Yol ayrıcındakı illərin anıları

 

Təkcə fizikada deyil, cəmiyyət həyatında da Ətalət qanunu mövcuddur. Hətta ən inqilabi dəyişikliklər zamanı da cəmiyyət qısa müddət ərzində dəyişmir. Amplituda dalğası tədricən, ətalət qüvvəsinin təsiri altında zəiflədiyi kimi ictimai proseslər də azalan sürətlə sönməyə, yaxud müvafiq şərait yarandıqda şiddətlənməyə doğru gedir. Müstəqillik əldə olunandan sonra da insanların bir qismi köhnə quruluşun, əski qayda-qanunların xiffətini çəkirlər. Yaxud müstəqilliyin itirilməsi asılılığı və əsarəti bir günün içində bərqərar etmir. İstənilən halda bir keçid dövrü yaşanır. Və o, şüurlarda daha şox yaşayır. Fikirlərin, düşüncələrin dəyişilməsi, münasibətlərin başqalaşması üçün illər, hətta onilliklər tələb olunur.

Bu baxımdan çağdaş Azərbaycan tarixində milli müstəqilliyin itirilməsindən ölkənin ZSFSR-ə daxil olunmasına qədər davam edən 1920-1922-ci illər zaman baxımından qısa görünsə də, mənim təsəvvürümdə həmişə bütöv bir mərhələ kimi qalmaqdadır. İki illik siyasi müstəqillikdən sonra ölkə təxminən üç ilə yaxın müddət ərzində yarımmüstəqil həyat yaşadı. Azərbaycanın bir dövlət kimi hələlik müəyyən səlahiyyətləri qalmışdı, hərbi nazirliyi, xarici işlər nazirliyi vardı. Bakıda müxtəlif xarici ölkələrin diplomatik nümayəndəlikləri və konsulluqları fəaliyyət göstərirdi. Üçrəngli bayraq aradan qaldırılsa da, onun yerini ay-ulduzlu milli Azərbaycan bayrağı tutmuşdu. Milli hisslər güclü idi. İnsanların müstəqil həyata, hürr yaşamağa bəslənən ümidləri hələ tam ölməmişdi. Azadlıq havası və müstəqillik duyğusu ən çox ədəbiyyatda qorunub saxlanırdı.

Təbii ki, basqılar işğalın ertəsi günü – 1920-ci il aprelin 29-dan başlamışdı. Azərbaycan milli ordusunun yüksək rütbəli zabitlərinə divan tutulmasını, XI qırmızı ordu siyasi şöbəsinin rəisi M.Pankratovun, yaxud yerli bolşevik liderlərindən Ə.Qarayevin, M.D.Hüseynovun əməllərini xatırlamaq kifayətdir. N.Nərimanovun Leninə ünvanlanan qəzəb, fəryad və peşimançılıq dolu “Milli ucqarlarda partiyanın vəziyyətinə dair” məktubunu yada salmaq kifayətdir.

Oxşar misalların sayını yenə də artırmaq olar.

Lakin bütün bunlarla bərabər 1926-cı ilə qədər milli müstəqilliyin müəyyən təzahürlərinə hələ dözüldüyünü etiraf etmək lazımdır. Çünki hələ “Topal Teymur”u, “Peyğəmbər”i yazan Cavidin müalicə üçün Almaniya və Fransaya göndərilməsi məqbul sayılırdı. Bakıda Birinci Beynəlxalq Türkoloji konfransın keçirilməsinə izin verilirdi. Türkiyədən dəvət olunmuş müəllimlərin Azərbaycanın ali məktəblərində dərs demələri, elmi tədqiqatla məşğul olmaları mümkün idi.

