Daş yağan gün
Roman
(Əvvəli ötən
saylarımızda)
Nəci təbdən çıxıb başını buladı:
–
Ağlı olan kəs də keçi saxlayar? –
Öz-özünə deyinməyə başladı. – Qəzili
belə-belə olmuş örüşlərin
güllü-çiçəkli otunu qoyub dağa-daşa
dırmanırlar. Əmimə kefinin kök vaxtı bir-iki dəfə
eşitdirmişəm ki, bu damazlığı kəsilmişləri
sat getsin. Əmimdən olsa, keçinin kökünü
çoxdan kəsərdi. Onu da arvadı qoymur.- Keçini
sat-deyəndə Qönçə xalanı od
götürür. Əmim arvadı deyir ki, birini bilirsiniz,
birini yox. Keçinin də öz yeri var. Barmaqlarını
bir-bir qatlayıb deyir ki, dərisini aşa qoyub dağar,
cılğı düzəldirəm. Dağara
yığılan yuxa çörək pilə kimi yumşaq
qalır. Həm də həftələrlə qalsın, nə
quruyur, nə də ki, kif atır. Dəyirmana
ağnağazlıq eləyəndə içinə dən
yığıram. Tuluq düzəldib nehrə yerinə
işlədirəm. Dağa-arana gedəndə
çılğısına ağartı yığıram, qəzilindən
çul, palaz toxuyuram, sicim hörürəm. Ətini demirəm,
pendirinə gələndə qoyununku onun yanında yalandı.
Əmim də Qönçə xalanın sözünün
başına ip salmaq istəmir. Mən özüm də
keçinin əleyhinə deyiləm. Bircə orası pisdir
ki, nadinc heyvandır. Bir yerdə qərar tutmur. Özləri cəhənnəm,
qoyunları da sakit otlamağa qoymurlar. Ora-bura dazıyıb
sürünü də dallarınca aparırlar. Məcburam ki,
tez-tez qabağını qaytarım... Di gəl görüm,
buna can dözər?! Hələ mənəm ki, tab gətirirəm.
Gözdən qoyanda da
gedib it-bata düşür. Onda da olursan pis kişi. İndi gəl,
əmimə cavab ver görüm, necə verirsən?!. Sən
hələ əmimə yaxşı bələd deyilsən.
Bir qoyunun burnu qanayanda az qalır dünyanı
dağıtsın. Hansını deyim? Dərd birdi, ikidi?!
Allah ermənilərin evini yıxsın. Ata-anam sağ
olsaydı başımı bu cür cəncələ
salıb, səhərdən-axşamacan dərə-təpəyə
düşüb qoyun-keçi qovalamazdım.
Yaşıdlarım kimi rahat bir işin qulpundan
yapışıb başımı bir təhər
dolandırardım. O gözəgörünməz kişi ermənilərin
bəlasını versin.
Nəcinin
giley-güzarına qulaq asdıqca qəlbimin həssaslığında
yaranan ağır niskil mənə daxilən əzab verirdi.
Onun qarşısında lal-dinməz dayanıb dediklərini
ürək ağrısı ilə dinləyirdim. Birdən Nəci
fikrə getdi, sonra özünü danlamağa başladı.
– Eh, illaf başımı itirmişəm. Bilmirəm mən
axmaq bu sözləri niyə dedim? Guya ki, tüfəng
götürüb məni yetim qoyan ermənilərdən qisas
alanam?! Və yaxud əmimin başına ağıl qoyanam?!
Nəci özünə
etiraz edirmiş kimi:
– Bir tərəfə baxanda
da əmim barədə gileylənməyə haqqım yoxdur.
Yuxarıda Allah var. Ermənilər kəndə doluşanda,
anam məni evin qabağındakı bağda yüyrüyə
qoyub yelləyirmiş. Ara qarışanda anam başı alovlu
özünü evə təpir. Elə həmin dəqiqə
ermənilər evi gülləbarana tutub, sonra da
yandırırlar. Evdəkilərdən biri də salamat
qurtarmır. Əmim xəlvəti özünü bağa
verib ağacların arasınca qaçanda
çığırtımı eşidib, məni bələk
qarışıq çuxasına büküb aradan
çıxardıb. Yadın nə vecinə?! Yenə necə
olsa, əmidir, canı yanmasa, özünü oda-alova atıb
məni ermənilərin caynağından qurtarmazdı. Məni
döysə də, söysə də, atamın yerini verməsə
də, əmi əmidir. Xasiyyəti bir balaca tünd olsa da, gərək
dözüm. Hərdən hirslənəndə elədiyini
başıma qaxıb deyir ki, qurban olasan mənə.
