İstedadlı
səhnə ustalarımız çox azdır
Aliyə
Ramazanova, Əməkdar artist: "Niyə rəqslərimizi
unudaq?"
Rəqsin
daxili aləmi və gözəlliyi minlərlə adama
mənəvi zövq vermək qüdrətinə malikdir. Gözəl bir el havasının qanadında
əsrlərlə əvvələ səyahət etmək
də mümkündür. Ovqatın
təlx olanda, sevinəndə, kədərlənəndə,
könlünü oxşayan, gözlərinə rahatlıq
gətirən bir xalq rəqsinə baxmaq kifayətdir ki,
yenidən "bu dünya gözəldir" deyə
biləsən. Ona görə də
qədim yunan filosofları rəqsi "sözsüz
poeziya" adlandırıblar. "Naz
eləmə", "Nəlbəki",
"Gülgəzi", "Vağzalı-Mirzeyi"
rəqslərini görmək kifayətdir ki,
xalqımızın zəngin musiqisinə, köklü
adət-ənənəsinə bələd olasan.
Tanınmış
rəqqasə, Əməkdar artist Aliyə Ramazanova 50 ildən
artıqdır ki, xalq rəqslərimizi yaşadır. Onun simasında rəqslərimizi dünya
tanıyıb. Dünyanın böyük
konsert salonlarında Azərbaycanın xalq rəqsləri
Aliyə xanımın ifasında oynanılıb. O, bu
gün də "yoruldum" demədən eyni həvəs
və məhəbbətlə işləyir. Səhnədən
ayrılsa da, sənətdən ayrılmayıb.
Rəqqasə
"Kaspi"nin müxbiri ilə
söhbətində həyatının acılı-şirinli
günlərini vərəqləyib:
- Mən uşaq olanda atam
müharibəyə gedib, qayıtmayıb. 3-4
yaşım olanda anamı da itirmişəm. Ona görə də ata-anamı xatırlaya
bilmirəm. Məcburiyyət qarşısında qalan
xalam məni və böyük bacımı
Qəbələdəki uşaq evinə təhvil verdi. Sonra məni bacımdan
ayırıb bir neçə uşaqla Bakıdakı uşaq
evinə gətirdilər. Aradan bir neçə il keçəndən sonra bizim uşaq
evinə rayondan bir neçə qız da gəldi. Qızlardan biri gələn kimi oturub nəsə
yazırdı. Diqqət yetirəndə,
bir-birinin ardınca müxtəlif adlar yazdığını
gördüm. Onların arasında
bacımın adını görüncə dayandım. "Abidə kimdir?"- deyə
dərhal soruşdum. "O qızın Bakıda
özündən kiçik Aliyə adlı bacısı var.
Mənə tapşırıb ki, mütləq onu axtarıb
tapım" -deyə cavab verdi. Elə bil məni cərəyan vurdu. Dedim ki,
mənim adım da Aliyədir. Ailəmiz
haqqında yaddaşımda nə qalmışdısa
hamısını ona danışdım. O qız dedi ki,
danışdıqların Abidənin dediklərinə
uyğun gəlir. Mənim şəklimi
məktuba qoyub bəzi faktlarla bərabər bacıma
göndərdi və bacımı tapdım.
- Rəqsə marağınız
necə yarandı?
- Sənət məktəbində
oxuyarkən rəqs qabiliyyətim üzə
çıxdı. Orda gimnastikaya, tikiş
dərnəyinə, hətta tar çalmağa da gedirdim.
Amma rəqs adı gələndə elə bil
ki, canlanırdım. Mələk adlı
müəlliməmiz məni rəqsə buraxmaq istəmirdi.
