Elçin
yaradıcılığında uşaq aləmi
Elçinin çoxaspektli bədii əsərləri diqqət mərkəzində olmaqla, müxtəlif rakurslardan təhlilə cəlb edilmiş və edilməkdədir. Universal yaradıcılıq diapazonu ilə seçilən bu sənətkarın arsenalında kiçik hekayə və povestlərdən tutmuş iri həcmli romanlara və dram əsərlərinə qədər müxtəlif janrlar ustalıqla təqdim olunub. Ədibin adı çəkilən janrları əhatə edən əsərləri haqqında əsaslı, bəzən səthi, bəzənsə natamam mülahizələr irəli sürüldüyündən, fikrimizcə, Elçin yaradıcılığının bəzi cəhətləri ədəbi tənqid obyektivində hələ də yetərincə işıqlandırılmayıb. Onun yaradıcılığına yenidən nəzər salmağımız da məhz elə bu istəkdən irəli gəlib. Təhlilə cəlb edilməyən əsərlər sırasında Elçinin oncildliyinin birinci cildində yer almış uşaqların ecazkar aləmini əhatə edən “Uşaq hekayələri”, “Səlimin hekayələri”, “Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın nağılları”, “Sözlər, Yanıltmaclar, Tapmacalar”da var.
Uşaqlar üçün yazmaq son dərəcə çətindir. Çünki uşaqların yaş xüsusiyyətlərini, meyl və maraqlarını dərindən bilmədən onlarda zəruri əxlaqi-tərbiyəvi keyfiyyətlər, onların səlis dil qaydalarına riayət etməsini, sözləri doğru-düzgün tələffüz etməsini də formalaşdırmaq mümkün deyil. İlk baxışda uşaqlar üçün yazmaq asan görünsə də, məsələ heç də düşünülən qədər asan deyil. Uşaq aləmini dərk etmək yazıçıdan fitri istedad, şifahi xalq yaradıcılığının janrlarını, canlı xalq danışıq dilini, onun ifadə imkanlarını bilməklə yanaşı, həm də uşaq aləmini, onun iç dünyasını duymağı, əsaslı öyrənməyi tələb edir. Uşaqların maraq dairəsini, estetik zövqünü öyrənmədən onları konkret məqsədə doğru yönəltmək, fərdi meyllərini inkişaf etdirmək də olmaz. Odur ki, uşaqlar üçün yazılan əsərlər onların yaş səviyyəsinə münasib olan üslubda qələmə alınmalıdır.
Elçinin uşaqlar üçün yazdığı əsərlərin məzmun və formasına (yığcamlıq, lakoniklik, fikir aydınlığı, cümlələrin kompaktlığı, sintatik quruluşu, ana dilinin imkanlarından yetərincə yararlanma və s.) nəzər saldıqda yazıçının uşaqların psixologiyasını, onların yaşına uyğun davranışını bu sahənin mütəxəssisi kimi bildiyi qənaətinə gəlirik. Uşaqlar üçün yazdıqda, bir tərəfdən, uşaq ədəbiyyatının bölgüləri nəzərə alınmalıdırsa, digər tərəfdən, uşaq ədəbiyyatı nümunələri, eyni zamanda oxucuların yalnız yaşı ilə müəyyənləşmədiyini nəzərə almaq zəruridir. Yəni burada uşaqların yaşadığı ictimai mühit, onların inkişafı, idrakı, zövqü, nitq qabiliyyəti, mədəni davranış qaydalarına yiyələnməsi, bilik və maraq dairəsi də diqqət mərkəzində olmalıdır. Təbii ki, Elçin bu xüsusiyyətləri nəzərə almasaydı, əsərlərinin ünvanını da düzgün müəyyənləşdirə bilməzdi.
