Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
ÖN SÖZ
Milli iftixarımız Üzeyir Hacıbəyli xalqımıza çoxşaxəli, əbədiyaşar zəngin bir irs qoyub getmişdir. Bu irsə, bu əvəzsiz xəzinəyə sahib çıxmaq, onu dərindən, hərtərəfli araşdırmaq, nəşr və təbliğ etmək müqəddəs borcdur, vacib vəzifələrdəndir. Bu sahədə son 60 ildə xeyli iş görülmüşdür, üzeyirşünaslıq tədqiqat məktəbi yaranmışdır. Görülmüş işləri, nəşr olunmuş qiymətli tədqiqat əsərlərini sadalamağa ehtiyac yoxdur. İndi vacib olanı görüləsi işlərdir. Bu birinci növbədə Üzeyirbəyin əsərlərinin tam külliyyatının akademik nəşrinin hazırlanıb oxuculara çatdırılmasıdır. Məlumdur ki, keçən yüzilliyin 60-cı illərində Üzeyirbəyin əsərlərinin 10 cildinin nəşri barədə hökumət qərarı vardı. Bu cildlərdən yalnız 4-ü işıq üzü gördü. Üzeyirbəyin 1905 –1915 –ci illərdə mətbuat orqanlarında dərc edilmiş əsərlərinin bir qismi 3 və 4-cü cildlərə daxil edildi. Amma necə? Məsələn, 3-cü cilddə verilmiş 161 yazıdan 22-si ixtisar və bəzən də redaktə edilməklə. Eyni ilə 4-cü cildə də belə ixtisar və əlgəzdirmələr aparıldı. Qeyd edim ki, bu cildlərə Üzeyirbəyin çox dəyərli 100-dən artıq yazısı daxil edilməmişdir. Hər iki cilddə verilən “kommentariyalar”da nə qədər təhrif, əsassız ittihamlar və hətta tarixi həqiqətləri saxtalaşdırmaq halları var. Artıq bunlar keçmişdir. Təəssüf və təəccüb doğuran budur ki, 2005-ci ildə həmin nəşrlər eynilə olduğu kimi yenidən latın qrafikası ilə nəşr edilmişdir. Həmin nəşrdə də 31 yazı ixtisar və redaktə ilə verilmişdir. “Kommentariyalar” da olduğu kimi qalmışdır.
Üzeyirbəy irsinin pərəstişkarı kimi mən də heç kəsdən sifariş, göstəriş və əməli kömək gözləmədən Üzeyirbəyin bu vaxta qədərki nəşrlərdə kənara qoyulmuş mətbu əsərlərini toplayıb oxuculara çatdırmağı qarşıma məqsəd qoymuşam. Artıq onun “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında dərc edilmiş bu qəbildən olan əsərlərinin 1904 –1912 –ci illəri əhatə edən 1-ci cildi hazırdır. Onu oxuculara təqdim edirəm. Oxucular özləri görəcəklər ki, bu əsərləri vaxtilə nə üçün nəşrlərdə kənara qoymuşlar. Cildə Üzeyirbəyin “Kaspi”dən tərcümə edib “Həyat” qəzetində dərc etdirdiyi çox əhəmiyyətli bir neçə məqalə də daxil edilmişdir.
Təmənnasız gördüyüm bu işdə mənə hərtərəfli yardım göstərmiş M.F.Axundov adına Milli Kitabxananın “Azərbaycan ədəbiyyatı” şöbəsinin əməkdaşlarına, xüsusilə Səidə Abdullayevaya, Azərbaycan Dövlət Arxivinin direktoru A.Paşayevə, Siyasi Partiyalar və İctimai Təşkilatlar Dövlət Arxivinin müdiri M.Bağırova, BDU-nun mətbuat tarixi kafedrasının müdiri professor Ş.Vəliyevə, rus dilində dərc olunmuş əsərlərini nəşrə hazırlamaqda əməli yardım göstərmiş fil.e.n. Lalə Hacıyevaya, əsərləri kompüterdə səliqəli surətdə yığmış Arzu Qocayevə, materialları səhifələmiş fil.e.n. Zaur Babayevə və kitabın nəşrini öhdəsinə götürmüş Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm.
