Qatı millətçiliyin cəbbəxanasındakı “Damokl qılıncı”

 

Qatı təcavüzkar millətçilik forması olan şovinizm müxtəlif qaydalarda təzahür edir. Ermənilərin şovinizmi digər xalqların ifrat millətçiliyindən həm də başqa tip ifadə tərzlərindən istifadə etməsi ilə fərqlənir. Onlar əndazədən çıxan iddialarının gerçəkləşməsi üçün mənsub olduqları milləti əzilən, daim iztirablara məruz qalan kimi qələmə verməklə, təkcə özlərinə qarşı mərhəmət hissi oyatmaq cəhdləri ilə kifayətlənməyib, eyni zamanda onlara guya qənim kəsilən bir xalqa qarşı başqalarında, bəlkə də bütün sivilizasiyalı aləmdə nifrət yaratmaq məqsədini güdürlər. Bunun üçün istənilən məkrli vasitə kara gəlir.

Erməni marginalları bu xalqa məxsus olan istənilən şəraitə uyğunlaşmaq sahəsindəki qeyri-adi qabiliyyətdən sui-istifadə edərək asanlıqla etimad qazanmağa müvəffəq olurlar, bəslənilən etibardan eyni uğurla sui-istifadə etməyi də bacarırlar. Onlar buna mimikriya xüsusiyyətləri kimi yiyələnmişlər. Çox sayda tarixi faktlar bunu təsdiq edir.

XVII əsrin əvvələlərində, daha dəqiq deyilsə 1604-1605-ci illərdə Persiya şahı I Abbas zorla minlərlə ermənini Culfadan İsfahana köçürdükdə, bu ağır köçdən sağ qalanlar şəhərdəki Yeni Culfa məhəlləsində məskunlaşmışdılar. Onlar özlərini itirməyib, geniş kommersiya əlaqələri qurmağa başladılar. Yeni Culfanın erməni tacirləri Avropa ilə, əsasən İngiltərə, İspaniya və Rusiya ilə, həmçinin Şərqlə intensivləşən əlaqələrdə vasitəçi rolunu oynamağa başladılar. Həmin əsr ərzində onlar böyük var-dövlət topladılar, çox sayda möhtəşəm kilsə binaları və iri imarətlər tikdilər. Onlar xarici ölkələrə Persiya ipəyini ixrac edir, sakini olduqları ölkəyə isə şüşə, saat, çeşmək, rəsm əsərləri və digər əmtəələrin idxalını həyata keçirirdilər. Persiyalılar arasında bu müəyyən paxıllıq hissləri yaranmasına səbəb olduğundan Nadir şah onları ifrat vergilərlə cəzalandırmağı qərara aldı və onun tədbiri həmin kommersiyanın tədricən tənəzzül etməsi ilə nəticələndi.

XIX əsrin başlanğıcında Rusiya Qafqazın içərilərinə doğru irəliləməyə başlayanda, 1828-ci ildə əhalisinin əksəriyyətini azərbaycanlıların təşkil etdiyi İrəvan xanlığını da persiyalıların əlindən aldı və o vaxtdan etibarən erməni əhalisi içərsində rusların təsiri və nüfuzu gücləndi. Tehran sarayında xidmət edən ermənilər Rusiya ilə Persiyanın münasibətlərinin yaxşı məcraya yönəlməsinə yol verməmək üçün hər cür vasitəyə əl atırdılar. Saraydakı hərəmxanada xacəlik edən erməni əsilli Yaqub Mirzə qaçıb, Rusiya səfirliyində gizləndikdən sonra, şahın hərəmləri olan erməni qadınları da onun təhriki ilə eyni qaydada rus səfirliyi binasında özlərinə sığınacaq tapmışdılar. 1829-cu ildə baş verən bu hadisələr persiyalılar tərəfindən namus məsələsi, ağır təhqir kimi qiymətləndirildi. Kütlə səfirliyə hücum edib, bu vaxt elçi vəzifəsində işləyən görkəmli rus dramaturqu A.S.Qriboyedovu qətlə yetirdi. Onun cəsədi at quyruğuna bağladılıb şəhərin küçələrində sürüdüldü. Səfirin öldürülməsi kimi fövqəladə hadisənin yaratdığı diplomatik çətinlikləri Persiya şahı taxt-tacın vəliəhdi vasitəsilə Rusiya çarı I Nikolaya Persiya şahlarının ən böyük sərvəti olan “Şah almazı” daxil olmaqla bahalı hədiyyələr verməklə yoluna qoya bilmişdi.