Oncildliyinin birinci cildində
on doqquz uşaq hekayəsi yer alıb. Hekayələrin hər
biri kompozisiya-həcm kompaktlığı, məzmun
aydınlığı ilə seçilməklə, həm də
kiçik yaşlı oxucuların təfəkkürünü
“hərəkətə gətirmək, itiləşdirmək”
baxımından səciyyəvidir. “Səlimin hekayələri”
(“Mənə niyə gülürlər?” “Mən Lalə istəyirəm”,
“Belə də iş olar?”), “Aysunun Humayın, Günayın,
Yalçının və Nigarın
nağılları”nın (“Balaca qırmızı
çiçək”, “Küləyin, Çinarın və
qaranquş balasının hekayəti”, “Mən yaman
qoçağam”, Nigar, Yalçın və onların dədəsi”,
“Günay, Humay, bir dənə günəbaxan və qırt
toyuğun cücələri”, “Gilas qız”, “Aysu və balaca
balıqlar” və s) obrazları, süjet xətti, dili sadə
və rəvandır.
Bu hekayələrdə təqdim
olunmuş nitq formaları kompakt, rahat, uşaq nitqini inkişaf
etdirmək və formalaşdırmaq baxımından cəlbedicidir.
Məsələn, “Mən Lalə istəyirəm” hekayəsinin
dilindən kiçik bir parçaya diqqət yetirək:
“Ana deyir:
– Lalə qızım, qəşəng
qızım, mənim qızım...
Mən deyirəm:
Ana, Lalə mənimdi!
Anam deyir:
– Yaxşı, Səlim, sənindir...
Firudin əmi mənə bir
dənə qırmızı gül verir. Mən deyirəm:
– Bu nədi?
Firudin əmi deyir:
Lalədi. Yavaş
götür, dağılmasın. Lalənin ləçəkləri
çox zərif olur.
Eh, Firudin əmi gör mənə
nə gətirib?! Gül!..
Mən deyirəm:
– Firudin əmi, mən belə
lalə istəmirəm...
Firudin əmi deyir:
– Bəs, sən nə
cür lalə istəyirsən, Səlim?
Mən deyirəm:
– Mən bacım Lalədən
istəyirəm”
Müəllif hekayədə
qardaşla bacı arasında ünsiyyəti, səmimiyyəti
elə ustalıqla aşılayır ki, kiçik
yaşlılar ondan ibrət dərsi götürə bilir,
özləri də onlara oxşamağa
çalışırlar.
Uşaq üçün
kitabların dilinə verilən başlıca tələblərdən
biri də onların lüğət ehtiyatını zənginləşdirməyə
xidmət etməlidir. Ədəbi dil dəqiq, obrazlı,
emosional, lirik olduğundan qavrayışının xüsusiyyətlərinə
daha uyğun olur. Başqa sözlə desək, pedaqoji istiqamətli
əsərlər real həyatla əlaqədar olmaqla
yanaşı, həm də uşaqların estetik aləmini
formalaşdırmağa, onlarda vətəndaşlıq və
humanistlik duyğularını oyatmağa xidmət etməyə
istiqamətlənməlidir. Elçinin uşaq hekayələrində
digər cəhətlərlə bərabər, rəvanlıq
və sadəlik, sifətin, zərfin (nitq hissələri)
müxtəlif dərəcələrindən uğurla istifadə
etməklə, assosiativ ifadələr görürük.
“Humayın yuxusu” hekayəsindən bir parçaya diqqət
yetirək:
“Günay elə
böyükdü, elə böyükdü, elə
böyükdü düz altı yaşının içindədi.
Humay elə balacadı, elə
balacadı, elə balacadı, üç yaşı təzə
tamam olub...
Humay istəyirdi ki,
yaxşı-yaxşı, yaxşı-yaxşı,
yaxşı-yaxşı dostları gəlsin yanına, bir yerdə
oynasınlar...
... Humayın bir dənə
qırmızı topu var idi. Elə qırmızıydı,
elə qırmızıydı ki, lap qırmızı...
