Akif İslamzadə, məni ad
günümə bağışla!
SİZ DOĞRUDANMI TANRI SƏSİNİ
EŞİTMİSİNİZ?
Deyirlər dünyada ilk dəfə “Söz” olub və dünya “Söz”dən yaranıb. Yəni Tanrı “Ol” deyib və insanların yüz min illərdi, nə bilim milyon illərdi dağıtmaq istədiyi, amma dağıda bilmədiyi dünya olub. Dünya Sözdən yaranmayıb, dünya Səsdən yaranıb. Tanrı “Ol” sözünü yazmayıb ha, deyib.
Oxuduqlarımıza inansaq Tanrı bircə Musa peyğəmbərlə söhbət edib, başqa peyğəmbərlərlə mələkləri vasitəsilə əlaqə saxlayıb. Yəni dünyada yalnız Musa peyğəmbər yeganə şəxsdir ki, Tanrının səsini eşidib. Və dünyanın ən xoşbəxt, olub-keçən adamıdı.
Bəs Tanrının səsi necə olub? Hansı rəngdə olub, hansı boyda, hansı buxunda olub, hansı şirinlikdə, hansı dadda olub? Musa peyğəmbər o səsi eşidəndə hansı hala düşüb, hansı hisslər keçirib?
Kim istəyir inansın, kim istəyir inanmasın, o qədər yalandan and içmişəm ki, indi and içməyə də həvəsim yoxdu, mən də Tanrının səsini eşitmişəm və eşidirəm. Bu səsin içində doğulmuşam və düz 57 ildi bu səsin içində yaşayıram. Və düz 57 ildir ki, bu səsə qovuşmaq istəyirəm, amma qovuşa bilmirəm. Haçansa qovuşacağıma inanıram. Düz 57 ildir bu səs məni alıb ağuşuna, yaşadır.
Əslində bütün insanlar Tanrının səsini eşidirlər. Sadəcə olaraq Tanrıdan çox uzaq olduqlarına görə bu səsin Tanrının səsi olduğunu anlaya bilmirlər. Milyardlarla murdar səsin içindən Tanrının səsini ayırmaq hər insanın qismətinə yazılmayıb.
İsa
Muğanna deyir ki, Tanrı ilə danışır. Səmimi desək, insanlar
artıq ona normal adam kimi baxmırlar. Bu yaxınlarda Mirşahin
onunla bir saat söhbət elədi və mən də
gördüm ki, İsa Muğanna düz deyir, Tanrı ilə
danışır. Və doğrudan da necə ola bilər ki,
Musa peyğəmbər Tanrı ilə danışa bilər,
İsa Muğanna danışa bilməz?! Və tarix boyu da
Tanrıya yaxın insanları normal insanlar kimi qəbul eləməyiblər.
Nə həzrəti Davudu, nə həzrəti İsanı, nə
həzrəti Musanı, nə həzrəti Məhəmmədi!
Dəli deyiblər, daşlayıblar. Çünki milyonlarla dəlinin
içində ağıllı olmaq təbii ki, dəlilikdi.
İndi İsa Muğannaya da dəli deyənlər həmin o
milyonlardılar.
Tanrı “Ol” deyəndə o
Səs dünyada yaratdığı nə varsa hamısına
hopub. Daşına da, dağına da, çayına da, suyuna
da, havasına da, ağacına da, çiçəyinə də,
gülünə də, işığına da,
qaranlığına da, insanına da, heyvanına da... Bu
dünyada nə varsa, hamısına. Və bu dünyada nə
görürsüzsə, nə görmürsüzsə
hamısı Tanrının səsi ilə danışır.
Bax, indi dünya yenidən doğulur, rənglər bir-birinə
qarışır, ağaclar tumurcuqlayır, dünya
yaşıllaşır. O tumurcuğun səsini eşidirsiniz?
Eşitmirsənsə, sən karsan, buna Tanrı neyləsin?
Bulaqlar qaynayır, o qaynamanın səsi Tanrının səsidi.