Olmasaydım, ermənilər o biri bacı-qardaşların
kimi səni də çoxdan gəbərtmişdi. İndi Nəcəf
adda adam yox idi. Qudurub yolundan çıxma. Bu işıqlı
dünyada mənim hesabıma baş gəzdirirsən. Amma
qoyunlarımı otarmağa can çəkirsən. Düz
sözə nə deyəsən?! Əmim imdadıma yetməsəydi,
ermənilər məni nizənin ucuna keçirərdi. Ona
görə bu günümə də şükr eləməliyəm.
Erməni cəlladlarının əlindən sağ-salamat
qurtarmışam, doyunca çörək yeyirəm,
yağ-yavanlıqdan korluğum yoxdur. Bu dağlarla, dərə-təpələrlə
həmdərd, həmsöhbət olmuşam. O ki, qaldı
buynuzlu qoça, yəqin ki, əmim bir gün insafa-mürvətə
gəlib onun da əvəzini verər. Qoçdan ötəri əmimlə
üz-göz olum?! Yox, buna nə gücüm çatar, nə
də ki, haqqım. Buynuzlu qoçu da elə bilərəm
canavar yeyib. Ancaq canavara qismət olsaydı, nə dərd idi?!
Məni o qədər də yandırmazdı. Çünki
canavar ata-baba kəndimizi yandırıb-yaxan ermənilərdən
min kərə insaflıdır.
Nəci bütün bu
giley-güzarlardan sonra qolunu boynuma saldı:
– Məni qınama, – dedi. – Dərdimi,
ürəyim qızan bir adama danışanda xeyli
yüngülləşirəm. Yaşca kiçik olsan da,
görürəm, məni böyüklərdən
yaxşı başa düşürsən, halıma
yanırsan. Bir də ki, ağıl yaşda deyil,
başdadır. Axı, sən kitab oxuyursan, əzbərdən
şer deyirsən. Mənə müəllimlik də etmisən.
Kitab oxuyanın hər şeydən başı
çıxır. Ona görə də həmişə dərdimi
sənə danışıram. Boynuma alım ki, kitab oxuyandan
sonra xeyli ayılmışam. Dünyanın
gedişatını indi-indi anlayıb başa düşürəm.
Yoldan keçən bir avtodükandan o qədər kitab
almışam ki, oxuyanda adama ləzzət eləyir. İstəsən
sənə də verərəm. Ancaq qoyun-quzu macal vermir ki,
aldığım kitabları rahatca oxuyub başa
çatdırım.
Nəci sözünə ara
verib, çantasındakı mis camı çıxartdı.
Yaxınlıqdakı sağmal qoyunlardan birini
paçaladı. Qoyunun yelinini necə sıxdısa, mis cam bir
göz qırpımında ağzınacan dolub köpükləndi.
Bu dəfə cam dolusu südü bulağın gözündə
soyutmadan isti-isti mənə uzatdı. – İç, – dedi. –
Qısır qoyunun südü ələ düşməz.
Südü içib əlimin dalıyla dodağımın
köpüyünü sildim. Ayaqüstü qonaqlıqdan sonra
Nəci dərdini dağıtmaq, həm də məni şənləndirmək
üçün alabəzək tütəyini
çıxardıb çalmağa başladı. Tütəyin
səsini eşidəndə elə sevindim ki! Bunu Nəci də
hiss etdi. Onun vəcdlə çaldığı tütəyin
səsi eşidiləndə elə bil bir-birinə
sığınan dağlar, təpələr,
yaşıl-yaşıl meşələr lal sükuta
dalmışdı. Örüşlərə yayılan
qoyun-quzu, Təzə Həsənlinin yeganə
çalğı aləti olan və Köhnə Həsənlinin
sağalmaz dərdlərini tərənnüm edən alabəzək
tütəyin sehrinə dalıb, yerlərindən tərpənmədən
sakit-sakit gövşək vururdu.
Nəci mənə tərəf
dönüb dərin bir sirr açırmış kimi:
– Qanın qaralmasın, səndən
nə gizlədim?! - dedi - Rayondan kağız gəlmişdi. Məni
əsgərliyə çağırırlar. Əmim
oğlunun əsgərlik yaşı çoxdan çatıb.