Ümumiyyətlə, ermənilər XIX əsrdə Rusiya və Qərbi Avropa ilə sıx əlaqəyə girdikdə, belə əməkdaşlıq onların mədəni inkişafına böyük təsir göstərdi. Rusiya ilə Türkiyənin silahlı toqquşmaları erməni millətçilərinin bu vəziyyətdən sui-istifadə etməsi üçün münbit şərait yaradırdı. XVIII və XIX əsrlərdə Rusiya ilə Türkiyə arasında qısa fasilələrlə çoxlu müharibələr getmişdi.

Ermənilərin Türkiyə ərazisində yaşamasına gəldikdə X əsrin sonunda onlar burada, Kilikiyada məskunlaşmışdılar. Səlcuqların hakimiyyəti dövründə Gürcüstana, Polşaya və Qalisiyaya mühacirət edən ermənilərdən fərqli olaraq bir qrup Kiçik Asiyaya üz tutmuşdu. 1453-cü ildə Konstantinopol şəhəri Osmanlı türkləri tərəfindən tutulduqda Bizans dövlətinin tarixdən silinməsi ilə yanaşı qaliblər şəhəri öz paytaxtlarına çevirdilər. Səkkiz il sonra Bursadakı erməni Yepiskopu buraya köçdü və erməni millətinin Osmanlı imperiyasındakı lideri təyin edildi. Türkiyədə ermənilərə daim yaxşı münasibət bəslənirdi, bu münasibət müsəlman sakinlərə göstəriləndən bir qədər fərqli olsa da, burada onları islam dininin qaydalarına uyğun olaraq zimmilər və ya “Kitab adamları” adlandırırdılar. Sərt təqib edilən bütpərəstlərə nisbətən bu qrupa daxil olan xalqlara xeyli dərəcədə yaxşı şərait yaradılırdı. Məhz belə münasibət nəticəsində ermənilər öz işlərinin özləri tərəfindən idarə olunması hüququnu qazanmışdılar. Bu əslində burada sonralar Avropa dövlətlərinin təbəələrinə şamil edilən “Kapitulyasiya” hüququnun müjdəsi hesab oluna bilərdi. Belə şəraitdə XVI əsrin başlanğıcından erməni əhalisinin sayı artmağa başladı.

Türkiyədə XIX əsrdə aparılan islahat tədbirlərindən digər əhali qrupları kimi ermənilər də faydalanmamış qalmadılar. 1863-cü ildə Osmanlı hökuməti xüsusi Erməni Konstitusiyasını tanıdı. Lakin ölkədə sosial tərəqqinin ləng getməsi cəmiyyətin bütün hüceyrələrinə öz neqativ təsirini göstərdi. Tənəzzülə uğramaqda davam edən imperiya ölkədə sabitliyi qorumaq üçün zorakılığa əl atmaqdan da çəkinmirdi. Bu vaxt ermənilər də müəyyən təhqirlərə məruz qalırdı.

1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra, bu müharibə cəbhələrində Rusiyanın tərəfində bu ölkədə yaşayan ermənilər də iştirak edirdi, Rusiya San-Stefano müqaviləsində bir şərt kimi təkid etdi ki, sultan erməni təbəələri içərisində islahatlar aparsın və kürdlərin zorakılığından onların mühafizə edilməsi barədə qarantiya versin. Bu tələb 1878-ci ildə keçirilən Berlin konfransında yenidən təkrar olundu və beləliklə “Erməni məsələsi” beynəlxalq siyasət faktoruna çevrildi. Bu məsələdə Böyük Britaniya xüsusi maraq güdürdü. Konfransda iştirak edən baş nazir Bencamin Dizraeli təkcə Kipr adasını türklərin əlindən alıb Böyük Britaniyanın müstəmləkəsinə çevirməklə kifayətlənmədi, həm də San-Stefano müqaviləsi vasitəsilə Türkiyənin mənafelərinin ziddinə, Rusiyanın ələ keçirməyə müvəffəq olduqlarının demək olar ki, hamısının ləğvinə nail oldu. Qəribə hal orasında idi ki, bütün məsələlərdə Rusiyanın mənafelərinə zərbə vurmağa çalışan Dizraeli erməni məsələsində məhz Rusiyanın təklifini müdafiə etmiş, Türkiyə mənafelərinə məhəl qoymamışdı.