Şirməmməd HÜSEYNOV
ÜZEYİR HACIBƏYLİ – 125Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904 –1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.
Şirməmməd HÜSEYNOV
Üzeyir HACIBƏYLİ AVQUSTUN
20, 21 VƏ 23-ndə BAKI MÜQATİLƏSİ
Bu ünvan ilə Bakı hadisati-mövsufələrinə dair “Novoye vremya” qəzetəsində öz müxbiri tərəfindən bir bənd dərc olunmuş, tərcüməsi budur:
“Avqustun igirmisində axşam vüqu bulan hadisəyə gündüz heç bir şey şəhadət vermiyordu. Filvaqe konka iki gün idi ki, işləmiyordu. Bakı müvəqqəti general qubernatoru general –leytenant Fadeyev konka idarələrinin öz dediklərində müqim olmaqlarını və qulluqçuların dəxi işə şüru etməməklərini görüb, sürənlər və müfəttişlər əvəzinə soldat təyin edilməsinə əmr etdi. Va habeylə konka dörd saat işliyordu. Axşam saat beşdə bir erməni dəstəsi konkada oturan cəmaətilə mürafiqət edən soldatları gülləyə basdı. Saat beşdə dəxi erməni kilsəsində zənglər çalındı və haman dəm şəhərin bilcümlə ermənilər sakin olan hissələrində ermənilər pəncərələrdən, qapılardan, təxtəpuşlardan və darvazalardan müsəlmanlara və ruslara güllə yağdırıb, qırmağa başladılar.
Şəkk və şübhə yoxdur ki, konka tətili şuriş qaldırmaqdan ötrü bir bəhanə imiş. Şənbə günü bu şurişdən ötrü ən müvafiq gün idi: mədənlərin və ticarət idarələrinin ətraf əhalisindən ibarət olan fəhlələri şəhərdən evə gedib, bazar gününü orada keçirirlər. Və əlavə qitalə bir gün qalmış Bakıdan təxrib olmuş Şuşaya iki (dəstə) kazak göndərilmişdi.
Mən ayın igirmisində saat yeddidə gələn poyezd ilə Bakıya varid oldum. Vağzalı (mövqifi) soldatlar əhatə etmişdilər. Şəhər ilə əlaqə kəsilmişdi. O gecə özümü şəhərə salmaq mənə məqdur olmadısa da vağzalda bir neçə şayani –diqqət şəkillərin şahidi olmağa məcbur oldum. Mənim yanımda Spaski küçəsinin küncündə üç mərtəbəli evin balkonundan bir neçə ünas tayfası insan seyd etməyə məşğul idilər. Səkidə duranlara bu balkondan on səkkiz güllə atdılar və yaklaşan soldatları görüb gizləndilər.
Mən Kerçinski polkunun əfsəri ilə səfər edicilər zalısına qayıtdım ki, çay içim. Biz səki üzərində bir neçə qədəm atmışdız ki, eşiddiz, qabaqda bir səda gəldi. Burada bir qara surət bizim gözümüzün qabağında behbudi ilə bir qoca müsəlmanı yırtıb və barıdan tullanıb qaçdı gizləndi.
Səhər saat 7-yə yavuq kim idisə “hücum!” deyib çığırdı. Vağzalda olan dəstənin hamısı səndəliyələrdən sıçrayıb arvad və uşağı basa –basa bəzək otaqlarına (ubornaya) və xəlvətxanələrə soxulub, stolların altında gizləndilər. Bir məmur (çinovnik) iki pəncərə arasında bir stolun altına girib, oradan “qaraul!” deyib bar –bar bağırırdı. Bu –bəhadır ara sakit olub, arvadlar ünas –bəzək otağında olduğunu onun yadına salanda məlcəindən dışqarı çıxdı.
Saat 8-də
mən jandarmlar köməyi ilə fayton tapıb şəhərə
getdim. Bu nə gunə
yol idi!
Hər qədəmdə
meyidlər sərilmişdi. Budur telefonni küçəsində
bir araba durub yanında öküzlər uzanmışlar.
