Nərimanoğlu H.

 

Xoşməramlı, xoşniyyətli

 

Azərbaycanın birinci xanımının bütün fəaliyyəti insanlar üçün xeyirli işlər görməyə yönəlib



Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva bu günlərdə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülmüşdür.
Moskvanın böyük teatr salonlarından birində keçirilən mərasimdə bu mükafatı Azərbaycanın birinci xanımına məşhur İtaliya aktrisası, mərasimin patronessası Sofi Loren, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İqor İvanov təqdim etmişlər.
Mükafatı təqdim edən Sergey Mironov Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı tanış olduğunu bildirərək demişdir: "Belə xeyirxah və qızıl ürəklər insanlara və dünyaya fəzilət bəxş edir".
Bu isə Mehriban Əliyevanın özünəməxsus səmimiyyətlə dediyi sözlərdir: "Mən arzu edirəm ki... dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə, azacıq da olsa, əskilsin".
Mehriban xanım 2006-cı ilin sonlarında İSESKO-nun - 51 müsəlman dövlətinin təmsil edildiyi nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının xoşməramlı səfiri adına layiq görülmüşdür. ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə Vaşinqtonda keçirilən toplantıda isə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Birləşmiş Ştatlar ilə Azərbaycan arasında əlaqələrin tərəqqisinə, ölkəmizdə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına şəxsi dəstəyinə görə ona "2006-cı ilin xoşməramlı səfiri" adı verilmişdir. Lap bu yaxınlarda, 2007-ci ilin mayında Mehriban Əliyevaya Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı təqdim edilmişdir. O, həmin beynəlxalq mükafata Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə layiq görülmüşdür. Mehriban xanım İSESKO-nun xoşməramlı səfiri adı və ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda apardığı xeyriyyəçilik işlərinə görə "Əsrlərin xeyriyyəçiləri" beynəlxalq fondunun Yaqut Xaç ordenini almış ilk qadındır. Bunlar Mehriban xanımın son iki ildə layiq görüldüyü titul və mükafatların yalnız bir hissəsidir.
Son dövrdə Azərbaycan cəmiyyətinin həyatına və dilimizin lüğət tərkibinə daxil olan "birinci xanım", "xoşməramlı səfir" məfhumları bilavasitə Mehriban xanımın adı ilə bağlıdır. Əminik ki, Azərbaycanın birinci xanımının həyatında belə "ilk"lər bundan sonra da olacaqdır.
Mehriban xanım 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə öz həyat amalını, istəyini müəyyən etmişdir: milli mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət nümunələrinin xaricdə təbliğini dəstəkləmək.
İndi onun rəhbərlik etdiyi bütün qurumların fəaliyyətinin əsas istiqamətini, ölkəmizdə və beynəlxalq aləmdə gördüyü işlərin mahiyyətini də xoş məram, xoş niyyət təşkil edir.
Kollegial demokratik seçim ənənələri ilə idarə edilən dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları Mehriban xanıma "xoşməramlı səfir" adlarını verərkən dəfələrlə vurğulandığı kimi, ilk növbədə, onun real fəaliyyəti, habelə nəciblik, xeyirxahlıq kimi mənəvi keyfiyyətləri, dünyada qəbul olunmuş davranış qaydalarını da özündə ehtiva etməklə mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinə sadiqliyi, intellektual səviyyəsi başlıca meyar götürülmüşdür.
Mehriban Əliyevanın bu adlara layiq görülməsini şərtləndirən işlərə - onun birbaşa təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş, yaxud reallaşmaqda olan layihələrə, proqramlara qısa nəzər salaq. Məhz bu proqram və layihələr onun prezidenti olduğu Heydər Əliyev Fondunu beynəlxalq miqyasda ən nüfuzlu qeyri-hökumət qurumlarından biri kimi tanıtmışdır.
Təhsil sahəsində: "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı". Aparılan monitorinqlərin nəticəsi olaraq respublikanın bütün regionlarında yerləşən uşaq tərbiyə müəssisələrində problemlərin həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet təşkil etmişdir. Bu müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğu müəyyənləşdirilmişdir. Respublikada 29 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, əlavə yardımçı binalar inşa olunmuş, yaşayış üçün rahat kommunal şərait yaradılmış və təzə avadanlıqla komplektləşdirilmişdir.
