Yeniliyin əbədi mücahidi...
RƏSUL RZA – 100
“Ağıl qaranlıqda daha
yaxşı işləyir”
İmmanuil Kant
Onda da aprelin biriydi: 1981-ci il.
Dünyanın “gülüş” günü, “zarafat”
günü. Tarixin bu adi təqvimində qəfildən xəzrinin
gətirdiyi bir bəd xəbər hamının kefinə soğan
doğradı, ovqatını sarsıtdı. Rəsul Rza Mərdəkanda
vəfat edib. Bu xəbər ümumən Azərbaycan mədəniyyətini
tərs şillə kimi tutdu. Kimi dərhal inandı, kimi
inanmadı, axı onda dünyanın yalan günüydü,
hamı Qabrovo lətifələrindən, şəkili
Hacı dayının, ağdamlı Abdal Qasımın, lənkəranlı
Baləminin duzlu-məzəli uydurmalarından dəm vurur,
zarafatı zarafata calayırdı. Qara xəbərə qulaq
açan, inanan kim idi?..
Rəsul Rza qüdrətli Azərbaycan
şairi və ictimai xadimi olmaqla bərabər, XX əsrin məmləkətimizə
bəxş elədiyi 4-5 nadir ziyalıdan biriydi. Daim
novatorluğu yaradıcılığında təsdiqləyən,
düşüncəsində, məfkurəsində, bədii
təxəyyülündə arxaizmlə, köhnəliklə
amansız, barışmaz mücadilə aparan bu
işıqlı şəxsiyyətin ömür yolu heç
də hamar olmayıb. Onun yaradıcılığının
qida mənbəyi bəzi sovet tənqidçilərinin o zaman
axtardıqları və sevə-sevə yazdıqları kimi
rus şeiri ənənələri, V.V.Mayakovski təsiri
deyildi, Rəsul Rza sözü 1500-2000 illik şeirimizin alt
qatlarından qidalanır, süzülüb durula-durula gəlirdi.
Başlanğıcını “Dədə Qorqud”dan daha qədim,
obrazlı türk xalq deyim tərzindən
götürürdü. Ona görə bu poeziya təkcə
formasına, ahənginə görə deyil, həm də məzmun
əlvanlığına, rəngarəngliyinə görə
hadisə idi. Rəsul müəllimin “Azərbaycan Sovet
Ensklopediyası”ndakı o vaxtkı uğurlu eksperimentləri
bu “ana kitabı” heyrətamiz dərəcədə milliləşdirdi.
Elə həmin dövrlərdə də milli satqınlar, ermənilər,
ruslar Moskvaya “donos”lar yazır, onun fəaliyyətini qeyri-qənaətbəxş,
başqa xalqlara hörmətsizlik, düşmənçilik əlaməti
sayır, milli-mənəvi dəyərlərimizin
üstünə kölgə salır, bu işıqlı
ziyalının cəzalandırılmasını israrla tələb
edirdilər. Bütöv, ötkəm, sərt Rəsul
Rzanın isə dəmir xarakterinə uyğun özünəməxsus
həyat amalı, yaşam devizi var idi:
Mübarizə bu gün də
var, yarın da,
Mən də onun ön
sıralarında!
Əlbəttə, ötən
əsrin 70-80-ci illəriydi, Stalin rejimi deyildi, ancaq akademik
Saxarov elə bu rejimi tənqid etdiyinə görə cəza
çəkirdi – Qorkidə ev dustağıydı. Şair
İosif Brodski ölkədən
çıxarılmışdı. Qazax yazarı Oljas
Süleymenovu (“Aziya” kitabına görə) mənsub olduğu
respublikanın rəhbəri Dinmühəmməd Kunayev
qanadları altına almış, hifz eləmişdi. Rəsul
Rzaya atılan çirkab, hücum da dairəsini genişləndirə
bilərdi. Bu zaman Azərbaycan xalqının qeyrət mücəssəməsi
Heydər Əliyev döşünü irəli verdi. Heydər
Əlirza oğlu ustalıqla risqə getdi, zahirən Rəsul
müəllimi guya vəzifəsindən
uzaqlaşdırdı, ensklopediyanın direktorluğundan
çıxartdı. Əslində bu siyasi gediş Brejnev
hakimiyyətinin gözündən pərdə asmaq idi, sonra elə
dahi Heydər Əliyevin təqdimatı əsasında Rəsul
Rzaya ölkənin ən yüksək ali mükafatı –
Sosialist Əməyi Qəhrəmanı fəxri adı verildi.
