Uşaq arabasına qoşulan fil
Gözəl hekayələr
müəllifi, usta nasir Şahmar Hüseynov
dünyasını dəyişəndən sonra onun
haqqında isti-isti yazıb böyük ixtisarla çap elətdirdiyim
“Uşaq arabasına qoşulan fil” essemi
yazıçının yetmiş illiyi ərəfəsində
bütöv şəkildə oxuculara təqdim etmək istədim.
Tanıdığım
adamlar bu dünyadan köçüb gedəndə hardasa
özümü suçlu, günahkar bilmişəm. O ki
qaldı sənin acı xəbərini eşidəndə
Şahmar. Həmişə səni özümdən
sağlam, güclü bildiyim halda mən nə edə bilərdim
axı. Bu da adətə çevrilmiş acı bir həqiqətdir,
adamlar öləndən, ancaq öləndən sonra onların
qədri bilinir, barələrində yaya-yana
danışırlar.
Harda, haçan
Yenicə evlənmişdi, nəinki
macal tapıb köçə bilmədiyi yeni mənzilinə,
heç indiyəcən kirayəşin yaşadığı
o alçaq tavanlı, darısqal, yöndəmsiz evə də
əl gəzdirib sahmana sala bilməmişdi. Deyirdi, hər məhəlləsində
yaşadığım Bakı şəhərini mənim kimi
tanıyan olmaz. Evləncək ev yiyəsi bir “sürpriz” olaraq
“evdən çıx” demişdi. Gözlənilmədən gəlib
bir gecəliyə bizdə qaldılar. Nə çay verə
bildim, nə çörək. Bəlkə bizi bir-birimizə
yaxınlaşdıran, doğmalaşdıran həm də o
günlərin imkansızlığıydı.
Bir dəfə
çalışdığım “Qobustan” toplusuna onunla
bağlı yazı yazmalıydım. İşlədiyi “Kukla
teatrına” getmişdim. Yeni tamaşa hazırlayırdılar.
Məşq qurtaranacan baxdım. İlk saatacan o, səhnədə
gur-gur guruldadı, mənə elə gəlirdi aydın,
şaqraq səsindən səhnənin sarı, ipək pərdələri
titrəyir. Elə o vaxt onun sonsuz gücünü, enerjisini
duydum. Nədənsə, o vaxt mənə elə gəldi o,
tükənməz gücünü gen-bol, saymazyana xərcləyir.
Məşqin başlanğıcında əlindəki gəlinciyi
gördüm, ildırım şaqqıltısı kimi gur səsini
eşitcək xəyalımda bir mənzərə canlandı,
nəhəng bir fil ona qoşulmuş balaca oyuncaq
arabacığı arxasınca çəkib aparırdı”.
Ayrı-ayrı vaxtlarda
Şahmarı “Kukla teatrı”nın səhnəsində
görəndə, yaxud səhnə arxasında gur səsini
eşidəndə nədənsə həmişə bu mənzərə
xəyalımda canlanırdı.
Məşq qurtarcaq yanıma
gəldi. Gülə-gülə, həm də elə bil məni
gözlətdiyinə görə günahkarcasına –
Darıxmadın ki? – soruşdu. Mən – yox – deyib sözümə
əlavə elədim, – belə işləməyə dözmək
olar? O, yenə gülə-gülə “öyrəşmişəm
dana” söylədi. İkinci sualım bu oldu, “Niyə başqa
teatrda işləməyə cəhd eləmirsən?” Qabaqca
çox səmimi şəkildə, özü də Gəncə
ləhcəsində (ömrü boyu öz ləhcələrində
danışırdı) – Noluf ki, işləyiriy də... dedi.