"Yeniləşən Azərbaycana yeni məktəb proqramı" əsasən təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - maddi bazanın yaxşılaşdırılmasına, tədris prosesinin səviyyəsinin yüksəldilməsinə imkan verən məktəb binalarının inşasına istiqamətlənmişdir.
Azərbaycanın bütün regionlarını əhatə edən 62 rayonda 200-dək yeni məktəb tikilib istifadəyə verilmiş, ən müasir avadanlıqla təchiz edilmişdir. Bununla da 2005-2006-cı illərdə 38 min 964 şagird yerlik məktəblərin inşasına və yenidən qurulmasına nail olunmuşdur. 100, 200, 240, 300 və daha artıq şagird yerlik məktəblərin hər birində laboratoriya, kompyuter otaqları, idman salonu və meydançaları, kitabxana, yeməkxana, ayrıca istilik sistemi vardır.
"Təhsilə dəstək" layihəsi. Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması layihəsi çərçivəsində Lerik və Bakının Əzizbəyov rayonlarında 4 uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir.
Daimi yaşayış yerlərini tərk etmiş, aztəminatlı ailələrdən 2004-2006-cı illərdə birinci sinfə gedən 60 min uşağa məktəb ləvazimatları hədiyyə verilmişdir. Gürcüstanda və Moskvada azərbaycanlıların təhsil aldığı məktəblərə kompyuter dəstləri, məktəb ləvazimatları və digər avadanlıqlar hədiyyə edilmişdir.
Məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə əyani vəsaitlər hazırlanmış, laboratoriya-təcrübə ləvazimatları alınaraq tədris müəssisələrinə verilmişdir.
Pakistan İslam Respublikasının zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində fondun maliyyə dəstəyi hesabına müasir tələblərə cavab verən ümumtəhsil məktəbinin tikintisinə başlanılmışdır. Təhsil müəssisəsində kitabxana, laboratoriya, kompyuter otaqları və idman meydançası da olacaqdır.
YUNESKO-nun himayəsi ilə təhsillə bağlı regional konfrans 2008-ci ildə Bakıda keçiriləcəkdir.
Dərs vəsaitləri və müxtəlif ədəbiyyatla təchizat. Rusiyanın "Puşkin kitabxanası" fondu ilə yaranmış əməkdaşlıq çərçivəsində Rusiyada son illər nəşr olunmuş və müxtəlif elm sahələrinə aid 5 minə qədər kitab respublikamızın ali məktəblərinə təqdim edilmişdir.
World Vision ("Dünyaya baxış") təşkilatı tərəfindən fonda təqdim edilən və məxsusi olaraq uşaq müəssisələri üçün nəzərdə tutulmuş 1000-dək nəfis tərtibatlı kitab uşaq evlərinə və internat məktəblərinə paylanılmışdır.
"JP Morgan" təşkilatının fonda hədiyyə etdiyi, xaricdə nəşr olunmuş müxtəlif adda kitablar ali məktəblərə təqdim olunmuşdur.
Səhiyyə sahəsində. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.
"Talassemiyasız həyat naminə" layihəsi. Azərbaycan talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olunur. Layihə çərçivəsində müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılması qərara alınmışdır və artıq tikinti işləri aparılır. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmışdır. Layihədə bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə də diqqət yetirilir.
Tibb müəssisələrinin yenidən qurulması və müasir avadanlıqla təchizatı. Fondun təşəbbüsü ilə paytaxtın Əzizbəyov rayonunun Türkan qəsəbəsində poliklinika, təcili yardım stansiyası, aptek, Şüvəlan qəsəbəsində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən qurulmuş və avadanlıqla təchiz olunmuşdur.
Almaniyanın "Fresenius Medical Care" şirkətinin Heydər Əliyev Fonduna hədiyyə etdiyi 10 ədəd hemodializ aparatı və "Storz" şirkətinin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə verilmişdir. Fransanın "Servye" şirkəti tərəfindən fonda verilmiş "Diabeton MR" preparatları diabetdən əziyyət çəkən insanlara paylanmışdır.