Görünür ki, öküzləri
öldürmüşlər. Öküzlərdən 20 qədəm
o yana onların sahibi məqtul halda qolların uzadıb, sərilmişdi.
Onun qırxılmış təpəsində günün
şəfəqi işıldıyor. Uzun birçəkləri
qana bulaşmışdır. Budur torqovi küçəsinin
küncündən ikisi uzanmışdır. Onlardan biri
sarı rusaqdır. O hələ nəfəs alır, amma
heç bir kəs ona mədəd verməyə cürət
etmiyor. Mən faytonu saxlatdımsa da, faytonçu
yaralını faytona qoymaq üçün adam gözləməkdən
qəti surətdə baş çəkdi.
Böylə ağır və
dəhşətəngiz yol ilə mən mehmanxanaya
yetişdim. Hər tərəfdən atışma səsi
sakit olmuyordu. Özümə bələd və mühafiz
tapıb, gedirəm general qubernatorun evinə. Orada İran
general konsulu ilə katibəni görürəm. General
qubernator konsula ermənilər ilə sülh etməsini təklif
etdikdə, konsul izhar etdi ki, öylə işə ixtiyarı
yoxdur. Çünki ermənilər ilə heç bir əlaqələri
olmayan iranilərdən iki yüz nəfərini ermənilər
xainlik və bivəfalıq ilə şəhid etmişlər.
O səbəbə konsul bu mətləbi qəbul edən halda
öz canı sağlığından əmin olmuyor.
Burada dəxi mənə məlum
oldu ki, Labinski polkun bir dəstəsini və Dağıstanski
polku ixtişaşçılar hər tərəfdən
gülləyə basmışlar və haman gecə kazaklar ilə
bahəm gedən qalabəyiyə tərəf dörd dəfə
yaylım atəşi açıb, güllə qalabəyinin
yer yasdığını deşmişdir.
Üçüncü uçastokun pristavı knyaz Nijeradze
çiynindən zəxmlənmişdir.
İyunun 21-də Balaxanı
alovlandı, ondan Sabunçi, Ramana və Bibiheybət
yandı. Gecə hər tərəfdən qanlı
qızartı görünür. Qara tüstü uzaqdan
dağlara bənzər.
Hər dəqiqə biri
–birindən dəhşətli xəbərlər gəlməkdədir.
Şəhərə girib, öz həmdinlərinin
intiqamını almaq istəyən üç min nəfərdən
ibarət kəsləri şöhrətli cənab
Tağıyev nüfuzi qüvvəsilə saxlayıb, bu
işdən mən etmişdir.
Bütün şəhəri
gəzib və kağızları göndərib mehmanxanaya
qayıtdım. Çərkəzi paltarımı
soyunmuşdum ki, xidmətçi daxil olub diyor ki, məni bir
rus görmək istiyor, təvəqqe etdim içəri gəlsin.
–Siz rus qəzetəsinin
müxbirisinizmi? –deyib soruşdu.
–Bəli, dedim, nə
qulluğunuz var?
Dedi ki:
–Mən ticarət birja
şirkətinin qulluqçusu Mixail Nikolayeviç Nikolskiyəm.
Mənim sizə təvəqqem var. Qəzetənizə teleqraf
ediniz ki, bizi burada doğruyorlar, gülləliyorlar. Bizə
elan etmişlər ki, hamımızı tələf edəcəklər.
Bizim dəxi əsləhəmiz yox, özümüz də
şəhərin müxtəlif yerlərində
dağılmışız”. Mən General qubernatora rücu
etməyi ona məsləhət gördüm...
Tumanski namində bir digəri
gəlir.
Diyor:
– Mən də sizin
yanınıza gəlmişəm gözlərimin
qabağında Çernoqorodski şosedə bir müsəlman
qətl olmuş. Onun meydini xəncərlər ilə
doğradılar və başını daş ilə əzdilər.
Və habeylə – bir –birinin
dalınca budur bir erməni yügürüb gəlir və
diyor ki, bu saat bir qoca ermənini öldürmüşlər.
