Qobustan dövlət
tarixi-bədii qoruğu Dünya mədəni İrs
Siyahısına daxil edilmişdir
Bu haqda qərar
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin Yeni Zelandiyada
keçirilən 31-ci sessiyasında qəbul edilmişdir
YUNESKO-nun
Ümumdünya İrs Komitəsinin Yeni Zelandiyanın Kristçorç
şəhərində keçirilən 31-ci sessiyasında
Qobustan dövlət tarixi-bədii qoruğunun Dünya
Mədəni İrs Siyahısına daxil edilməsi ilə
bağlı yekdilliklə qərar qəbul olunmuşdur. Bununla
da Qobustan təkcə Azərbaycanın deyil,
bəşəriyyətin mədəniyyətinə və tarixinə
məxsus olur.
Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında təhlükədə olan abidələrin vəziyyəti müzakirə edilir. Siyahıya daxil edilən 800-ə yaxın təbii və mədəni irsə aid abidələrin vəziyyəti hər il təhlil olunur. Təhlükədə olan abidələrlə bağlı məsələ isə dərhal müzakirəyə çıxarılır.
Ötən il ölkəmiz İçərişəhərlə bağlı problemlə rastlaşsa da, qəbul olunan son qərarlar və görülən işlər Ümumdünya İrs Komitəsində yetərli sayıldı. Qədim İçərişəhər Dünya Mədəni irs Siyahısına daxil edildi. Bu dəfə Azərbaycanın sessiyadan gözlədiyi əsas qərar Qobustan dövlət tarixi-bədii qoruğunun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi idi. Ölkəmiz Qobustanın Dünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə bağlı artıq ikinci dəfə məsələ qaldırmışdı. İlk belə müraciət 2004-cü ildə olmuşdur.
Qoruqla tanış olmaq məqsədilə əraziyə gəiən xüsusi komissiya vəziyyəti müsbət qiymətləndirsə də, bildirmişdi ki, Qobustanda müəyyən işlər davam etdirilməli və yalnız bir ildən sonra bu məsələ gündəmə gətirilməlidir. İndi artıq Yeni Zelandiyanın Kristçorç şəhərindən xoş xəbər almışıq. Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında iştirak edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya İrs Komitəsinin bütün üzvlərini Prezident İlham Əliyevin bu yaxınlarda Qobustanın inkişafı ilə bağlı imzaladığı sərəncamla tanış etmişdir. Həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya göndərdiyi xüsusi məktubunun surəti də təqdim olunmuşdur.
Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev telefonla AzərTAc-a məxsusi müsahibəsində qərarla bağlı demişdir:
- YUNESKO-nun Ümumdünya irs Komitəsinin 31-ci sessiyasında Qobustan dövlət tarixi-bədii qoruğunun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə əlaqədar Azərbaycanın ikinci müraciətinə baxılmışdır. Təxminən 4 ay bundan əvvəl bu qurumun xüsusi komissiyası ölkəmizə gəlmişdi. Ekspertlər Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı fəaliyyət planına məsləhətçi dəstəyi verərək qoruğun qiymətləndirilməsini həyata keçirmiş, komitəyə təklif hazırlamışdılar. Bu məsələyə bir ildən sonra baxılması nəzərdə tutulmuşdu. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı "Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında" sərəncamın, habelə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın YUNESKO-nun baş direktoruna məktubunun surətinin də komitə üzvlərinə təqdim edilməsi məsələnin elə bu sessiyada həll olunmasına imkan verdi. Eyni zamanda biz, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti də sessiyanın keçirildiyi günlərdə komitənin üzvləri ilə müvafiq danışıqlar aparıb lazımi izahatlar və sənədlər vermişdik. Bildirmişdik ki, bu qoruqla bağlı ölkəmizdə beynəlxalq konfranslar keçirilmişdir. Azərbaycan alimləri 40 ildən bəri Qobustanın öyrənilməsi ilə məşğul olmuşlar. Qobustanın fotoşəkilləri, alimlərimizin bu qoruq barədə elmi əsərləri komitə üzvlərində böyük maraq doğurdu. Nəticədə sessiya Qobustan dövlət tarixi-bədii qoruğunun 2007-ci ildə Dünya Mədəni İrs Siyahısına daxil olunması barədə yekdilliklə qərar qəbul etdi.
Beləliklə, bu qərara əsasən, indən belə Qobustan da beynəlxalq təşkilatların nəzarəti altında olacaq, onun qorunması və inkişaf etdirilməsi həm də bəşəri əhəmiyyət daşıyacaqdır. Azərbaycan qoruqla bağlı mütəmadi olaraq hər il komitəyə məlumatlar təqdim edəcəkdir.
Qpbustanın Dünya Mədəni irs Siyahısına daxil edilməsi bizi həm sevindirir, həm də üzərimizə böyük məsuliyyət qoyur. Qeyd etdiyim kimi, Qqbostan dövlət tarixi-bədii qoruğu indən belə bəşəri
əhəmiyyət daşıyır.
Azərbaycan.- 2007.- 30 iyun.- S. 5.