Rəsul Rza yeniliyin əbədi
mücahidi idi, böyük bir söz ordusunu lokomativ kimi
ardınca çəkirdi. Poeziyamızın tərənnüm
mərhələsindən sonrakı keyfiyyət yeniləşməsinin
baiskarı və bayraqdarıydı. Ardıcılları, tərəfkeşləri
ilbəil artırdı: Əli Kərim, Məmməd Araz, Fikrət
Qoca, Fikrət Sadıq, Vaqif Səmədoğlu, İsa
İsmayılzadə, Ələkbər Salahzadə, İltifat
Saleh, Abbas Abdulla, Tofiq Abdin Camal Yusifzadə, Azər Abdulla, Vahid
Əziz, Mövlud Süleymanlı, Çingiz Əlioğlu,
Ramiz Rövşən, Dilsuz, Tahir Taisoğlu... Bu imzaların hər
biri Azərbaycanın möhtəşəm poeziya çələngində
bir rəng, bir çalar idi. O, orijinal sözə, bənzərsiz
fikrə, ifadəyə rast gələn kimi dərhal reaksiya
verir, müəllifinin müdafiəsinə qalxırdı.
Ramiz Rövşənin ötən əsrin 70-ci illərində
yarpaq qalınlığında çıxan şeir kitabı
bəzi “tərif bülbülləri”nin xoşlarına gəlməmişdi,
elə hey partiya mətbuatında gənc şairin
qabırğasına döşəyirdilər. Yalnız Rəsul
Rza qətiyyətli surətdə Ramizi hifz etdi, şeirlərini
ədəbi təsərrüfatımızda yeni hadisə
adlandırdı, hətta daha çox mühafizəkarların
tənqid hədəfinə çevrilən bu
misralarını ağızdolusu təriflədi:
Bulud gəldi göy
başına,
Dedim ana, “döy”
başına,
Hər oba, hər öy
başına,
Oğul getdi,
qayıtmadı!
Yalnız bundan sonra
ideologiyanın quluna çevrilən mürtəce sovet tənqidi
bir qədər geri çəkildi. Rəsul müəllim isə
yeniləşən ədəbiyyatımız barədə
yazmaqda, gənc istedadları ortaya çıxartmaqda davam
edirdi. O, hər həftənin sonunda Göyçaydakı ədəbi
məclisə gedir, Şirvan bölgəsində yaşayan
istedadların şeirlərini dinləyir, əsərlərini
toplayıb mətbuata verir, Bakıda yaradıcılıqla
ciddi məşğul olan gənclərə “uğurlu yol”
yazır, Azərbaycanın rayonlarından
götürdüyü qeydləri publisistik silsilə məqalələr
şəklində ortaya qoyurdu. Nəzərindən heç nə
yayınmırdı. Bax, Rəsul Rza millətinə həqiqətən
əməli surətdə xidmət etməyi sevən
böyük ziyalı, yorulmaz təşkilatçı və
hərtərəfli nurlu şəxsiyyət idi. Bu
işgüzarlığı və ağsaqqallığa qibtə
aparmaq olardı.
Yeri gəlmişkən, indi ədəbiyyatımızda
həqiqətən Rəsul Rza müdrikliyi və təmkini, Rəsul
Rza ciddiliyi, tələbkarlığı və sərtliyi,
eyni zamanda Rəsul Rza təəssübkeşliyi və mərdi-mərdanəliyi
çatışmır...
lll
Azərbaycanda bir sıra ədəbi
ənənələrin, poeziya bayramlarının əsasını
Rəsul Rza qoymuşdu. Elə götürək bunlardan birini
– Sabir Poeziya Günlərini. Şeir bayramını böyk
şairin adına yaraşdırmaq naminə Rəsul müəllim
böyük təşkilati yükü həvəslə
öz üzərinə götürürdü. SSRİ
Yazıçılar İttifaqının üzvləri, xarici
ölkələrdən dəvət olunmuş qonaqlar
respublikamızın bütün bölgə mərkəzlərinə
ezam edilirdilər. Sabir yaradıcılığına bir daha
güzgü tutulur, öyrənilir, xalq arasında
yayılır, məktəblilər tərəfindən təbliğ
olunurdu.