Bu mövzunun daha geniş araşdırılmasına ehtiyac var. Azərbaycan Cümhuriyyətinin, daha sonra isə Şura hökumətinin dəvəti ilə Bakıya gələn türkiyəli mütəxəssislər 20-ci illərdə ölkəmizdə elmin və ali məktəb tədrisinin inkişafına müəyyən töhfələr vermiş, ana dilinin daha geniş tətbiqi, milli terminologiyanın yaradılması, türkçülük duyğularının yayılması istiqamətində xidmət göstərmişlər. Onların sırasında Azərbaycan ədəbiyyatına və tarixinə dair qiymətli araşdırmaların müəllifi olan Şövkət Sürəyya Aydəmir, İsmayıl Hikmət, Mehmet Fuad Köprülüzadə kimi tanınmış alimlər, ictimai-siyasi xadimlər vardı. Şübhəsiz, diqqətli araşdırmaçı adlarını çəkdiyim şəxsiyyətlərin elmi-pedaqoji fəaliyyətindən, yaradıcılıqlarından çıxış edərək ötən əsrin 20-ci illərində Azərbaycan-Türkiyə əlaqələri barəsində zəngin tədqiqat əsəri ortaya qoya bilər.

1922-ci ilin oktyabr ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının dəvəti ilə Bakıya gələn və bir il yarım ərzində həm Bakı Universitetində, həm də Ali Pedaqoji İnstitutda (AP?) dərs deyən, “Maarif və mədəniyyət” məcmuəsinin təsisində (1923) iştirak edən, eyni zamanda elmi-ədəbi yaradıcılıqla məşğul olan Mühitdin Birgenin xatirələri də bu mənada diqqətəlayiqdir.

Mühitdin Birgen (1885-1951) XX əsr Osmanlı imperiyası və Türkiyə Cümhuriyyətinin ədəbi və ictimai-siyasi həyatında, xüsusən də ölkənin milli mətbuat tarixində özünəməxsus yer tutan şəxsiyyətlərdən biridir. O, öz dövrünə görə mükəmməl təhsil görmüşdü. Bir neçə Şərq və Qərb dilini bilirdi. Açıq fikirli ictimai-siyasi xadim və türk milliyyətçisi kimi tanınırdı.

“Gənc türklər” inqilabı nəticəsində hakimiyyətə gələn “İttihad və Tərəqqi” partiyasının fəal üzvlərindən biri idi.

Müxtəlif dövrlərdə onun baş redaktorluğu ilə “İttihad və Tərəqqi”nin əsas yayım orqanı olan “Tənin” (1913-1919) qəzeti, habelə “Məslək” (1924-1925), “Xalq” (1925-1926), “Türk kooperativçisi” (1930-1934), “Son posta” (1936-1939) kimi populyar qəzetlər nəşr olunmuşdu. 1914-cü ildə Çorumdan Osmanlı Məclisi-Məbusanına, 1936-cı ildə Mardindən Türkiyə Böyük Millət Məclisinə üzv seçilmişdi. 1920-1921-ci illərdə bir neçə ay Mətbuat və İstihbarat Ümum Müdirliyinə başçılıq etmişdi. Türklərin milli azadlıq mübarizəsinin – Qurtuluş Savaşının məqsəd və məramını həm ölkə içərisində, həm də xaricdə yaymaqda mühüm rolu olan qurumun rəhbərliyinə Mühitdin Birgendən sonra Əhməd Ağaoğlu gətirilmişdi.

Osmanlı tarixi, türk dilləri və ədəbiyyatları, iqtisadiyyat, bədii tərcümə, publisistika – Mühitdin Birgenin tam olmayan fəaliyyət sahələri bunlar idi. O, Maksim Qorkinin “Ana” (İsmayıl Müştaqla şərikli, fransız dilindən), Gi de Mopassanın “Ölüm qədər acı” romanlarını, Fridrix Engelsin “Ailənin, şəxsi mülkiyyətin və dövlətin mənşəyi” kitabını (alman dilindən) türkcəyə çevirmişdi.

1936-cı ildən etibarən baş redaktoru olduğu “Son posta” qəzetində “İttihad və Tərəqqi”də on sənə” adlı xatirələri çap olunmağa başlamışdı. İki ilə yaxın müddət ərzində qəzetin təxminən 500-ə yaxın sayında yer alan bu yazılar çağdaş türk tarixində Osmanlı imperiyasının çöküşü və Türkiyə Cümhuriyyətinin qurulması ilə səciyyələnən son dərəcə mürəkkəb və hadisələrlə zəngin dövrün tarixi ab-havasını yaratmaq baxımından qiymətli mənbələrdən biri sayılır.