Birdən ciddiləşib tələsə-tələsə
sözünə davam elədi. – Elə bilirsən burda işləməyimdən
sıxılıb eləyirəm. And olsun Allaha, lazım gəlsə,
fəhləlik də eləyərəm, gedib gəmidə
yük də daşıyaram. İnan, buna görə heç
vaxt utanıb eləmərəm. Başqa şeylərdən
adamın gözü kölgəli olmasın gərək,
qardaş...
Bu sözləri bəlkə
ata-anamdan, orta məktəb müəllimlərimdən (!) də
dönə-dönə eşitmişdim. Ancaq Şahmar deyəndən
sonra bu sözlər biryolluq yadımda qaldı. Uzun illər,
elə indinin özündə də onun böyük ürəklə,
vicdanla söylədiyi bu sözlərinə söykənmişəm.
Çünki ona bərk inanırdım.
Bir gün “Kukla
teatrı”nın artistləri ilə onların avtobuslarına
minib Mərdəkana getdik. Azyaşlı məktəblilərə
tamaşa göstərirdilər. Qalmaqalı, hay-küyü
görəndə “Şahmarın işinə-gücünə
bax, bu uşaqların qarşısında ciddi, həm də
ürəkdən oynamaqmı olar?” düşündüm.
Tamaşa başlandı, uşaqların gülüş-qəhqəhələri
üfürülmüş şarlar kimi gah birdən göyə
yüksəlir, gah da sifətləri heyrət içində
donuxub qalırdı. Bu vəziyyət dəfələrlə
təkrar oldu. Tamaşa qurtarcaq yanıma gəldi,
başını azca sağ çiyninə sarı əyib
gülə-gülə. “Elə bilmə bunlar uşaqdı,
vallah Azər, hər şeyi başa düşürlər,
böyüklər kimi. Bir dəyqə gözlə,
çıxıb gedirik” deyib tələsik məndən
aralandı.
Sonralar ayrı-ayrı
tamaşalarda uşaqların sevincinin, üzlərindəki
ayrı-ayrı ifadələrin dönə-dönə
şahidi oldum. İyirmi ilə yaxın o, “Kukla teatrın”da
namusla çalışdı. Hər dəfə gedib onu
soruşanda teatrın qapıçısından tutmuş,
artist, recissor, inzibati işçilərinəcən
qarşılaşdığım hər bir adam mənə
son dərəcə qayğı və nəzakətlə
yanaşırdı. Bilirdim ki, mənimlə mədəni rəftarın,
bu xoş münasibətlərin hamısı Şahmarla
bağlıdır.
Dönə-dönə deyərdi,
uşaqlarını gətir tamaşaya baxsınlar. Deyirdi,
bilet-zad
Mən şokoladları
uşaqlara verəndə onların üzündəki sevinc
indi də yadımdadı. Bəlkə də o şokoladlara
görəydi, uşaqlar hər dəfə televizorun
ekranında onu görəndə sevinə-sevinə, ucadan –
“Ata, Şahmar əmi! Şahmar əmi!”
qışqırırdılar.
İndi boynuma alıram quruca
bir adam idim. Zənbil götürüb bazara getməyi də,
evimizin xırda-para qayğısını öhdəmə
götürməyi də, nisbətən ailəcanlı
olmağı da, az-çox adamlara yovuşmağı,
qaynayıb-qarışmağı da ondan öyrənmişdim.
Hər dəfə onunla dərdləşib evə qayıdanda
yolüstü aldığı göy-göyərtini, meyvəni,
qatıq şüşəsini qəzetə bükdüyü
torbasını çıxarıb içinə
yığardı. Həmişə də deyərdi. Sən mənim
canım, nə lazımdı sənə də alım, var
dana, gücüm çatar, qastroldan qayıtmışıq”.
Çox vaxt oğlu
Ayxanı da özüylə işə gətirərdi. Deyərdi
Elmiranın məşqi var. Onda Ayxan hələ oxumurdu,
“gündə bir buğda boyda” böyüyən
vaxtıydı. Bir dəfə dəniz qırağı
bulvarda oturub söhbət edirdik. Ayxan tez-tez gəlib
atasından on beş qəpiklik alıb avtomat
oyuncaqlarının yanına qaçaraq “atəş
açır”, əlüstü yenə qayıdıb gəlirdi.