O günlər unudulmaz
günlər idi. Mən gənc yaşlarımda bir neçə
dəfə həmin təntənəli söz
bayramının bilavasitə iştirakçısı
olmuşam. Lənkəranda, Gəncədə, Şamaxıda
Sabirə bəslənən böyük ehtiramı, eyni zamanda
Rəsul Rzaya olan ümumxalq sevgisini gözümlə
görmüş, müşahidə eləmişəm. O
günlərin bağlanışı həmişə yekun tədbir
kimi Sabirin heykəlinin qarşısında keçirilirdi.
Söz ustaları axırda böyük şairə hesabat
verirdilər.
Dəqiq tarixini unutmuşam,
1978-ci il idi, yoxsa 1979-cu il. Ən nəhayət, Sabir
bağında, ənənəvi poeziya festivalında
çıxış eləmək xoşbəxtliyi mənə
də ilk dəfə nəsib oldu. Yenə tədbiri Rəsul
müəllim aparırdı. Rəsul Rzanın adımı
çəkməyi, mənə ayrıca söz verməyi həmin
dövrdə hadisəydi. Çünki elə həmin ərəfədə
Rəsul müəllimin bilavasitə redaktorluğu altında
çıxan “Sabir günləri” almanaxında və eyni
zamanda “Azərbaycan” dərgisində silsilə şeirlərim
çap olunmuşdu.
Tədbir başa
çatandan sonra mən Rəsul müəllimə
yaxınlaşdım. Onun “Azərnəşr” və “Gənclik”
nəşriyyatlarında çıxmış
kitablarını özünə göstərdim. Dedim ki,
oxucuyam. Xahiş edirəm, bu kitablara avtoqraf yazasınız. O,
başdan-ayağa məni diqqətlə süzdü və
yadına nə düşdüsə, ciddi sifətinə təbəsssüm
gəldi: – “Bala, sən əvvəl şairsən, sonra oxucu.
Oxun atıb, yayın gizlətmə” – dedi və dərhal əlimdəki
qələmi aldı, hər iki kitaba səmimi ürək
sözlərini yazdı.
Mən Rəsul Rzanın
çoxlu sayda kitablarını, tərcümə əsərlərini
həvəslə oxumuş və günü bu gün də
oxumaqda davam edirəm. O, həmişə özüdür,
yenidir və yalnız özü kimi bənzərsizdir. Rəsul
Rza poeziyası bütün dövrlərin fövqündə
dayanan müasir poeziyadır. Təkcə “Qızılgül
olmayaydı” poeması və “Rənglər” silsiləsi onun
şair kimi ilahi qüdrətinin göstəricisi sayıla bilər.
Düzdür, bəzən bu nəhəng söz
adamının, dahi ziyalının da bostanına daş
atırlar. Bəlkə də zamanın paradoksudur. Ancaq mən
tam səmimiyyətlə deyirəm: əgər Rəsul Rza
sağ olsaydı, özlərini “modern şeirin lideri”,
“postmodernist” adlandıran həmin radikal gənc istedadlı
qüvvələri ətrafına yığar, daha amansız
mücadiləyə, polemikaya girişərdi. O zaman hər kəs
yerində oturar, sular axar, durulardı. Rəsul Rza möcüzəsi,
Rəsul Rza obyektivliyi məhz bütün bunlarda – mürəkkəbə
aydınlıq gətirməkdə, çətini
asanlaşdırmaqda, sadələşdirməkdə idi. Rəsul
müəllimin ziyalı kimi böyük surəti və itgisi
görkəmli yazıçımız Anarın “Sizsiz”ində
xarakterik cizgilərlə, obrazlı detallarla canlandırılıb.
lll
Bu gün aprelin biridir.
Dünyanın “yalan günü”. Əslində
başımızın üstündən yel kimi keçən
zaman “rəng qatışığıdır”. Ağ,
qırmızı, sarı, narıncı, qəhvəyi, boz.
Bu gün o günün təkrarıdırmı? Həmin
gün aprelin biri öz yalan üzünü göstərmədi.
Azərbaycan xalqının iftixarı, böyük ziyalı,
nəhəng söz adamı Rəsul Rzanın cismani
yoxluğuna bizi inandırdı. İndi bu ölümün nə
az, nə çox, düz 29 yaşı var. Bir igidin
ömrü qədər. Ancaq Rəsul Rza
varlığının, ölümsüzlüyünün
yaşı isə əsrlərə, eralara bərabərdir.
Ağacəfər Həsənli
525-ci qəzet.- 2010.- 1 aprel.- S.7.