MDB İcraiyyə
Komitəsinin Azərbaycan
kitabxanalarına hədiyyəsi
İyunun
5-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında
MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı
katibi, MDB ölkələrinin iqtisadi inkişafının
dəstəklənməsi fondunun rəhbəri Vladimir
Ruşaylo ilə görüş keçirilmişdir. O, ölkəmizin kitabxanalarına rus dilində 10 min nüsxə ədəbiyyat
hədiyyə etmişdir.
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev demişdir ki, bu görüş
humanitar əlaqələrin
möhkəmləndirilməsinə yönəldilmişdir. Son
illər MDB-nin bütün ölkələrində
bu cür tədbirlər həyata keçirilir. Rus dili ili çərçivəsində
Bakıda Rus kitabı festivalı keçirilmişdir. Respublikamız
bütün kitab yarmarkalarında, "Kitab
sənəti" müsabiqəsində
iştirak etmişdir.
MDB İcraiyyə Komitəsinin
qərarı ilə Azərbaycana fəlsəfə,
sosiologiya və iqtisadiyyata dair kitablar, habelə rus klassiklərinin və xarici klassiklərin əsərləri
hədiyyə olunmuşdur.
Mədəniyyət və
Turizm Nazirliyi kitabları Prezident Kitabxanasına, Elmlər Akademiyasının və Milli Məclisin kitabxanalarına, habelə
Gəncə və Zaqatala kitabxanalarına paylayacaqdır.
Ə.Qarayev xatırlatmışdır ki,
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev ədəbiyyatı yüksək
qiymətləndirirdi, onun
rəhbərliyi dövründə
kitabxanalar və kitabxana işi haqqında qanun qəbul edilmişdir. Hazırda bu siyasəti Prezident İlham Əliyev layiqincə davam etdirir.
Vladimir Ruşaylo səmimi görüşə
görə təşəkkürünü
bildirərək demişdir
ki, MDB-nin İcraiyyə Komitəsi iqtisadi inteqrasiyanı və humanitar sahənin inkişafını
ön plana çəkir. O, Humanitar Fondun vəzifələri,
Humanitar əməkdaşlığa
dair Şuranın əsasnaməsi haqqında
qısa məlumat vermişdir. Qonaq bildirmişdir ki, Azərbaycan MDB ölkələri
ilə bütün sahələrdə, o cümlədən humanitar
sahədə fəal əməkdaşlıq edir.
V.Ruşaylo demişdir:
"Bu gün biz Azərbaycanın kitabxanalarına millətlərarası
ünsiyyət dili və dünya mədəniyyətinin xəzinəsini
əhatə edən rus dilində ədəbiyyat təqdim edirik".
Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı
Anar, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri
Ziyad Səmədzadə
hədiyyəyə görə
təşəkkürlərini bildirmişlər.
Azərbaycan.-2007.-6
iyun.-S.5.