İzmirdəki Egey universitetinin professoru Zəki Arıkan “Son posta” səhifələrinə səpələnmiş həmin yazıları toplayaraq geniş müqəddimə və şərhlərlə iki cilddə çap etdirmişdir. İlk dəfə 2006-cı ildə işıq üzü görən memuarlar böyük oxucu marağı doğurduğundan 2009-cu ildə yenidən nəşr olunmuşdur.

Memuar müəllifi həm “İttihad və Tərəqqi” partiyasının hakimiyyəti dönəmində, həm də Türkiyə Cümhuriyyətində siyasi elitaya yaxın şəxslərdən sayılmışdı. Bu da Mühiddin Birgenə XX əsr türk siyasi, ideoloji və dövlətçilik tarixində mühüm yer tutan Ənvər Paşa, Camal Paşa, Tələt Paşa, Atatürk, İsmət İnönü, Ziya Göyalp və başqaları haqqında şəxsi müşahidələri əsasında geniş söz açmağa imkan yaratmışdı. Xatirələrin coğrafiyası da kifayət qədər genişdir. Müəllif yalnız İstanbulda və Anadoluda deyil, Balkanlarda, Almaniyada, Rusiyada, Yaxın və Orta Şərqdə, Qafqazda və Türküstanda baş verən mühüm prosesləri, Birinci Dünya müharibəsinin əsas hadisələrini də diqqətdə saxlamağa çalışıb. Kitabın təxminən 8 müəllif vərəqi həcmində son iki fəsli Azərbaycana həsr edilib.

Azərbaycan mövzusunun həm şəxsi planda, həm də tarixi rakursda əsərdə xüsusi yer tutmasının səbəblərini araşdıran tərtibçi Zəki Arıkan yazır: “Mühitdin Azəri xalqının çox yaxın dostluğunu və məhəbbətini gördü. Azərbaycanı və ölkənin insanını yaxından tanıdı. Bu səbəbdəndir ki, xatirələrində bu ölkə və onun torpaqları üzərində yaşayan insanlara geniş yer verdi. Onun təsəvvüründə Türkiyə ilə Azərbaycan arasında böyük bir fərq yoxdur”.

Mühiddin Birgeninin xatirələri hələ “Son posta” qəzetində çap olunduğu dövrdə azərbaycanlı siyasi mühacirlərin diqqətini cəlb etmişdi. 1937-ci ildə Varşavada çıxan “Şimali Qafqaziya-Severnıy Kavkaz” jurnalında (N 42-43, s.37-40) Əli Azərtəkinin həmin memuarlarla bağlı “Türkiyə ictimai xadimi Azərbaycan haqqında” adlı geniş yazısı çap olunmuşdu.

Əsərin Azərbaycanla əlaqəli “Məmləkət xaricindəki ittihadçılar” və “Azərbaycanda son ittihadçı” bölümlərini diqqətlə təhlil edən Ə.Azərtəkin xatirələrdəki siyasi çalarlara daha mühüm diqqət yetirmiş, “Azərbaycanın ictimai-siyasi quruluşu”, “Azərbaycanda Türkiyə mühacirləri”, “Əsarətlə barışmayan Azərbaycan” və “Azərbaycan-Türkiyə” yarımbaşlıqları altında 1918-1922-ci illərdə iki ölkə arasındakı münasibətlərin o qədər də sadə olmayan mənzərəsini cızmışdı. 1996-cı ildə “Toplumsal tarih” dərgisində “Mühitdin Birgen və Azərbaycan” adlı məqalə çap etdirən Zəki Arıkan, təəssüf ki, hələ müəllifin sağlığında onun fəaliyyətinə verilən bu qiymətdən xəbərsiz qalmışdı.

