Qatı millətçiliyin cəbbəxanasındakı
“Damokl qılıncı”
(Əvvəli ötən
saylarımızda)
Qatı erməni millətçilərinin nifrət bəslədiyi xalqlardan biri olan azərbaycanlılara isə, heç bir mübaliğəyə yol vermədən demək olar ki, şovinizm hissləri yaddır. Azərbaycanda çox sayda milli azlıqlar titul millətlə birlikdə bütün vətəndaş hüquqlarından tam şəkildə və maneəsiz istifadə edirlər. Ermənistanda isə az sayda kürdlər və ruslar istisna olmaqla başqa millətlərin nümayəndələri yaşamır, bura artıq monoetnik bir ölkəyə çevrilmişdir. XX əsrin əvvəllərində təkcə paytaxt Yerevanda azərbaycanlılar sakinlərin yarıdan çoxunu təşkil etdiyi halda bütöv Ermənistanda əsrin sonunda, demək olar ki, artıq azərbaycanlılar yaşamırdı.
Qəribədir, ermənilər bütün dünyaya səpələnmişlər, lakin öz dövlətlərində başqa xalqın nümayəndələrinin yaşamasını məqbul hesab etmirlər. Türkiyə ermənilərinin deportasiyasından başqa, heç kəs bu millətin nümayəndələrinə zorakılıq tətbiq etməsə də Ermənistan özünün vətəndaşları olan azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin salmaqla, kütləvi qaydada etnik təmizləmə siyasətini həyata keçirmiş, bu vaxt ən biabırçı zorakılıqlardan da çəkinilməmişdir.
Qədim yunan mifində Kadmın torpağa əkdiyi dişlərdən silahlı döyüşçülər çıxdığı kimi, erməni millətçilərinin səpdiyi düşmənçilik toxumundan da müharibə odu alovlanmağa başladıqda, onun ziyanını ermənilər heç də azərbaycanlılardan az görmədilər. Hər bir müharibədə olduğu kimi əsas qurbanlar günahsız insanlar oldu.
Məhz buna görə də Azərbaycandakı yaşayış yerlərini tərk edən ermənilərin böyük əksəriyyəti indiyədək özlərinin birgə yaşadığı, dostluq etdiyi azərbaycanlılara görə nostalji hisslərini gizlətmirlər, bu nifaqa, münaqişəyə rəvac verənlərə nifrin yağdırırlar. Aldadılan ermənilərin çoxu Vətən hesab etdikləri Ermənistanda özlərinə yaşamaq üçün yer tapa bilmədiklərindən, Rusiyaya və digər ölkələrə yayılmağa məcbur oldular.
Azərbaycanlılara yersiz tərif deməyə də ehtiyac yoxdur. Heç kəs azərbaycanlıları yer üzərində yaşayan mələklər hesab etmir. Onların içərisində də nakəslərə, birgə yaşayış qaydalarına əməl etməyənlərə rast gəlmək olar. Lakin onların hətta eybəcər sayılan hərəkətlərində milllətçilikdən irəli gələn hisslər yoxdur, törətdikləri nalayiqliklər millətçilik çalarlarından məhrumdur və belə eybəcərlikdən başqalarına deyil, daha çox məhz azərbaycanlıların özlərinə ziyan dəyir.
Sadə, zəhmətkeş erməni də millətçilərin müdhiş təbliğatına uymayana qədər başqa millətlərə loyallığını saxlayırdı, qardaş münasibətinə başqa cür cavab verməyi yolverilməz hesab edirdi. Ona görə də iki xalq onilliklər ərzində qonşuluqda və birgə məkanlarda münaqişəsiz yaşamış, vahid ailənin üzvü kimi dolanmışdılar. Azərbaycanda erməni əsillilər mühüm dövlət vəzifələrinə heç bir məhdudiyyət qoyulmadan irəli çəkilirdi, hökumətin tərkibində və parlamentdə samballı qaydada təmsil olunurdular. Yalnız millətçi erməni ziyalıları fəaliyyətlərini genişləndirib, xalqın xeyli hissəsinin şüurunu zəhərləməyə müvəffəq olduqda, onlar əvvəlki mövqelərindən tədricən uzaqlaşmağa, dünənki dostundan, qonşusundan yadlaşmağa başladılar. Erməni millətçilərinin başladığı qanlı və uzun müddət davam edən müharibə, həmin vaxtadək mehriban şəraitdə yaşayan iki xalqı öz iradələrindən asılı olmayaraq üz-üzə qoydu.