Amma əmim beş qoyun verib “neqodnıy” elətdirib, onu
aparmırlar. Vayenkomda məni yoxlayanlar dedilər ki, bu
çağırış saxlayırıq, gələn
payız mütləq getməlisən. Bu işlərdə əmimin
barmağı var. Vayenkomdakıların çoxu əmimin
yanında boğazdılar. Ona görə də əmimin
dediyi yeriyir. Əmimin məni bu ilki
çağırışdan saxlatdırmaqda məqsədi
odur ki, qoyunu üzümüzə gələn qışdan
çıxardım, gələn yaz yaylağa aparım.
Qayıdandan sonra əsgər gedərəm. Onacan da
özünə bir çoban pəsənd eləyər. Əmimin
sözü hər yerdə keçir. O da
qaşına-gözünə görə deyil. Varına-puluna
görədir. Təkcə yundan bilirsən ildə nə qədər
qazanır. Allah ta artıq eləsin. Kölgəsi qalın
olsun. Əmimdir, ətimi yesə də, sümüyümü
atmaz. Məni ermənilərin caynağından qurtarıb.
İtirsəm, verdiyi çörək gözümə durar.
Məni bu çağırış saxlatdırıb, ona da
şükr eləyirəm. Bəlkə onacan bəxtim gətirdi.
Qoyunların biri üçəm doğdu. Dişisinin birini
götürüb, əsgərlikdən qayıdandan sonra
bala-bala çoxaldaram. Ayrıca qoyun sürüm olar. Əmim
pəl vurmasa, bir ucdan satıb, ev-eşik düzəldərəm,
özümə koma qaraldaram. Evlənərəm,
arvad-uşağım olar. Ya qismət... Əvvəlcədən
demək mənə düşmür. Hələlik səbr eləyim.
Görüm, bu işlərin axırı nə olur. Hələ
qabaqda əsgərlik məsələsi var. Mən əsgərlikdən
qorxmuram. Elnən gələn qara gün toy-bayramdır. Camaat
necə, mən də elə. Orası var ki, urusun dilini bilmirəm.
Bir də ki, hardan bilim? Ömrümdə kənddən
qırağa çıxmamışam. Getdiyim yer
dağlardır, gəzdiyim də Həsənlinin
yal-yamacı. Bu yaşımacan şəhər üzü
görməmişəm. Şəhər haqqında da
ondan-bundan eşitmişəm. Amma əsgərliyin
yaxşı tərəfi də var. Gedənlər gümrah
qayıdır. Bəndalı adlı bir dostum var. İki il
bundan qabaq köç vaxtı tanış olmuşuq.
Özü də Araz qırağı kənddəndir. Əfəlin
biri idi. Ağzı söz tutmurdu. Əsgərliyə gedib
qayıdanda tanımadım. Ağıllı-başlı adam
olmuşdu. Bəndalı əsgərlikdən qəribə-qəribə
şeylər danışırdı. Özü də əsgərliyini
Urusetin soyuq olan yerində çəkib. Deyir ki, sübhün
gözü açılmamış qəməndirimiz bizi
yerimizdən durğuzdurub cərgəyə düzürdü.
Qaçırdırdı, dizin-dizin
süründürürdü, uzun-uzun dirəklərin
üstündən hoppandırırdı. Neçə dəfə
də əyilib-qalxırdıq. Sonra da qurşağadək
soyunub yuyunurduq. Canımız qıpqırmızı
qızarınca məhrəba ilə qurulanırdıq. Bəndalı
deyir ki, ondan sonra adam quş kimi olur. Məşq eləməyin
də, yeməyin də, yatmağın da, istirahətin də
öz dəqiq vaxtı var. Bircə saniyə tez və ya gec
olmaz. Siftə-siftə əlim tüfəngə
yatmırdı. Sonra elə öyrəşdim ki, quşu
gözündən vururdum. Qəməndir həmişə məni
tərifləyirdi. Deyirdi ki, malades, Bəndalı, ananın
südü saa halal olsun. Bəndalı oraları yaman tərifləyir.
Deyir ki, adam elə ölüb-qala oralarda. Ancaq vətən
şirin şeydir. Harda olsan, adamı çəkib gətirir.
Bəndalı pəhləvan kimi olmuşdu. Ikinci il dağ
vaxtı görüşəndə gözlərimə
inanmadım. Bəndalı o Bəndalı deyildi. Gördüm
dostum dal vəli sürür. Boğazı uzanıb,
üzünü tük basıb, ovurdları batıb. Elə
bil yatalaqdan durub.
Biz bütün bu
söz-söhbətlərdən sonra əsl mətləbə
keçdik. Nəciyə dedim ki, sentyabra iki gün qalıb.
Üzümüzə gələn ayın birindən məktəbə
getməliyəm. Buralarda məktəb olsaydı, nə dərdidi?!
