Qaliboğlu E.
Köhnə
düşüncə tərzindən xilas olmaq lazımdır
Elxan Ocaqov: "50 il əvvəlki üslubla
tamaşaçının zövqünü oxşamaq
mümkün deyil"
Azərbaycan teatrlarının yeni dövrdə
qarşılaşdıqları maliyyə problemləri son
dövrlər, demək olar, qaydasına düşdüyü
bir zamanda hazırda bu mədəniyyət ocaqlarını
qayğılandıran əsas məsələ yeni
ideyaların tapılaraq
gerçəkləşdirilməsidir. Ş.Qurbanov
adına Dövlət Musiqili Komediya Teatrının direktoru
Elxan Ocaqovla söhbətimizdə bu və başqa
məsələlərə aydınlıq gətirməyə
çalışdıq.
- Hazırda teatr fəaliyyətinin
hansı mərhələsini yaşayır?
- Artıq 11
ildir ki, bu teatrda çalışıram. Bura
gələndən teatrın sərəncamçı direktoru
vəzifəsində mərhum direktor, xalq artisti Hacıbaba
Bağırovla çiyin-çiyinə
çalışmışam. On il əvvəl teatrın
çətin vaxtları idi: binası yox idi, həmçinin
repertuar baxımından kasadlıq vardı. Aktyorların bir
çoxu teatrdan bu və ya digər səbəbdən
getmişdi. Təbii ki, indiki vəziyyət birdən-birə
olmadı. 1998-ci ildə bizə bu bina verildi. Hazırda teatr
zəngin repertuara, həmçinin yaradıcılıq
qabiliyyətinə, potensiala malik aktyor heyəti ilə tam
təmin olunub.
- Bu tipli teatrlarda bir tamaşanın
araya-ərsəyə gəlməsi üçün
şübhəsiz, böyük yaradıcı heyətin
olması tələb olunur.
- Bəli,
işimizin çətinliyi də elə ondadır. Lakin
istər aktyor truppası, istər xor, balet, istərsə
də orkestr tam formalaşıb. Daim kollektivə yeni,
istedadlı gənclərin cəlb olunması ilə
bağlı fikirləşirik. Həmçinin
teatrımızın bir sıra işçiləri
Mədəniyyət və İncəsənət
Universitetində dərs deyirlər. Bu universitetdən
yüksək səs qabiliyyətinə, aktyorluq
məharətinə malik gəncləri teatra cəlb etdik.
Gənc aktyorların öz sənətlərinə sevgi
və məsuliyyətlə yanaşmaları məni çox
sevindirir.
- Teatrınızda
müşahidə edilən son yeniliklər nədən
ibarətdir?
- Teatrın həyatında
ilk dəfə olaraq yeni bir layihə həyata keçirdik. Bu
mərhələyə qədər aktyorların bir qismi
məşqlərdə iştirak edir, qalanları isə
təbii olaraq boş qalırdılar. Çünki bir
tamaşada aktyorların hamısına rol vermək
mümkünsüzdür. Qərarlaşdıq ki, paralel olaraq
teatrda bir neçə tamaşının məşqlərini
aparaq. Mürəkkəb fəaliyyət prinsipi olan teatrda
belə bir ideyanın gerçəkləşməsi
doğrudan da çətin idi. Amma işimizi elə qurmağa
çalışdıq ki, məşqlər biri-birinə
qarışmasın. Nəticədə teatrın repertuarı
zənginləşdi, hamı eyni vaxtda işləməyə
başladı.
- Burada maliyyə məsələsi
əhəmiyyətli rol oynayır. Bu
problemi necə həll edə bildiniz?
- Hər halda maliyyə problemi
olmadığı dərəcədə bu ideyanı
gerçəkləşdirə bildik. "Qısqanc
ürəklər" və "Milyonçunun
dilənçi oğlu" tamaşaları dövlət
sifarişi ilə hazırlanmışdı. Hesab edirəm ki, tamaşalar olduqca uğurlu
alındı. Bunun ardınca isə aprel
ayında "Kələkbazlar" tamaşasını
təhvil verdik.
- Deyəsən,
yeni tamaşanız olacaq?
- Bəli, bugünlərdə
Cavanşir Quliyev və Əli Əmirlinin "Yeddi
məhbusə anası" adlı tamaşanın
premyerası olacaq. Baş rolda xalq artisti Afaq
Bəşirqızı çıxış edir. Tamaşanın məşqlərinə
baxmışam, yaxşı alınıb. Tamaşaçını
bu gün teatra cəlb etmək hər halda asan deyil. Bu səbəbdən daim yeni layihələr,
proqramlar üzərində çalışırıq.