"Məni rəqsdən
ayırmayın"-deyə bərkdən ağlamağa
başladım. Yanındakı başqa
müəllimə "Görmürsən necə
ürəkdən ağlayır? Qoy getsin
məşğul olsun. Bəlkə bu
sahədə bir uğuru olacaq" -deyəndən sonra
müəlliməm razılaşdı. Ehtiyat
Əmək Qüvvələrinin (EƏQ) Mədəniyyət
Evində istedadlı rəqs ustamız, Xalq artisti
Böyükağa Abdullayev uşaqları seçib ansambla
qəbul edirdi. Məni də
bəyəndi. Sənət məktəbində
oxuduğum 3 il ərzində istedadlı
rəqqasə kimi tanındım. O vaxt görkəmli
sənətkarlarımız Əlibaba Abdullayev, Əminə
Dilbazi tez-tez bizim məşqlərə baxmağa
gələrdilər. Əminə xanım da
məni bəyənmişdi. "Qızım,
gəl səni Dövlət Mahnı və Rəqs
Ansamblına işə düzəldək"- deyəndə
razılaşdım. Ancaq EƏQ-nin sədri etiraz edib
dedi ki, "...belə istedadlı bir qız bizə də
lazımdır. Ona ev də verəcəyik,
hər cür şərait də yaradacağıq".
Əminə xanım ona dedi ki, bu istedaddır, biz
belələrini axtarırıq. Bunların
gələcəklərinə dövlət
səviyyəsində qayğı göstərməliyik.
O vaxt Filarmoniyanın direktoru Soltan Hacıbəyov idi. Əminə xanım məsələni ona
danışır. Bir müddət sonra
məktəbə belə bir teleqram gəldi:
"Əliquliyeva Aliyə Allahqulu qızı məktəbi
bitirən kimi Dövlət Mahnı və Rəqs Ansamblına
keçirilsin". Əminə xanımın
xeyirxahlığı sayəsində həyatda öz yerimi
tutdum. Bacım isə öyrəndiyi
sənətlə məşğul olmağa başladı.
- Çox az
rəqqasələrimiz var ki, oynadıqları rəqslər
onların adı ilə tanınır. Heç
şübhəsiz, siz də həmin rəqqasələr
sırasındasınız. Uşaqlıq
illərimin yaddaşında xarici ölkələrin
rəqslərini də məharətlə ifa etməyiniz
qalıb.
- Rəqsdə sənətkarın
istedadından, onun daxili aləmindən, qavramaq
bacarığından çox şey asılıdır. Elə vaxt olub ki, ərəb əlifbasını
öyrənib əzbərləyərək, Quranı oxumaq
istəmişəm. Lakin buna nail ola
bilməmişəm. Həm ərəb, həm
hind, həm Orta Asiya xalqlarının rəqslərini çox
asanlıqla qavrayıb böyük
müvəffəqiyyətlə ifa etmişəm. Rəqs zamanı dinmədən, danışmadan,
hərəkətlərlə hər şeyi deyə
bilirəm. Axı milli
çərçivədən çıxıb geniş
arenada tanınmaq istəyən rəqqasə gərək
öz milli rəqslərindən əlavə repertuarına
başqa xalqların rəqslərini də daxil etsin. Hind, ərəb, tacik, özbək, italyan və b.
xalqların rəqsləri hesabına repertuarım
həmişə zəngin olub.
- Özünüzün qurduğunuz
rəqslər varmı?
- "Zəriflik"
rəqsini özüm qurmuşam. Əminə xanım
ona baxandan sonra "Bu rəqsdə bir dənə də olsun
nöqsan tapa bilmədim" -deyə bildirdi. Elə rəhbərlik etdiyim ansambla da ona görə
"Zəriflik" adını vermişəm. Mahnısını İslam Rzayev oxuyur. Uşaqlar üçün "Güllər"
rəqsini, Nigar Rəfibəylinin "Neyləyim"
mahnısına da bir rəqs qurmuşam. "Ay ləli
yar" yallısı, "Zaqatala" rəqsi də
mənimdir. Bir-iki hind rəqsi də qurmuşam.