Bəlkə səkkiz, on dəfə beləcə gedib
qayıtdı. Sonuncu dəfə oturmuş vəziyyətdə
qəpikləri cibindən çətinliklə çıxartdı,
içərisindən axırıncı on beş qəpikliyi
qısa, yoğun barmaqlarıyla ayırıb
götürdü, oğluna uzadanda elə bil ürəyimdən
keçən “uşağı niyə belə pis öyrədirsən”
– fikrimi gözlərimdən oxudu” səmimiyyətlə və
gülə-gülə “Uşaqdı dana, qoy ürəyini
qısırtmasın. İstəyirəm, gözü tox
böyüsün” dedi. Onun həssaslığı, insanın
içini görə bilməsi bütün hekayələrində
beləcə duyulur.
Bəzən o, mənim
iş yerimə gələr, bəzən də işin
qurtarmasına yaxın mən “Kukla teatrı”na gedərdim.
Elmiranı avtobusacan ötürərdik. Bulvar boyunca dönə-dönə
o başa, bu başa gəzişərdik, hər şey barəsində
danışardıq, bəzən dost-doğma adamların
gileyini bir-birimizə edərdik. Sonra yazı-pozu məsələsinə
keçərdik. Çapdan çıxmış yeganə
“Elçilik” kitabındakı və innən belə çap
üzü görəcək bir çox hekayələrinin
mövzusunu dənizin qırağındaca mənə
danışar, fikrimi bilmək istərdi. Özü də deyərdi,
heç kimlə yazı barədə söhbət eləmirəm.
Hekayələri barədə dediyim fikirlərimi diqqətlə
dinləsə də, sonda öz bildiyi kimi işlərdi
yazılarını. Bir mövzunu danışandan sonra aylar,
illər keçərdi, cümləbəcümlə,
sözbəsöz işləyərdi həmin hekayəsini,
yalnız özü razı qalanda ortalığa
çıxarardı. Çap olunmuş hekayələri
uğurla qarşılansa da, həmişə deyərdi, daha
uşaq deyilik, ciddi yazmaq lazımdı. Yazı ki, oxucunu sehirləmədi,
o yazı deyil. “Qoyun gözlərini geniş açaraq”... Bu
sözləri elə ehtirasla deyirdi, sanki gözlər od-alovun
içindən çıxıb gəlirdi.
Bir də deyirdi, elə vaxt
olur dörd-beş dəfə hekayənin üzünü
köçürürəm, üç- dörd söz
düzəldəndə belə mənə ləzzət verir.
Bir yol soruşdum, niyə iri həcmli bir şey yazmırsan?
Dedi, istədiyim səviyyədə hekayələr yaza bilsəm,
mənə ayrı şey lazım deyil. Eyni vaxtda bir neçə
hekayə işləyər və bunları uzun müddətə
tamamlayardı. Sadə, səmimi və gözəl hekayələrini
oxuyanda oxucuya elə gəlir bir gecəyə, birnəfəsə
yazılıb. Ancaq nədənsə nə tələsir, nə
də gec-gec çap olunmağına narahat olurdu. Bəlkə
içində narahat olurdu, tələsirdi də, ancaq bunu
heç vaxt bildirməzdi. Bu da onun çox qürurlu
olmağından və iddiasızlığından irəli gəlirdi.
Bir dəfə ona verdiyim
yazımı özümə qaytaranda dedi:
– Bilirsən, dünya onsuz da
dərdlə, kədərlə doludu. Məncə
yazının içində bir işıq da olmalıdı,
sonu bir ümidlə bitməlidi...
