Mədəniyyət Fondunun nəzdində
Yeni Diskussiya Klubu açılıb
Klubun
tədbirlərində müasir həyatın ən aktual
məsələləri ictimai müzakirəyə
çıxarılacaq
Dünən Azərbaycan Mədəniyyət Fondunun
təşəbbüsü ilə bu qurumun nəzdində
yaranan Yeni Diskussiya Klubunun fəaliyyətinə start verilib. Bu
ideyanın müəllifi
tanınmış yazıçı,
Milli Elmlər Akademiyasının müxbir
üzvü, Bakı Slavyan Universitetinin rektoru, Mədəniyyət
Fondunun sədri Kamal Abdulladır. Diskussiya klubuna rəhbərlik etmək
AMEA-nın Əlyazmalar
İnstitutunun işçisi
Tərlan Quliyevə həvalə olunub. T.Quliyev bildirib ki, klubun yığıncaqlarında
müxtəlif mövzuların
müzakirə olunması
nəzərdə tutulub.
Onun sözlərinə
görə, diskussiya klubunun açılmasında
əsas məqsəd müasir dövrümüzdə
insanların hər hansı maddi və mənəvi problemlərindən çıxış
yolu tapmasına yardım göstərməkdir.
Klubun açılış
mərasimində Mədəniyyət
Fondunun üzvləri ilə yanaşı, ölkənin bir sıra tanınmış
ziyalıları iştirak
edib. Tədbiri giriş sözü ilə Mədəniyyət
Fondunun sədr müavini Rafiq Kaşanlı açıb.
O, tədbir iştirakçılarına
K.Abdullanın salamlarını
çatdıraraq, qurumun
fəaliyyətinin uğurlu
olmasını arzulayıb.
Klubun rəhbəri Tərlan Quliyev simvolik olaraq ilk diskussiya mövzusu kimi "Təbəssüm"ün
seçildiyini bildirib.
O, müasir həyatda
problemlərin çoxluğunu
və belə bir vaxtda təbəssümün
insanlara nə qədər müsbət enerji verə bilməsini önə çəkib. Mədəniyyət
Fondunun üzvü, aktrisa Suğra Bağırzadə bildirib
ki, məktəblərdə
mədəniyyətşünaslıq dərsləri keçilməlidir.
Onun sözlərinə
görə, bu dərslər ölkə gənclərinin mədəni
cəhətdən formalaşmasına
kömək edə bilər. Müzakirələrdə iştirak edənlər
vurğulayıb ki, uşaq və gənclərə kiçik
yaşlarından mənalı
gülüşün nə
olduğunu anlatmaq və onları bu yöndə tərbiyələndirmək böyüklərin
mənəvi borcudur.
Tədbirdə media nümayəndələri və
fondun tərkibində
fəaliyyət göstərən
"Sönməyən ulduzlar"
teatrının aktyorları
iştirak ediblər. Klub rəhbərliyi iştirakçıların diqqətinə
çatdırıb ki,
diskussiyalar ayda bir dəfə müxtəlif mövzular ətrafında təşkil
olunacaq.
525-ci qəzet.-2007.-20 iyun.-S.7.