Səhiyyə məsələləri ilə əlaqədar əhalidən daxil olmuş müraciətlər. Səhiyyə məsələləri ilə bağlı fonda ayrı-ayrı insanlardan 6 mindən çox müraciət daxil olmuş, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx əlaqə qurulmuş, lazımi tədbirlər həyata keçirilmişdir. Ürək xəstəliklərindən əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsinə, bir qismində isə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilmişdir.
Mədəniyyət sahəsində: "Qarabağ xanəndələri" musiqi albomunun nəşri. Azərbaycan muğam sənətinin inkişafı və muğam mədəniyyəti ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan "Muğam İrs", "Muğam-Dəstgah", "Muğam Ensiklopediyası", "Muğam-İnternet", "Muğam-Antologiya", "Muğam dünyası", "Muğam Mərkəzi" layihələri silsiləsindən "Muğam İrs" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu nəfis şəkildə nəşr olunmuşdur. Albomda 24 muğam ustasının ifasında səslənmiş muğamlar toplanmışdır. Musiqi albomu həm də Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırmaq məqsədi daşıyır. 2005-ci ilin martında Parisdə YUNESKO-nun qərargahında, xoşməramlı səfirlərin illik toplantısında "Qarabağ xanəndələri" albomunun təqdimatı olmuşdur.
"Muğam-Dəstgah" layihəsindən məqsəd muğam-dəstgahların konsertlərdən birbaşa yazıya alınması və gələcək nəsillər üçün qorunub saxlanmasından ibarətdir. "Muğam Ensiklopediyası" layihəsi çərçivəsində Azərbaycan muğamına həsr olunmuş "Muğam Ensiklopediyası"nın nəşri həm elektron, həm də kitab variantlarında həyata keçirilir. "Muğam-İnternet" layihəsindən məqsəd internetdə muğamla bağlı audio və video materialları özündə ehtiva edən muğam-portal yaratmaqdır. "Muğam dünyası" layihəsinə əsasən simpoziumlar və muğam sənəti ilə bağlı beynəlxalq konfranslar, müxtəlif festival və yarışmalar keçirilir. "Muğam-Antologiya" layihəsi çərçivəsində isə muğamla bağlı zəngin nəzəri musiqi irsinin qiymətli nümunələrindən Səfiəddin Urməvinin, Fəthullah Şirvaninin və digər görkəmli müəlliflərin əsərləri işıq üzü görmüşdür.
Beynəlxalq Muğam Mərkəzinin yaradılması. Fondun təşəbbüsü ilə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. Azərbaycan və dünya musiqisinin incisi olan muğamların qorunub saxlanması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edilir.
"Televiziya muğam müsabiqəsi-2005"in keçirilməsi. Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətilə bir il davam edən muğam telemüsabiqəsi keçirilmiş, Heydər Əliyev adına Sarayda müsabiqə iştirakçılarının və muğam ustadlarının konserti təşkil edilmişdir.
Cavad xanın məqbərəsinin inşası. Fondun dəstəyi ilə Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində gözəl məqbərə tikilmişdir. Bu layihə Gəncə sakinlərinin müraciətlərinə cavab olaraq həyata keçirilmişdir.
Comərd Qəssab məzarının və məzarüstü türbəsinin bərpası. VII əsrdən Gəncədə öz xeyirxahlığı ilə məşhur olan Comərd Qəssabın məzarında və məzarüstü türbəsində bərpa işləri aparılmış, ətraf ərazi abadlaşdırılmışdır.
Abdulla Şaiqin ev-muzeyinin bərpası. Görkəmli yazıçı və pedaqoq Abdulla Şaiqin ev-muzeyində əsaslı təmir-bərpa işləri aparılmış və muzey yenidən fəaliyyətini davam etdirmişdir.
Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir bina tikilmiş, kitab fondu zənginləşdirilmiş, kompyuter avadanlığı ilə təchiz edilmişdir.
M.Əzizbəyov adına mədəniyyət evinin yenidən qurulmasına başlanılmışdır. Burada 600 yerlik konsert salonunun istifadəyə verilməsi rayon miqyaslı tədbirlərin keçirilməsinə imkan yaradacaqdır.
Fransanın Versal sarayında heykəllərin bərpası. 1674-cü ildə bu sarayda yaradılmış muzey dünya mədəni irs siyahısına salınmışdır. Fond tərəfindən açıq səma altındakı iki nadir heykəlin bərpası işləri həyata keçirilir.