Axır vaxtlar içməyi
də, siqareti də tərgitmişdi, ona xüsusi
yaraşıq verən qulaqlarını örtmüş uzun,
gümüşü saçlarını dibindən
qırxdırmışdı, deyirdi ciddi işləmək
lazımdı, daha nə qədər vaxtımız qalıb
ki?.. (Rəhmətə gedəndən sonra bu sözləri
dönə-dönə gündəliyinə
yazdığını da oxudum.)
Keçən yay
görüşəndə – “Gəlib evinizi də təbrik edə
bilməmişəm... – deyəndə sözümü kəsdi:
“Qoy bir ora-burasını düzəldim, içinə
yığışanda bütün dostları
çağıracam” – dedi. Zarafatla: “Çox deyirdin ev yox,
buyur, bu da səninçün ev. Düzdü, əlli yaşa
yaxın aldın...hər halda aldın, di başla yaz” hekayə,
povest, romanlarını...”
Bic-bic qımışdı,
anladım ki, nəsə duzlu-məzəli bir söz deyəcək,
çox səmimiyyətlə: “Vallah qardaş, ev-zad bəhanəymiş,
deyəsən ən gözəl əsərlərimi elə
indi qaldığım o doğma daxmamda yazmışam. İnnən
belə evi yox”...
Qanımın
qaralığını görəndə həmişə mənə
ürək-dirək verib ovundurmağa
çalışırdın.
Ötən yay
aldığım zərbədən başımın gicəllənməsindən
danışanda, sən də ürəyinin
ağrısından gileyləndin. Elə bildim mənə təsəlli
vermək üçün bunları deyirsən. Ürəyimdə
sənə acığım da tutdu, sənin
ağrımağını istəyərəmmi, bundan mənə
təsəllimi olar, məni beləmi tanıyırsan” –
düşündüm. Hardan biləydim axı, elə bilirdim
sap-sağlam, top kimisən. Darıxdığımı, ruhdan
düşdüyümü görəndə deyərdin
uşaqları da götür gəl bizə... “Yaxşı,
yaxşı” deyə-deyə bircə dəfə nə siz gələ
bildiniz, nə də biz.
İkinci dəfədi
qapınıza gəlmişəm. Bu nə qələbəlikdir?
Yoxsa Ayxanamı toy edirsən? İçəri girə bilmirəm.
Çöldə kişilər ayaqüstə
başlarını aşağı salıb kədərli-kədərli
susurlar. Evinizdən qadınların ağlaşma səsi gəlir.
İçəri girib sonuncu dəfə sənə baxa bilmirəm,
Əkrəm Əylisli, Natiq
Səfərov, Tofiq Abdin, Saday Budaqlı, Maarif Soltan və mən
bayırda bir qıraqda səpələnərək bir-birimizdən
aralı çaşqın vəziyyətdə
dayanmışdıq. Nədənsə bir-birimizə
yaxınlaşa bilmirdik. Əkrəm Əylisli nəsə
deyirdi, elə bil sözlər sapından qırılıb
tökülən muncuqlar kimi dağılırdı, mən
heç nə anlaya bilmirdim. Mənə elə gəlirdi Əkrəm
bu vida günündə ağlamalıydı, ancaq o, nəsə
deyirdi; acı-acı, kinayə ilə
gülümsünürdü. “Yəqin ölümün
vaxtsız gəlişinə, amansızlığına, bəlkə
də min illər bundan öncə olduğu kimi dünyada at
oynadıb, yenə də cövlan edən haqsızlığa
rişxəndlə gülümsünürdü”
düşünürdüm.
Onun cənazəsi
qaldırılanda dostları kimi mən də çiynimi
tabutun altına verdim. Çənəmin əsməməsi
üçün dişlərimi bir-birinə
sıxmışdım. Tabutu maşına qoyub (“Kukla
Teatrı”nın maşınına) yola saldıq. Həmin
gün yazıçı dostlarının heç biri Gəncəyə
gedə bilmədi. Evimizə qayıtcaq çarpayının
üstünə sərilib hönkürüb ağladım.