Sentyabr ayında teatr məzuniyyətdən
qayıtdıqdan sonra yeni ideyaların
gerçəkləşdirilməsinə
başlayacağıq. Gedişat bizə
onu deyir ki, teatrın həyatında kompleks şəkildə
işlər getməlidir. Səhnə
avadanlıqlarının müasir tələblərə cavab
verən səviyyədə qurulması, digər
tərəfdən də teatrın milli
dəyərlərə əsaslanan daha avanqard üslubda
fəaliyyət göstərməsi, dünya standartlarına
uyğunlaşdırılması istiqamətində kompleks
işlər görülməsi qərara alınıb.
20-30, hətta 50 il
bundan əvvəlki avadanlıqlarla, üslubla bugünkü
gənc nəslin, tamaşaçıların
zövqünü oxşamaq çox çətin
məsələdir. Sovet dövrünün
standart təsir qaydası, adamların əhvalına
sosialistsayağı müdaxilə psixologiyası vardı.
Tamaşaların quruluşunda, oyun
tərzində artıq bunları təkrar etmək olmaz.
Bugünkü tamaşaçı haradasa bir
yüngüllük, daha çox göz oxşayan,
zövqlə yaradılmış səhnə tərtibatı,
aktyorların hərəkətlərində bir dinamiklik,
çeviklik, müasir dövrün əhvalının
tamaşalara gəlməsini istəyir. Bu
məsələlər təkcə bizim teatrları
qayğılandırmır. Bu gün
dövrün tələbinə görə çox inkişaf
etmiş Avropa teatrlarında da yeni axtarışlar davam
etməkdədir.
- Yeri
gəlmişkən, İngiltərə teatrı ilə
əlaqələriniz necə yarandı?
- 4-5 ildir ki, "British Consile"in
xəttilə teatrımızda bu qəbildən bir
neçə tamaşa göstəririk. Bu
tamaşalar Azərbaycanda maraqla qarşılanıb. Hesab edirəm ki, bu ideyaları öz
tərəfimizdən Azərbaycanda reallaşdırmaq
çətin məsələ deyil. Baxmayaraq
ki, tamaşaçılara bu cür tamaşalar hədsiz
çətin başa gələn təəssüratı
yaradırdı. Həmin tamaşaların hazırlanma
stili ilə yaxından
- Bəs onda
belə tamaşaların bu teatrda olması üçün
nə çatışmır?
- Sadəcə, bir az
vəsait tələb olunur. Biz teatr
adamıyıq, potensialımızı
dəyərləndirməliyik. İnternet
vasitəsilə dünya teatrlarının bugünkü
durumunu izləyirəm, yenilikləri təhlil edirəm. Yuxarıda haqqında danışdığım
London Kiçik Opera Teatrı gəlib bizə pantomim tamaşa
göstərir. Onda bizim teatr nədən
müasir, avanqard tamaşa göstərə bilməsin?
Teatrın
həyatındakı zəruri yeniləşməni milli
keyfiyyətlərimizdən keçməkdə
görmürük. Bütün hallarda bu cəhəti unutmaq
olmaz. Xalqımızın
özünəməxsus dəyərləri var. Amma o demək
deyil ki, teatrlarımız sırf klassik ənənələr
əsasında inkişaf etməlidir. Mütləq
müasirləşmə, sintez getməlidir.
- Azərbaycan
teatr mühitində avanqard janrlara müraciət etmək
gərəkliyi deyəndə nəyi nəzərdə
tutursunuz?
- Bu vaxta kimi bizim teatrda oynanılan
tamaşaların əksəriyyəti ya operetta, ya da musiqili
komediya janrındadır. Bugünkü
tamaşaçıların isə müzikl janrına
böyük ehtiyacı var. Artıq Amerika teatrlarının
repertuarında müzikl janrı aparıcı yer tutur. Avropa da buna getməkdədir. Cəmiyyət
inkişaf edir, bir yerdə dayanmır, inkişaf etdikcə
tələbləri də dəyişir. Amma
əlimizdən gələni etməliyik ki, milli
ölçülərimizə ziyan dəyməsin.
SSRİ
dağıldıqdan sonra başqa MDB
dövlətlərində olduğu kimi Azərbaycanda da
kinoteatrların çoxu mövcudluğunu saxlaya bilmədi. Dünyanın çox
yerində bu proses gedir. Çünki kinoteatrlar
zamanın dinamik dəyişmə sürətinə,
əhvalına tab gətirə bilmədi. Teatr
isə qalır, çünki o, canlı sənətdir, bundan
sonra da yaşayacaq. Bizlərin
çiyninə düşən yük odur ki, teatrı daim
inkişaf etdirək. Sadəcə olaraq
orta, köhnə düşüncə tərzindən xilas
olmaq lazımdır. Hərdən yenə
də təkrarlayırlar ki, teatrlarımızı yaşadaq.