Qərbi Avropa dövlətləri Rusiyaya qarşı Osmanlı imperiyasının dəfələrlə müdafiəsinə qalxsa da, “Avropanın xəstə adamı” adlandırmaqla onu iflasa uğratmaq cəhdlərindən də əl çəkməməsi erməni millətçilərinin fəallaşmasına şərait yaradırdı. 1887-ci ildə əslində millətçilik ideologiyasından o qədər də uzağa getməyən “Honçak” (“Əl zəngi”) partiyası, 1890-cı ildə isə daha çox Daşnaklar adı ilə tanınan millətçi “Daşnaksütyun” (“Konfederasiya”) partiyası yaradıldı və ermənilərin daha geniş islahatlar aparılması barədəki artan tələbləri qarşısında bu dəfə Türkiyə və Rusiya hökumətlərinin hər ikisi onlara qarşı repressiv tədbirlərə əl atdılar. 1895-ci ildə sultan II Əbdülhəmid islahatlar aparmaq barədə Britaniyaya, Fransaya və Rusiyaya vəd verməyə məcbur edildikdən sonra əyalətlərdə ardıcıl olaraq iri qırğınlar baş verdi. 1896-cı ildə Osmanlı Bankının 26 gənc daşnak tərəfindən tutulmasının ardınca paytaxtda da qırğınlar baş verdi. 1897-ci ildə Rusiyada isə çar II Nikolay yüzlərlə erməni məktəbini, kitabxanasını və qəzet redaksiyalarını bağlatdı, 1903-cü ildə o, erməni kilsəsinin mülkiyyətini müsadirə etdi.

Ermənilərin, tarixdə ən böyük bədbəxtlik hesab etdikləri hadisə isə Birinci Dünya müharibəsi başlandıqdan sonra cərəyan etdi. Müharibə gedən vaxt, 1915-ci ildə, bundan yeddi il əvvəl sultanı devirmiş gənc türk hökuməti loyallıq barədəki vədinin əksinə, Dardanel kampaniyası başlananda öz düşmənləri arasında dostlara malik olan Türkiyə ermənilərini təhlükəli xarici element hesab etdi. Şərq cəbhəsində vuruşan Rusiya ordusu sıralarında olan qohumları ilə də Türkiyə ermənilərinin əlaqələri var idi. Britanika Ensiklopediyasında (1976-cı il nəşri) göstərildiyi kimi bu vaxt hökumət qərara aldı ki, ümumi sayı 1.750 min nəfərə yaxın olan bütün erməni əhalisini Suriya və Mesopotamiyaya deportasiya etsin. Kembric Ensiklopediyasında (1997-ci il nəşri) isə Birinci Dünya müharibəsi illərində ümumi erməni əhalisinin üçdə ikisinin türklərin deportasiya etməsi qeyd olunur, bu isə deportasiya edilənlərin sayının 1,2 milyona yaxın olduğunu göstərir.

Bu deportasiya cəzası üçün səbəb də tapılmışdı. Erməni millətçiləri öz qəyyumları olan Rusiyanın və Böyük Britaniyanın xeyrinə fəaliyyət göstərirdi. Bu təhlükə istənilən əlverişli şəraitdə daha geniş və real cizgilər ala bilərdi. Müharibə aparan dövlətlərdə ədalətsizlikdən xəbər verən deportasiyaya əl atılması adi hal hesab olunur. Türkiyə, Almaniya və Avstriya – Macarıstanla birlikdə Antantaya – İngiltərə, Fransa və Rusiyanın ittifaqına qarşı vuruşurdu. Ermənilərin vuruşan ölkə daxilində, müasir dillə desək, “beşinci kolonna” təşkil etməsi ehtimalının gerçəkləşməsinə imkan verilməsi Türkiyənin vuruşan qüvvələrinə arxadan zərbə vurmaq xarakteri daşımaqla, onun məğlub olması ehtimalını xeyli artıra bilərdi.

Milli mənsubiyyətinə görə adamların deportasiya edilməsi İkinci Dünya müharibəsi ərzində də baş vermişdi. Sovet İttifaqında mövcud olan Alman Muxtar vilayəti ləğv edilərək, onun əhalisi Volqaboyundan Qazaxıstana köçürülmüşdü. Azərbaycanda yaşayan dinc almanlar da Xəzərin o tayındakı uzaq ərazilərə sürgün edilmişdi. Şimali Qafqazda yaşayan çeçenlər, inquşlar, balkarlar, qaraçaylar, Gürcüstanda yaşayan Mexseti türkləri, həmçinin kalmıklar işğalçı almanlara qarşı guya rəğbət bəslədiklərinə görə bütünlüklə Mərkəzi Asiyaya, Sibirə, Şimala sürgün edilmişdilər. Hətta ən demokratik ölkə sayılan Amerika Birləşmiş Ştatlarında yaşayan mülki yaponlar elə bir əsas olmadan Yaponiya Pyorl-Harboru bombardman etdikdən sonra ona qarşı elan edilən müharibə gedişində öz yaşayış yerlərindən köçürülməklə məcburi qaydada nəzarətdə saxlanmışdılar, interner edilmişdilər. Türkiyə də erməniləri öz imperiyasının, bilavasitə məğlubiyyətlə üzləşdiyi müharibə teatrından uzaqda yerləşən hissələrinə köçürmüşdü.