Belə hönkürtüylə ağladığımı
ilk dəfə görən həyat yoldaşım,
beş-altı yaşda olan uşaqlarımız
çaşaraq özlərini itirmişdilər...
Bu günəcən, bu saat,
bu anacan Şahmarı çox, lap çox istəməyimin səbəbini
bilmirəm, gözəl yazıçı olduğuna və ədəbiyyat
aləmində avtoritet sayılan adamların onun
yazıları barəsində yüksək fikirdə
olmalarına, artıq ədəbi aləmdə yeni-yeni
tanınmasına görəydimi, bu boyda Bakı şəhərində
mənə zəng edən, bəzən iş yerinə gəlib
məni axtarıb-aradığına görəydimi, bilmirəm.
Yanıma gələndə, yaxud zəng edib mənimlə
görüşmək istəyəndə elə bilirdim iş
yoldaşlarım mənə qibtə edir, bu anlar içimdə
bir qürur duyğusu oyanırdı. Əlimdəki ən
vacib işimi yarımçıq qoyub onunla görüşməyə
tələsirdim. “Məni axtarıb-araması bəlkə də
onu çox istədiyimi duyduğundandı”
düşünürdüm. Qabaqca “Azərbaycan”, “Ulduz”,
“Yunost”, “Novıy Mir”, “Drucba Narodov” jurnallarının son
nömrələrində çap olunan hekayə, povest,
romanlardan söz salırdı. Sonra... Sonra hansısa hekayəsində
işlədəcəyi bir detalı söyləyib
üzümə baxardı. “Elə bilirsən mən
hamıynan yazılarım barədə söhbət edirəm?”
deyərdi, bu vaxt mən lap çox sevinərdim.
Şahmarla mən nə
toylarda olmuşuq, nə keflərdə (bircə yol “Novbahar”
restoranının kafesində ayaqüstə yüngülvari
yeyib-içmişdik) Görüşüb söhbətləşdiyimiz,
dərdləşdiyimiz yer – çayxanalar, dəniz
qırağı, bir də Bakının küçələriydi...
... Həmin matəm
günü ovçu gözləri kimi gözlərim Vidadi Məməmdovu
axtarırdı, o isə gəlib çıxmırdı. Bir
Allah bilir Şahmar son nəfəsinəcən Vidadinin yolunu nə
qədər gözləmişdi. Mənimsə bildiyim bu idi
ki, Bakı şəhərində Şahmar üçün
Vidadi Məmmədov hamıdan, hamıdan əziz, istəkli
idi. Mənim Şahmara qısqandığım bir adam
vardısa, o da Vidadiydi. Araları sərinləşən
vaxtlar belə Şahmarla küçə, bulvarboyu
dolaşıb şirin-şirin
danışdığımız vaxt Vidadi
şair-yazıçı, jurnalist dəstəsi ilə
qarşımıza çıxsaydı, etika qaydalarının
fərqinə varmadan “Şahmar, getdik” – desəydi, Şahmar
maraqlı söhbətimizi yarımçıq
qalmağından, mənim qəlbimə
toxunacağının fərqinə varmadan gülə-gülə
(bu an Şahmar düz eləmədiyini özü də
bilirdi) həm də günahkarcasına “Bağışla Azər,
mən getdim” deyib nəsə tapdığından sevinən
uşaqtəkin məndən ayrılıb
uzaqlaşırdı. Şahmar mənə bu
“amansızlığı” bir neçə dəfə eləmişdi.
Son vaxtlar Vidadiylə aralarındakı soyuqluq məni
sevindirirdi, ancaq onun istənilən vaxt gəlib Şahmarı
“əlimdən alacağı” narahatçılığı
məni tərk etmirdi.
