudublar.
Səhnəyə çıxmaq, bəzən bircə
kəlmə söz demək üçün ən
ağır xəstəliklərini də yaddan
çıxarıblar. Layiqli rollar oynayıblar,
tamaşaçıların yaddaşında qalıblar.
Əvəzində isə özləri unudulublar,
diqqətdən kənarda qalıblar. Onların
zəhmətini, hallal haqqını sənətdə payı
olmayanlar mənimsəyib.
Opera və Balet Teatrının
qocaman aktyoru İsmayıl Ələkbərovun sənətkar
taleyi də bu qəbildəndir.
- İlk
dəfə musiqiyə həvəsim Rəşid Behbudovun,
Bülbülün səsinə qulaq asandan sonra yaranıb. O
qızıl səsləri eşidəndən sonra hətta
içimdə romans oxumağa da həvəs artdı. III
sinifdə oxuyanda Üzeyir Hacıbəyovun "Sənsiz"
və "Sevgili canan" romanslarını öyrəndim.
Qohumum Rəşid Tahirov da teatrda işləyirdi. O məndə musiqi istedadını görüb
"gəl, səni Opera Teatrına aparım" - dedi.
Əvvəlcə Asəf Zeynallı adına musiqi
məktəbində Seyid Şuşinskinin sinfində, daha sonra
İncəsənət İnstitutunda oxudum. İmtahan
verəndə sinifdə Kamil müəllim, Adil Gəray, Ceyran
Haşımova oturmuşdu. "Nə oxuya
bilərsən" - deyə soruşdular.
"Çahargah" muğamı hazırlamışam"
deyə cavab verdim. İfam xoşlarına gəldi. Seyid dedi
ki, bunu mənim sinfimə yazın. Üç il Seyidin
sinfində oxudum.
Hərbi
xidmətdən qayıdanda texnikumun direktoru Azər Abdullayev
idi. Çox ziyalı və gözəl insan olan Azər
müəllim məni yenidən oxuduğum sinfə bərpa
elədi. Seyid Şuşinski xəstə olduğuna
görə, Əlibaba müəllimin sinfində oxumağa
başladım. Canəli Əkbərov, Qaraxan Behbudovla bir
sinifdə oxudum. O vaxtdan dostluğumuz davam edir. Sonuncu kursda
isə gözəl xanəndə və pedaqoq Nəriman
Əliyevin sinfində dərs aldım. Həriman
müəllim də Seyid Şuşinskinin tələbəsi
olmuşdu.
- Bəs Opera Teatrının
səhnəsinə necə gəldiniz?
- O vaxtlar
səhnəyə çıxmaq çox çətin idi.
Qulu Əsgərov, Bakir Həşimov, Arif Babayev, Əli
Mehdiyev, Baba Mirzəyev kimi sənətkarlar səhnədə
çalışırdı. Belə bir zamanda mən də
səhnəyə gəlib onlarla çiyin-çiyinə
çalışmağa başladım. Hətta teatra olan
həvəsimə görə sözsüz rollar da oynamağa
razı idim. Teatrın baş reyissoru Firudin Səfərov
"Nikbin faciə" əsərini hazırlayırdı. O,
mənə səhnədə sözsüz rolda
oynayacağımı bildirdi. İlk dəfə
səhnədə Matros rolunda çıxış elədim.
Vaxt keçdigcə mənə başqa rollar verməyə
başladılar. 44 rubl da əmək haqqı alırdım.
Bu minvalla 5 il teatrda işlədim. Qulu Əsgərov və
başqa xanəndələr yaxşı səsimin olduğunu
bilirdilər. Toylarda bir yerdə çıxış
eləmişdik. Onlar bu barədə Bəhram Mansurova
danışmışdılar. O vaxt Bəhram müəllim
səhnəyə çıxanları özü seçirdi.
Onda qayda-qanun başqa idi. Hər adam səhnəyə
gələ bilməzdi. "Leyli və Məcnun"
operasında Zeyd rolunda oynamaq üçün səsimi
yoxladılar. Razı qalıb "indi sənə rol vermək
olar" - deyə bildirdilər. İlk səsli rolum Zeyd oldu.
"Leyli və Məcnun"da Zeynəb Xanlarova Leylini, Mais
Salmanov Məcnunu, mənsə Zeydi oynadım.
Səhnəyə "stayyor" kimi çıxsam da,
rollarımı oynayırdım. Beş il də beləcə
təcrübə keçdim. Beləliklə, repertuarda olan
bütün tamaşalarda iştirak elədim. Üzeyir
Hacıbəyovun "Koroğlu" əsərində rol
aldım. "Leyli və Məcnun"da Məcnundan başqa
demək olar ki, əksər rolları oynamışam.