Buradan belə bir yanlış nəticə hasil ola bilər ki, artıq ermənilərlə azərbaycanlılar barışmaz düşmənə çevrilmişlər. İki dövlətin rəhbərliyi arasında gedən danışıqlar indiyədək elə bir nəticə verməsə də, yenə də ümid verir ki, davam edən bu münaqişəyə birdəfəlik son qoyulacaqdır. Müharibənin iyrənc nəticələri aradan qaldırılsa, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa, bu iki xalq yenidən bir-birini anlamağı, bağışlamağı və qonşuluqda mehriban yaşamağı bacarar. Müstəqil Azərbaycan Respublikası BMT-yə qəbul olunarkən onun ərazi bütövlüyü öz təsdiqini bir daha tapmışdır. Həmin sərhədlər daxilində bu ərazi suverenliyi hökmən bərpa olunmalıdır ki, haqq, ədalət qalib gəlsin, Azərbaycana dəyən böyük maddi və mənəvi ziyanın bir hissəsi, heç olmazsa, bu yolla kompensasiya edilsin.
Azərbaycanlılar sülhsevər, dinc xalqdır, bu qiymətdə elə bir hiperbola əlaməti də yoxdur. Bu xalq hansısa hərb səhnəsindəki qələbəsi ilə öyünməkdən uzaqdır, çinlilər kimi hərbə, militarizmə ümumiyyətlə mənfi münasibət bəsləyir. Lakin azərbaycanlılar torpağa çox bağlı olduqlarından, onu müqəddəs hesab etdiklərindən, onun itirilmiş hər qarışı üçün ölüm-dirim savaşına girməyə də hazırdırlar. Onlar ərazi bütövlüyünün bərpasına can atırlar, lakin buna nail olmağın dinc vasitələrinə üstünlük verirlər və danışıqların nəhayət bir nəticə verəcəyinə ümidlərini kəsmirlər. Bununla yanaşı Azərbaycan heç kəsə ərazi iddiaları irəli sürmür, hətta XX əsrin əvvəllərində əldən verdiyi torpaqların qaytarılmasını da tələb etmir.
Böyük Danimarka nağılçı-yazıçısı Hans Kristian Andersen dinc həyat tərzinə, sülhsevərliyinə görə öz xalqını hacıleyləklərə bənzədirdi. Bu bənzətməni azərbaycanlılara da aid etmək olar. Lakin axırıncılar torpağa bağlı olduqlarından köçəri quşlara bənzəmirlər, baxmayaraq ki, əcdadlarının xeyli hissəsi nomad, köçəri olmuşdur. Hər il öz yuvasına qayıdan hacıleyləklər kimi onlar da yurd-yuvasından, doğma ocağından kənara getmək istəmir, onu tərk etməyi az qala faciə kimi qiymətləndirirlər. Bu xalqı fərqləndirən cəhətlərdən biri şovinizm xəstəliyinə qarşı immunitetə malik olmasıdır, başqa etnosun nümayəndələrinə hörmətlə, bəlkə də məhəbbətlə yanaşmasıdır və buna adekvat cavab gözləməkdə də heç də səhv mövqe nümayiş etdirmir. Dahi Nizami özünün məşhur poemasında qəhrəmanının yaşadığı dövrün, yeddi böyük xalqının gözəllərini vəsf etmişdir. Bəstəkar Qara Qarayev, “Əzablı yollarla” baletini öz azadlığı uğurunda mübarizə aparan Cənubi Afrika Respublikasının zəncilərinə həsr etmişdi. Fikrət Əmirov isə ərəblərin folklor incisinə balet musiqisi yazmışdı.