Mühitdin Birgen hələ silsilə yazılarının Azərbaycanla bağlı hissələri “Son posta” qəzetində çap olunan zaman Türkiyədəki azərbaycanlı icmasının nümayəndələrindən çoxsaylı minnətdarlıq məktubları almışdı. Qəzetin növbəti saylarından birində “Azəri dostlarıma” adlı kiçik müraciətlə çıxış edərək xatirələrinə münasibətdə yüksək vətəndaşlıq mövqeyi və həssaslıq nümayiş etdirdiklərinə görə azərbaycanlılara təşəkkürünü bildirmişdi.

Müraciətdə deyilirdi: “Xatirələrimin bu qismində Azərbaycan haqqında yazdıqlarım bir çox azəridə böyük maraq yaratdı. Bunu hər gün aldığım məktublardan və ziyarətlərdən, telefonla bildirilən təşəkkürlərdən anlayıram. Azərbaycanın tarixinə və indiyə qədər türk əfkarına heç bilinməmiş olan bəzi həqiqətlərlə bağlı ürəyi dərdlə dolu bir çox azərbaycanlı mənə təşəkkür göndərir və ehtiram bildirirlər. Bu iltifatlara ayrı-ayrı təşəkkür bildirməyə imkan tapmadığın üçün bu sətirlərlə həmin vəzifəni ifa etmək istəyirəm”.

Azərbaycan icması həqiqəti yazdığına, Azərbaycan Cümhuriyyəti-Türkiyə münasibətləri və ölkənin sovetləşdirilməsi prosesində ayrı-ayrı türk hərbi və siyasi xadimlərinin xoşagəlməz rolunu açıb göstərdiyinə görə Birgenə minnətdar idi.

 

lll

 

Mustafa Kamal Paşanın rəhbərliyi ilə Anadoluda başlanan Qurtuluş Savaşı keçmiş hakim partiyanın – “İttihad və Tərəqqi”nin ali rəhbərliyinə daxil olmayan bir çox üzvlərini çətin vəziyyətə salmışdı. Həqiqi vətənpərvərlik duyğuları ilə istiqlal savaşçılarının sırasına qatılmaq istəyənlərin bir qismi burada ittihamlarla, yad və ögey münasibətlə qarşılaşırdılar.

Mühitdin Birgen də keçmiş ittihadçı kimi özünə bəslənən soyuq, inamsız münasibəti tezliklə sezmiş, buna görə də siyasi həyatdan tamamilə uzaqlaşmağa qərar vermişdi. 1921-ci ildə türk ticarət şirkətlərindən birinin təmsilçisi kimi Gürcüstana gəlmişdi. Lakin bolşeviklərin NEP-ə, yəni ticari əlaqələri asanlaşdıran yeni iqtisadi siyasətə son qoymaları və bunun ardınca başlanan qadağalar Gürcüstanla ticari münasibətləri çıxılmaz duruma salmışdı. Üstəlik də ÇK tərəfindən izlənən Mühitdin Birgen vətənə qayıtmağa qərar vermişdi.

Elə bu ərəfədə Azərbaycan SSR Xalq Maarif komisarı Mustafa Quliyevdən məktub almışdı. Onu Bakıya, maarif sahəsində çalışmağa, Azərbaycan Dövlət Darülfünununda və yeni açılmış Ali Pedaqoji İnstitutda dərs deməyə, milli terminologiya, dərsliklər və dərs proqramlarının yaradılmasında iştiraka çağırırdılar. Böyük tərəddüd hissi keçirsə də, dəvət edən tərəfin təkidli müraciətlərindən və dostlarının məsləhətindən sonra getmək fikri qətiləşmişdi.

Həmin vaxta qədər Mühitdin Birgen artıq bir dəfə Bakıda olmuşdu. 1921-ci ildə Tiflisdən Moskvaya gedərkən bir neçə gün Azərbaycan paytaxtında qalmış, Türkiyənin təmsilçisi Məmduh Şövkət Esendalla görüşmüşdü. Xatirələrin Moskva ilə bağlı hissələrində Azərbaycan Cümhuriyyətinin təhsil naziri Rəşid xan Kaplanovla bağlı məlumatlar diqqəti çəkir. Onların dostluq münasibətlərinin 1910-cu illərdə İstanbulda başladığı və aradan ötən illər ərzində davam etdiyi aydın olur.