Gürcüstanda abidələrin bərpası. Vaxtilə Tbilisi şəhərində yaşayıb-yaratmış görkəmli Azərbaycan şəxsiyyətləri Mirzə Şəfi Vazehin və Mirzə Fətəli Axundovun, habelə Fətəli xan Xoyskinin, digər tanınmış simaların qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması işlərinə başlanmışdır.
Pir Həsən ziyarətgahının yenidən qurulması. XVI əsrə aid Pir Həsən ziyarətgahında dəfn edilmiş böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, onun özünə böyük ustad-müəllim hesab etdiyi Turab ağanın və Hacı Zeynalabdinin qızı Sara xanımın məzarları bərpa olunmuş, ətraf abadlaşdırılmış və xiyaban salınmışdır.
Möhsün Səlim məscidinin yenidən qurulması. Məscidin qəza vəziyyətində olması barədə Binə qəsəbəsi ağsaqqallarının müraciətindən sonra bina memarlıq üslubu qorunub saxlanılmaqla əsaslı təmir edilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Akademiyasında "Beynəlmiləl dostluq klubu", Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan gəncləri klubu, Rusiyadakı Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurası tərəfindən ardıcıl təşkil edilən Azərbaycan mədəniyyəti günləri Rusiya ictimaiyyətinin ölkəmizin zəngin mədəniyyəti, qədim ənənələri, incəsənəti və milli mətbəxi ilə tanışlığına imkan yaradır. MDBMİ-nin gənclər hərəkatının lideri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən belə tədbirlər iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına xidmət edir.
YUNESKO ilə əməkdaşlıq çərçivəsində fondun dəstəyi ilə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi keçirilmişdir. Parisdə YUNESKO çərçivəsində görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, YUNESKO-nun 60 illiyi münasibətilə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir.
Dünya şöhrətli musiqiçilər Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır. Mstislav Rostropoviçin, məşhur bəstəkar Dmitri Şostakoviçin, görkəmli vokal ustası Bülbülün yubileyinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir.
2006-cı ilin oktyabrında YUNESKO-da Azərbaycan günləri keçirilərkən YUNESKO-nun baş direktoru Koişiro Matsuura çıxışına belə bir fikirlə başladı ki, bu g
ün burada məndən əvvəl Azərbaycan Respublikasının birinci xanımı ingilis dilində mətndən istifadə etmədən elə çıxış etdi ki, onun nümunəsini bir də təkrar etmək qeyri-mümkündür. Bu il aprelin 3-də Parisdə YUNESKO-nun əsas iqamətgahında qurumun xoşməramlı səfirlərinin ənənəvi illik hesabat yığıncağında isə K.Matsuura demişdir: "Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla YUNESKO arasında sıx əməkdaşlıq yaranmışdır".
Qeyd etmək lazımdır ki, bu tədbir çərçivəsində Azərbaycanın birinci xanımının Fransa Senatının və Milli Assambleyasının sədrləri, Litva prezidenti, İordaniya kraliçası və digər yüksək səlahiyyətli şəxslərlə görüşləri Mehriban xanımın artıq ölkə xaricindən kənarda da kifayət qədər ciddi qəbul edilən şəxsiyyətinə, beynəlxalq əhəmiyyətli ictimai fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür. İordaniya şahzadəsi xanım Firyal deyir: "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz ölkəsində və bütün dünyada bir çox xeyriyyə işlərinin həyata keçirilməsi məqsədi ilə yorulmaz fəaliyyət göstərir. Birinci xanım olduqca qısa müddət ərzində böyük nailiyyətlər əldə etmişdir".
Mehriban xanım iştirak etdiyi hər belə mötəbər tədbirdən həm də Azərbaycan mədəniyyətinin təbliği üçün istifadə edilməsinə, xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetirir və buna nail olur.
Ötən ilin sentyabrında birinci beynəlxalq rus kitabı festivalının iştirakçıları ilə Heydər Əliyev Fondunda keçirilən görüşdə dünya şöhrətli yazıçı Çingiz Aytmatov Mehriban xanımın söhbətlərini dinlədikdən
sonra demişdir: "Mən bayaqdan Sizinlə söhbət edirəm, Sizə qulaq asıram, öz-özümə düşünürəm ki, rus dilində belə səlis, mənalı, ağıllı çıxışı mən heç zaman eşitməmişəm... Siz bizim YUNESKO səfirləri içərisində ən gənc, ən hörmətli və ən çox dəyərli iş görən səfirsiniz".