Humayın topu evdən
çıxdı, hoppana-hoppana pilləkənləri
aşağı düşdü, küçəyə
çıxdı, hoppana-hoppana, hoppana-hoppana getməyə
başladı...” (Fərqləndirmə bizimdir – N.T)
Elçinin uşaq hekayələrində
tez-tez ətraf aləmə müraciət olunur, onun müxtəlif
tərəflərinə kiçik yaşlı oxucuların
diqqəti cəlb edilir: ağaclar (çinar, alma, armud,
alça, gilənar), bitkilər, (günəbaxan),
çiçəklər (lalə), quşlar (qaranquş, sərçə,
toyuq, cücələr, ördək), heyvanlar (siçan,
pişik, canavar, ayı, göstəbək, balıq) və s.
“danışdırılır”.
Onun “Gör necə top
vururam”, “Balaca qırmızı çiçək”, “Küləyin,
çinarın və qaranquş balasının hekayəti”,
“Günayın, Yalçının, Nigarın və yekə
canavarın nağılı”, “Günay, Humay, bir dənə
günəbaxan və qırt toyuğun cücələri”,
“Gilas qız”, “Qəhrəman Aysu, qara pişik və
cıqqılı siçanın nağılı”, “Aysu və
balaca balıqlar və bir sıra digər hekayələri bu qəbildəndir.
Maraqlı, cəlbedici janrda yazılmış bu kiçik həcmli
hekayələrdə yazıçı təbiət hadisələrini,
heyvanlar və bitkilər aləminin xüsusiyyətlərini
uşaqlara öyrətməklə bərabər, dostluğa sədaqət,
balacalara kömək, onların tələb və təkliflərini
duymaq, ev quşları və heyvanlarının
qayğısına qalmaq, təbiəti, heyvanları,
quşlar sevmək kimi məziyyətləri
aşılamağı qarşısına məqsəd qoyur.
Bu hekayələrin dili yazıçının roman və
povestlərinin dilinə nisbətən daha sadə və
yığcamdır.
Bədii
yaradıcılığında xalqın etnik, milli və mədəni-mənəvi
həyatına, tərbiyə məsələlərinə
kifayət qədər geniş yer verən Elçin uşaq həyatından,
onun aləmindən istifadə etmək yolu ilə kiçik
yaşlılar dünyasın maraqlı “ekskurs” edir. Məlumdur
ki, uşaq qəlbinə ən yaxın olan, onu özünə
cəzb edən təbiət, kənd həyatı,
bağ-bağça, bostan, tərəvəz və s-dir. Məsələn,
“Günay, Gumay, bir dənə günəbaxan və qırt
toyuğun cücələri” hekayəsində ev
quşlarına qayğılı münasibət
formalaşdırmaqla bağlı müəllif Humayın
cücələrə münasibətini oxuculara
aşağıdakı kimi çatdırır:
“Ay cücələr!.. Ay
cücələr!.. Alın!..
Humay hinə bir dənə
iri tum atdı.
Qırt toyuq dimdiyinin
ucundakı tumun qabığını sındırdı, tumun
ağ ləpəsi sıçrayıb yerə
düşdü. Cücələr yenə civildəşə-civildəşə,
itələşə-itələşə ağ ləpənin
üstünə qaçışdı, amma ağ ləpə
iri idi, bərk idi. Qırt toyuq qaqqıldaya-qaqqıldaya ağ
ləpəni təzədən dimdiyinə aldı, sonra ağ
ləpəni dimdiyində əzə-əzə
xırdaladı, yerə səpələdi. Cücələr
bircə göz qırpımında tum ləpəsinin
qırıntılarını dimdikləyib yedilər”
Müəllif günəbaxan
tumunun cücələrin xoşuna gəldiyindən Günayla
Humay ovuclarında olan tumların hamısını cücələrə
atdığını göstərir: Bununla da müəllif
uşaqların ev quşlarına qayğılı münasibətini
yaratmağa müvəffəq ola bilir. Bu tipli nümunələr
Elçinin uşaqlara həsr etdiyi digər hekayələrdə
də kifayət qədərdir. Beləliklə,
yazıçı uşaqlarda gözəl nəcib hisslər
tərbiyə etmək, onlarda kiçik yaşından zəhmətə,
biliyə, təbiətə, flora və faunaya maraq və həvəs
oyatmaq, xarici aləmi düzgün idrakda əks etdirməkdə
onlara kömək etmək, uşaqların sağlam ruhi
inkişafının qayğısına qalmağı
qarşısına məqsəd qoymaqla, ona nail ola bilir.
