31 Mart Soyqırımı ilə
bağlı Milli Kitabxanada sərgilər açılıb
Dünən M.F.Axundov adına Milli Kitabxanada “31 mart Azərbaycanlıların Soyqırım Günüdür” və “Erməni terroru karikaturalarda” adlı kitab və plakat sərgilərinin açılışı olub. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, 31 Mart 1918-ci il soyqırımına ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə ilk dəfə siyasi qiymət verildiyini, həmin ildən başlayaraq hər il soyqırım qurbanlarının anım gününün keçirildiyini önə çəkib. K.Tahirov o dəhşətli faciənin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini vurğulayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ermənilərin xalqımıza qarşı törətdikləri qanlı hadisələrdən danışıb, 31 mart qırğınının tariximizin ən qanlı səhifələrindən olduğunu bildirib.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli əsrlər boyu ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, on minlərlə dinc əhalinin soyqırım siyasətinin qurbanlarına çevrilmələrindən, öz doğma ata- baba yurdlarından deportasiya olunmalarından və həmin soyqırım siyasətinin bu gün də davam etdirilməsindən söz açıb: “Ermənilər bu günə qədər türklərə, azərbaycanlılara nifrətin, yalanların əks olunduğu 26 mindən çox kitab və məqalələr çap etdiriblər. Mən də xristian mənbələrinə əsaslanaraq onların əsl üzlərini aşkar edən “Gəlmələr” adlı bir kitab hazırladım ki, bu kitabda ermənilərin Qafqaza gəlmə olduqlarını, onların əslində heç bir əraziyə sahib olmadıqlarını sübut edən əsaslı faktlar toplanıb”.
Millət vəkilləri Havva Məmmədova və Tahir Rzayev də tarixi faktlardan, 31 martda erməni daşnakların törətdikləri vəhşiliklərdən söhbət açıblar və ermənilərin bədnam əməllərinin gələcək nəslə çatdırılmasının vacibliyini vurğulayıblar. H.Məmmədova soyqırıma gedən yolda amansız planın çoxdan hazırlandığını bildirib: “Ermənilər Azərbaycanın dilbər guşələrində yerləşdirildikdən 20-30 il sonra ərazi iddiasına başladılar və “Böyük Ermənistan” yaratmaq xülyasına düşdülər. Bu gün biz təkcə Quba məzarlığı ilə kifayətlənməməliyik. Mən çox əminliklə deyə bilərəm ki, bu gün belə kütləvi məzarlıqlardan, azərbaycanlıların basdırıldığı quyulardan Şamaxıda, Salyanda, Naxçıvanda, Qarabağda və digər bölgələrimizdə də var. Bunun üçün də biz hələ çox tədqiqatlar və qazıntılar aparmalıyıq”.
Publisist Kərim Kərimli soyqırımın tarixi köklərindən, ermənilərin xalqımıza qarşı dəfələrlə planlı şəkildə həyata keçirdikləri qətliamların azərbaycanlıları öz vətənlərindən didərgin salmaq, bir millət kimi yer üzündən silmək məqsədi daşıdığını qeyd edib: “Lakin onların bu çirkin planı baş tutmadı, apardıqları təbliğatlara, tökdükləri yalançı göz yaşlarına baxmayaraq, onların uydurmaları, böhtanları dünya ictimaiyyətində onların özünə qarşı yönələn nifrətə səbəb oldu”.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 31 Mart Soyqırımına həsr olunmuş 200-dən artıq kitab, jurnal, qəzet və 40-dan çox plakat nümayiş etdirilib.
Günel MUSAYEVA
525-ci qəzet.- 2010.- 1 aprel.- S.7.