Balaca oğulçığazını yaralayıb, 12
yaşında qızını aparmışlar.
Dünən gecə şəhərdə
yanqı başlandı. Yerli qarunların (dövlətlilərin)
evləri yanmaqdadır.
Yanmış
vışkaların ədədini mən teleqraflan xəbər
vermişəm. Dünən sifəti –rəsmiyyəsi olan bir
şəxsdən bildim ki, mədəndən şəhərə
qayıdan erməni fəhlələrinə kazaklardan
mühafizlər verilmişdi, mühafizlər onlar ilə bir
qaranlıq küçəyə yetişəndə məzkur
fəhlələr kazakları revolver və mauzer
tapançasından gülləyə basmışlar, kazaklar
dəxi onlara cavab verməyə məcbur olmuşlar.
Doktor Larionovun mərizxanəsinə
daxil olduqda orada onun övrətini və sabiq şəhər
idarəsi rəisi İreskinin qızını məcruhların
yaralarını bağlayan görürəm. Bu qorxulu zamanda mərizxanənin
qapıları hamıdan ötrü açıq idi. Bir otaqda
üç müsəlman və o biri otaqda bir erməni
yatmışdır.
Bu saat gedirəm müsəlmana
təəllüq olan odun ambarının heybətli surətdə
yanmasına baxım.
Böyük külək var.
Bir yandan yanğının şaqqıltısı, bir yandan
güllələrin şaqqıltısı. İndi xəbər
verdilər ki, Parapetdə bazara gedən bir arvad aşpazına
güllə dəydi. Bir kəs mədəd verməgə
cürət etmiyor.
Şəhər idarəsi rəisi
Səfərəliyevin üstünə general –qubernatorun evindən
çıxanda güllə yağdırmışlar. General
–qubernator istəmiş ki, pəncərələrdən
güllə yağan Aramyansın evini topa basdırıb, təxrib
etməyə əmr etsin, amma məlum olmuş ki, orada ingilis
konsulu sakindir.
Saat 12-yə yavuq general
–qubernatorun nəzdinə rus fəhlələrinin
deputasiyası gəlib, özlərini mühafizət etmək
üçün əsləhə istəmişlər. General
–qubernator dəxi onlara arsenaldan əsləhə verməyi vəd
etdi.
Haman gün genə general
–qubernatorun yanına sülh və islah verən cəmiyyəti
yığıldı. Müsəlmanlar ermənilərdən
hər bir məqtul müsəlman əvəzində, məsuliyyəti
–şəxsiyyə tələb ediyordular. Amma ermənilər
buna razı olmuyub, pul mükafatı almağı təklif
etdilər. Müsəlmanlar dəxi buna razı olmuyub dedilər
ki:
– “Biz biliriz ki, siz məxsusi
məbləğ cəm etmişsiniz ki, qatillərinizə
verib adam öldürəsiniz. Sizdən ötrü ya qatilə
və ya məqtulun ailəsinə iki –üç min manat verməyin
heç bir təfavütü yoxdur. Biz buna razı ola bilməriz”.
Bu sözlərin hamısı general –qubernatorun evində
danışılıyordu.
Sabahadək sülhə bənzər
bir şey əqd olundu. Demək lazımdır ki, ermənilər
bu söhbətdə lap ağlıyordular. Doğrudur məqtulların
əksəriyyəti rus və müsəlmanlardırlar. Amma
ermənilər mal və mülk sarıdan bilmərrə məhv
və pərişan olmuşlar. Xəsarət və zərərləri
əqəllən 50 milyonadəkdir. Balaxanıda,
Sabunçuda, Bibiheybətdə, Ramanada, Qara şəhərdə,
Biratixdə olan mədənlərin cümləsi
yanmışdır. Rotşild firması 5 milyon, Kaspiyski
Tovarişstvo 14 milyon və Xordəlizi 2- 3 milyon ziyan çəkmişlər.
İndi görünür ki, ara sakitləşir. Amma
Bakıdan ötrü tazə bu məsələ zühur
ediyor ki, şəhərin rahətligi onun həll və qət
olunmasına bağlıdır. Bu məsələ – fəhlə
məsələsidir.