Fikrimizcə, Elçinin bu tipli əsərlərindən
ibtidai siniflərin oxu kitabında istifadə etmək, olduqca
yaxşı səmərə verə bilər.
Məlumdur ki, Azərbaycan
folklorunda yanıltmaclar, tapmacalar, təkrirli söz və ifadələr
zənginliyi və rəngarəngliyi ilə bərabər
ayrıca qol təşkil edir. Yazıçı öz
yaradıcı təxəyyülünə, söykənərək
belə söz və ifadələrin orijinal, indiyə qədər
nə folklorumuzda, nə də yazılı ədəbiyyatımızda
rastlaşmadığımız şəkildə işlədir.
Sənətkar bu nümunələri söz oyununa və onun
çalarlarına söykəməklə, uşaqlara bu
sözlərin eyni yazılışına baxmayaraq, müxtəlif
sintaktik çevrəsini və leksik tutumunu bir-birindən fərqləndirməyə,
onların mənalarını duyub dərk etməyə xidmət
edən nümunələr təqdim edir. Məsələn,
“Abşeronda” başlığı altında verilmiş mətnə
diqqət yetirək:
“Getdim meyvədən qara
ÜZÜM ÜZÜM.
ÜZÜMÜ
ÜZDÜM, yedim.
Vay...
Bulaşdı ÜZÜM!
Getdim dənizdə
ÜZÜM...
Dənizdə ÜZDÜM, təmizləndi
ÜZÜM”.
Burada və bundan sonrakı mətnlərdə
fərqləndirmə Elçinindir. – N.T.).
Anan dilinin incəliklərinə
bələd olmadan, ona sevgi, özünəməxsus intutiv
hiss və duyğu olmadan, nitqin fərqli bədii
çalarını, ab-havası, poetik modelini və strukturunu
lazımca yaratmadan, sənətkar oxucunun diqqətini mətnə
cəlb edə bilməzdi.
Yaxud digər bir nümunəyə
“Düzdə” yə nəzər salaq:
“Maşına mindik, getdik,
DÜZ getdik DÜZƏ.
Oy, nə gözəldi
DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf
kəpənəkdi...
Lalələr
DÜZÜM-ÜZÜM DÜZÜLÜB DÜZDƏ.
Ay gözəl DÜZÜM,
qoy səndən lalələr üzüm, aparıb
güldanlara DÜZÜM,
Sonra da güldanları
şüşəbəndlərimizə DÜZÜM.
– Düz deyirəm, nənə?
– Düz dedin, Aysu!
– Axı, nənə, sən
deyirsən, mən də DÜZƏM, dümDÜZƏM,
DÜZDÜ, nənə, hə?
– Hə Aysu, DÜZÜ belə
də! Sən DÜZ qızsan! Lap dümbəDÜZ
qızsan!
– Bax, nənə, ode, uzaqda o
ağac da DÜZ durub, DÜZDÜ!
– DÜZDÜ, Aysu, bu da
DÜZDÜ!
DÜZDƏ gəzdik, gəzdik,
yorulduq. Sonra da DÜZDƏN DÜZƏLDİK yola gəldik evə.
Oy nə qədər lalə
yığmışam DÜZDƏN!.. Çox sağ ol,
gözəl DÜZÜM!
İndi gedim, lalələri
güldanlara DÜZÜM...”
Göründüyü kimi,
bu tipli düzlər mətni yadda saxlamaq, birnəfəsə
özünəməxsus ritmlə, söyləmək
üçün kiçik yaşlı uşaqların nitqinin
inkişafına, düzgün danışıq və tələffüz
vərdişlərinə yiyələnmə, söz
ehtiyatının artırılması və s.