Sən onu anlamırsansa Tanrı buna neyləsin? Tərtər
çayı Dəlidağdan qaynamalardan kökünü
götürüb şırıl-şırıl
şırıldayır. Tanrının səsidir,
anlamırsan, buna Tanrı neyləsin? Tərtər olmasın,
Nil olsun, Missuri olsun, Yenisey olsun. Kol dibində bənövşə
qıvrıla-qıvrıla puçurlayır, Tanrının
səsidir. Sən anlamırsan, buna Tanrı neyləsin? Sərçənin,
sığırçının, qaratoyuğun səsi
Tanrının səsidir. Sən bunun Tanrı səsi
olduğunu anlamırsan, buna Tanrı neyləsin?
Bu əslində bir povestə,
bir romana yığılacaq bir mövzu deyil, onda ki, hansısa
bir məqaləyə bunu sığışdıra bilim.
Mən sadəcə olaraq
Akif İslamzadədən məni
bağışlamasını istəyən bir yazı yazmaq
istədim. Amma belə başladım. “Xəzər TV”də Nərgiz
Cəlilovanın hər həftənin ikinci günü
çox maraqlı və çox isti bir “Pəncərə”
adlı verilişi gedir. Hamı dördüncü gün
“Kurtlar vadisi”ni gözləyəndə mən ikinci gün “Pəncərə”ni
gözləyirəm. Demirəm ey, “Kurtlar vadisi”nə
baxmıram, sadəcə olaraq “Pəncərə”ni gözləyirəm
ki, görək bu dəfə Nərgiz xanımın
qonağı kim olacaq? Lap Mirşahinin “Milli metr” verilişini
gözlədiyim kimi gözləyirəm.
Son verilişdə Akif
İslamzadə qonağı idi.
Təxminən iki ildi Akif
İslamzadənin qarşısında elədiyim bir günaha
bəraət qazanmaq istəyirəm, qazana bilmirəm və
heç qazana da bilməyəcəm.
Mən əvvəldə
dedim axı, Tanrı Musa peyğəmbərlə
danışanda səsinin rəngi necə olub, boy-buxunu necə
olub və sair və ilaxır, yuxarıda yazmışam.
Və sonra da yazdım ki, mən
də Tanrının səsini eşitmişəm və
eşidirəm, bu səsin içində doğulmuşam,
böyümüşəm və bu səsin içində
yaşayıram və bu səsə qovuşmaq istəyirəm.
Bir neçə il əvvəl
bir müxbirimə tapşırdım ki, Akif İslamzadə
haqqında nəsə yazsın. Yazdı gətirdi, oxuyub hirsləndim,
cırıb atdım. Və adama da bərk hirsləndim. Və
sonra da fikirləşdim ki, bu bədbəxtin nə
günahı var, o ki Tanrının səsini eşitməyib,
Akif İslamzadə haqqında nə yaza bilər?! Və
özüm oturdum Mehriban xanımın önündə, Akif
İslamzadə haqqında çox kiçik bir yazı
yazdım. Yazı da böyük əks-səda doğurdu. O
yazıya qayıtmaq istəmirəm. Arxivdən tapıb yenidən
çap edəcəm.
Mən o yazıda
Tanrının səsi ilə bağlı fikirlərimi
yazmışdım. Yəni mənim üçün
Tanrının səsi Aydın Qaradağlının səsi
idi, Soltan Nəcəfovun səsi idi, Hacı Sabirin səsi idi,
Bülbülün səsi idi, Məhluqə Sadıqovanın səsi
idi, Qədir Rüstəmovun səsi idi, Arif Babayevin səsi
idi, Akif İslamzadənin səsi idi.
Tanrı Musa peyğəmbərlə
bax, bu adamların səsi ilə danışmışdı.
Tanrının mələkləri də başqa peyğəmbərlərlə
bu səslərlə danışmışdı.