Mədənlər təxrib
olandan sonra on minlərcə fəhlə nəfərati
çörəksiz və evsiz qalmışlar.
Mütərcimi Üzeyir
“Həyat” qəzeti, 7 sentyabr
1905, ¹59
GÖZÜ AÇIQ TACİRLƏRİMİZƏ
XİTAB
Məmləkətimizdə
hürriyyəti-mədəniyyə elan olundu, hürriyyəti
–mədəniyyənin şəraiti –xəmsəsindən biri
də hürriyyəti mətbuatdır. Mətbuat isə
yalnız qəzetlərlə nəşriyyati –mövqutədən
ibarət deyildir. Risalə, kitab, qamus və sairə şəklində
olan asar dəxi buraya daxildir. Türk dilində və ələlümum
müsəlman dillərində kitablara əşəddi ehtiyacımız
məlum olmaqla bərabər bu ehtiyac bundan böylə
gündən –günə daha ziyadə artacaqdır. Buna
heç şübhə yoxdur. Çünki milli məktəblərimizdə
türk dilinə və türk dilində ülumi-müxtəlifeyi-cədidə
təhsilinə böyük bir meydan açıldı. Binaənileyh
əli qələm tutanlarımız bu məktəblər
üçün türk, ərəb və fars dillərinin qəvaidinə,
sərf və nəhvinə, elmi-əqaidə, tarixə,
coğrafiyaya, hesaba, elmi –cəbrə, həndəsəyə,
nəbatat, heyvanat, mədəniyyat kibi ülumi təbiyəyə
və sairəyə dair kitablar vücudə gətirməyə
çalışacaqlardır. Bu kitabları əqəll –əmrdə
öz fikir və xəyallarından çıxarmayacaqlar a!...
Onları ya rus və firəng dillərindən tərcümə
ilə, yaxud İranda, Osmanlıda, Misirdə, Hinddə
basılmış kitabları cüzi –külli bir təbdil ilə
məmləkətimizin şiyvəsinə, əfkarına,
hürriyyətinə tətbiqən vücudə gətirəcəklərdir...
Hal və keyfiyyət böylə ikən altmış,
yetmiş min müsəlman səkənəsi olan şəhərimizdə
ciddi bir kitab –füruş dükanı yoxdur. Bəradərani
–Orucovlar, Ağadadaş Əlizadə, Abbasqulu Kazımzadələr
kibi kağız, qələm, dəftər və sair məktəb
və şagirdlərə lazımi şeylər satanlar
zühur etdi.... Lakin heç kitab satanlarımız yoxdur...
Vaqeən ötədə bəridə, məsəla Bazarnaya
küçədə bir –iki səhhaf dükanları var... Fəqət
bunların satdıqları əksəriyyən daş
basması olan İran məhsulu köhnə kitablardır... Aləmi
–islamın tərəqqiyati –mədəniyyəyi –cədidəsinə
dəlalət edən kitablardan əsər yoxdur. Ərəb,
fars lisanlarının türkcə yazılmış qəvaidini
ya Şəmsəddin Sami bəyin qamusi –türkisini, qamusi –əlamını,
qamusi –fransui –türküsini, ya sair asarinı bir adam idənmək
istəsə mütləqa İstanbula, İstanbul
kitabçılarına müraciət etməsi lazım gəlir
və çox adam kimə və nə surətlə müraciət
edilməsini və nə vəchlə pul göndərilməsini
bilmədiyindən bu növ müfid və nafe kitablardan məhrum
qalıyor.... Əhməd Midhətlərin, Əbdülhəq
Hamidlərin, Kamal bəylərin, Əbuziya Tofiqlərin
adları belə bizim sühaflara məchuldur! Halbuki, şəhərimizin
bir kitabfüruş taciri “İqdam” qəzetəsinə, yaxud
İstanbulun Babi –Ali caddəsindəki, bir kitab
mağazasına müraciət edib məsələn yüz
danə “Qamusi –türki” gətirtsə əminəm ki, bir –iki
ayın zərfində bunların yüzünü də
yaxşı bir qazancla satmağa müvəffəq
olacaqdır... və kitabçılara pul qazandıracaq.