"Yaşadaq" o deməkdir ki,
birtəhər teatr mövcudluğunu saxlasın. Amma inkişaf tamam başqa məsələdir.
- Teatr hər
mənada inkişaf etdiyi dərəcədə
mövcudluğunu qoruyub-saxlaya bilir. Qarşıdakı
illərdə hansı yaradıcılıq planlarınız
var?
- Ölkə başçısı
2008-2018-ci illərdə teatrların inkişafı ilə
bağlı dövlət proqramı haqqında sərəncam
verib. Bu, o deməkdir ki, teatlar texniki
avadanlıqlardan tutmuş aktyor heyətinə kimi kompleks
şəkildə inkişaf etməlidir. Biz
bir teatr olaraq bu prosesə daha hazırlıqlı qatılmaq
istəyirik. Müəyyən mənada
daxili imkanlarımızdan da istifadə etməyə
çalışırıq. Daim yeni-yeni
tamaşaların istifadəyə verilməsi bu böyük
istəyin tərkib hissəsidir.
- Başqa teatrlar
təmir olunur. Deyəsən, hələ sizin
teatrın təmir olunmasına çox var.
- Teatrın təmirinə
hələ ehtiyac yoxdur. Teatrın
görünüşünün, avadanlıqlarının
qorunub-saxlanmasına çalışırıq. Afişalarımızın çapı
üçün sponsorlar tapırıq. Hər
halda teatrın bu və ya digər müəssisənin loqosunu
afişalarda yazmaqdan, həmçinin onların
işçilərinin tamaşalara baxması üçün
şəraitin yaradılmasından başqa əlindən
heç nə gəlmir.
- Sovet
dövrü teatr qəlibinin bu gün üçün
kifayət etmədiyini dediniz. Faktdır ki, bu
gün də Azərbaycan tamaşaçısı
məsələn, 60-cı illər Musiqili Komediya
Teatrının tamaşalarını nostalji ilə
xatırlayır.
-
Keçmişi sayğı ilə xatırlamaq
xalqımızın yaxşı keyfiyyətidir. Burada bir
məqam da var ki, yaşanan tarix bizən uzaqlaşdıqca
olub-keçənləri daha ciddiliklə
xatırlayırıq. Amma həmin dövr
tamaşalarının hazırlanması ilə bağlı
bir cəhəti qeyd etmək istəyirəm. O dövrdə
rejissorlar fikirləşirdilər ki, bu və ya digər
tamaşaları əsasən "ulduz aktyor"ların
ifası üzərində qursalar, uğurlu alınar. Sovet
dövründə tamaşaçı teatra daha çox bu
və ya digər "ulduz aktyor"un ifasına görə gedirdi.
- İndi də bu amil
teatrlarımızda aparıcıdır.
- Amma biz
çalışırıq ki, tamaşaçı teatra bir
aktyora görə gəlməsin, tamaşa aktyorların
birgə gərgin işinin uğurlu nəticəsi kimi meydana
çıxsın. Qoy tamaşaçı sadəcə,
tamaşaya baxsın. Belədə həm də bütün
aktyorların yaradıcılıq imkanları
aşkarlanmış olur. Məsələn,
"Hərənin öz ulduzu" tamaşası 11 ildir ki,
repertuardadır, 200 dəfədən çox oynanılıb.
Burada "ulduz aktyor" yoxdur, gözəl aktyor oyunu var.
Tamaşaçılar bu tamaşanı çox
bəyənirlər. Bu layihəni daim inkişaf
etdirəcəyik. Amma bir aktyor üçün
yazılmış tamaşalar da olacaq. Teatrın uğuru
üçün belə ideyaları da kənarda
qoymayacağıq.
- Bu gün gənclərin
mürəkkəb, çətin tamaşalara baxmaq
istəməməsinin səbəbi sizcə, nədədir?
-
Əvvəllər Bakıda, iri şəhərlərdə,
hətta kəndlərdə teatr dərnəkləri
fəaliyyət göstərirdi. Hər halda bu cür
dərnəklər gənclərin həyata, ciddi tamaşalara
münasibətinin formalaşmasına səbəb olurdu.
Təəssüf ki, ötən yüzilin 80-ci illərinin
sonu, 90-cı illərinin əvvəllərində bu prinsip
pozuldu. Açıq deyək, "KVN"-lərin hətta
bölgələrdə belə artması ilə
gənclərin yüngül, əyləncə xarakterli
tamaşalara meyllənməsinə səbəb oldu. Bu il
ölkədə "Gənclər ili"dir. Bu mənada
fəaliyyətimizdə əsas xətt olaraq gənclərin
maraqlarını nəzərə almağa çalışırıq
Xalq cəbhəsi.- 2007.- 19 iyun.- S. 15.