İSESKO ilə əməkdaşlıq da uğurla inkişaf edir. Aprelin 27-də Mehriban xanım Əliyeva və islam dünyasının bu nüfuzlu qurumunun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında protokol imzalamışlar. Beş il müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən protokol elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini və fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur.
Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Əbdüləziz bin Osman əl-Tüveycri İSESKO-nun ilk qadın xoşməramlı səfiri kimi Mehriban xanımın bu şərəfli missiyanın yerinə yetirilməsində şəxsi nümunə göstərdiyini bildirmişdir. Azərbaycanın birinci xanımı həm də sivilizasiyalararası dialoqa verdiyi şəxsi töhfəsinə görə İslam Konfransı Təşkilatı Gənclər Forumunun mükafatına layiq görülmüşdür.
Mehriban xanımın fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə etdiyi dissertasiya müasir dövrdə təbabət, psixologiya və sosiologiyanın ən mübahisəli məsələlərindən birinin tibbi-fəlsəfi mahiyyətinə, elmi araşdırılmasına həsr olunmuşdur: "Evtanaziya və təbabətdə humanizm problemi". Keçmiş SSRİ-nin ən nüfuzlu elm-təhsil müəssisələrindən olan M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən, Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda zəngin elmi təcrübə keçən Mehriban Əliyevanın bu elmi işi bir sıra xarici ölkə alimləri tərəfindən də yüksək dəyərləndirilmişdir. Mehriban xanım Azərbaycan qadını adını ən mötəbər məclislərdə ucaldır, ona şərəf və şöhrət gətirir.
Sosial sahədə. Heydər Əliyev Fondunun hesabına Qaradağ rayonunun Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan verən boru kəməri çəkilmişdir.
Şamaxı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 16
mənzilli bina əsaslı təmir olunmuş, ev əşyaları və avadanlıqla təmin edilmişdir.
1941-1945-ci illər müharibəsində qələbənin 60 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
Kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün hər il ölkənin ən iri saraylarında Yeni il və Novruz şənlikləri təşkil edilir.
Fondun hesabına Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqına (GAQİ) 5 ədəd hana bağışlanmışdır.
Elm və texnologiya sahəsində. Respublikanın internet məkanında məlumat bazasının zənginliyinə görə analoqu olmayan "Azərbaycan" portalı (www.azerbaijan.az) yaradılmışdır. Portal 12 bölməni əhatə edir: "Xəbərlər", "Ümumi məlumat", "Təbiət", "Tarix", "İqtisadiyyat", "Mədəniyyət", "Cəmiyyət", "Dövlət hakimiyyəti", "Azərbaycan beynəlxalq aləmdə", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İnzibati ərazi vahidləri" və "Xəritələr". Hər bölmə bir neçə hissədən ibarətdir. İnternet istifadəçiləri portaldan Azərbaycan, rus və ingilis dillərində istənilən mövzuda informasiya əldə edə bilirlər.
BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi. Respublikada kor və görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən 40 min nəfərdir. Onlara informasiya toplamaq və məşğulluğunu artırmaq üçün əlavə imkanlar yaratmaq mexanizmi kimi İKT-dən istifadənin təşkili zəruri sayılmış, BMT-nin İnkişaf Proqramı ilə birgə Milli Strategiya hazırlanmışdır. Uşaqlar üçün Model İKT sinifləri yaradılmış, xaricdən xüsusi kompyuter avadanlığı alınıb quraşdırılmış, proqram təminatı lokallaşdırılmış, internetə çıxış, tədris-təlim proqramlarının hazırlanması, audio studiya və kitabxananın fəaliyyəti təmin edilmişdir.
Fondun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfranslar. YUNESKO ilə birgə 2005-ci il avqustun 24-də "Gülüstan" sarayında keçirilən "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda konfransda Azərbaycanın təhsil sistemində aparılan islahatlar, Avropa təhsil sisteminə inteqrasiya və digər məsələlər müzakirə olunmuşdur.
"Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan - sivilizasiyalararası dialoqun keçmişi və bu günü" XIII beynəlxalq konfrans. Azərbaycanın tarixi və mədəni ənənələrini, mövcud tolerantlığını nəzərə alaraq Latın Mədəniyyəti Akademiyası özünün sayca XIII konfransını 2006-cı il aprelin 24-də Bakıda Heydər Əliyev Fondu ilə birgə keçirmişdir. Mötəbər xarici qonaqlar ölkəmizdə dini etiqad azadlığının, dini dözümlülüyün yüksək səviyyədə olduğu, Azərbaycanın Şərq və Qərb sivilizasiyalarının ən yaxşı ənənələrini özündə birləşdirdiyini faktlarla vurğulamışlar.
Fondun "Dini tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Bakıdakı Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması tamamlanmışdır. Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan "Or-Avner" Beynəlxalq Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti muzeyindən ibarət kompleksin tikintisinə başlanmışdır.
"Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda beynəlxalq konfrans. Fondun dəstəyi ilə Əlyazmalar İnstitutunda saxlanılan qədim təbabətə dair 3 nadir tibb əlyazması konfrans ərəfəsində YUNESKO-nun Dünya Yaddaşı Proqramının Beynəlxalq Siyahısına daxil edilmişdir. Vaşinqton Elmlər Akademiyası ilə birgə təşkil edilmiş konfransın açılış mərasimi 2006-cı il iyunun 12-də Heydər Əliyev Fondunda keçirilmişdir. Konfransın keçirildiyi günlərdə fondda qədim əlyazmaların sərgisi təşkil olunmuşdur. Konfransın növbəti iclasları Yevlax və Şəki şəhərlərində keçirilmişdir.
Fondun nəşrləri: "Qarabağ həqiqətləri" toplusu. Beynəlxalq ictimaiyyətə ünvanlanan "Qarabağ həqiqətləri" toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Bu topluların elektron variantları 2007-ci ildə, qanlı soyqırımın 15 illiyində fondun təşəbbüsü ilə Avropanın 15 dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır. Real faktlara, dəlil-sübutlu foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.
Mehriban xanım Əliyevanın "Ön söz"ü ilə yenicə işıq üzü görmüş "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalıb dağıdılmış tarixi memarlıq abidələri haqqında ətraflı məlumatlar verilir.
Xarici nəşrlərin tərcüməsi. Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlər dilimizə tərcümə edilərək çap olunmuşdur. Murad Adcının "Türklər və dünya: munis tariximiz", ABŞ-ın Mərkəzi Asiya-Qafqaz İnstitutu - İpək Yolu Araşdırmalar Proqramının rəhbərləri Frederik Starr və Svante Kornellin "Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi", "Azərbaycan təbiəti", Linda Li Rattonun "Yuxuların çin olduğu yerdə" kitabları bu qəbildəndir. Sonuncu nəşrdən məqsəd fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətdə bərabərhüquqlu üzv kimi qəbul olunmasına kömək etməkdir.
Ekologiya. 2007-ci ilin Novruz bayramı ərəfəsində fond paytaxt Bakı ətrafındakı Qala qəsəbəsində istifadəsiz 8 hektar sahədə 9 min həmişəyaşıl tingin əkilməsi ilə "Hərəmiz bir ağac əkək!" layihəsinə start vermişdir. Qısa zamanda respublikanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar, ayrı-ayrı kollektivlər bu çağırışa qoşularaq yaşıllaşdırma kampaniyasına başlamışlar. Ətraf mühitin sağlamlaşdırılmasına, təmiz hava, təmiz ekologiyaya töhfə olan layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə yeni ağac əkilmiş, təzə parklar, bağlar, yaşıl xiyabanlar salınmışdır. Təşəbbüsün hər il mövsümi olaraq davam etdirilməsi nəzərdə tutulur.
Mehriban xanım təsisçisi olduğu "Azərbaycan İRS" jurnalının 3 dildə nəşri ilə də Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliğində, xüsusən Rusiya və digər MDB ölkələrinin rusdilli əhalisinə Azərbaycan həqiqətlərinin çatdırılmasında təqdirəlayiq iş görür.