Osmanlıda, Misirdə və sair məmaliki –islamiyyədə
nə qədər kitablar vardır ki,
sühaflarımızın onlardan xəbərləri yoxdur.
Bu gün hər şey tərəqqi
ediyor: iyirmi –otuz il əvvəl üç –dörd balıq,
ya bir –iki boçka neft ilə Bakıdan Tiflisə bir aya gedən
bir atlı, iki təkərlikli arabamız bu gün bir
maşına münqəlib oldu ki, dalına minlərcə
adam dolu yüz vaqonluq bir qatar bağlayıb o qədər məsafəyi
bir gündə teyy ediyor. Bir neçə il əqdəm bir
adam qövm və əqrəbasına bir –iki mənzillik yoldan
bir məktub, bir kağız göndərməkdən aciz ikən,
bu gün telefon vasitəsilə Bakıdan Mərdəkan kəndilə
Peterburq, Moskva şəhərlərilə, Paris, Rim ilə
söhbət ediyor. Ata –babalarımız qulaqlarının
dibindəki qonşuda vaqe əhvaldan bixəbər ikən, bu
gün dünyanın ta o biri başındakı
vüquatı insan bir dəqiqənin içində teleqrafla xəbər
alıyor. Gecə alınan bir xəbərə sabah yüz min
kişi qəzetlər vasitəsilə agah oluyor... Daha nələr,
nələr!... Lakin sühaflarımız nədən köhnə
tasdan, köhnə hamamdan ayrılmıyorlar, ayrılmaq istəmiyorlar?!...
Gücləri, qüvvətləri yetmiyorsa, bir şirkət təşkil
etsinlər. İşə ictimai ilə
çalışsınlar... Hürriyyət şənlikləri
əsnasında qırmızı bayraqların çoxunda:
“Yaşasın ictimaiyyət” sözləri
yazılmışdı. Əlbəttə ictimaiyyətdə
bəzi yaxşı cəhətlər vardır ki, bu adamlar
“Yaşasın ictimaiyyət” –deyə fəryad edirlər! –Bu
gün ictimaiyyətə belə hürriyyət verildi... Lakin
şirkətlə, ittifaqla, ictima ilə iş görmək
üçün mütləq sosiyalist ictimaiyyun olmaq lazım
gəlməz ya!... Hər nə surətlə olursa –olsun şəhərimizdə
tazə moda üzərinə bir –iki mədəni müsəlman
kitab dükanlarının vücudi əlzəmdir.
Kitabçılar erməni və rus
kitabfüruşlarından ibrət olub Peterburq, Berlin, Leypssiq,
Lahi (Hollanda da), Paris, İstanbul, Tehran, İskəndəriyyə,
Misir əl Qahirə, Bombey, Kəlküttə və sair
kitabçılıq, kitabfüruşluq mərkəzlərinin
kitab tacirlərilə münasibati –ticariyyəyə
girişsinlər. Oralardan Bakı və ümum Qafqaz müsəlmanlarının
ehtiyacati –cədidiyəyi-maariflərinə müvafiq kitablar gətirsinlər....
Mağazalarını şəhərimizin Nikolayevskaya
küçə kibi nisbətən mədəni bir məhəlinə
nəql etsinlər... Kuşədə –bucaqda etməsinlər!...
Yoxsa bu işi ehmal etsələr qorxuram ki, bu ticarət dəxi
biganələr, əcnəbilər əlinə keçər.
İstanbulun “Babi-Ali caddəsi”
nam küçəsində müsəlman, xristiyan, yəhudi
bir çox kitabfüruşlar vardır ki, ancaq müsəlman
kitabları ilə ticarət ediyorlar. Bunlar İstanbulda və ələlümum
məmaliki Osmaniyyədə mətbuatın ədəmi-hürriyyətindən,
daha doğrusu əsarətindən oralardaki senzorun, yəni
kitab və mətbuat müfəttişinin birəhimlikdən
dadü-fəqan ediyorlar... Bu kitab tacirləri məmləkətimizin
sərbəsti –mətbuat kimi böyük bir nemətə nail
olduğunu xəbər alsalar, buralara can atıb şəhərimizdə
münasib bir müsəlman kitabçı dükanı
açmaları möhtəməldir. Gözü
açıq yerli tacirlərimizə lazımdır ki, ticarətin
bu şöbəsini onlara qapdırmayıb vəqt və zaman
ilə özləri gözəl bir kitab mağazası
vücudə gətirsinlər!...