Şahmarın hekayələrini
çap edib ədəbi aləmdə tanıdan o vaxtlar “Azərbaycan”
jurnalının redaktoru işləyən gözəl
yazıçımız Əkrəm Əylisli oldu. Qısa
müddətdə Şahmar çoxunun diqqətini çəkdi.
“Ulduz” jurnalında, “Ədəbiyyat və İncəsənət”
qəzetində çap olundu. Şahmar şöhrətin
dadını duymağa başladı. Necə də xoşbəxt
idi o çağlar, İlahi. Arada məni də unutmağa
başlamışdı. Elə o vaxtlar günlərin bir
günü bulvarda Əkrəm Əylisli ilə Vidadi Məmmədovun
arasında ciddi mübahisə olur. Bu dartışmada o,
yaşıdlarımızın ustad sandığı, bir sayaq
Şahmara əbədi qəyyumluq edən Əkrəm Əylisliyə
yox, mübahisədə kimsəsiz, gücsüz qalan Vidadiyə
qəhmər çıxır. Bu məqamda, bu məsələdə
Şahmar düzmü edir, vicdanlamı edir, bilmirəm. Ancaq
onu bilirəm, qüruruna, insanlığına, həssaslığına
görə bu anda Şahmar tanıdığım adamların
hamısından yüksəkdə dayanır. Bu
Şahmarın həmin qüruru, əyilməzliyi,
sınmazlığı, ədalətli olmağı idi ki,
yaşadığımız mühitdə bütün
haqsızlıqlarla birləşib illər boyu anbaan, günbəgün,
damcı-damcı, onu öldürürdü. Bəzən sənətkar
öz sənəti, öz yazıçı taleyi naminə
vicdanını, qürurunu da qurban verir. Ancaq burada Şahmar
qürurunu, vicdanını bütün gələcək
karyerasından üstün tutdu. Düzmü etdi, bilmirəm.
Beləliklə Şahmarın ayağı “Azərbaycan”
jurnalından kəsildi. Bir yoxsa, iki ilmi ötəndən sonra
“Sahil” restoranının yanında çayçıda
söhbət edəndə o sevinə-sevinə: “Əkrəmi
gördüm, vallah özgə oğuldu, dedi niyə
görünmürsən, yazı gətir dedi” – söylədi.
Ancaq Şahmar yenə də “Azərbaycan” jurnalına getmədi.
Bəlkə də elə o vaxtdan içkiyə
qurşanmışdı. Yanılmıramsa, iki iləcən
möhkəm içdi. Bir yol yenə də “Sahil”
restoranının yanındakı çayçıda
görüşdük. Dedi içkiyə nöqtə
qoymuşam. Əkrəm Əylislidən söz düşəndə:
“Küçədə aralıdan gördü məni,
başım üstümdə dayanmırdı, onun gözlərindən
acı təəssüf oxudum. Fikirləşdik, batdı,
getdi Şahmar...” Birdən, Şahmarın səsi necə
yumşaldı, necə əriyib həzinləşdi. Bir az da
utana-utana: “Azər, bilirsən necə istəyirdi məni...
Bir dəfə qayıtdı ki, Şahmarın hekayələrində
elə yerlər var mən yaza bilmərəm. Vallah Azər, Əkrəmnən
yoxdu. Ə, elə bilmə məni təriflədiyinə
görə deyirəm. O səviyyədə yaza bilən
başqa yazıçı belə deməyi özünə
sığışdıra bilərmi? Axı mən kiməm;
Vallah, böyük ürəyi var Əkrəmin...”
Mənə elə gəlirdi
ki, Əkrəm Əylislinin onun yazısı haqqında
söylədiyi fikir, Şahmar üçün ən dəyərli
mükafatdan da əziz idi. Sənin mənə söylədiyin
bu fikri açdığıma görə bağışla
Şahmar. Əkrəm Əylisli hardan biləydi Şahmar onu
çox, çox-çox istəyir, küssədə, yolunu
jurnala salmasa da, onu bir az da öldurən Əkrəmə olan
xiffətiymiş...
