Səhnədə 7 həyatda 1 Leylim var

 

Mənsum İbrahimov: «İçimdəki məcnunluğu ətrafdakılar görməyib»


Xalq artisti Mənsum Ibrahimov “Açıq söhbət”ə qonaq olana qədər, onun tək səhnədə deyil, həyatda da böyük eşq yaşadığını bilmirdik.
Sən demə, xanəndənin həqiqətən də Leylisi varmış.
- Mənsum müəllim, Məcnun rolunu oynayanda həqiqətən Məcnunun yaşadıqlarını duyursunuz, yoxsa sadəcə, rol oynayırsınız?
- Mən təkcə rol oynaya bilmərəm. Hər dəfə o obrazı həqiqətən yaşamağa çalışıram. Ümumiyyətlə, nə həyatda, nə də səhnədə rol oynamağı sevmirəm. Həm də bu təkcə oynanılası rol deyil. Füzulinin, Üzeyir bəyin yaratdığı obrazda fəlsəfə var. Bu halı yaşamaq lazımdır. Dediyim halı yaşamasam tamaşa alınmaz.
- Elədirsə, o zaman deyin, Məcnun olmaq gözəldir?
- Məcnun olmaq çox gözəldir. Yəni Məcnunluq yaxşı mənada yaxşıdır. Həm də bu həddində olmalıdır. Ifratçılıq olsa, artıq bu, mənasını itirəcək.
- Səhnədə çox Məcnunluq edirsiniz. Həyatda necə, Məcnun olmusunuz?
- Müəyyən qədər olmuşam və nəticəsi də yaxşı olub. Mən kənddə - Ağdamda yaşamışam. Ona görə tam məcnun ola bilməzdim. Kənddə müəyyən çərçivə var. Görüşmək olmayıb. Amma müəyyən münasibət var idi. Içimdəki hissi içimdə saxlayırdım. Içimdəki məcnunluğu ətrafdakılar görməyiblər. Aldığım tərbiyə adət-ənənədən kənara çıxmağa imkan verməyib. Azərbaycan adət-ənənəsiylə ailə qurduq. 4 övladım da bu izdivacın nəticəsidir. Həmişə deyirəm ki, səhnədə 7, həyatda bir Leylim var. Birdi və sona qədər belə də olacaq.
- Adətən aktyorlar tamaşa oynayanda bir anlıq tərəf müqabillərinə vurulurlar. 7 Leyliniz var. Nə vaxtsa, hansınsa vurulmusuzmu?
- Belə hal olmayıb. Çünki rol oynayanda hansısa aktrisaya baxmıram. Özümün yaratdığım, xəyalımdakı Leyliylə oynayıram. 15 ildir bu obrazı oynayıram. Indi də mənim üçün Məcnun ən ideal obrazdır. Indiyə qədər Füzulinin xəyalında yaratdığı Leyli ilə oynayıram. Tərəf müqabilinin sənət baxımından yaxşı oynaması mənim üçün önəmlidir. Amma vurulmaq məsələsi mümkün deyil.
- Məcnunun sevgisi sonradan ilahi eşqə çevrilir. Siz də ilahi eşqlə sevirsiniz, yoxsa sadəcə sevirsiz?
- Ümumiyyətlə, elə-belə sevgi yoxdur. Sevmək ya var, ya da yoxdu. Müxtəlif öyrəşmələr var-bu ayrı məsələdir. Amma sevmək bir məfhumdur. Adi sevgi ola bilməz. Sevgi elə qeyri-adilikdir. Indi məhəbbəti efirdə o qədər ucuzlaşdırıblar ki, insanlar artıq bunu qarışdırırlar. Sevgi sözlə deyilmir, yaşanır. Allah bu hissi hər insana vermir. Bəziləri deyir ki, məhəbbət boş şeydir. Belələrində o hiss yoxdur. Allah sevgini sevdiyi insanlara verir. Belə insanlara sevginin əzabı da xoş olur və sona qədər sevir. Sevgi insanı saflaşdırıb, kamilləşdirir. Ona görə də sevmək gözəldir.
- Sizcə, gənclər arasında indi Leyli-Məcnun var?
- 1990-cı il hadisələrində Ilhamla Fərizənin taleyi müasir Leyli və Məcnun deyilmi? Yalnız sevən insan öz canına qıyır. Bir çoxları tez-tez “qurban olum” deyirlər. Belələri məqamı gələndə heç canlarını qurban vermirlər. Çünki can şirin şeydir. Sevən adam isə uf demədən canını verir. Ilhamın yoldaşı kimi. Fərizə kimiləri bu gün də var. Bu olmasa, həyat mümkün deyil. Həyat sevənlərin üstündə bərqərar olub. Sevənlər olmasa, həyat başdan-başa cəhənnəm olar, xəbislik, müharibələr baş alıb gedər. Qəlbində məhəbbət hissi olan insan heç vaxt başqasına pislik etmək haqqında düşünə bilməz. Çünki onun qəlbində sevgidən başqa bir şey yoxdur. Yəqin hiss etmisiniz, həmişə sevən adamın üzündən gülüş, məhəbbət tökülür. Yəni həyata məhəbbətlə baxır. Sevməyən insan isə hər şeyi qara görür, həyata bədbin baxır. Belələri bədbəxt adamlardır. Hər şeydə nəsə pis, nöqsan tapırlar.