Ü. (Üzeyir)
“Həyat” qəzeti, 2 noyabr
1905, ¹ 93
P.S. Bu məqalənin səhv
olaraq Ə.Hüseynzadəyə məxsus olduğu
yazılıb. Hətta onun əsərlərinə daxil edilib.
Bax: Ə.Hüseynzadə. “Türklər kimdir və kimlərdən
ibarətdir”. 1997, səh. 100 –102.
əqəll-əmrdə – ən
az şeyi
səkənə – sakin, əhali
kitabfüruş – kitab satan
səhhaf – cildçi
müfid – faydalı
sühaf – mətbuat
teyy – başa
çatdırma
HÜRRİYYƏTİ-KƏLAM HAQQINDA
Peterburq qəzetələrindən
“Birjevoe vedemosti”da mündəric bəzi mənzum qitələrin
tərcüməsidir:
Mühərrir nikbin (jurnalist
optimist):
Bu qədər yazıya qədim
əsarət,
Xaməm qoparır bənim
qiyamət,
Lazım degil
örtülü danışmaq,
Mühərrir ziştbin
(jurnalist pessimist):
Hər kəsdə yeni –yeni
süxənlər,
Xaməmsə bəyani əcz
eylər,
Hürriyyətə çox
çətin alışmaq!..
Qəzetçilər:
Keyf etməli gün bizə
bu gündür!
Hürriyyət isə bizim
üçündür!
Boş durma
çalış əya cəridə!
Hürriyyət düşməni
yazıçılar:
Biz cəngü –cidalə
hazır olduq!..
Hər mətbəədən
fəqət qovulduq,
Mərdud oluyor bizim əqidə.
Senzor nizamnaməsinin
140-cı bəndi:
Hər xaməyi titrədirdi
hökmüm
Birdən-birə gənc ikən
bən öldüm.
Aləm isə mövtümə
sevindi!
Mətbuat müfəttişi
senzor:
Eyvah kədərlə doldu qəlbim!
Axırda bu günlərə
yetişdim!
Bilməm pozayım nə
kağız, imdi?!...
Mütərcim: Ü.H.
(Üzeyir Hacıbəyov)
“Həyat” qəzeti, 8 noyabr
1905, ¹ 97.
xamə – qələm,
üslub
süxən – söz, nitq
əcz – acizlik,
axırıncı söz
mərdud – rədd olunmuş
BAKIDA MÜSƏLMAN İCTİMAİ
Noyabr ayının 18-nci
cümə günü cəmaət tərəfindən
intixab olunan sədri-məclis doktor Qarabəyovun rəyasətilə
və Nəcəfbəy Vəzirov, Əhməd bəy
Ağayev, Məhəmməd Həsənbəy Hacınski və
Həsən bəy Ağayevin üzv seçilmələrilə
Bakı müsəlmanlarının ictimai (mitinq) olub.
Ehtiyacati-milliyyə məsələsi mövqei müzakirəyə
vəz edildi. Xahiş edənlərdən bir neçə
şəxs iradi nitq edib, hər kəs öz mülahizat və
əfkarını bəyanə çalışdı. Əz
cümlə, Üzeyir bəy namində bir cavan, əmələ
tətilatından bəzən saldatların əhaliyə təcavüzatdan
və buna oxşayan bəzi şeylərdən duri –diraz bəhs
elədi. Tüccardan Məhəmməd İsmayılxanov
hökumətə qarşı heç bir kin, ədavət bəsləmək
lazım deyil –deyib, ancaq hərəkəti –sülhcüyanə
ilə iş görülməsi lüzumini göstərdi.