Bakıda 47 ölkəni təmsil edən gimnast qızların iştirakı ilə bədii gimnastika üzrə 27-ci dünya çempionatının keçirilməsi də təkcə idman növü deyil, həm də gözəllik, zəriflik, yüksək sənət rəmzi olan bu idmanın ölkəmizdə populyarlıq qazanması da Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanımın xidmətidir.
Mehriban xanım dəfələrlə siyasətdən uzaq olduğunu bildirsə də, Milli Məclisin deputatı kimi fəaliyyətində əsl professionallıq, siyasi yetkinlik nümunəsi göstərir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi ötən il dekabrın 4-dən 7-dək ABŞ-a işgüzar səfəri birinci xanımı, ilk növbədə məhz bu keyfiyyətləri ilə tanıtdı. Bu səfər olduqca maraqlı məqamlarla yadda qalmış, dünyanın super dövləti ilə ölkəmiz arasında dostluq münasibətlərinin genişlənməsində, Azərbaycan həqiqətlərinin təqdimatında əhəmiyyətli rol oynamışdır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Ağ evdə ABŞ-ın birinci xanımı Loura Buş, məşhur siyasi xadim Zbiqnev Bjezinski, senator Key Beyli Hatçinson və Konqresin üzvü Şila Sikula Qibs, dövlət katibinin ictimai diplomatiya və ictimai məsələlər üzrə müavini Karen Hyuz, dövlət katibinin demokratiya və qlobal məsələlər üzrə müavini Paula Dobryanski ilə səmimi görüşləri, Heydər Əliyev Fondu və senator Hatçinsonun həmsədri olduğu "Vital Voice" qeyri-hökumət humanitar təşkilatı arasında əməkdaşlığa dair memorandumun imzalanması, Azərbaycanın ABŞ-dakı səfirliyində Amerikanın müxtəlif ştatlarında təhsil alan azərbaycanlı tələbələrlə görüşü yaddaqalan olmuşdur. ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə Vaşinqtonun möhtəşəm "Endryu Melon" Auditoriumunda Mehriban Əliyevanın şərəfinə verilmiş ziyafətdə Ağ evin və Dövlət Departamentinin yüksək vəzifəli rəsmilərinin, konqresmenlərin, görkəmli siyasi və ictimai xadimlərin, xarici ölkələrin ABŞ-da akkreditə olunmuş səfirlərinin - 300-dən artıq insanın iştirakı, ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, dünyada çox böyük nüfuz sahibi olan Ceyms Beykerin, ABŞ Senatının ən qocaman üzvlərindən biri, Xarici Əlaqələr Komitəsinin sədri, senator Riçard Luqarın geniş nitqlə çıxış etmələri Azərbaycan Prezidentinin xanımının beynəlxalq aləmdə nüfuzuna, şəxsi mövqeyinə, ictimai fəaliyyətinə verilən yüksək qiymətin konkret ifadəsi oldu. Mehriban xanımın sivilizasiyalararası dialoq, Şərq-Qərb münasibətləri və digər qlobal məsələlər barədə fikirləri diqqətlə dinlənildi, maraqla qarşılandı. Bütün görüşlərdə, nitqlərdə Mehriban xanımın ölkəmizdə, eləcə də YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi beynəlxalq aləmdə fəaliyyəti yüksək dəyərləndirilmiş, bu fəaliyyətin Azərbaycanın gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanmış, birinci xanıma ABŞ-Azərbaycan Ticarət Palatasının "2006-cı ilin xoşməramlı səfiri" mükafatı da təqdim edilmişdir.
Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən hazırlanmış və parlamentdə qəbul edilmiş amnistiya haqqında qərar layihəsi də cəmiyyətdə çox böyük əks-səda doğurmuşdur. İlk dəfədir ki, Milli Məclisin deputatı belə humanist təşəbbüslə çıxış edərək parlamentə amnistiya haqqında qərar layihəsi təqdim etmişdir. Bu layihənin əhatə dairəsi genişdir və təxminən 9000 nəfərə şamil olunur. 1500 nəfər azadlığa, ailəsinə, övladlarına, doğma və əzizlərinə qovuşmuşdur. Deputat Mehriban Əliyevanın hazırladığı bu sənədi beynəlxalq qurumlar da razılıqla qarşılamışdır.