- Işiniz çox olduğundan evə gec gedirsiz. Ailəniz bunu narazılıqla qarşılamır?
- Mənim iş rejimim elədir ki, günüm çox gərgin keçir. Bir neçə yerdə dərs deyirəm. Teatrda da iş çoxdur. Qastrol səfərlərim olur. Tamaşalar, konsertlər, studiya yazıları xeyli vaxt aparır. Həyat yoldaşım məni başa düşür və işimə çox ciddi yanaşır. Amma vaxt tapan kimi bir az da olsa evdə olmağı, övladlarımla vaxt keçirməyi xoşlayıram. Adam var dincəlməyi başqa şeydə axtarır. Mən evdə istirahət etməyi sevirəm. Vaxt tapanda övladlarımın işləri, dərsləriylə məşğul oluram. Öz ailəmin qayğısını təbii ki, özüm çəkirəm.
- Tələbələrinizin hansı cəhətlərindən narazısınız?
- Ümumiyyətlə, bugünkü gənclik bizim dövrümüzdəki kimi deyil. Indi XXl əsr-texnika, kompüter əsridir. Informasiya bolluğu var. Bugünkü tələbələr daha müasirdilər. Tələbəm çoxdur. Çalışıram ki, onlar azərbaycançılıq xəttindən çıxmasınlar. Öz millətini sevsinlər. Birinci növbədə məşğul olduqları sənəti mükəmməl öyrənsinlər. Paxıl deyil, zəhmətkeş olsunlar. Çox sevinirəm ki, tələbələrim səhnəyə çıxanda hansı məktəbi keçdikləri bilinir. Zaman keçdikcə tələbə püxtələşir və öz yolunu tapır. Biz də ilk vaxtlar müəllimimizi yamsılayırdıq. Indi mənim öz obrazım var və bu obraz yalnız mənə aiddir. Mən tələbələrimə də deyirəm ki, siz özünüzü yaradın. Bu tamaşaçıya daha maraqlıdır. Özünüz kimi olun. Tələbələrimin böyük əksəriyyətindən razıyam. Birinci növbətə Təyyar Bayramovdan. Ona görə ki, öz üzərində çalışan gəncdir. Bu gün xanəndə, Opera və Balet Teatrının solistidir. Həm də sənət yoldaşımdı və Operada mənimlə çiyin-çiyinə çalışır. Bütün tələbələrimə onu nümunə göstərirəm və arzu edirəm ki, hər biri onun kimi olsun.
- Müsabiqələrdə münsiflərin tələbələrinin də iştirakı sonradan bir az qalmaqala səbəb olur. Bəlkə münsifin tələbəsinin müsabiqədə iştirakı düz deyil?
- Bu mümkün deyil. Əvvəla burda münsiflər heyəti bir nəfərdən ibarət deyil. Ikincisi, mən tələbəmin hüququnu necə pozum deyim ki, burda oxuma. Axı tələbə əvəzinə məüllim oxumur. Muğam müsabiqəsində 9 münsif var idi. Ən cavanı da mən idim. Müsabiqədə tələbəm olduğuna görə, müzakirələrdə iştirak etmədim. Bu ifaçıları xalq da görür. Bir məsələyə diqqət yetirək. Müsabiqə qurtarıb. Bu gün efirdə oxuyan, xalqın məhəbbətini qazanan həmin qaliblərdir. Hamının marağı o idi ki, daha yaxşı ifaçıları seçsinlər. Müsabiqədə ən tez çıxan iştirakçılardan olan Arzu Əliyeva indi dövlət tədbirlərinin əksəriyyətində oxuyur. Asəf Zeynallıda mənimlə birgə çox gözəl səsləri olan uşaqlar oxuyurdu. Indi onların əksəriyyəti ortada yoxdur. Çünki hər bir adam bu işin əziyyətinə dözmür. Boş-boş danışmaqdansa, əziyyət çəkmək lazımdır.
- Indiki ifaçılar öz üzərlərində kifayət qədər çalışırlarmı?
- Üzərində işləyən insanlar digərlərindən seçilirlər. Yəni onları hər birimiz görürük. Xalq musiqisi sahəsində istedadlı gənclər çoxdur. Gənclərə meydan açmaq lazımdır. Bir çox hallarda istedadlı gənclərə qısqanclıqla yanaşırlar. Mən onun əleyhinəyəm. Şərait yaratmaq, kömək etmək lazımdır. Bu gün oxumaq daha rahatdır. Bir müsabiqəylə 20 uşaq tanınır. Bizim vaxtımızda çox çətin idi. Bir dövlət televiziyası vardı və orada bir mahnı oxumaqçün 50 senzuradan keçmək lazım gəlirdi. Bu gün uşaq da çıxıb nə istəyir oxuyur, istədiyini danışır. Amma buna da bir az nəzarət etmək lazımdır. Mən bütün qadağaların əleyhinəyəm. Amma nəzarət olunmalıdır. Çünki efirə yaşlılar, uşaqlar baxır.