İstanbulda yaşayan Əlibəy Hüseynzadə və Əhməd Ağaoğlu kimi Azərbaycan əsilli ədəbi-siyasi xadimlərlə Mühitdin Birgenin tanışlığı və yaxınlığı da təxminən həmin dövrə təsadüf etmişdi. Xüsusən, onu Əhməd bəylə siyasi və ədəbi maraqlara dayanan dostluq hissləri bağlayırdı. Hər ikisi 1917-ci ildə Osmanlı imperiyasının Birinci Dünya müharibəsindəki müttəfiqlərinin – Almaniya və Avstriya-Macarıstanın dəvəti ilə bu ölkələrdə uzun müddətli səfərə çıxmışdılar. Səfərdən qayıdandan sonra hələ də eyforiya içərisində yaşayan hərbi nazir Ənvər Paşaya vəziyyətin ağırlığından və məğlubiyyətin qaçılmazlığından danışan yalnız Əhməd bəy və Mühitdin Birgen olmuşdu. Qurtuluş Savaşına qoşulan əski ittifadçılara inamsızlıq göstəriləndə yenə də onlar birgə səylərlə vətən sevgisinin və milli duyğunun partiya mənsubluğu ilə əlaqəsinin olmadığını sübuta yetirməyə çalışmışdılar. Bütün bu epizodlarla bağlı xatirələrdə müvafiq məlumata rast gəlmək mümkündür.

Müəllif Azərbaycana dəvət edilməsinin əsas səbəblərindən birini “ölkənin siyasi hüquqları xeyli məhdudlaşdırıldığı üçün çətin duruma düşmüş azəri kommunistlərinin, heç olmazsa, milli maarifə qüvvət vermək vasitəsi ilə özlərini xalqa sevdirmək ehtiyacında” görürdü. Burada müəyyən həqiqət olsa da, Birgenin fikri ilə sona qədər razılaşmaq lazımdır. 20-ci illərin Azərbaycan kommunistləri kütləvi şəkildə milli hiss və duyğudan məhrum insanlar deyildilər. Onların içərisində yeni şəraitin yaratdığı imkanlardan yararlanaraq xalqına xidmət göstərmək istəyənlər də vardı. Xatirələrinin sonrakı bölümündə Mühitdin Birgen özü də Moskvanın və yerli rus-erməni “nəzarətçilərin” bütün təzyiqlərinə baxmayaraq ana dilinə və milli mədəniyyətə məhəbbət hissinin yalnız sıravi vətəndaşlar deyil, rəhbərlikdə təmsil olunan bir sıra vəzifəli şəxslər arasında da yayıldığını etiraf etmişdi.

Azərbaycanda çalışmağın çətinlikləri göz önündə idi. Tiflisdə yaşadığı müddətdə Mühitdin Birgen şəxsi təcrübəsində sovet xüsusi xidmət qurumu ÇK-nın əlində necə güclü hakimiyyət toplandığını görmüşdü. Üstəlik, xristian Gürcüstandan fərqli olaraq türk və müsəlman Azərbaycanda atacağı hər bir addımın, deyəcəyi hər bir sözün ciddi nəzarətdə saxlanacağının da fərqində idi. “Mənim Azərbaycan ləhcəsini elmi bir türk dili halına gətirmək üçün Bakıya getməyimi inqilab xoş qarşılamayacaqdı. Milliyət fikrini ortadan qaldırmaq istəyən inqilab milli bir dilin yenidən qüvvətləndirilməsi qayəsi ilə göstəriləcək səylərdən məmnun olmayacaqdı” – deyə müəllif səfər qabağı tərəddüdlərini dilə gətirərək yazırdı.

