İsayev Ə.
Goranboyda Heydər
Əliyev muzeyinin açılışı olub
Xalqımızın
ümummilli lideri Heydər Əliyev dəfələrlə
Goranboyda olub. Hər dəfə də
rayonun inkişafı üçün tükənməz
qayğı və kömək göstərib.
Ən əsası budur ki, ölkənin
hər yerində olduğu kimi sərhəd bölgəsində
yerləşən Goranboyda
da sabitlik yaratdı, dinamik inkişafın etibarlı
bünövrəsini qoydu.
Odur ki, goranboylular ulu öndəri ehtiramla yad edir, onun
xatirəsinin əbədiləşdirilməsi
və müqəddəs
ideyalarının ardıcıl
surətdə həyata
keçirilməsi üçün
əllərindən gələni
əsirgəmirlər. Rayonda
Heydər Əliyev prospekti yaradılıb, ulu öndərin abidəsi ucaldılıb,
qəsəbə və
kəndlərdə büstləri
qoyulub.
Bu günlərdə rayonun mərkəzində,
ən baxımlı yerdə Heydər Əliyev muzeyinin açılışı oldu.
Xalq sənətkarlarının əli
ilə milli ornamentlərlə bəzədilmiş
bu işıqlı, yaraşıqlı binanın
geniş salonunda otuz beş il
ölkəyə rəhbərlik
edən və Azərbaycanı dünyanın
hər yerində tanıdan Heydər Əliyevin ibrətamiz həyat yolunu əks etdirən qiymətli eksponatlar toplanıb.
Təntənəli mərasimi rayon
icra hakimiyyətinin başçısı Novruz
Novruzov açdı. Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Milli Məclisin üzvü Gültəkin
Hacıyeva, YAP Goranboy
rayon təşkilatının
sədri Nizaməddin Quliyev, Ağsaqqallar Şurasının sədri
Əli Paşayev, uşaq yaradıcılıq mərkəzinin müəllimi
Xatirə Vəliyeva və başqaları çıxış edərək
ölkənin yüksəlişində
ulu öndərin əvəzsiz xidmətlərindən
və dahi rəhbərin yolunu uğurla davam etdirən İlham Əliyevin məqsədyönlü
fəaliyyətindən danışdılar.
Muzeyin qarşısında
təqribən beş
hektar sahədə Heydər Əliyev adına mədəniyyət
və istirahət parkı yaradılıb. Tədbirin iştirakçıları
burada yeni ucaldılmış obyektlərlə
tanış oldular. Ağsaqqallar evi, uşaq internat məktəbi, tarix-diyarşünaslıq muzeyi,
rəsm qalereyası, əyləncə idman mərkəzi, fəvvarələr
və körpülər
kompleksi öz milli-estetik görkəmi ilə diqqəti cəlb edir. Elə həmin parkın başında idman sarayının açılışı oldu.
Yanında isə üzgüçülük hovuzu
inşa edilir.
El ağsaqqalı Əli Paşayevin dediyi kimi, Heydər
Əliyev Azərbaycanın
hər guşəsində,
ölkəmizin hər
bir qədirbilən vətəndaşının qəlbində
olduğu kimi goranboyluların ürəyində
də özünə
layiqli abidə ucaldıb.
Ulu öndərin adını daşıyan
Xatirə muzeyi bu yerlərin əsl ziyarət guşəsinə, and yerinə çevrilib.
Azərbaycan.- 2007.- 21 iyun.- S. 6.