Əlbəttə, müharibə azərbaycanlıların da milli hisslərinə öz təsirini göstərməmiş qalmamışdır, onları xeyli cilalamışdır. Lakin illuziyalardan uzaq olan, praqmatik bir xalq kimi o dərk edir ki, düşmənçilik əbədi xarakter daşıya bilməz, əsrlər boyu davam edə bilməz. Vaxtilə Avropada Yüzillik, Otuzillik müharibə aparan, XX əsrdə iki dünya müharibəsində, bir-birilə döyüş cəbhəsində vuruşan xalqlar indi 27 dövləti birləşdirən və Avropa İttifaqı adlanan sülh evində yaşayırlar. Viktor Hüqo kimi dahilər hələ bir əsr yarım bundan əvvəl belə birliyin mövcudluğunu arzulayırdı və bu arzu artıq həqiqətə çevrilmişdir. Avropa İttifaqı bir çox cəhətlərinə, atributlarına görə vahid dövləti xatırladır. Belə bir vaxtda niyə Qafqaz XXI əsrin əvvəlində də tüstülənən müharibə ocağı kimi qalsın? Avropada ən narahat region sayılan Balkanlarda da milli münaqişələr, hərbi toqquşmalar böyük dövlətlərin müdaxiləsi hesabına kəsildiyi bir vaxtda niyə ərazicə nisbətən kiçik olan Cənubi Qafqazda möhkəm sülhü bərpa etmək mümkün olmasın? Kim qonşu ölkəsini Troyaya, Karfagenə çevirmək istəyirsə, birinci növbədə özünə qəbir olmasa da, ən azı quyu qazır. Belə bəd fikirdən və əməldən nə qədər gec deyilsə çəkilinsə, həmin xalq hamıdan çox özünə xeyir vermiş olardı.
Dünyanın Türkiyəni məhkum etməsinə fasiləsiz olaraq cəhd göstərən erməni millətçilərinin canfəşanlığına gəldikdə, bunun özü də qeyri-real görünən və bir qədər avantüra xarakteri daşıyan məqsəddir. Avantüradan, düşmənçiliyi bərpa etməkdən birinci növbədə bu üsula əl atanlar zərər çəkirlər.
Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti Osmanlı imperiyasının xarabalıqları üzərində qurulmaqla, onun pis əməllərindən, yararsız irslərindən uzaqlaşdı, dünya dövlətləri ailəsinə tam fərqli mahiyyətdə qəbul olundu. Ermənistan “genosid” iddiası ilə müasir Türkiyəni gözdən salmağa can atır və demokratik dövlətə çevrilən bu ölkəni Osmanlı imperiyası ilə bir müstəviyə qoymaq məqsədini güdür. Bu millətçilərin fitnəkarlığı olub, bunu onlar öz məkrli məqsədlərinə çatmağın yollarından biri hesab edirlər. Erməni xalqına da yəqin başqaları kimi dinc şəraitdə yaşayıb, yaratmaq, lazımdır. Məkrlə, hərbi yolla nəyə nail olunursa, gec-tez qəsb edilən hər şey itirilir. Napaleon Avropada qanlı müharibələr yolu ilə öz imperiyasını yaratmaq istəyirdi, öz ömrünü uzaq adada tənhalıqda başa vurmalı oldu. XX əsrin ikinci yarısında isə onun bu arzusu öz mahiyyətini və həyata keçmə vasitələrini dəyişərək, bir damcı da qan axıdılmadan öz gerçəkləşməsini tapdı. Çox istərdik ki, Qafqaz da Avropanın bu taleyini yaşamış olsun, əslində bəlkə də buna məhkumdur. Bu nəcib arzunun həyata keçirilməsini gecikdirməyə çalışanlar bu ərazidə yaşayan xalqlara xəyanətə bərabər bir xidmət göstərmiş olurlar.
Erməni millətçilərini bütöv erməni xalqı ilə eyniləşdirmək düzgün deyildir. Heç şübhə yoxdur ki, sadə, zəhmətkeş erməni digər bəşər övladları kimi müharibəyə qətiyyən can atmır, dinc şəraitdə öz əməyi ilə firəvan yaşamaq istəyir. Axı ağlı başında olan hər bir adam anlayır ki, XXI əsrdə hətta fövqəl dövlət belə dünyada ağalıq etmək kimi sərsəm fikirdən uzaqlaşırsa, çoxqütblü dünyanın mövcudluğunu qəbul etmək məcburiyyətində qalırsa, iqtisadi cəhətdən zəif, müqayisəli şəkildə götürdükdə cılız potensiala malik olan Ermənistan avantürist məqsədlərinin heç birinə çata bilməz, öz xülyaları ilə yaşamağa üstünlük versə də, onların reallaşmasına təxəyüllündə də nail ola bilməz. Bircə onu əlavə etmək lazım gəlir ki, bu məqamda yalnız sağlam təxəyyüldən, düşüncədən söhbət gedir.