Mühitdin Birgen Azərbaycana gələndən az sonra dərhal Ali Pedaqoji İnstitutda dörd fəndən mühazirələr oxumağa başlamış, eyni zamanda Xalq Maarif Komissarlığının kollegiya üzvü təyin olunmuşdu. Komissarlıq onun həm də universitetdə “Osmanlı ədəbiyyatı tarixi”ni tədris etməsini (bu ixtisas üzrə mühazirələri əvvəllər M.Ə.Rəsulzadə oxumuşdu-V.Q.) nəzərdə tutmuşdu. Həmin dövrdə universitet bütünlüklə qeyri-türk əsilli professuranın əlində olduğundan təklif açıq-aşkar bir istehza ilə qarşılanmışdı. Hətta məsələnin müzakirəyə çıxarıldığı Elmi Şurada “türk halvası haqqında eşitmişdik, amma türk professorunun olduğundan xəbərsiz idik” – deyə məsxərə edilmişdi.

Lakin hökumət nümayəndələrinin də qatıldığı uğurlu sınaq mühazirələrindən sonra universitet rəhbərliyi fikrini dəyişmək məcburiyyətində qalmışdı. Mühitdin Birgen APİ-də çalışmaqla bir sırada Bakı Universitetinin privat-dosent kimi Osmanlı ədəbiyyatını və tarixini tədris etmək səlahiyyəti qazanmışdı.

1923-cü ildən günümüzə qədər müxtəlif adlar altında çıxan “Maarif və mədəniyyət” jurnalının ərsəyə gəlməsində də Mühitdin Birgenin xidmətləri vardı. O, jurnalın ilk 11 sayının məsul redaktoru olmuş, burada bir sıra yazılar dərc etdirmişdi. Təmənnasız işi müqabilində minnətdarlıq əlaməti kimi onun portretini özünün 1924-cü il 11-ci sayında yerləşdirən “Maarif və mədəniyyət” redaksiyası “Məcmuəmizdə ən yaxından iştirak edən möhtərəm mühərririmiz Mühitdinin rəsmidir” – deyə türkiyəli yazarı oxuculara tanıtmağı mənəvi borc saymışdı.

Üzləşdiyi sınaq və çətinliklərə baxmayaraq, Mühitdin Birgen, özünün də etiraf etdiyi kimi, ən böyük mükafatını bütün varlığı ilə elmə can atan, milli duyğu və mənəviyyatla zəngin Azərbaycan gəncliyindən almışdı. ”Səkkiz illik fasilədən sonra müəllimlik fəaliyyətinə döndüyümdə qarşımda gördüyüm Azəri gəncliyinin hərarətli tələbəliyi, ürəyində yaşatdığı elm sevgisi müəllimlik şövqümü yenidən canlandırdı. Məni daha çox çalışmağa sövq edən Azəri gəncliyində gördüyüm elm sevgisi və ana dilində təhsil almaq üçün göstərilən istək idi. Həyatımın ən böyük ruhi həzzini Azəri gəncliyi arasında keçirdiyim dövrdə aldığımı indi də sevgi və həsrətlə xatırlayıram”.

Xatirələrinin “Azəri gəncliyinə hörmət” adlı fəslini artıq SSRİ-də “böyük terrorun” vüsət aldığı dövrdə qələmə alan Mühitdin Birgen keçmiş tələbələrindən söz açaraq “bunların mühüm bir qisminin bu gün həyatda olmadıqlarını bilirəm və buradan onlara hörmət və heyranlığımı ifadə etmək istəyirəm” – deyə sonsuz təəssüfünü bildirmişdi. Həmin tələbələrdən biri-şəxsiyyətə pərəstişin qurbanlarından olan istedadlı tənqidçi-ədəbiyyatşünas Atababa Musaxanlı haqqında isə ayrıca söz açmışdı: “Gənc Musaxanlı ən çox sevdiyim tələbəmdi. Həyatımda çox ağıllı, çalışqan tələbə gördüm, amma heç kimin bir neçə ay içində Musaxanlı kimi böyük irəliləyişə nail olacağını heç zaman təsəvvürə gətirə bilmirəm. Çox qiymətli gənc idi. Bu gün o da türk olaraq, türklük duyğusunu həyatının ən əziz duyğusu sayaraq, həyata əlvida etmişdir. Fəqət incə və uzun boyu, əsmər çöhrəsi, dərinliklərindən ağıl fışqıran qara gözləri ilə o elm aşiqi gəncin surəti gözlərimin önündən indi də çəkilmir”.

