Aqil Abbas
xarakteri
Biz tərəflərdə
sözünü birbaşa
qarşısındakı adamın
alnına yapışdıran,
hətta fikrini ifadə eləmək üçün kosmetikalı
söz axtarmadan, elə nə təhər gəldi, elə də çılpaqlığıyla deyən dəli-dolu adamlara çoxunun açıq, bəzilərinin
də gizli simpatiyası olur. O kişilər həm də yeyən-içən,
pul xərcləyən
adamlar kimi tanınırlar. Bir çoxları kimi yalandan özlərini sakit aparmaq, fərqli göstərməyə
çalışmaq belə
kişilərə yad
xüsusiyyətdir. Belə
kişilərə açıq
rəğbət bəsləyənlər
bir yana, o gizli simpatiyası olanların dərdi budur ki, onlar
özləri də, nə qədər etik qaydalara son dərəcə ciddi yanaşsalar da, həmişə ürəyinin
dərinliyində məhz
həmin dəli-dolu kişiyə oxşamaq, xaraktercə onun kimi olmaq istəyirlər.
Bir neçə saatlıq da olsa, onlar kimi
sərbəst davranmağı
arzulayırlar. Amma bunun üçün gərək əvvəlcədən
o kişilər kimi doğulasan və xarakterini ömrün boyu qoruyasan...
Cızdığım xarakter cizgilərini son illər ən çox hörmətli yazıçımız,
tanınmış publisist
Aqil Abbasda müşahidə eləmişəm.
Başqalarını bilmirəm,
amma mənim üçün Azərbaycan
ədəbiyyatında indiki
dövrdə var olan o dəli-dolu xarakterli kişilərin önündə Aqil Abbas gəlir.
Bir dəfə
Yazıçılar Birliyində
rəhmətlik şəhid-şair
Fuadın kitabının
təqdimatı keçirilirdi.
Onda AYB-nin “Natəvan” klubu zal və səhnədən
ibarət idi. Küncdə üstünü
Kişilər imzaladıqları
o tarixi kürsü qoyulmuşdu. Hamı bir-bir çıxıb ağlamsına-ağlamsına Fuaddan
danışırdı. Onun
taleyi hamının içini göynədirdi.
Bir sözlə, tədbir, təbii olaraq, ağrılı notlar üzərində ahəstə davam edirdi. Və birdən qapı açıldı, Aqil Abbas girdi zala.
Gecikdiyi üçün
nəzərə çarpmadan
bir küncdə oturmaq istəsə də, tədbir aparıcıları Aqil müəllimi təkidlə
yuxarı dəvət
elədilər. Dəvətlərə
baxmayaraq, Aqil müəllim tədbirdən
yarımçıq qaçmaq
istəyənlərin ən
sevdikləri yer olan qapının ağzında lap qıraqdan
oturdu. İki nəfərin də kövrək çıxışından
sonra sözü Aqil Abbasa verdilər.
Aqil müəllimdə
davakar kənd uşaqlarının yerişi
var axı, bax, həmin yerişlə kürsüyə
tərəf yeridi və heç kimi salamlamadan birbaşa mətləbə
keçdi: “Ə, bu günləri ağlamaqla yox ey, deyib-gülüb
yad eləməliyik. Kişinin oğlu kişi kimi vətəninə canını
qurban verib, kişi ömrü yaşayıb. Ona görə də biz onun ruhunu ancaq
alqışlamalıyıq”. Və zaldan gurultulu alqışlar qopdu, həm Aqil Abbasın çıxışına, həm
də Fuadın ruhuna ünvanlanan alqışlar.
Çıxışdan beş dəqiqə keçmişdi
ki, zal Aqil
Abbası görmədi.
Amma bütün çıxış edənlər
yarım saatlıq nitqlərini Aqil müəllimin beş-üç
kəlmə sözlərindən
sitat gətirə-gətirə
başladılar və
bitirdilər. Çünki
tədbir bir vətənpərvər oğlanın
taleyinə həsr olunmuşdu və tədbirdə öz mövqeyini ən aşkar və birbaşa formada Aqil Abbas göstərə
bilmişdi. Çıxışını
yalançı pafosdan
qoruyub, sözünü
qətiyyətlə demişdi.