Odur ki, atamın yanına qayıtmalıyam. Orda məktəb
var. Özü də evimizin beş
addımlığındadır.
Nəci
ayrılmağımıza məyus olsa da, özünü
şən göstərməyə
çalışırdı. Dedi ki, məktəb yaxşı
şeydir. Ordan çıxan adam olur. Daşnakların evi
yıxılsın. Sahibim olsaydı, mən də oxuyub bir yana
çıxardım. Tay günüm bu çöllərdə
keçməzdi.
Nəci kədərlə
köks ötürüb –Allahın kərəminə
şükr – dedi.- Yəqin yazı yazan belə məsləhət
görüb. Bir halda ki, gedirsən, yaxşı oxu, – əlavə
etdi. – Qoy səs-sorağın yaxşı gəlsin. Məşhədə,
Kərbəlaya gedib-gələnlərin deməsinə görə
qiyamət günündə alimin mürəkkəbiynən
şəhidin qanı bərabər tutulur. Bir gün elmlə
məşğul olanın savabı, qırx gün ibadət
eləyənin savabına bərabərdir.
Nəci bu sözləri deyib
əlini üzünə çəkdi:
– Ancaq etibarsız olma,
buralara ayağın düşəndə məni də
itirib-axtararsan.-dedi- Əsgərliyimi çəkib gələndən
sonra mən də səni axtararam. Onda evim olar, səni qonaq eləyərəm,
qabağında quzu kəsərəm.
İstədim Qarğı
bulağında, Köhnə Həsənliyə oxşayan kənd
saldığımı Nəciyə
açıb-danışım və dostumdan xahiş edim ki, mənim
balaca kəndimdən muğayat olsun. Ancaq fikrimdən
daşındım. Düşündüm ki, dostum üzümə
vurmasa da, ürəyində məni qınayar və deyər
ki, mən bunu ağıllı-başlı oğlan bilirdim. Bu
ki, başdan seyrəyin biriymiş. Gör dərdimi kimə
deyirəm ee?!
Nəcinin belə
düşünə biləcəyini mülahizə edib balaca
kəndimin üstünə gəlmədim. O barədə Nəciyə
bir kəlmə də söz demədim. Daha döğrusu, Nəcinin
mənə olan inamını qırıb, onu peşman etmək
istəmədim. Nəcinin təsəvvür etdiyi kimi
davrandım. Onnan görüb-götürmüş,
düşüb-çıxmış, yekə kişilər
kimi xudahafizləşdim.
Nəci tənhalaşdığı
üçün kövrəldi. Bir neçə addım
getmişdim ki, qulağıma yanıqlı tütək səsi
gəldi. Mən bir daha geri baxmadan addımlarımı yeyinlədib
Nəcidən uzaqlaşdım.
Səhəri ata kəndimə
yola düşməli idim. Dayım iş adamı olduğu
üçün babamla getməli oldum. Həmin axşam qoca nənəm
sapılcada əyirdək qızartdı. Sonra sacarası
bişirdi. Məktəbə getməyim münasibətilə
düzəltdiyi şirinliyi naxışlı xurcuna qoyub,
arxayın düşdükdən sonra mənə bir-iki kəlmə
söz dedi:
– Get, məktəbin xeyirli
olsun. Amma yaxşı oxu. Reyğəmbərimiz buyurub ki, elm
Çində də olsa, arxasınca get. Yoxsa dayın kimi?! Bir
elə xərc-xəsarətin qabağında ciç eləyib
qayıtdı üstümüzə. Qalada bir hesabdarlıq
oxuyandan sonra məktəbin daşını biryolluq atdı.
İndi o kənddə, bu kənddə hesabdarlıq eliyir.
Dizini yerə qoyub, axıracan oxusaydı, beş adamın
biriydi, indi hamı onu barmaqla göstərirdi.
Səhər
çay-çörəyindən sonra babam qəmər
madyanın belinə aşırıldı. Sonra əlimdən
yapışıb məni tərkinə aldı. Yolağadan
çıxanda qocam dilinin altında nə isə deyib
arxamızca bir cam su atdı.
Biz Təzə Həsənlidən
bir qədər aralanandan sonra Köhnə Həsənlinin kalafalıqları
göründü. Başqa bir yol olsaydı, babam bəlkə
də buradan at sürməzdi. Babam uçuq evlərə
göz gəzdirib:
– Erməni
daşnaklarını lənətə gəlsin. Min illik kəndi
gör nə günə qoyublar?! – Öz-özünə
deyindi. – Elə bilirsən ki, onlardan az adam öldü? – Əlavə
etdi. – İntəhası, gavur üstümüzü qəfil
aldı. Onlar silahlanmış nizami ordu, biz də əli
yalın. Otuz-qırx adamın dayandoldurumu vardı. Ondan da nə
çıxar? Qırmalı ilə neynəmək olar?