Mən əvvəldə
dedim axı, Tanrının səsi bütün dünyaya
hopub: rənglərə, dağlara, daşlara, çaylara,
bulaqlara, quşlara, havaya, torpağa, işığa,
qaranlığa. Və adını çəkdiyim və
çəkmədiyim qeyri-adi insanların səsində də
dağların, daşların, bulağın, çayın, rənglərin,
işığın, torpağın, qaranlığın, havanın,
heyvanların, insanların, gülün, çiçəyin
səsi cəmləşib.
Kimsə mənimlə
mübahisə edə bilər ki, filankəsin səsində də
belə bir möcüzə var. Ola bilər, onunla mübahisə
edə bilmərəm, o da o səsi qəbul edir. Mən
dünyanın böyük Tanrı səsli sənətkarlarını
tanıyıram və sevirəm. Həqiqətən də
Demis Russosun, Pavarottinin, Müslüm Maqomayevin səsi də
Tanrı səsidir. Yəni dünyada Tanrı səsli insanlar
şükürlər olsun ki, az deyil. Amma dəhşət
budur ki, Tanrı səsli insanları dinləyənlər
hamısı bir yerdə Maykl Ceksonu dinləyənlərdən
azdı. Bax, faciə budu.
Söhbəti uzatmayaq. Mən
Akif İslamzadə haqqında yazanda demişdim ki, Akif,
Tanrı sənin səsini o qədər çox sevirdi ki, bədənindən
soyub apardı öz yanına. Və Tanrı indi bütün
günü sənə qulaq asır. Və Tanrı sənə
qulaq asdığına görə və sənin səsin onun
ruhunu oxşadığına görə bu dünyanı məhv
eləmir. Sənin səsindi bu dünyanı qoruyan.
Və onu da
yazmışdım ki, sən xoşbəxt adamsan. Bir gün
Tanrıya qovuşacaqsan və gedib öz səsini
Tanrının dərgahında görəcəksən! Bizlər
bədbəxtik ki, bir daha sənin səsini görə bilməyəcəyik.
Səsi görmək! Lap
cavan yaşlarımda bir yazı yazmışdım.
Yazmışdım ki, mən gözəl rəsm əsərlərinə
baxanda ordakı rənglərin səsini eşidirəm. Məsələn,
Səttar Bəhlulzadənin “Kəpəzin göz
yaşları” və ya Salvador Dalinin “Vətəndaş
müharibəsini öncədən görmə” əsərlərini.
Burda rənglərin danışığını yazmağa
qələmin qüdrəti çatmaz, çünki Tanrı
burda rənglərin dili ilə danışır,
Tanrının danışığını da yazmaq
üçün ən azı Üzeyir Hacıbəyov
olmalısan, Qara Qarayev olmalısan, Şopen olmalısan və
sair və ilaxır.
Bəs bu yazını niyə
yazdım? Əslində bu gün mənim ad
günümdü. “Dünyanın ən xoşbəxt
adamı” adlı povestimdə belə bir yer var. Qəhrəman,
yəni özüm, heç vaxt ad günü keçirməyi
xoşlamır. Və belə fikirləşir ki, o nə Məhəmməd
peyğəmbərin nəslindəndi, nə də
Eynşteynin. Yəni onun doğulması dünyada insan
artımından başqa maraqlı bir şey deyil. Yəni mənim
də Tanrının səsini eşitmək qabiliyyətindən
başqa doğulmağım elə də bir önəmli
hadisə deyil.
Akif İslamzadə Nərgiz
xanımla söhbətində dedi ki, o, səsləri
görür. Təxminən 20-23 il bundan əvvəl mən
bir yazı yazmışdım və orda demişdim ki, mən
rənglərin səsini eşidirəm, rəssamlıq
gözlə görünən musiqidir. Və onu da
yazmışdım ki, mən səsləri görürəm,
musiqi də, səslər də gözlə görünən
rəssamlıqdı, sənət əsəridi. O vaxt bunu mənə
nöqsan tutanlar da olmuşdu.
Və gördüm ki, bu
dünyada dəli təkcə mən deyiləm, Akif
İslamzadə də dəlidi.