- Əvvəlki illərdən fərqli olaraq opera üçün əsər yazılmır. Bu nə ilə bağlıdır? Bəlkə gəlir məsələsi opera üçün əsər yazmağa mane olur?
- Opera gündə yaranmır. Bu çox çətin bir janrdır. Baxsaq görərik ki, dünyanın hər yerində illərdir ki, eyni əsərlər yeni quruluşda oynanılır. Opera 10-15 ildən bir yaranır. Bu gün yaranan əsərlər var. Vasif Adıgözəlovun “Natəvan” operası, bir neçə balet yazıldı. Indi bəlkə də daha çox mahınya maraq var. Estrada hər halda daha gəlir gətirən sahədir. Amma gözəl bəstəkarlarımız var. Inanıram ki, onlar yazacaqlar.
- Toylara gedirsiniz?
- Çox nadir hallarda gedirəm. Yəni toy müğənnisi deyiləm.
- O zaman nə ilə dolanırsız?
- Sənətimlə dolanıram. Yəni qastrol səfərim olur, prezident təqaüdü alıram.
- Toy mədəniyyətinin yox olduğu deyilir. Toyların ümumi vəziyyəti necədir?
- Toylar həddindən artıq müasirləşib. Hamısı bir-birinə oxşayır. Azərbaycanlı kimi narazılığımı toy edən insanlara bildirirəm. Hamı gözləyir ki, dövlət bunun üçün də bir qərar çıxartsın. Insanlar bu kimi halları narazılıqla qarşılasalar da, sabah övladının toyunda dediyimi təkrarlayırlar. Səs-küydən, bayağı müsiqidən, fonoqramdan şikayət edilir. Toyda da fonoqram olar? Son zamanlar diskoteka dəbə düşüb. Bu, Azərbaycan toyudur, diskotekanın buna nə dəxli var? Gözəl rəqslərimiz, musiqimiz var.
- Ordunun indiki vəziyyətindən xəbərdarsız. Oğlunuzun bu orduda xidmət etməsini arzulayardız?
- Niyə də etməsin? Bu, müstəqil Azərbaycanın ordusudur. Düzdür, müəyyən çatışmazlıq var. Arzu edirəm ki, ordumuz daha da güclənsin. Hər bir vətəndaşın borcudur ki, hərbi xidmət çəksin.
- Dağlıq Qarabağ məsələsi üçün danışıqlar aparılır. Bir qarabağlı kimi bu problemin həllini nədə görürsüz?
- Birinci növbədə hansı yolla olur-olsun, torpaqların qayıtmasını istəyirəm. Bunu hamı arzulayır. Qarabağlı olduğumdan bunu bəlkə daha çox istəyirəm. Şuşa bizim xalqın qürur mənbəyidir. Bu qürur yoxdur. Qarabağsız Azərbaycan muğamatı yetim qalıb. Torpaqların sülh yolu ilə qayıdacağına inanırıq. Amma onu da bilirəm ki, torpaq qanla alınır. Düşünürəm ki, sonda müharibə olacaq. Ermənilər elə məkrli millətdir ki, elə-belə torpaq verməzlər.
- Hər bir insan nə vaxtsa ya paxıllıq, ya da həsəd aparıb. Etiraf edə bilərsiniz, kimə paxıllıq etmisiz?
- Gənclik illərimdə yaxşı mənada paxıllıq etmişəm. Hər dəfə efirdə Arif Babayevi görəndə ona həsəd aparırdım. Istəyirdim mən də Arif Babayev kimi Məcnun rolunu oynayım. Bu istək və böyüdüyüm məkanın mənim xanəndə olmağıma təsiri oldu. Həmişə bir məqsədim olub-mən ən yaxşı oxumalıyam. Tələbələrimə də həmişə deyirəm ki, ya birinci olun, ya da heç olmayın. Həmişə ən yaxşı olmaq üçün çalışmışam. Bunun üçün əziyyət çəkmişəm. Bu əziyyəti bu gün də çəkirəm.
- Nə vaxtsa sizi əvəz edən Məcnun olsa, ona da paxıllıq etməzsiniz?
- Məndən başqa Səbuhi də Məcnunu oynayır və onun yaxşı Məcnun olacağına inanıram. Məndən savayı Məcnunların olmasını əslində istəyirəm. Tək olanda maraqsız oulr. Heç olmasa 5 Məcnun olmalıdır. Rəqabət olmayanda iş çətin olur. Hər kəsin öz dövrü var. Elə adam var, ondan savayı kimsənin olmasını istəmir. Belələri dar düşüncəli insanlardır. Istəsək də, istəməsək də yeni nəsil olmalıdır. Bunsuz mümkün deyil. Onları yaxşı öyrətməliyik ki, gələcək yaxşı əllərdə olsun

 

Azadlıq.- 2007.- 9 iyun.- S. 15.