Birinci xanımın Milli Məclisin deputatı kimi ölkə daxilində fəaliyyətinin miqyasını təsəvvür etmək üçün deputat seçildiyi Əzizbəyov rayonunun bir neçə qəsəbəsində görülmüş işlərə nəzər salmaq kifayətdir.
Təhsil müəssisələri: 820 yerlik 5 internat məktəbi yenidən qurulmuş, 150 yerlik yay düşərgəsi inşa edilmiş, 6138 şagird yerlik 8 ümumtəhsil məktəbi, 230 yerlik 3 uşaq bağçası yenidən qurulmuş, zəngin maddi-texniki bazalı təlim-tədris mərkəzi yaradılmışdır.
Səhiyyə müəssisələri: müasir tələblərə cavab verən və lazımi avadanlıqla təchiz edilən 25 çarpayılıq xəstəxana, poliklinika, təcili yardım stansiyası və aptek yenidən qurulmuşdur.
Mədəniyyət müəssisələri və dini abidələr: 860 yerlik 2 mədəniyyət evi ilə yanaşı, kitabxana inşa edilmiş, abidə və barelyef, 3 məscid və ziyarətgah yenidən qurulmuşdur.
İnfrastruktur: 3 qəsəbənin giriş qapısı inşa olunmuş, 3 qəsəbəyə 45 kilometr uzunlu
ğunda su xətti çəkilmiş, 63 kilometr uzunluğunda qəsəbələrarası və qəsəbədaxili yollar yenidən qurulmuş, 27 avtobus dayanacağı, 110 kilovoltluq yardımçı stansiya istifadəyə verilmiş, 512 işıq dirəyi quraşdırılmış, 2 qəsəbə parkı yenidən qurulmuşdur.
Bunlar ötən ilin noyabrına qədər görülən işlərdir. İndi bu siyahı daha da genişlənibdir.
Rayon ağsaqqallarının təşəbbüsü ilə "Əzizbəyov rayonunun inkişafı fondu" yaradılıbdır. Artıq fəaliyyət göstərən fondun işində qəsəbələrin sakinləri çox fəal iştirak edirlər. Səlahiyyətli nümayəndə yerlərdə sakinlərlə mütəmadi görüşlər keçirir. Noyabrın 6-da, Milli Məclisə seçkilərin bir ilinin tamam olduğu gün deputat Mehriban Əliyeva Əzizbəyov rayonunda seçicilərlə hesabat görüşünə gələndə sakinlərdən ən çox eşidilən söz bu oldu ki, siz seçkiqabağı görüşlərdə nəinki hər bir qəsəbənin problemlərinin həlli barədə xahişlərimizi yerinə yetirmisiniz, hətta çox olduğundan dilə gətirib deyə bilmədiyimiz digər problemlərimizi də özünüz gəlib yerində görüb həllinə kömək göstərmisiniz. İndiyədək seçkiqabağı vədlərini deputat mandatı alan gün unudanları çox görsək də, əksini ilk dəfə sizin timsalınızda gördük. Camaatımız sizin simanızda özünə etibarlı arxa-dayaq tapıbdır.
Türkiyədə çıxan "Hürriyyət" qəzetinin 2005-ci il 13 noyabr nömrəsində Mehriban xanım haqqında verilmiş yazının başlığı belə idi: "Təmiz bir örnək - xalq onu çox sevir, onun gözəl və ağıllı qadın kimi çox müsbət imici var".
Mehriban xanımın 2004-2006-cı illərdə istər valideyn himayəsindən məhrum əlil uşaqlarla, tənha qocalarla, təhsil, səhiyyə, mədəniyyət işçiləri ilə görüşlərində, istərsə də Heydər Əliyev Fondunda, xarici səfərlərdə təmasda olduğu siyasətçilərlə, elm, mədəniyyət xadimləri ilə ünsiyyətində diqqəti birinci cəlb edən onun təbiətindən, gendən gələn səmimiyyət, ziyalılıq, xeyirxahlıq, insanpərvərlik və nəciblikdir.
Məhəmməd Peyğəmbərimizin fikridir: insanlar arasında ən dəyərlisi insanlar üçün ən çox xeyirli iş görənlərdir.
Azərbaycanın birinci xanımı belə insanlardandır.

Azərbaycan.- 2007.- 3 iyun.-S. 3-4.