Rablenin məşhur əsərinin qəhrəmanı Panurq acgöz taciri cəzalandırmaq üçün ən iri qoçu baha qiymətə alıb, onu üzdükləri gəminin göyərtəsindən dənizin sularına atdıqda, bütün sürü özünü qoçun arxasınca tulladı və tacir bir andaca bütün sərvətini itirdi. Millətçi ideoloqlar öz arxasınca ardıcılarının hamısını suları zəhərdən ibarət olan kin dənizinə atmaq kimi ağılsız bir iş görürlər. Millətçilik xəstəliyinə tutulanlar, doktor Consonun vaxtilə ifrat vətənpərvərlik barədə dediyi “əclaflıq sığınacağına” qısılmaqda rahatlıq tapırlar. Xalq quzğunların caynaqlarından xilas olmaq yolunu aramalı, öz gələcəyinin ziddiyyətsiz inkişaf istiqamətini tapmalıdır.
Heç kəs hansı bir millətə mənsub olduğunu gizlətmir, valideynlərdən əxz edilən genlər, mühüm roy oynayan irsiyyət xüsusiyyəti həm də millətin davam etməsində və sayca böyüməsində az əhəmiyyət kəsb etmir. Lakin hər bir sivilizasiyalı adam millətə mənsubluqdan başqa, bəşəriyyətin bir hissəsi, Allaha bənzər və onun obrazında dünyaya gələn insan olduğunu da unutmamalıdır. Xeyirlə şərin mübarizəsində adam hansı millətə mənsub olduğundan daha çox insan olduğunu, bəşər övladı olduğunu əsas götürməlidir, məhz insan kimi xeyirə xidmət etməlidir. Şərə xidmət isə milli mənafe ibarələri altında gizlədilsə belə, əslində doğma millətə sədaqət nümunəsi olmayıb, İblisə sitayişdən irəli gəlir. Qədim Romanın nəcib imperatorlarından biri olmuş, böyük filosof Mark Avreli yazırdı ki, o, bir Antonin kimi romalıdır, ancaq bir insan kimi dünya vətəndaşıdır, qədim yunanlar “dünya vətəndaşlığını” xüsusi “kosmopolit” sözü ilə ifadə edirdilər. Həqiqi milli hisslərə xələl gətirmədən biz dahi filosofdan öyrənməliyik, hər şeyin ölçüsü hesab edilən insan adını yüksək tutmağı bacarmalıyıq. Millətçilik hissləri ilə möhtəkirlik edənləri isə “filusoflar” adlandırmaq daha düzgün olardı, fransız dilində “filou” (“filu”) sözü fırıldaqçı, dələduz mənasını verir. Allah, qoy hər bir milləti onu belə şərə sürükləyənlərdən hifz etsin!
İrqçiliyin, millətçiliyin acı tarixi təcrübəsi
onun heç vaxt nəticə etibarilə qalib gələ bilməyəcəyini
göstərir. Ən qatı irqçilik, millətçilik
ideologiyası olan Natsizm qısa müddətdə
böyük bir xalqın beynini zəhərləyə bildi,
onun başladığı müharibə Avropanı qan
dənizinə döndərdi, ancaq yarandığı ölkəni,
doğma millətini də böyük fəlakətlərə
düçar etdi. Natsizm insanlığa qarşı cinayət
kimi məhkum edildi. Başqa xalqlara nifrət bəsləməkdən
qidalanan qatı millətçiliyin bütün nümunələri
gec-tez öz acı məğlubiyyətləri ilə üzləşəcək,
onlar hansısa döyüşü uda bilərlər,
başladıqları müharibə onların iflası ilə
nəticələnəcəkdir. Bu
ümid təkcə tarixin ibrət dərslərinə deyil, həm
də bu virusdan əziyyət çəkən millətlərin
sağlam düşüncəyə yiyələnib, fəlakətli
yoldan uzaqlaşacağına əsaslanır. Ümid
gözü daha yaxşı görür, millətçilik və
onun istifadə etdiyi məkr, yalan silahı da onu kor etməyə
qadir deyildir.
Telman ORUCOV
525-ci qəzet.- 2010.- 2 aprel.- S.4.