Digər bir cavan dəxi
Bakı şəhərinin yetişmiş olduğu bu avər
təkəmmül onun cəm etdiyi bunca sərvət və
saman məhz Romanov xanədan imperatorisi sayəsində
olması fikrini bəyan etdi.
Nəcəfbəy Vəzirov
böylə söylədi: “Hökuməti –sabiqənin idarəsizliyi
səbəbilə müsəlmanlar bu vaxta qədər
hürriyyətin mürüvvətin nə olduğunu bilmədilər.
Görünür ki, ağlamayan uşağa süd verməzlər.
Onun üçün biz müsəlmanlar da
çalışıb çabalamalıyız ki, əta
olunan hürriyyətdən, sərbəstlikdən həqqilə
istifadə edib faydadar olaq”. Sonradan bir cavan mövqeyi –xitabə
çıxaraq əmələ tətilatından, hökuməti
–sabiqənin məzalimindən və bu kibi məsələlərdən
bəhs edib uzun bir nitq irad elədi. İtnabi –kəlam etdiyi
üçün və yaxud çox uzaqlara getdiyi
üçün cəmaət tərəfindən axirüləmr
sözünü qurtarmağa dəvət olundu. Binaənileyh
məhəli – ictimaidə komediya misalı qayət gülməli
bir vaqiə zühura gəldi. Şəki əhalisindən dərzi
Əliyev namində bir cavan əlində bir təbəqə
kağız hüzuri cəmaətə çıxıb iradi
–kəlamə başlayınca eşidənlərin
qulağına “s” ilə qoşa bir “ş” sədası gəldi.
Hər kəs buna bica “s” ilə “ş”
hürüfatının “sünni”, “şiə” kəlmələri
olduğuna güman aparıb Əliyevin susmasını və
işğal etdiyi mövqedən çəkilməsini hər
kəs bir ağızdan tələb etdi. Çünki ancaq
müsəlmanlıq ilə iftixar edən cəmaət,
sünni və şiə bəhsini istəmiyordu. Bundan sonra məzkur
Əliyev “s” ilə “ş”nın sünnü və şiə
kəlmələrindən kinayə olmadığını
Ağayev və Qarabəyov cənabları və digərləri
tərəfindən dərya kibi coşub həyəcanə gələn
cəmaətə bəyan olunaraq biçarə adamın kəlamına
davam edə bilməsi böyük rica ilə tələb
olundu. Əfsus ki, bütün cəmaət bir adam kimi tələbi
– vaqei surəti –qətiyyədə rədd edərək bundan
böylə “sünnü” və “şiə” sözünü
heç kəsin heç bir vəchlə söyləməyəcəyini
bəyan etdilər. Axıra yaxın Əhməd bəy
Ağayev cənabları kəlamə –ağaz edərək fəsih
bir lisan ilə əvvəl Qurani-əzimüşşənin
hal və mövqeə münasib ayeyi –şərifələrindən
bəzilərini məqami –nəsihətdə irad buyurdular ki,
bu sözlər əhali üzərində lüzumundan ziyadə
bir təsir göstərdi, sonradan lüzumu qədər də
hürriyyətdən, sərbəsti din və məzhəb və
vicdandan bəhs edərək sözlərinə xitam verdilər.
Nəhayət yuxarıda zikr olunmuş Əziz bəy ikinci dəfə
dəxi söyləmək üçün bir daha
çıxınca cəmaət arasında “sus, sus kəs səsini
əvvəl özün oruc tut, namaz qıl sonra özgəyə
nəsihət ver!...” sədaları eşidilincə Əziz bəy
çəkildi.
Vəlhasil gələcək
ictimaə qədər yenə adları yuxarıda ərz
olunan sədri –məclis ilə üzvlərin qalmasına qərar
verilib ictima xətm olundu.
Xülaseyi –kəlam ictima
ümumiyyət üzrə bəd keçmədi, ümid edəriz
ki, inşəallah gələcəkdə dəxi daha
yaxşı olar.
“Həyat” qəzeti, 23 noyabr
1905, ¹105.
duri-diraz – çox uzun
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2010.- 3 aprel.- S.18-19.