Bu mənada, əslində
bizim millətə çoxlu Aqil Abbaslar lazımdı. Yadıma bir sufi hekayəsi düşdü. Gözağrı
vermirəmsə, danışım.
Hə, deyir bir molladan soruşurlar:
– Səncə,
bizə daha çox Ay lazımdır,
yoxsa Günəş?
Molla bir az fikirləşib cavab verir:
– Bu suala
görə baş sındırmağa dəyməz.
Günəş günün
işıqlı vaxtında
olduğundan onun bizə bir o qədər də faydası yoxdur. Ay isə qaranlıq düşəndə özün
yetirir ki, bizi zülmətdən xilas eləsin. Bax, elə buna
görə də Günəşdən artıq
faydalıdır.
Qaranlıqda Ay olmaq qisməti xeyli dərəcədə Aqil
müəllimin qismətinə
düşüb. Yəni
Ay Günəşdən aldığı
işığı gecələr
bizə çatdırdığı
kimi, Aqil müəllim də Allahın ona verdiyi istedad, cəsarət və xeyirxahlığı insanlarla,
öz xalqı ilə bölüşməkdən
zövq alır.
Bəlkə də mən bu yazını
başqa tərəfdən
başlamalıydım. Elə
birbaş romanlardan və yaxud son dövrdə gurultu qoparmağı bacaran “Dolu” romanının üstündə qurmalıydım
hər şeyi, ya da teatrdakı
kimi təntənəli
açılışla yubiley
təbriki yazmalıydım.
Amma içimdən belə gəldi. İstədim ki, Aqil müəllimdə müşahidə elədiklərimi
yazam. Onda gördüyüm xarakterləri
qabardım, çünki
səmimi etiraf eləsək, çoxumuzda
Aqil Abbasın cəsarəti və qəti mövqeyi yoxdur. Yeri gələndə
sözü birbaşa
deməyi bacarmaq lazımdır. Bu baxımdan,
müasir cəmiyyət
üçün Aqil Abbas xarakteri çox gərəkli xarakterdir. Çünki indi bizim millətin
təfəkküründə Aqil Abbas xarakterilə
bir sunami törətmək lazımdır.
Bunu sırf milli dəyərlərimizin
qorunması, vətənpərvərlik
ruhunun aşılanması
mövqeyindən deyirəm.
Aqil Abbasın
gənclərə xüsusi
münasibəti var. Bu münasibət
qayğıkeşliyə, diqqətə
söykənir. Aqil müəllim Gənc Ədiblər Məktəbinin
qonağı oldu və “Ədalət” qəzetində gənclər
üçün bir səhifə ayırdı
ki, buyurun, çap olunun. Bu, çap üçün gənc imzalara yaxşı bir şərait demək idi.
Aqil Abbas bu 57 yaşına dincələ-dincələ yox,
özünəməxsus cəsarətli
mövqeyilə, fikir vuruşları və bəzən də həqiqi yumruq döyüşlərilə gəlib,
böyük bir yol keçib. Bu yolu yalnız Aqil Abbas keçib
gələ bilərdi.
Onun qəhrəmanları
da dəli-dolu gəzib yaşayan, sözünü deməyi
bacaran adamlardı, çünki öz əsərlərində də
elə sözünü
deyən, mövqeyini qorumaq üçün canını əsirgəməyən
insanların obrazını
yaradıb. Sübut üçün uzağa getmək gərək deyil: “Dolu”dakı Pələnglə, Bəbirlə
bir də ünsiyyət qura bilərsiniz.
57 yaşın
mübarək, sözünü
deməyi bacaran
Redaksiyadan: Əziz
dostumuz, dəyərli
həmkarımız Aqil
Abbası doğum günü münasibətilə
“525”çilər də ürəkdən
təbrik edir, ona cansağlığı,
həyatında və
yaradıcılığında yeni uğurlar arzulayırlar.
Vüsal NURU
525-ci qəzet.- 2010.- 1 aprel.- S.7.