Mir Cəlal Paşayevin elmi yaradıcılığı
yeni tədqiqat kontekstində
Azərbaycan ədəbiyyatı uzunəsrlik
inkişaf yolu keçib, bu inkişaf zamanı məna və məzmun cəhətdən
zənginləşib. İstər
klassik ənənələrin
qorunması, istərsə
də müasir istiqamətlərin meydana gəlməsi baxımından
Azərbaycan ədəbiyyatı
və eləcə də ədəbiyyatşünaslığı
özünəməxsus cəhətlərə
malikdir.
Klassik ədəbiyyatın
mürəkkəbliyi bir tərəfdən dil məsələsi
ilə əlaqədardırsa, digər tərəfdən onun
bəhrələndiyi ideya mənbələri və istifadə
olunmuş simvollardan doğur. Ədəbiyyatımızın
nəzəri problemlərinə lap qədim zamanlardan müxtəlif
səviyyələrdə – təzkirə, təfsir, tənqid
risalələri və digər formalarda münasibət olsa da,
bu ədəbiyyatımızın ideya mənbələrini,
inkişaf meyillərini araşdırmaqdan ötrü kifayət
etməyib. Amma Firdun bəy Köçərli kimi
böyük ziyalının Azərbaycan ədəbiyyatına
həsr etdiyi tədqiqatlar ilə yeni tipli tədqiqatların əsası
qoyuldu. Bu ənənə daim inkişaf etdirilərək, Azərbaycan
ədəbiyyatı barədə olan elmi fikirlərin daha da təkmilləşdirilməsinə
səbəb olub. Bu baxımdan Azərbaycan ədəbiyyatı
tarxi barədə nəzəri fikirlərin təkmilləşməsində
professor Mir Cəlal Paşayevin misilsiz xidmətləri var.
Bu yaxınlarda “Poeziya günü nəşrlər
evi” nəşriyyatında tədqiqatçı alim, filologiya
elmləri namizədi Gülxani Pənahın “Mir Cəlalın
elmi-nəzəri görüşləri” adlı irihəcmli
monoqrafiyası işıq üzü görüb. Kitabda
tanınmış filoloq, alim, tənqidçi, nasir Mir Cəlal
Paşayevin elmi-nəzəri görüşləri, tənqidi
məqalələri, ümumiyyətlə ədəbiyyatşünaslıqla
bağlı müxtəlf məsələlərə
münasibəti araşdırılıb. Əsərə
ön söz yazan xalq şairi Fikrət Qoca və professor Cəlal
Abdullayev ədəbiyyatşünaslığımızın
inkişafında müstəsna yerə malik Mir Cəlal
yardıcılığını araşdırmağın o
qədər də asan iş olmadığını
vurğulayaraq, bunu Mir Cəlalın bu sahədə
böyük yaradıcılıq diapazonuna malik olması ilə
əlaqələndiriblər. Kitab barədə geniş
danışmazdan əvvəl bir məsələni qeyd etmək
gərəkdir ki, tədqiqatçı Gülxani Pənahın
gördüyü bu iş bir neçə baxımdan təqdrəlayiqdir.
Bu cəhətlərdən ən mühümü odur ki, kitab
Azərbaycan ədəbiyyatşünaslığında
böyük yer tutan professor Mir Cəlal Paşayevin elmi
yaradıcılığının təhlilinə həsr
olunub. Yəni bir tərəfdən hər hansısa bir problemə
professor Mir Cəlal Paşayevin münasibəti diqqət
önünə gətirilirsə, digər tərəfdən
həmin məsələyə tədqiqatçı
Gülxani Pənahın münasibəti ortaya
çıxır. Digər bir cəhət isə ondan ibarətdir
ki, kitabda tənqidçi alimin müxtəlif zamanlarda və
ayrı-ayrı mənbələrdə yer almış ədəbiyyatşünaslıqla
bağlı fikirləri, elmi yanaşma və görüşləri
küll halında diqqət mərkəzinə gətirilərək
təhlil olunur. Bununla professor M.Paşayevin elmi
görüşlərinin ümumi mənzərəsi
yaradılmaqla bərabər, konkret mövzulara yanaşma
spesifikası da açılır. Eyni zamanda kitabda Gülxani
Pənah tərəfindən Mir Cəlal
yaradıcılığının prinsipləri, onun ədəbiyyatın
müxtəlif problemlərinə yanaşma meyarları da
açıq şəkildə müəyyənləşdirilib.
