Yusifova S.

 

Çiçəyim Uşaq Teatrının 10 yaşı qeyd olunub

 

Dünən Musiqili Komediya Teatrının binasında "Çiçəyim" uşaq teatrının yubileyi qeyd olunub. Azərbaycan Ticarət İşçiləri Həmkarlar İttifaqı Mədəniyyət Sarayında fəaliyyət göstərən bu teatrın 10 yaşı tamamlandı. Yubileyi çıxış sözü ilə teatrın bədii rəhbəri rejissoru Rəna Kərimova açdı. O bildirdi ki, kollektiv yarandıqda cəmi 18 nəfərlə fəaliyyət göstərirdi. İndi isə teatrın balaca aktyorlarının sayı xeyli artıb. Uşaqlar bu günə qədər həm milli, həm xarici ölkə nağıllarını səhnələşdiriblər. Bu 10 il ərzində "Çiçəyim" dəfələrlə mükafatlarla təltif olunub. Teatr müxtəlif xeyriyyə konsertlərində, Yeni il, Novruz bayramı, 1 İyun Uşaqların Müdafiəsi Günü keçirilən tədbirlərdə tez-tez çıxış edir . Yubileydə Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin, Teatr Xadimləri İttifaqının "Çiçəyim"ə ünvanlanan təbrik məktubları oxundu. R.Kərimova qeyd etdi ki, teatrın öz binası olmasa da, artıq 5 ildir ki, Heydər Əliyev adına Sarayın, Rəşid Behbudov adına Mahnı Teatrının, Həmkarlar İttifaqları Mədəniyyət Sarayının səhnəsində tamaşalar oynayırlar. Bütün çətinliklərə baxmayaraq uşaq teatrının üzvləri öz yaşıdları ilə yanaşı böyükləri sevindirirlər. Yubiley tədbirinin rəsmi hissəsindən sonra balaca aktyorlar hazırladıqları müxtəlif maraqlı səhnəciklərlə on ilin hesabatını verdilər.

 

525-ci qəzet.- 2007.- 14 iyun.- S. 7.