- İndi yaşlı aktyorların
çoxu şikayətlənir ki, onlara rol vermirlər. Sizin
necə, bu barədə narazılığınız yoxdur
ki?
- Teatrda
yaşıma da, sənətimə də hörmət
edirlər. Teatrın müdiriyyəti mənə çox
məsuliyyətli iş - Azərbaycan operalarının
idarə olunmasını tapşırıb. Tamaşanı
idarə edən reyissordur. Mən də tamaşanın
quruluşu zamanı ona kömək edirəm. 10 ildir ki, bu
vəzifəni də icra edirəm. Tərif olmasın,
bütün əsərlərin hamısını
əzbər bildiyimdən, tamaşaların hamısını
mən idarə edirəm.
- Səhnəyə aktyor kimi
çıxmaq, yoxsa reyissor köməkçisi kimi
tamaşanı idarə etmək asandır?
-
Tamaşanın bütün məsuliyyəti reyissorın
üstündədir. Pərdə arxasında
tamaşaçıların bilmədiyi qəribə
hadisələr olur. Tamaşa başa çatana qədər
quruluşçu heyət həyəcan keçirir. Aktyor kimi
səhnəyə çıxmaq ondan qat-qat asandır.
Çünki aktyor kimi səhnəyə çıxanda
təkcə öz rolunun məsuliyyətini
daşıyırsan.
- Opera səhnəsinə
çıxan hər bir kişi aktyorun arzusu Məcnunu,
Kərəmi oynamaqdır. Bu obrazlar deyəsən sizdən yan
keçib?
- O vaxt indiki
kimi Məcnunlarımız çox idi. Mən özümü
İbn-Salam rolunda gördüm. Ən sevdiyim rol da İbn-Salam
roludur. Mən qabağa keçməyi xoşlamıram. O vaxt
radioda Xan əmi, Şövkət xanım oxuduğu
üçün utanıb ora getməzdim. Amma təsəllim
odur ki, oynadığım bütün tamaşalar
Qızıl Fonddadır. Nə qədər bu xalq
yaşayırsa, həmin tamaşalar da yad olunacaq və
məni yada salacaqlar. Onu da deyim ki, Məcnunu kəndimizdə
olanda, 19 yaşımda oynamışam. Ona görə də
ürəyimdə bu rolun niskili qalmayıb. Bir də ki,
bütün rollar gözümün qabağındadır,
hamını öyrədirəm və özüm də
həzz alıram. Bütün Azərbaycan tamaşalarında
da çıxış edirəm.
Mən
səhnədə o qədər çətinlik
çəkməmişəm. Çünki səhnəyə
özfəaliyyətdən gəlmişəm. Kiçik
yaşlarımdan səhnədə olmuşam.
Məktəbdə oxuyanda həmişə
tədbirlərdə xalq mahnıları oxuyurdum. Ona
görə də çox çətinlik çəkmədim.
Həmin təcrübəm get-gedə təkmilləşdi.
- Səhnəyə təzə
gəldiyiniz illərlə bu gün
çalışdığınız səhnənin
aurası çoxmu fərqlidir?
- Fərqi
çoxdur... O vaxtlar böyük
məsuliyyət hissi vardı. Aktyorlar tamaşadan 1-2 saat qabaq
teatra gəlir, mətnlə tanış olur,
çıxıb oynayacaqları səhnəyə
baxırdılar. Çünki bəzən səhnədə
cürbəcür anlaşılmazlıqlar baş verir.
İndi isə cavanlar gəlir, tələsik paltarını
geyinir, qrimlənib səhnəyə
çıxırlar. Mən bu gün də səhnəyə
çıxanda özümdən əvvəlki nəsli
gözümün qabağına gətirirəm və cavanlara
da bu yolu tövsiyə edirəm.
- Bəs o dövrün
tamaşaçı auditoriyası ilə bu günün
tamaşaçıları arasında hansı fərqləri
hiss edirsiniz?