20-ci illərin Azərbaycan gəncliyi haqqında türk müəllifin heyranlıq dolu təəssüratları bu gün də haqlı qürur doğurur. İstər-istəməz düşünürsən ki, əgər araya “böyük terror” və böyük hərb düşməsəydi, əgər bu millətə öz potensialını üzə çıxarmağa imkan verilsəydi, doğruçul və ədalətli bir mühit olsaydı, biz indi tamam fərqli məmləkətdə yaşaya bilərdik. Lakin rejim xalqın istəyi qarşısına sədd çəkmiş, milli intibah tədricən öz yerini sovet düşüncəsinə vermişdi.

Bu düşüncəyə azacıq etiraz edənlərin, sayqısızlıq göstərənlərin aqibəti isə faciəli olmuşdu. Mühitdin Birgen 1937-ci ildə bir çox keçmiş tələbələrinin haqsız ittihamlarla həbs və sürgünlərə göndərildiyindən, ölüm cəzasına məhkum olunduğundan xəbərdar idi. Gücü yalnız onların xatirəsinə ehtiramını dilə gətirməyə çatırdı: “Həyatımda ən böyük həzz və ləzzət Azəri tələbəsinə verdiyim dərslərdir. Bu qədər diqqətli, bu qədər hər şeyə maraq göstərən, bu qədər çalışqan və qeyrətli tələbə kütləsini dünyanın heç bir tərəfində görmək mümkün deyildir. Mənə yenidən müəllimlik eşqi verən bu insanların çoxu, hamısı olmasa da, çoxu içində yaşadıqları rejimə uyğunlaşmaq istəmədikləri üçün indi birər xatirə olmuşlar. Xatirəyə çevrilmiş həmin insanların qarşısında təzim etməyi özümə borc bilirəm”.

Burada 20-ci illərin Azərbaycan gəncliyi haqqında müəllifin daha iki fikrini müəyyən təkrarlar olsa da, nümunə kimi gətirməkdən özümü saxlaya bilmirəm: “Universitetə gəldikdə, orada da başqa bir hava vardı. Hərəsi bir tərəfdə, əksəriyyəti də rus məktəblərində təhsil alan, sonra bacardıqları qədər türkcə öyrənmiş Azəri gənclər bizim gənclərin çox az bir qisminin dözəcəyi çətinliklərdən də qat-qat çətin olan məhrumiyyətlərlə üzləşsələr də, bir əllərində bir tikə qara çörək, o biri əllərində kitab bir dəqiqələrini də boş keçirmədən oxuyub öyrənirdilər. İstanbulda universitet tələbə ilə, kitabxanalar da kitabla doludur. Lakin buna baxmayaraq kitabxanaların boşluğu həmişə məni vahiməyə salırdı. Amma sayları yüz əllidən çox olmayan Bakıdakı universitet tələbələrimi nə zaman axtarsan, hamısını kiçik Sabir kitabxanasının o qədər də çox kitab olmayan oxu zalında tapmaq mümkün idi”.

“Dərs əsnasında məni diqqətlə dinlərdilər, dərs bitən kimi başıma toplaşırdılar, sual verir, danışır, mübahisə edir, fikirləşirdilər. Bir neçə günün içində tələffüz fərqlərini çıxmaq şərti ilə hamısı mənim dilimlə danışmağa, hamısı türk kitablarını tam mənası ilə anlamağa başladı. Milli həyata yeni gələn bu nəsil o qədər böyük həvəslə çalışıb öyrənirdilər ki, onların içərisində onlar kimi çalışmamaq üçün bir müəllim gərək insan yox, hissiz, duyğusuz daş parçası olaydı.

Bakıdakı bir illik işim də daxil olmaqla həyatımda on bir il müəllimlik etmişəm. Bu qədər sürətlə yüksələn tələbə kütləsini heç zaman görmədim və bir daha görəcəyimi təsəvvür etmirəm”.