üçün dəyərli nümunələrdir.
Yanıltmaclarda əsas məqsəd dildə olan çətin
və çeşidli sözləri yaxşı tələffüz
etməyi bacarmaq, tez-tez danışmaq vərdişlərinə
yiyələnməkdən ibarətdir. Yanıltmaclarda bir-birinə
uyuşmayan, çətin deyilən, dilə yatmayan sözlərin
tələffüzü uşaqların nitq verdişlərini
inkişaf etdirib formalaşdırmağa xidmət edir. Məsələn,
“Qumru quşları”nda olduğu kimi:
“O qumru quşlarına bax, nə
hirslə, QURULDAYIR...
QUMRU QUŞU QUR-QUR QURULDAYIR.
Elə bil deyir Kİ, mənə
yuva QUR.
QURMARAM, ay qumru quşu,
özün QUR.
Sən QURA bilməsən,
yaxşı mən QURARAM.
QURULDAMA, QUR-QUR, uç
özün QUR”.
Ənənəvi uşaq
folkloru nümunələri poetik və cazibədar olub, bədii
cəhətdən dolğun və kamil olduğu kimi
Elçinin də yanıltmacları və tapmacaları
dolğun və kamildir. Elçinin bu tipli nümunələri
uşaq psixologiyasını, onun daxili aləmini, gələcək
tərbiyə yollarını ümumiyyətlə
düzgün müəyyənləşdirir. Həm də belə
kiçik mətnlər uşaq aləminə bələd olma
səs dilinin inkişafı və afaziyaya kömək kimi qəbul
edilməlidir. Məlum olduğu kimi afaziya-nitq və eşitmə
orqanlarının özü yerində olduğu halda nitqin
beyinin böyük yarımkürələrinin pozulması ilə
müşayiət olunan hallarını əhatə edir. Burada
dil sistemində olan səslərin dağılması, səslərin
pozulması və məna pozuntusu və s. müşahidə
olunur. Uşaq bu tipli yanıltmac və tapmacaları eşitmək
və təkrarlamaqla bu söz və ifadələri yenidən
yaradır. Digərlərindən, yaxud mətndən
götürmə heç də tam kopiya kimi qəbul edilmir. Hər
təqlid üçün doğru seçim müəyyənləşdirilir,
modeldən kənarlaşmalar mövcud olsa da, uşaq konkret
dil daşıyıcısı kimi öz dil modelini modifikasiya
edir, nitq cilalanır.
Bu tipli mətnlər həm
də uşaqlarda əyaniliyə meyl və marağı
gücləndirməyə xidmət edir. Onlarda təbiətə
məftunluq, düzlərə çıxmaq, fauna və
floranı öyrənmək, onlara heyranlıq tərbiyə
edir. Doğma torpağa, vətənə sevgi, vətənpərvərlik
və vətəndaşlıq hissləri uşaqda get-gedə
mühüm vəzifəyə çevrilir.