Monoqrafiyanın girişində Mir Cəlalın elmi əsərlərinin
Azərbaycan filoloji fikir tarixində tutduğu müstəsna
yerdən danışan müəllif, Mir Cəlalın elmi
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatşünaslığına
çoxsaylı yeniliklər gətirildiyini xüsusilə
vurğulayır və onun yaradıcılığını
ayrı-ayrı fəsillər üzrə tədqiqata cəlb
edir. “Giriş”də Mir Cəlalın “Yeddi gözəl” əsərini
nəsrlə Azərbaycan dilinə çevirməsindən və
ona yazdığı şərhlərdən bəhs edən
G.Pənah onun filologiyada çox çətin iş hesab edilən
şeiri nəsrə çevirmək ənənəsinin
möhtəşəm nümunələrindən birini ortaya
qoymasını diqqətə çatdırır, əsərə
yazdığı şərhlərin onu daha dərindən
anlamağa imkan verdiyini söyləyir. Əsərin orijinalda
olan emosiya dolğunluğunu bugünün oxucularına
çatdırmaq üçün M.Cəlal çoxsaylı
şərhlər verib ki, bu da yalnız emosiyanı deyil, N.Gəncəvinin
istifadə etdiyi simvolları da başa düşməyə
yardım edir. “Mir Cəlal və ədəbi irsimiz” adlanan
bölmədə müəllif M.C.Paşayevin Azərbaycan ədəbiyyatı
tarixində xüsusi çəkisi olan ayrı-ayrı sənətkarlara
aid araşdırmalarını tədqiqata cəlb edib. Burada
diqqəti cəlb edən başlıca məqam alimin Firdovsi və
Nizami yaradıcılığında yer alan eyni süjetin fəlsəfi
baxımdan bir-birindən fərqləndirilməsini Mir Cəlal
tərəfindən çox dəqiqliklə müəyyənləşdirildiyini
vurğulamasıdır. Həmçinin burada Azərbaycan
filoloji fikir tarixində özünəməxsus yeri olan
Abbasqulu Ağa Bakıxanov, İsmayıl bəy
Qutqaşınlı, Mirzə Fətəli Axundzadə,
Süleyman Sani Axundov, Nəriman Nərimanov və
başqalarının yaradıcılığına Mir Cəlal
yanaşmasının özəlliklərindən və
onların yerinin Azərbaycan ədəbiyyatı tarixində
düzgün müəyyənləşdirilməsindən
danışılır. “Mir Cəlal rus ədəbiyyatı
haqqında” adlanan hissədə isə rus ədəbiyyatının
Puşkin, Qoqol kimi görkəmli ədiblərinə professor
M.C.Paşayevin münasibəti araşdırmaya cəlb
olunmaqla yanaşı, görkəmli ədibin tərcümə
sənətinə münasibəti də tədqiqat obyektinə
çevrilib. Müəllif müəyyənləşdirib ki,
Mir Cəlal Paşayev o tərcüməni mükəmməl
hesab edir ki, tərcümə olunan mənbənin informasiya
yükü ilə yanaşı emosional tərəfi də “tərcümə”
olunsun. Təsadüfi deyil ki, professor Mir Cəlal Paşayev bədii
yaradıcılıqla da məharətlə məşğul
idi və tərcümə məsələsinə
yanaşmada bu xüsusiyyəti ona daha dəqiq fikirlər deməyə
imkan verirdi. Monoqrafiyasında müəllif M.C.Paşayevin
“Füzuli sənətkarlığı” adlı elmi əsərində
yer alan nəzər fikirlərin tədqiqinə xüsusi hissə
ayırıb və araşdırma nəticəsində müəyyən
edib ki, bu kitabda Mir Cəlalın əsas məqsədi
şairin sənətkarlığını təhlil etməklə
onun Azərbaycan ədəbi fikir tarixində yerini müəyyənləşdirməkdən
ibarət olub və bunun da öhdəsindən məharətlə
gəlib. Bu bölmənin təhlilinə yanaşmada
obyektivlik naminə demək lazımdır ki, Gülxani Pənahın
üzərinə daha ciddi bir iş düşüb. Belə
ki, məsələ Azərbaycan ədəbiyyatında ən
yüksək zirvəni fəth edən qəzəl ustadı
böyük Füzuli dühasının təhlili üzərində
qurulub. Mürəkkəb simvol və işarələrlə
dolu olan bu yaradıcılığı təhlil etmək
professor M.Paşayevdən nə qədər böyük məsuliyyət
və istedad tələb edirsə, Gülxani Pənahdan da
ikiqat tədqiqatçılıq qabiliyyəti tələb
edir. “Azərbaycan ədəbi məktəbləri”
kitabında da yer alan nəzəri fikirləri tədqiqata cəlb
edən G.Pənah burada Mir Cəlalın Azərbaycan ədəbiyyatının
inkişaf meyllərini düzgün müəyyənləşdirməsini
göz önünə gətirərək realist ədəbi
məktəb, romantik ədəbi məktəb, maarifçi ədəbi
məktəbi və başqa bölgülərlə Azərbaycan
ədəbiyyatının inkişaf istiqamətlərini
ayrı-ayrı qruplarda öyrənib ki, bu da tədqiqatın
hədəfini dəqiq və konkret etmişdir. Həmçinin
Gülxani Pənahın fikrincə M.Paşayevin gəldiyi elmi
qənaətlər bu gün də öz elmi əhəmiyyətini
saxlamaqdadır. “Ədəbiyyatşünaslığa
giriş” adlı dərslikdən bəhs edən Gülani
xanım M.C.Paşayev yaradıcılığında bu
kitabın xüsusi yeri olduğunu qeyd edərək buradakı
elmi fikirlərin bu günün özündə də ədəbiyyatşünaslıqda
geniş istifadə olunduğunu vurğulayıb. Burada ədəbiyyatın
ayrı-ayrı növlər və janrlar üzrə
bölgüsü və onlarla bağlı verilən izahlar
bütünlükdə Azərbaycan ədəbiyyatşünaslığına
töhfədir. Filologiya elmləri namizədi Gülxani Pənahın
“Mir Cəlalın elmi-nəzəri görüşləri”
adlı monoqrafiyası professor M.C.Paşayevin elmi
yaradıcılığının müxtəlif istiqamət
və tərəflərinin geniş şəkildə təhlilini
ortaya qoymaqla yanaşı, bu sahədə görüləcək
işlərin də uğurlu mərhələsidir. Gülxani
xanıma bu yöndə və həm elmi, həm də bədii
yaradıcılığında yeni uğurlar diləyirik.
Hikmət QULİYEV,
Səfa QARAYEV
525-ci qəzet.- 2010.- 6 aprel.- S.7.