Şübhəsiz, keçdiyimiz bütün inkişaf yoluna baxmayaraq indi bizə əlçatmaz və idillik görünən bu mənzərə yalnız şəxsi istək və zəhmətsevərliyin deyil, həm də dövrün, mühitin məhsulu idi. Çünki yad ideologiyanın dağıdıcı təsiri cəmiyyəti hələ tam basqısı altına ala bilməmişdi. İnsanlar bir-birlərinə və öz qüvvələrinə inanırdılar. Qarşılarında gələcək həyatla bağlı aydın, işıqlı məqsəd, onları həmin məqsədə doğru aparan büllur kimi saf, təmiz, əqidəli müəllimləri vardı.

Mühitdin Birgen yalnız tələbələrdən deyil, yerli müəllimlərdən də heyranlıq hissi ilə söz açırdı: “Orada tanıdığım müəllimlər də tələbələri kimi idi. Hamısı rus darülfünunlarından çıxmış yüksək mədəniyyətli tədris heyəti arasında tam bir ahəng vardı. Çalışqanlıqda heç biri digərindən və tələbələrdən geri qalmazdı. Hər həftə müəllimlər bir toplantı keçirirdilər. Burada bir tərəfdən məktəbin ümumi məsələlərini, o biri tərəfdən isə müxtəlif dərslər arasındakı münasibətləri müzakirə edirdilər. Bu toplantılarda boş söz danışıldığını, nağıl söyləməklə vaxt keçirildiyini, yaxud tək müdirin danışıb, qalan hamının “Bəli” – deyə baş tərpətdiyini heç zaman görmədim”.

Bu fikirlərlə tanışlıq ilk baxışdan müəyyən qədər təəccüb doğurur. Çünki Azərbaycan tarixinin həmin dövrü bizə bir qayda olaraq qaramsar rəngdə təqdim edilib. Mühitdin Birgenin müşahidələri ötən əsrin 20-ci illəri ilə bağlı həmin qaramsar fikirlərin həqiqətdən uzaq olduğunu göstərir. “O tarixdəki Azərbaycanı kültürsüz zənn etməyin, – deyə müəllif türk oxucularına xəbərdarlıq edərək yazırdı. – Əksinə, Azərbaycanda çağdaş kültürü mənimsəmiş böyük bir ziyalılar dəstəsi vardı. Yalnız onların yuxarı təbəqəsinin kültür dili rusca idi. Moskvanın və Bakının rus universitetlərində gözəl təhsil görmüş qüvvətli ziyalı dəstəsi ölkədə çağdaş kültürün yaradılmasını təmin etmişdi. Azərilər arasında elmi səviyyə baxımından bu gün (bu sətirlər 1937-ci ildə yazılmışdı-V.Q.) bənzərlərini Türkiyədə görməyi çox arzu etdiyim bir sıra seçkin insanlar var idi”. Xatirə müəllifinin fikrincə, cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdən biri həmin mədəniyyətin daha geniş ölçüdə sadə xalq kütlələrinin arasında yayılması idi.

Azərbaycanda müşahidə etdiyi dini dözümlülük (digər dinlərin təmsilçilərinə tolerant münasibət, şiə və sünni təriqətləri arasında hər hansı qarşıdurmanın olmaması) və türkçülük ruhu da Mühitdin Birgeni xoş bir şəkildə heyrətləndirmişdi. Onun fikrincə, hətta bəzi çağdaş Avropa ölkələri üçün də əlçatmaz olan bu xüsusiyyət ilk növbədə Azərbaycan türklərinin milli adət-ənənələrinə hörmətlə yanaşması, tarixi yaddaş duyğusu və milli mentalitetdəki digər nəcib xüsusiyyətlərlə bağlıdır. “Azəri sünni və şiə olmaqdan daha əvvəl türkdür” – deyən müəllif əsrlər boyu rus və fars təzyiqləri ilə üzləşməsinə baxmayaraq xalqın milli özəlliklərini – dilini, mədəniyyətini, əxlaqını, ailə ənənələrini qoruya bildiyini xüsusilə qeyd edirdi.

 

 

(Ardı var)

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2010.- 3 aprel.- S.16-17.