Banu
Mədəniyyət
haqqında qanunlar dekorativ xarakter daşıyır
Tezliklə həm
"Mədəniyyət haqqında" qanuna
dəyişikliklər ediləcək, həm də
mədəniyyətin konsepsiyası hazırlanacaq
Mədəniyyətlə
bağlı mövcud qanun artıq on ildir qəbul olunub. Milli Məclisin Mədəniyyət
məsələləri daimi
komissiyasının sədri
Nizami Cəfərovun sözlərinə görə,
həmin dövrdə
mədəniyyət prosesləri,
dövlətin mədəniyyətlə
bağlı siyasəti
nə qədər mükəmməl olsa belə, maddi imkanlar bu sahədəki siyasəti normal şəkildə yürütməyə imkan
vermirdi. Millət vəkilinin qənaətincə,
o zaman mədəniyyət,
mədəniyyətin cəmiyyətdə
yeri barədə təsəvvürlər lazımi
səviyyədə deyilmiş.
Hazırda ölkənin
imkanlarının genişləndiyini
dilə gətirən
N.Cəfərov hesab edir ki, bütün
bunlar "Mədəniyyət haqqında"
qanunu yenidən işləməyi tələb
edir:
"İnkişaf mədəniyyət
sahəsində yeni anlayışları ortaya
çıxarır. Məsələn,
götürək prodüser anlayışını.
Bu gün mədəniyyətin istehlakı,
incəsənət əsərlərinin
yayılması, mədəniyyətdən
həm geniş, həm də dar mənada istifadənin müxtəlif
üsullarının tapılması
üçün prodüser
institutu çox mühüm hadisədir.
Bu anlayış, termin o zaman
mövcud qanun qəbul olunarkən bu qədər aydınlığı ilə
təsəvvür oluna
bilməzdi". Millət
vəkilinin qənaətincə,
"Mədəniyyət haqqında"
qanunda əsaslı düzəlişlər olmalıdır.
Onu da qeyd
edək ki, Mədəniyyət və
Turizm Nazirliyi növbəti 10 il üçün Azərbaycan
mədəniyyətinin inkişafı
konsepsiyasını hazırlayır.
Hələlik konsepsiyanın
müzakirəsi gedir.
N.Cəfərov deyir ki, müzakirələr
bitəndən sonra sənəddə irəli
sürülən müddəalardan
istifadə edərək,
"Mədəniyyət haqqında"
qanunda düzəlişlər
ediləcək. "Ümumiyyətlə,
bizim mədəniyyət
sahəsində qanunlarımızın
müddəaları
həddindən artıq
dekorativ xarakter daşıyır. Nəzəri
baxımdan bu qanunların müddəaları
hətta bəzən çox mükəmməl
olur. Amma onları həyata keçirməkdə çətinlik
yaranır. Məsələn,
Cinayət, Mülki, Seçki məcəllələrinə
dəqiq, konkret modellər vermək mümkündür. Amma mədəniyyət, incəsənət
sahəsində həmişə
subyektin mövqeyi güclüdür".
N.Cəfərov mətbuata
açıqlamasında onu
da bildirib ki, komissiyada həm də "Kitabxana işi haqqında", "Kinematoqrafiya
haqqında" qanunlar
üzərində iş
gedir. Eyni zamanda, "Yaradıcı
şəxslər və
yaradıcı təşkilatlar
haqqında" da ayrıca bir qanun hazırlanır. Millət vəkili deyir ki, bəzən
yaradıcı təşkilatları
qeyri-hökumət təşkilatları kimi təqdim edirlər və onları QHT-lərin siyahısına salırlar. Halbuki bu yaradıcı təşkilatlar nə siyasi təşkilatdır,
nə də QHT: "Bunlar bizim mədəniyyətimizin,
incəsənətimizin inkişafı
üçün çox
böyük rol oynayan təşkilatlardır.
Ona görə də onlar dövlət büdcəsindən maliyyələşdirilməlidir".
Şou-biznesdəki vəziyyətə münasibətini
açıqlayan millət
vəkilinin sözlərinə
görə, xeyli müddətdir bu sahədə qayda-qanun yaratmaq məsələsi müzakirə edilir.
Heç kimə sirr deyil ki,
şou-biznes bu gün cəmiyyətin ən çox maraqlandığı bir sənət sahəsidir.
N.Cəfərov da təsdiqləyir ki, hazırda şou-biznes Azərbaycanda incəsənətin
önündə gedir.
Komissiya sədrinin qənaətincə, heç
bir halda hansısa incəsənət
hadisəsi qadağan oluna bilməz: "Bir vaxtlar hətta
cazı qadağan etmək istədilər. Ancaq caz yaşadı
və artıq bu gün incəsənət,
musiqi dünyasında
möhkəm mövqeyi
var. Bu gün
şou-biznesin birinci problemi onun qeyri-peşəkar olması ilə bağlıdır.
Şou cəmiyyət
üçün maraqlıdır.
Hər kəs şouya baxmaq, dincəlmək istəyir.
Ancaq şouda da intellektuallıq, peşəkarlıq olmalıdır.
Şou, belə demək mümkünsə,
insanları yüngül
əyləncə şəklində
əhatə etməməlidir".
N.Cəfərov bu məsələnin digər
tərəfinə də
münasibətini açıqladı.
Onun qənaətincə,
şou-biznesdə ciddi maliyyə pozuntuları var. Belə ki, əksər
prodakşn şirkətlər
vergi ödəmədən
fəaliyyət göstərirlər.
Böyük zəhmət
sərf edilmədən
külli miqdarda pullar qazanılır. Bundan başqa, şou-biznes sahəsinin nümayəndələrinin prodüserləri
çox vaxt zəhmətsiz gəlir əldə edirlər. Onun sözlərinə görə, bunlar cəmiyyətə dağıdıcı
təsirini göstərir.
Bu azmış kimi, televiziyalar varlanmaqdan ötrü bəzən şou-biznesdən istifadə edirlər. Özü də bunu həyata
keçirməyin ən
müxtəlif yolları
tapılır. Necə
deyərlər, sənət
burada öz yüngül təzahüründə
alınıb-satılır:
"Bu da nəticə etibarilə insanların zövqünün
korlanmasına gətirib
çıxarır. Məlum
olduğu kimi, şou-biznesin bir intriqant təbiəti də var və
sonuc etibarilə bu intriqalar bəzən
həddini keçir. Müğənnilər bir-birini
təhqir edir, bir-birlərinə atmaca atırlar. Bu da gənc
nəslə, yeniyetmələrə
olduqca pis nümunədir. Beləliklə
də hətta orta məktəblərin sonuncu siniflərində oxuyan şagirdlərin böyük əksəriyyəti
səsi oldu-olmadı müğənni
olmaq istəyir. Yəni həmin yeniyetmələr görürlər
ki, kimsə şou-biznesə gəlir. Səsi, düşüncəsi, təfəkkürü
olmadan bir-iki ilin içərisində məşhurlaşır. Təbii
olaraq, həmin yeniyetmələrin də içərisində dərhal
parlamaq, məşhurlaşmaq
həvəsi baş qaldırır".
N.Cəfərovun fikrincə, bu, istər-istəməz cəmiyyətdə məsuliyyətsizlik
də yaradır. Şou-biznesin cəmiyyətə
böyük təsirindən
söhbət açan
müsahibim deyir ki, bu məsələ
qanunvericilik çərçivəsində
həllini tapmalıdır.
Ayna.- 2007.- 9 iyun.- S. 19.