Əlbəttə, belə sürgün, məcburi köçürülmə əməliyyatı həyata keçirilərkən dəhşətli haqsızlıqların, birbaşa cinayət xarakterli hadisələrin baş verməsini inkar etmək olmaz. Bu vaxt günahsız insanlar məhkəmənin hökmü olmadan hər cür mənəvi və fiziki zərbələrə məruz qalır, yolda əzab çəkən və yeni ağır şəraitə dözə bilməyən adamların xeyli hissəsi öz həyatları ilə vidalaşmalı olur. Beynəlxalq konvensiyaların tələbinin ziddinə olaraq mülki dinc əhaliyə qarşı milli mənsubiyyətinə görə internerin tətbiqi insan haqlarının kütləvi qaydada pozulması nümunəsi hesab edilməlidir.

Ermənilərin deportasiyası da amansızlıqla müşayiət olunan bir qaydada həyata keçirilirdi. İri məsafələri qət edən uşaqların, qadınların, qocaların bu ağır sınağa dözə bilməməsi çox sayda ölümlə nəticələnməyə bilməzdi. Yaşayışa yaraşmayan, pis hazırlanmış səhra regionlarında adamların sağ qalma şansı da olduqca az idi. Ona görə də bu deportasiyanı çoxları ölüm hökmü, məsələnin “son həlli” kimi qiymətləndirirdilər. Bu vaxt 600 minə yaxın erməninin ölümü baş verdi, onların sürgün marşrutunda qırğına məruz qalması və səfər vaxtı aclıqdan ölməsi faktları var idi. Yol boyu sürgün edilənlərə kürdlərin və dini fanatiklərin həmlələri də baş verirdi. Sağ qalanlardan və ya qaçıb canını qurtaranlardan çoxu Suriyada məskunlaşdı və ya Fransaya, Birləşmiş Ştatlara, sonralar isə SSRİ-yə mühacirət etdi.

Erməni xalqının bu faciəni yaşadığını inkar etmək ədalətsiz münasibət olmaqla, ümumiyyətlə mümkün də deyildir. Lakin erməni millətçilərinin həlak olanların sayını 1,5 milyon kimi qələmə verməsi də həqiqətə uyğun olmamaqla, qərəzsiz elmi mənbələr tərəfindən həqiqi miqyas göstərilməklə təkzib edilir. Faşist Almaniyasının yəhudilərə qarşı həyata keçirdiyi Holokost dəlillərlə təsdiq olunur, ölüm düşərgələri şəbəkəsi və yüz minlərin həyatına son qoyan qaz kameraları bu dəhşətli cinayətin maddi sübutlarıdır. Ermənilərin 1915-ci ildəki deportasiyasını Holokostla müqayisə etmək dəhşətin miqyasını şişirtmək məqsədini güddüyündən, çox sayda şübhələrin meydana gəlməsinə səbəb olur. Əslində həqiqətdən hansısa məqsədlər naminə yayınma, yüz minlərlə həlak olanların xatirəsinə heç də onların layiq olduqları hörmətin bəslənilməsindən xəbər vermir. Bu hadisə barədə verilən məlumatlarda iki əks tərəfin bir-birinə zidd olan məlumatları səslənir. Ona görə də bu hadisə öz mahiyyətindən daha çox siyasi möhtəkirlik mövzusuna çevrilmişdir. Ən düzgün yol, 1915-ci ildə baş verən hadisənin hər iki tərəfin tarixçilərindən təşkil edilmiş mötəbər komissiya vasitəsilə öyrənilib, onların bu barədə sənədlərə, həqiqətə əsaslanan rəyi olardı. Təəssüf ki, Ermənistan rəhbərliyi Türkiyə hökumətinin bu barədə dəfələrlə səsləndirdiyii təkliflərinə, onları qulaq ardına vurmaqla cavab verir. Faciədən hansısa siyasi məqsədlər üçün istifadə edilməsi, yenidən kin və düşmənçilik toxumunun səpilməsinə xidmət etməklə yanaşı, ömrünü vaxtsız başa vuran günahsız insanların acı talelərindən sui-istifadə etmək cəhdlərindən başqa bir şey deyildir.

 

 

(Ardı var)

 

Telman ORUCOV   

 

525-ci qəzet.- 2010.- 1 aprel.- S.4.