Özümə məxsus belə rəqslərim
çoxdur. İndi hamısını xatırlaya bilmirəm.
Biz
sənətimizə həmişə böyük
məsuliyyətlə yanaşmışıq. Heç bir
rəqsə fərq qoymamışıq. Yadımdadır, bir
dəfə qızdırma içində yatırdım.
Ansamblın rəhbəri ilə bir neçə
yoldaşın içəri girdiyini gördüm. Ansamblın
rəhbəri vəziyyətimi görüb: "Nə pis
oldu, sabah ansambla baxmağa komissiya gələcək"-dedi.
Mən komissiyanın qarşısında tacik rəqsi
oynamalıydım. Dedim ki, arxayın olun, sabah mütləq
gəlib oynayacağam. Bir az dava-dərman qəbul edib,
səhəri gün işə gəldim, əla da oynadım.
Heç kim xəstə olduğumu hiss etmədi.
Səhnədən çıxıb paltarımı
dəyişmək istərkən huşumu itirib
yıxıldım. Vəziyyətimdən xəbərsiz
olanların "Ay canım, axı bu indicə
səhnədə tacik rəqsi, "Vağzalı"
oynayırdı, buna nə oldu?"- sözlərini
eşitdim. Bu hadisədən sonra düz 10 gün ağır
xəstə yatdım. Sənətkarın həyatında
belə hadisələr, fədakarlıqlar çox olur.
Bəzən şaxtalı havada adi rəqs geyimində
oynamalı olmuşuq. Bütün bu
çətinliklərə sənətimizə olan
məhəbbət xatirinə dözmüşük.
- Sizin nəsil
rəqqasələr gileylənir ki, bu gün əvvəlki
rəqslərin gözəlliyindən
əsər-əlamət qalmayıb.
- Bu gün
səhnəyə çıxmaq çox asanlaşıb. Ancaq
yaxşı oyun tərzi göstərmək çətindir.
Çünki əsl istedadlı səhnə ustalarımız
çox azdır. İndi onları barmaqla saymaq olar. Amma
əvvəllər belə deyildi. Mənasız quruluş
verilmiş rəqs çox yaşaya bilməz. Gərək
qurduğun rəqsin əməlli-başlı bir süyeti
olsun ki, nə demək istədiyini başa
düşsünlar. İndi mən bəzi ansambllarda
oynayanları görəndə
təəssüflənirəm. Axı milli qadın
rəqslərində nə qədər hoppanıb-
düşmək olar? Bizim milli qadın rəqslərimizdə
hoppanıb-düşmək olmayıb. Bu, yalnız "Yallı"da
ola bilər. Zərif, incə, gözəl Azərbaycan
qadını uzun paltarda necə hoppanıb-düşə
bilər? "Tərəkəmə", İnnabı",
"Naz eyləmə", "Vağzalı",
"Uzundərə" kimi nə qədər gözəl
milli rəqslərimiz var. Onları yaşatmaq lazımdır.
Əgər istedadın, qabiliyyətin varsa, öz gözəl
əlavələrini də edə bilərsən. Amma
bacarmırsansa, heç olmasa olanlara dəymə, korlama. Bax,
mən "Azərbaycan süitası"nı qızlarla
qurmuşam. Çox gözəl rəqsdir. Vaxtilə mən
özüm də oynamışam. O vaxt bu rəqsi
rəhmətlik Əlibaba Abdullayev qurmuşdu. İndi
istəyirəm ki, o itib-batmasın. Musiqisi də, rəqsi
də hamısı yadımdadır. Niyə onu
atmalıyıq ora-bura? "Vağzalı-mirzeyini" niyə
oynamayaq? Mən onu necə oynamışamsa,
tələbələrimə də elə öyrədirəm
ki, qoy onlar da gələcəkdə öz
tələbələrinə elə öyrədib yaşatsınlar.
Niyə rəqslərimizi unudaq?
Kaspi.- 2007.- 1 iyun.- S. 16.