“Kukla teatr”ının pəncərələri
mavi pərdəli “
Tabutun evinizdən
çıxana yaxın damınızın üstündən
üç gombul pişik boğuşa-boğuşa yombalanaraq
əcaib səslər çıxarıb bir-birini qovurdu. Çöl
qapınızın üstündən keçib yerə
atılaraq qaçıb getdilər. Çox güman ki, qəm-qüssə
içində bu səhnəyə baxanlardan gülməyi
tutanlar, gülməyini gizlədənlər də oldu. Kiminsə
gülməsinin nə sənə toxunacağı var, nə də
sən belə şeylərdən inciyib alınansan. Bu da
dünyanın bir iş-iştəyi, bir mənzərəsidi.
Ancaq elə bilirdim o an sən bu yumoristik, gülməli məzxərəyə
baxırsan, iri qıyğacı və tənəli
baxışlarını gördüm, dibindən
qırxılmış başını bulayırdın, səsini
eşitdim, pişiklərə – “əclaflar, heç yeridi?”
deyib bir mənə baxdın. Sorğulu baxışında
danlaq, təbəssüm, yumor qarışıq
anlaşılmaz bir ifadə vardı. Dodaqlarım əsir,
hıçqırığımı udmağa,
başımı aşağı əyib üzümü gizlətməyə
çalışıram, göz yaşlarım axır,
axır... Bu da dünyanın dözülməz
haqsızlıqlarından biri. Sən, ancaq sən yanımda
olsaydın, sənin özün məni ovundursaydın, bu
dözülməz dərddən, ağır yükdən azca
təsəlli tapa bilərdim, Şahmar.
Ayxanla hələ məktəbə
getməyən oğlun Həsən səni Gəncədə
qoyub kor-peşman Bakıya qayıdacaqlar. Axtarıb onları
tapacam. Ancaq bilmirəm, bilmirəm üzlərinə necə
baxacam, onlarla necə danışacam. Sən mənim yerimdə
olsaydın, ürək-dirək verməyi, ovundurmağı
yaxşı bacarardın, bilirəm. Məni göynədən
xatirələrindən başqa bir də ömrümün
sonunacan dönə-dönə qayıdıb oxuyacağım
səmimi, zərif hisslərlə, çox incə mətləblərlə
dolu gözəl hekayələrin qaldı. Sən demə,
“Yaza bilməyəcəyim məktub”un yaşaya bilməyəcəyin
günlərin, illərin yazısıymış, qardaş.
Bu şəhərdə bir
inandığım adam vardı, telefonda səsini eşitcək
üzüm gülərdi, əlimdəki işimi
yarımçıq qoyub görüşünə gedərdim,
gəzişərdik, dərdləşərdik, ayrılanda
ürəyimdəki üzüntü, sıxıntı
yüngülləşərdi, ürəkli olardım, yenidən
inamla yaşamağa başlardım, hərdənbir dənizin
qırağında mənimlə gəzişən o adamdan,
onun qayğı və arzularından nə iş
yoldaşlarının, nə hər gün
qarşılaşdığı qonşularının, nə
ata-anasının, qardaşlarının xəbəri
vardı, nə də qayğısız, xoşbəxt
balalarının.
Hər dəfə əl tutub ayrılardıq, altı-yeddi addım aralanandan sonra bilirdim mütləq dönüb geri baxacaqsan və əlini yuxarı qaldırıb güləcəksən. Bu da sənin “darıxma, hər şey yaxşı olacaq” deməyin idi. Hər şey beləmi yaxşı olurmuş, Şahmar? Sənin ömrünlə bağlı yazı bəs niyə belə ağrılı, qüssəli və acı bitdi.
Azər Abdulla
525-ci qəzet.- 2010.- 3 aprel.- S.21-22.