-
Fərqlər çox böyükdür. O zaman
ayrı-ayrı rayonlar üçün tamaşalar
veriləndə inanın ki, bilet tapılmazdı. Hər
gün tamaşa göstərilirdi. Üstəlik gündüz
tamaşaları da olurdu. Mən tamaşaçıları
zalda ağlayan görmüşəm. Rübabə Muradova
"Leyli və Məcnun"da "Şam
pərdəsi"ndə oynayanda, biz pərdə arxasında,
tamaşaçı da zalda hönkür-hönkür
ağlayırdı. Gərək muğamı duyasan. Hər
adam muğama qiymət verə bilməz. Əgər dərk
edirsə, ondan həzz alır, huşyar olur. O vaxtın
tamaşaçıları çox zövqlü, musiqini
başa düşən adamlar idi. Tez-tez keçirilən
konsertlərimizdə Qulu Əsgərov, Zeynəb Xanlarova, Sabir
Əliyev, Arif Babayev oxuyardı. Həmçinin
vaxtaşırı rayonlara gedib zəhmətkeşlər
qarşısında çıxış edirdik. İndi
belə konsertlər demək olar ki, keçirilmir.
Gündüz tamaşalarına gəlincə, indi uşaqlar
üçün tətildən-tətilə 1-2 tamaşa
təşkil olunur.
- Pedaqoyi fəaliyyətə nə
vaxtdan başlamısınız?
- İlk
dəfə pedaqoyi fəaliyyətə Maştağada
Cəfər Cabbarlı adına 182 saylı nümunəvi
məktəbdə başlamışam. 20 ilə yaxın orada
işləmişəm. Daha sonra Əliağa Vahid adına 293
saylı məktəbdə çalışmışam.
1995-ci ildən Maştağada 10 saylı musiqi
məktəbində muğam sinifi açmışam. İndi
həmin məktəbdə 2 muğam sinifi fəaliyyət
göstərir. Tələbələrimdən ikisi - Zamiq
Əliyev və Fərhad Allahverdiyev Asəf Zeynallı
adına musiqi kollecini bitirib. 2002-ci ildə Fərhad
Allahverdiyev musiqi məktəbləri arasında
keçirilən muğam festivalında II yer tutub.
Müəllim kimi bu uğurlar məni çox sevindirir.
Tələbələrimin gələcəyinə çox
inanıram. Çalışıb istedadlı uşaqları
sinfə götürürəm. Onu da deyim ki, həm Opera
Teatrındakı işimi, həm də müəllimliyi
sevirəm. Bu işlərin bir-birinə mane olmaması
üçün vaxtımı dəqiq
bölüşdürürəm.
- Bu mövsüm teatrda
çalışmağınızın 38 ili tamam olur.
Çəkdiyiniz zəhmətin müqabilində
əməyiniz layiqincə qiymətləndirilibmi?
- Bayaq teatrda
böyük hörmətim olduğunu dedim. Müdiriyyətin
mənə hörməti sonsuz dərəcədir. Maddi
kömək lazım olanda, edirlər. Hər dəfə
fəxri ad veriləndə çağırıb "bu
dəfə keçdi, eybi yoxdur, gələn dəfə",
- deyirlər. Söz də verirlər. Bu minvalla 10-15 ildir ki,
söhbət davam edir. Cavanlar 3 il, 5 il səhnədə
oynayır. Onların adları var, bizimsə yoxdur.
Axırı bir dəfə dedim ki, belə olmaz. 38 ildir ki,
mən teatrın səhnəsindəyəm. Bir dəfə
də işimdən qalmamışam, həmişə
məsuliyyət hiss eləmişəm. Teatrda canımı
qoyuram. Oynamıramsa da, tamaşanı idarə edirəm. Amma
bunun müqabilində həmişə mənim
üstümdən keçiblər. Deyirlər ki, bu
"yuxarılardan" keçməlidir. Mənim
əməyim heç kəsin gözünə
görünmür. Yenə də ümidimi itirmirəm.
Bəlkə teatrın 100 illik yubileyində mən də yada
düşdüm.
- Elə isə bu laqeydlik
müqabilində səhnəyə hansı əhval-ruhiyyə
ilə çıxırsınız?
- Səhnə
bataqlıq kimidir, düşdünmü, oradan çıxa
bilməzsən. Sənəti sevdiyim üçün
həvəsdən düşmürəm. Sənətə
olan əsl həvəsi öldürmək çətindir.
Demək olar ki, bütün günüm teatrda keçir.
Nə vaxt gəlsəniz, məni orada görərsiniz. 50 il
səhnə təcrübəsi olan bir aktyordan
"səhnə necədir?" - deyə soruşsanız,
"səhnəyə çıxanda ayaqlarım əsir"
cavabını verər. Çünki məsuliyyət hissi
olmalıdır. Səhnəyə çıxanda hər
şeyi unudursan. Məni də saxlayan teatrdır.
Kaspi.- 2007.- 8
iyun.- S. 16.