Heç nə!
İrəlidəki dəyirmana
çatanda babam:
– Köhnə dəyirmandı, – dedi. – Hacı Firudinin babası tikdirib. Dava vaxtı necə olubsa, ermənilərin gözündən yayınıb qalıb. Ətraf kənd-kəsəyin çoxu dənini burda üyüdür.
Babam bunu deyib ata bir
qamçı çəkdi. Qəmər madyan qabaqdakı
arxdan sıçrayıb rahat yola düzəldi. Babam bu
yolları çox getmişdi. Onda cavanıdı,
qoçağıdı, gücünə güc
çatmırdı. Özündən deyən cahıl-cuhul
qolunu qatlaya bilməzdi. Dünyanın dərd-sərindən
uzaq idi. Dolu çuvalı təkəlli götürüb
ulağın belinə vururdu. Atı minəndə heç
vaxt ayağını üzəngiyə keçirməzdi. Yəhərin
qaşından yapışıb quş kimi köhlənin
belinə qalxırdı. İndi həmişəki vaxtı
deyildi. Saç-saqqalı ağarmışdı. Yaş onu
haqlamışdı. Özünün deməsinə görə
doxsanın içindəydi. Buna baxmayaraq, canı suluydu.
Azar-bezar nə olduğunu bilmirdi. Ağrı-acısı olsa
da, onu heç kəsə bildirmirdi. Üz-üzə dayanan
dağlar isə əsla dəyişməmişdi. Babamın
cavanlığında necə idisə, elə də
qalmışdı. Nə qədər qalın qar yağsa da,
başını duman, çiskin alsa da, ildırımlar
çaxsa da, toplar-tüfənglər guruldasa da,
dağların halına təfavüt eləmirdi. Bu dağlar
min il idi, milyon il idi məşəqqətlərə
dözürdü. Bax, beləcə uca, əzəmətli,
vüqarlı, lal-dinməz dayanmışdı. Dillənsə,
bəlkə də çox şey deyərdi. Deyərdi ki, ey
Tanrının yaratdıqları, qəflət yuxusundan
ayılın! Bilin və agah olun ki, bu dünyada müvəqqətisiniz.
Axirət dünyasını yaddan çıxartmayın! Bəd
əməllərdən çəkinin. Bir-birinizə qənim
kəsilməyin. Əlinizə pul, mal-dövlət düşəndə
yolunuzdan çıxıb Tanrınıza təpik atmayın.
Gözünüz dünya malından doymur. O gözlər ki,
öləndə bir ovuc torpağa möhtac olur. Allah-taala sizə
gecəli-gündüzlü, aylı-ulduzlu,
çaylı-çeşməli, aranlı-yaylaqlı... bir
dünya bəxş eləyib, min bir nemət qismət edib.
Ancaq buna qane olmursunuz. Qısa ömrünüzü
böyük-böyük təmənnalara qurban verirsiniz.
Dünya binnət olandan sizə göz qoyuram. Rəzil-riyakar əməllərin
şahidi olduqca xəcalət çəkirəm. Həm də
sizə gülürəm. İnsan kimi doğulmusunuz. Lakin bu
ada xilaf çıxırsınız.
Dağlar nə qədər
lal-dinməz görünsə də, sərin mehi ilə car
çəkdiyi dərin, mənalı kəlamlarını
tifil ağlımla dərk edirdim. Və onu da dərk edirdim ki,
dağlar mömin babama, babam da bu dağlara necə də
yaraşır? Qəmər madyan da bunu duyurmuş kimi
şövqlə yeriyir və altımızda yorğa yerişə
qalxıb gəmi kimi yırğalanırdı. Və indi
anlayıb başa düşürdüm ki, dağlar nə
üçün əbədidir, əyilməzdir,
vüqarlıdır. Və səmanın ənginliklərində
sakit-sakit qanad çalan qartallar da, dağların əzəmətinə
həyan olurmuş kimi, yorulmaq bilmədən ucalıqlarda
dövrə vururdu.
Mənzil başına
çatdıq. Kəndimiz görünəndə xəyali
dünyamdan ayrıldım. İndi məni yeni bir dünya
gözləyirdi. Məktəbli dünyası.
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 2 aprel.- S.7.