Bəs Akif İslamzadəyə
niyə üz tutub deyirəm məni bağışlasın?
Mən “Dolu” romanını
yazanda orda müəyyən nüanslar var. Tanrı mələklərini
yer üzünə göndərir ki, insanlar yollarını
azıblar. Gedin bir insan tapın, ona peyğəmbərlik əta
eləyim və o, yenidən insanları düz yola, haqq yola
çağırsın. Mələklər gəlirlər bitdə-bitdə
insanları arayıb-axtarırlar, amma Tanrının dediyi insanı
tapa bilmirlər. Və əliboş geri qayıtmaq məcburiyyətində
olurlar. Qorxurlar ki, Tanrının əmrini yerinə yetirə
bilmədiklərinə görə Tanrı onları cəzalandıracaq.
Və birdən bir insanın çıxartdığı
Tanrı səsini eşidirlər. Və bu səsi həmin
insandan soyub çıxarırlar və aparırlar Tanrıya.
Tanrı bu səsə qulaq asır, çox xoşuna gəlir
və hər dəfə insanlığa əsəbləşəndə
bu səsə qulaq asır və insanları
bağışlayır. Və mənim əsərimdə bu,
Qədir Rüstəmovun səsi kimi göstərilib.
Əslində isə mən
7-8 il əvvəl belə bir yazı yazmışdım, bu səsin
Akif İslamzadənin səsi olduğunu göstərmişdim.
Romanda isə bu səs Qədir Rüstəmovun səsi kimi
gedib. Əslində isə romanın əlyazmasında bu səsin
Akif İslamzadənin səsi olduğu yazılıb – əvvəldən
sonadək. Amma əsər çapa gedərkən Akif
İslamzadəyə xəyanət elədim həmin obrazı
Qədir Rüstəmov kimi təqdim elədim.
Qədir Rüstəmovun da səsi
ilahi səsdi. Bəs niyə Akifin adını
çıxarıb Qədirin adını yazdım? Niyə
Akifə xəyanət elədim, əslində Tanrının
səsinə xəyanət elədim?
Roman Qarabağ müharibəsindən,
Qarabağdakı faciələrdən və sair və
ilaxırlardan danışılırdı. Və Qarabağda
da Qədir Rüstəmovun səsi Qarabağın
daşı, torpağı, suyu, havası kimi, qəbiristanlığı
kimi əziz və doğmadı. Düzdür,
qarabağlılar Akif İslamzadəni də qarabağlı
kimi qəbul edirlər, amma Qədir onlar üçün
başqa bir məna daşıyır. Və məhz buna
görə də roman çapa gedərkən Akif İslamzadənin
adını əsərdən çıxarıb yerinə Qədir
Rüstəmovun adını yazdım.
Yəni həm Akifə, həm də özümün qəbul etdiyim meyarlara bir xəyanət elədim. Və iki ildi həmişə Akif İslamzadəyə bir məktub yazmaq istəmişəm ki, məni bağışlasın.
Və onu da bilirəm ki, Akif İslamzadə belə şeylərin farkında deyil, çünki çox yüksəkdə dayanır. Bir adamın ki səsi Tanrı dərgahında ola, bir adamın ki səsini hər gün Tanrı dinləyə və bu səsə görə biz günahkar insanları bağışlaya, yəqin ki, Akif İslamzadə də məni bağışlayar.
35 il əvvəl Tanrı mələklərinin Akif İslamzadədən soyub Tanrıya apardıqları səsi mələklər bizim içimizdən, qanımızdan, ruhumuzdan, bu torpaqdan, bu çaylardan, bu sulardan, bu bulaqlardan, bu işıqdan, bu qaranlıqdan, bu havadan soyub apara bilmədilər.
Milyardlarla
insanların Tanrının səsini bu dünyada
batırmağa gücləri çatmadığı kimi,
Tanrı mələklərinin də gücü Akif
İslamzadənin səsini bu dünyadan qoparmağa gücləri
çatmadı!
Aqil ABBAS
525-ci qəzet.- 2010.- 1 aprel.- S.5.