Elçin yanıltmaclarda
uşaqlar üçün bir sözdən yaranan (məsələn,
“Abşeronda” yanıltmacında “üzüm”
sözünün çoxlu variasiyalarını “üzüm”-
ümumi ismi adlıq hal, tək, cansız, konkret;
“üzüm”- Fel, I şəxsin təki, əmr şəkli
“üzümü” – ümumi isim, tək, təsirlik hal,
cansız konkret; “üzdüm” – Fel, I şəxsin təki,
şühudi keçmiş, təsdiq, təsirli fel;
“üzüm”- ümumi isim, adlıq hal, I şəxs, mənsubiyyət
forması, konkret; “üzüm” – fel omonim, I şəxs, tək,
əmr şəkli, tək, təsdiq; “Düzdə”
yanıltmacında “düz”- tərzi-hərəkət zərfi,
isimlə ifadə olunub, quruluşca sadə zərf; “düzə”
– yer zərfi, isimlə ifadə olunub, yönlük hal;
“düz”- yer zərfi sadə, isimlə ifadə olunub, adlıq
hal; “düzüm-düzüm” – tərzi-hərəkət zərfi,
quruluşca mürəkkəb, eyni sözün təkrarından
əmələ gəlib; “düzülüb” – fel, nəqli-keçmiş,
düzəltmə, III şəxsin təki, təsdiq, təsirsiz;
“düzüm” – yerin əmr şəkli, I şəxsin təki,
təsdiq, sadə; “düz”- tərzi-hərəkət zərfi,
quruluşca sadə; “düzəm”- sifət tək, I şəxs,
təsdiq, sifətlə ifadə olunmuş ismi xəbər;
“dümdüzəm”- sifətin sadələşdirmə dərəcəsi,
morfoloji yolla yaranmış; “düzdü” – ismi xəbər,
sifətlə ifadə olunub, III şəxs. Tək, təsdiq;
“düzü” – model söz, sadə quruluşlu, qətilik
bildirən; “düz – əsli sifət, sadə, adi dərəcə;
“dümbədüz”- morfoloji-sintaktik yolla düzəlmiş
sifət, “düz” (durub)” –tərzi-hərəkət zərfi,
sadə quruluşlu; “düzdü”- modal söz, sadə
quruluşlu, təsdiq; “düzdə” yer zərfi,
çıxışlıq hal, sadə quruluşlu; “düzəldik”
– düzəltmə fel, I şəxs, cəm, şühudi
keçmiş, zaman, təsdiq, təsirsiz, “düzdən” – yer
zərfi, çıxışlıq hal, sadə quruluşlu;
“düzüm” – I şəxs, tək, əmr forması, təsdiq,
təsirli; “Qumru quşları” yanıltmacında
“quruldayır” – fel, indiki zaman, III şəxs, tək, təsdiq,
təqlid əsasında yaranan; “qur-qur”- tərzi hərəkət
zərfi, quruluşca mürəkkəb, təqlid əsasında
yaranan; “qur”- yel, əmr, II şəxs, tək, təsdiq forma;
“qurmaram”- fel, qeyri-qəti gələcək, I şəxsin təki;
“quraram”- fel, qeyri-qəti gələcək, I şəxs, tək,
təsdiq; konstruksiyaları təklif edir, belə sözlərin
onların marağına səbəb olacağına, şərait
yarada bilir.
Yanıltmac və tapmacalarda,
bəlli olduğu kimi, konkret əşyanın, məfhum və
ya hadisənin müxtəlif tərəfləri, əlamət
və xüsusiyyətləri dolayısı ilə, məcazi
şəkildə açıqlanır, lakin əsas ünvan
gizli saxlanılır. Bu nümunələrdə cümlə
və ifadələr bəzən bəsit, natamam, bəzən
də bitkin, oynaq, obrazlı şəkildə poetik boyalarla
verilir. Yanıltmac və tapmacaların köməyi ilə
uşaqlarda müəyyən əşya hadisə haqqında,
əlamət və keyfiyyətlərə uyğun fəal nəticə
çıxarmaq bacarığı, hazırcavablıq,
müşahidəlilik aşılanır. Onların əşya
və hadisələr haqqında anlayışları
inkişaf etdirilir, zənginləşdirilir. Bütün bunlar
təbiətə və ətraf aləmə həvəs və
marağı artırır. Bundan başqa
yanıltmaclardakı o qədər də çətin
anlaşılmayan cümlələrdə eyni səslərin təkrar
səslənməsi kiçik yaşlı uşaqları
çaşdırır, cümləni səlis deməyə
mane olur. Buna görə də ədəbi dilimizdə, bədii
mətnlərdə təsadüf edilən belə ifadə və
cümlələrə uşaqları məhz kiçik
yaş dövründə alışdırmaq faydalıdır.
Yanıltmaclar müxtəlif şəkildə qurula bilər.
Elçinin yanıltmaclarında biz bu müxtəlifliyin və
rəngarəngliyin şahidi ola bilərik.
Nizami TAĞISOY
525-ci qəzet.- 2010.- 3 aprel.- S.20.